Konstitusiyaya dəyişikliyi zəruri edən daxili və xarici faktorlar

26 sentyabr Azərbaycanda ümumxalq səsverməsi (referendum) günüdür

Almaniyanın  görkəmli dövlət xadimi, yaşadığı dövrün dünya siyasətinə güclü təsir göstərən Otto fon Bismark vaxtilə yazırdı: "ABŞ iki tərəfdən zəif qonşularla, iki tərəfdən isə balıqlarla əhatə olunub".

Bu fikirlər bir daha təsdiq edir ki, təkcə klassik sənətkarlar deyil, həm də görkəmli  dövlət xadimləri və onların məşhur deyimləri də hər zaman müasirdir. Bismarkın deyiminin nə qədər aktual olmasını hazırkı dünya gerçəkliyi bir daha təsdiq edir. Hazırda Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton hələ ABŞ-ın dövlət katibi olarkən, o zaman qardaş Türkiyənin xarici işlər naziri olan Əhməd  Davudoğluya belə bir ritorik sual vermişdir: "Türkiyə nədən bu qədər fəaldır?" Davudoğlu cavabında demişdir: "Türkiyənin ətrafında diametri 1000 kilometr olan bir çevrə cızdıqda, 20 dövlətin əhatəsinə düşürük. Diametri 3000 kilometrə çatdırdıqda isə dövlətlərin sayı 70-i ötür. Eyni qaydanı ABŞ-a tətbiq etdikdə isə hər dəfə Kanada, Meksika və okeanları görürük. Hər iki dövlət isə ABŞ-ın dostu, müttəfiqidir. Bizim fəallığımız bax bu reallıqdan qaynaqlanır".

Bu sətirlərin müəllifi Azərbaycanın sərhədində yerləşən ölkələri saymaq və ya onları dost və düşmən olmaqla iki yerə bölmək niyyətində deyil, çünki tarixən özünün tolerantlıq ənənələri ilə məşhur olan və multikulturalizmi özünün dövlət siyasətinə, həyat tərzinə çevirən Azərbaycan ona xoş niyyətlə yanaşan hər bir ölkəni özünün dostu hesab edir. Təəssüflər olsun ki, Azərbaycanın ətrafında  diametri 1000 kilometr olan bir çevrə cızdıqda nankor Ermənistanı görməli oluruq (Azərbaycan qərbdən Ermənistanla 1007 kilometr həmsərhəddir).

Yəni ölkəmizdə demokratiyanın inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılmasına, siyasi sistemin optimallaşdırılmasına, idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, qanunvericiliyin liberallaşdırılmasına, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə xidmət edən "Azərbaycan Respublikasının Konstitusiyasında  dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin ictimai müzakirəyə çıxarılması təkcə dövlət quruculuğu prosesinin daxili məntiqi və dialektikasından deyil, həm də xarici faktorlardan qaynaqlanır.

Məsələ burasındadır ki, müxtəlif  qiymətləndirmə şkalalarının mövcud olduğu, insanların  kütləvi mədəniyyət nümunələri ilə hipnoza məruz qaldığı, ümumdünya tarazlığının son dayaqlarının sarsıldığı, yeni-yeni təhdid və təcavüz texnologiyalarının yarandığı, əyləncə-şou ovqatı ilə beyinlərin və qəlblərin "yuyulduğu",  "ərəb baharlarının",  "rəngli inqilabların" dövlətlərin sakit həyatını təlatümə çevirdiyi dünyada qanunların öz axarı ilə möhkəmlənəcəyinə və cəmiyyətin yad təsirlərə  düşməyəcəyinə əmin olmaq sadəlövhlük olardı. Qloballaşmanın gəlişi ilə sərhədlərin silinib gedəcəyini, dövlətlərin insanlardan artıq əsgər, gömrük məmuru, səfir kimi istifadə etməyəcəklərini düşünənlərin inamının dumanlı idealizmdən başqa bir şey olmadığı  göz qabağındadır.

"Kim güclüdürsə, o da haqlıdır"– prinsipinin əsas götürüldüyü beynəlxalq münasibətlər sisteminin  böhranı  dünya nizamının təmin edilməsi mexanizmlərinin yenidən formalaşmasını zəruri edir. Termodinamikanın ikinci qanununa və ya entropiya vektoruna görə canlı və cansız hər bir şey zaman keçdikcə xarab olur, pozulur, çürüyür, parçalanır və dağılır; bir sistemin, planlı, nizamlı və formalı quruluşdan plansız, nizamsız və formasız hala keçməsi o sistemin entropiyasını artırır.

Əvvəllər hətta müharibənin nəhəng dalğaları da yalnız ayrı-ayrı xalqları və regionları əhatə edirdi və ümumi halda sosial-siyasi, yaxud dini toqquşmalarda bu cür çaxnaşmalardan kənarda qalıb siyasətçilərin ehtiraslarına tərəfsiz qalaraq,  tamaşa edə bilmək mümkün olurdu. Hazırkı dövrdə isə elə fırtınalar, ziddiyyətlər  və  siyasi kataklizmlər  baş verir ki, bütün dünya süzülmüş parça kimi iki yerə cırılır və bu nəhəng cırıq  hər ölkədən, hər şəhərdən, hər ailədən, hər ürəkdən keçib gedir. Bu cür şahə qalxan dalğanın zərbəsi, qapımızın kandarına kimi gəlib çıxan təhlükə bizi də narahat etməyə bilməz. Bəli, bu gün "Pandoranın mücrüsü"ndən çıxan viruslar planetin bütün hissələrinə yayılaraq qlobal xarakter alır. Özü də bu viruslar istənilən silahdan təhlükəlidir, çünki insanı bir dəfəyə öldürmürlər. Bu viruslar  ona  yoluxanlar tərəfindən sürətlə ətrafa yayılırlar. Bu virusları insanların oxuduqları kitaba da qatırlar, etiqad etdikləri dinə də, dinlədikləri musiqiyə də, aldıqları təhsilə də, yaşadıqları mühitə də. Bəs bu  viruslara qarşı  immuniteti  hansı yolla qazanmaq olar? Bu nizamsızlığın ölkəmizə olan təsirlərini hansı yolla minimuma endirmək mümkündür? Ölkənin təhlükəsizlik sistemini necə möhkəmləndirmək olar?

İlk növbədə, qlobal təhlükəsizliyin təmin edilməsi, terrorizmin və separatizmin aradan qaldırılması üçün beynəlxalq güclər  dövlətlərin daxili işlərinə qarışmamalı, hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə riayət etməlidirlər.

Zorakılığa qarşı mübarizə apardığını bəyan edən beynəlxalq birlik ikili standartlar siyasətindən əl çəkərək terrorizm və separatizm yuvası olan  işğalçı  Ermənistana qarşı təzyiqlərini artırmalıdır. Prezident İlham Əliyev demişkən, biz BMT Təhlükəsizlik Şurasının Liviya ilə bağlı çıxardığı qətnamənin qəbul olunduqdan bir neçə saatdan sonra icra olunduğunu gördük. Dağlıq Qarabağla bağlı qətnamə isə indiyədək icra olunmur.

Göründüyü kimi, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız beynəlxalq aləmin öhdəsinə buraxa bilməz. Bunun üçün biz ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmalıyıq. Çingiz xandan soruşurlar: "Bu gücə necə sahib oldunuz? Cavab verir: "Güclü dövlətin güclü ordusu ilə". Soruşurlar: "Qüdrətli dövləti və güclü ordunu necə yaratdınız?" Cavab verir: "Möhkəm nizam-intizam və qanunla".

