İctimai zərurətdən irəli gələn mütərəqqi Konstitusiya islahatı

26 sentyabr Azərbaycanda ümumxalq səsverməsi (referendum) günüdür

Cəmiyyət həyatındakı yeniliklərin mütərəqqi xarakteri dövlət idarəçiliyi mexanizminin səmərəli fəaliyyətinə yol açmaqla yanaşı, ictimai münasibətləri tənzimləyən qanunların müasirləşdirilməsinə olan sosial-mənəvi tələbatı da qabarıq şəkildə üzə çıxarır. Dövlətlə vətəndaş arasında münasibətlərin çərçivələrini müəyyən edən hər bir qanunun, normativ-hüquqi aktın cəmiyyət həyatındakı əsaslı keyfiyyət dəyişikliklərini, iqtisadi-siyasi və hüquqi yenilikləri özündə ehtiva etməsi isə ilk növbədə vətəndaş cəmiyyəti quruculuğu baxımından vacibdir.

Demokratik inkişaf yolunu prioritet seçmiş Azərbaycanda dövlətin siyasi-hüquqi sisteminin xarakteri, ilk növbədə, milli Konstitusiyasının ümumbəşəri dəyərlərə maksimum səviyyədə cavab verməsi ilə şərtlənir. Konstitusiyanın beynəlxalq hüquq prinsiplərinə söykənməsi, insan və vətəndaş hüquq və azadlıqlarına səmərəli təminat mexanizmləri formalaşdırması paralel olaraq siyasi hakimiyyətin ictimai münasibətləri tənzimləyən mütərəqqi qanunlar və digər normativ-hüquqi aktlar əsasında demokratik idarəetməsinə də etibarlı təminat yaradır. Respublikamızda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur.

Konstitusiyamızın ən mütərəqqi cəhəti burada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi, insan və vətəndaş hüquqlarının və əsas azadlıqların geniş təsbit olunmasıdır. Əsas Qanunda əksini tapmış müddəaların üçdə ikisinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması bunu əyani surətdə təsdiqləyir. Belə normalar bu və ya digər şəkildə, lakin tamamilə fərqli doktrinada sovet dövründə qəbul edilmiş konstitusiyalarda da əksini tapmışdı. Lakin həmin konstitusiyalarda bu hüquqları vətəndaşlara dövlət verirdi. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın əvvəlkilərdən əsas və prinsipial fərqi də məhz onda ilk növbədə insan hüquq və azadlıqlarının prioritetliyinin, üstünlüyünün birmənalı bəyan edilməsidir.

Konstitusiyanın məzmun sabitliyi ilə uzunmüddətli quvvədə olması nəzərdə tutulan, dövlətin hüquq sisteminin fundamental əsasını təşkil edən ali qanun olması heç də onun daimi dəyişməzliyi, yaxud da toxunulmazlığı kimi tövsif edilmir. Qanunlardan daha üstün hüquqi qüvvəyə malik olan, cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya xalqın və dövlətin inkişaf prioritetləri ilə yanaşı, cəmiyyətin zamanla uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri özündə əks etdirməli, insan və vətəndaş hüquq və azadlıqlarına daha etibarlı təminat mexanizmləri formalaşdırmalıdır. Əsas Qanuna zaman-zaman bəzi əlavə və dəyişikliklərin edilməsi, onun müasir tələblərə uyğunlaşdırılması demokratik inkişaf yolunda olan bütün dövlətlər üçün səciyyəvi haldır.

2002 və 2009-cu illərdə keçirilmiş Konstitusiya islahatlarından sonrakı dövrlərdə respublikanın ictimai-siyasi həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər - iqtisadi, siyasi, hüquqi islahatların dərinləşməsi, demokratikləşmə prosesinin sürətlənməsi, vətəndaş cəmiyyət institutlarının, siyasi partiyaların sayının artması, qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki rolunun obyektiv dərk edilməsi və onların dövlət dəstəyi ilə əhatə olunması, Avratlantik məkana inteqrasiya prosesinin yüksək dinamizmlə davam etdirilməsi, ən əsası, sosial ehtiyacları əhəmiyyətli dərəcə ödənən ölkə vətəndaşlarının ictimai şüurunda demokratik proseslərin qaçılmazlığı fikrinin möhkəmlənməsi və digər pozitiv yeniliklər Azərbaycan Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklərin aparılmasını obyektiv tələbata çevirmişdir.

"Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi də Əsas Qanunumuzun  daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edir. Referendum aktının layihəsinə əsasən Konstitusiyanın 23 maddəsinə dəyişiklik, həmçinin 6 yeni maddənin əlavə edilməsi təklif olunur. Şübhəsiz, bu dəyişikliklər bir sıra reallıqlarla şərtlənir. Azərbaycan Prezidenti İlham Əliyevin son 13 illik rəhbərliyi dövründə respublikamız bir sıra inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə geridə qoymuş, ümumi daxili məhsulun sürətli artımı, cəmiyyətdə orta təbəqənin mövqelərinin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə, habelə müasirləşdirilməsinə xidmət edən məhkəmə-hüquq, ədliyyə islahatlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, ən başlıcası, siyasi-hüquqi və iqtisadi islahatların əlaqəli şəkildə, biri-birindən təcrid edilmədən həyata keçirilməsi Konstitusiya islahatının hansı səbəblərlə şərtləndiyini bir daha əyani şəkildə göstərir.

Dərin iqtisadi islahatlar siyasi sistemin müvafiq şəkildə təkmilləşdirilməsini sadəcə olaraq qaçılmaz edir. Çevik, müasir, inkişafın keyfiyyətcə yeni mərhələsinə keçidi hədəfə alan iqtisadi idarəçilik mexanizminin yaradılması təbii olaraq siyasi sistemin təkmilləşdirilməsini mühüm şərt olaraq irəli sürür. Digər tərəfdən, demokratikləşmənin geniş vüsət alması, insan hüquq və azadlıqlarının təminində bütün məhdudiyyətlərin ləğvi, xalq-hakimiyyət ünsiyyətinin hər cür maneələrdən azad olunması, ən əsası dövlətin vətəndaşlarına daha səmərəli və keyfiyyətli xidmət göstərməsi kimi mühüm proseslərin fonunda qanunvericilik bazasının daim yenilənməsi, həmçinin konstitusiyalara vacib əlavələrin edilməsi mütləq zərurət kimi ortaya çıxır.

Ümumilikdə, Konstitusiyaya təklif edilən dəkyişikliklər insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsinə; siyasi idarəçilik təsisatlarının fəaliyyətinin optimallaşdırılmasına; dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin imzalanması rejiminin təkmilləşdirilməsinə; insan hüquq və azadlıqlarının qorunmasında bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət edir.

Əsas Qanuna təklif olunan 23 dəyişikliyin 16-sının, yəni dörddə üçünün sırf insan hüquq və azadlıqlarının qorunması ilə əlaqədar olması 26 sentyabr referendumunun mütərəqqi mahiyyətini qabarıq üzə çıxarır. Demokratiyanın inkişaf tarixi onun fasiləsiz bir proses olduğunu sübuta yetirmişdir. Bu gün dünyanın ən demokratik dövlətlərində belə insan hüquq və azadlıqlarının inkişafı proiritet məsələlərdəndir.

Konstitusiya Aktı layihəsində passiv seçki hüququ üçün müəyyən edilmiş aşağı yaş həddinin aktiv seçki hüququ üçün təyin olunan yaş həddi ilə eyniləşdirilməsi mühüm müddəalardan biri kimi qeyd olunmalıdır. Məsələn, Konstitusiyanın hazırda qüvvədə olan 85-ci maddəsinin I hissəsi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı üçün aşağı yaş senzi müəyyən edilmişdir - 25 yaşına çatmamış heç bir vətəndaş deputat seçilə bilməz. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. Bu, o deməkdir ki, Konstitusiyanın 56-cı maddəsinə əsasən, 18 yaşına çatmış hər bir Azərbaycan Respublikası vətəndaşı (fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslərdən başqa) deputat seçilə bilər. Bu yenilik aktiv və passiv seçku hüquqları üçün nəzərdə tutulan yaş senzinin bərabərləşdirilməsinə, beləliklə hüquqi ədalətsizliyin aradan qaldırılmasına xidmət edir. Əlbəttə, deputat seçilməsi üçün şəxsin 25 yaşında olması deyil, onun xkifayət qədər savada, intellektə, dünyagörüçünə malik olması əsas götürülməlidir.

Konstitusiyanın 100-cü maddəsinə təklif edilən dəyişiklik isə prezidentliyə namizədlər üçün yaş senzini (35 yaş) aradan qaldırır. Bu düzəlişə əsasən, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Göründüyü kimi, yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti aradan qaldırılır. Bu zərurət həm də uzun illərin dövlət qayğısı nəticəsində ölkəmizdə yeni intellektual gənc nəslin yetişməsi, onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması məqsədəuyğunluğu ilə şərtlənir. Konstitusiya aktında passiv seçki hüququ baxımından aşağı yaş həddinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi təklif kimi qiymətləndirilməlidir. İnsan hüquq və azadlıqları sahəsində hər hansı məhdudiyyətin aradan qaldırılması, -- başqalarının mənafeyinə toxunmursa, -- mahiyyətcə mütərəqqi xarakter daşıyaraq hüquq və azadlıqlar sferasının genişləndirilməsinə xidmət göstərir.

Ekspertlər haqlı olaraq qeyd edirlər ki, seçmək və seçilmək hüququnun yaş həddi baxımından eyniləşdirilməsi heç də 18 yaşında vətəndaşlarıın mütləq olaraq Milli Məclisə üzv və ya prezident seçilməsi anlamına gəlmir. Söhbət passiv və aktiv seçki hüquqlarının demokratik təminatından gedir. Konkret olaraq, hansı yaşda iddiaçının Milli Məclisin üzvü və ya ölkə prezidenti seçilməsi məsələsinin həlli seçiçilərin rəyindən asılıdır. Hüququn təsbit olunması ondan hər bir iddiaçının istifadə edə bilməsi demək deyildir. Hər hansı bir iddiaçının Milli Məclisin üzvü və prezident seçilməsinə əsas verən təkcə onun müəyyən edilmiş yaş həddi tələblərinə cavab verməsi deyil, həm də insanların ona səs verməsi üçün yetərli nüfuza, hörmətə, təcrübəyə, xalq və dövlət qarşısında xidmətlərə malik olmasıdır.

Referendum aktı layihəsinə təklif olunan 98-1 əlavəsi də (Azərbaycan Respublikası Milli Məclisinin buraxılması) parlamentin səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Layihəyə əsasən, "Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır". Göründüyü kimi, bu müddəa Milli Məclisin səlahiyyətlərini konstitusion çərçivədə məhdudlaşdırmaqla, əsassız olaraq hansısa ədalətli qərarın, qanunun və təyinatın reallaşdırılmasına mane olmaq cəhdlərinin qarşısını alır.

Konstitusiyanın 103-cü maddəsinə təklif edilən əlavəyə görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması nəzərdə tutulur ki, bu da dövlət idarəçiliyini daha da müasirləşdirmək, səmərəliliyini artırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeni təsisatın yaradılması ölkə rəhbəri tərəfindən edilmiş dəyişikliklərin ümumi məntiqindən irəli gəlir. Konkret bu dəyişikliklərlə qarşıya qoyulan məqsəd prezident üsuli-idarəsinin təkmilləşdirilməsi və müasir çağırışlara cavab verməsinin təmin edilməsidir.

Referendum aktı layihəsində əsas dəyişikliklərdən biri də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasıdır. Belə bir dəyişiklik xalqın iradəsi ilə seçilmiş dövlət başçısına qarşıya qoyduğu proqram və məqsədləri vaxt baxımından uğurla reallaşdırmaq imkanı verir; ikinci bir tərəfdən isə ölkəni mütəmadi olaraq seçkilər keçirmək yükündən azad edir. Hazırda dünyanın bir çox ölkələrində prezidentin səlahiyyət müddəti 6 və ya 7 il müəyyən olunmuşdur və bu da normal qarşılanır. Belə bir dəyişikliyi həm də Azərbaycanın yerləşdiyi coğrafiyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, eyni zamanda, qlobal təhdidlər diktə edir.

Layihədə yer alan vacib məsələlərdən biri də mülkiyyətlə bağlıdır. Məlumdur ki, bəzi hallarda mülkiyyət sahiblərinin davranışları və fəaliyyəti Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun gəlmir. Bir çox hallarda mülkiyyətçilər və ya sahibkarlar sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasında maraqlı olmur, ya da inhisarçı və istismarçı mövqedə dururlar. Bu isə Azərbaycanın ümumi iqtisadi maraqlarına cavab vermir. Belə olan halda, bu cür məsələlərin tənzimlənməsi zərurəti ortaya çıxır. Bununla yanaşı, sahibkarlıq subyektlərinin müxtəlif sosial layihələrdə iştirak etməsi məsələsi də vacibdir. Yəni sahibkarlar, xüsusi mülkiyyətçilər öz sosial öhdəliklərini dərk etməlidirlər.

Bütövlükdə, referendum aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunmuşdur.

İnanırıq ki, Konstitusiyamızın və dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsinə və müasirləşdirilməsinə xidmət edən 2016-cı ilin 26 sentyabr referendumu tamamilə azad, ədalətli və demokratik şəraitdə keçməklə, xalqın azad siyasi iradəsini, demokratik proseslərə çevik reaksiyasını nümayiş etdirəcəkdir. Ümumxalq referendumunda ciddi ictimai dəstək alacaq yeniliklər hüquqi baxımdan Konstitusiyanın bir sıra normalarını yeni dövrün tələblərinə uyğunlaşdırmaq məqsədi daşıyaraq, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində dövlətin məsuliyyətini artıracaq, onun üzərinə bir sıra yeni hüquqi öhdəliklər qoyacaqdır.

Azərbaycanda Konstitusiyaya xalqın iradəsi ilə ediləcək əlavə və dəyişikliklər mahiyyətdə liberallaşmaya və modernləşməyə xidmət etməklə, demokratik norma və tələblərə tam cavab verir. Konstitusiya islahatı cəmiyyətin dinamik inkişafına, insan hüquq və azadlıqlarının daha etibarlı təminatına yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın beynəlxalq konvensiya və sazişlərlə üzərinə götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirir.

İlham Məmmədzadə,
AMEA  Fəlsəfə
İnstitutunun direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında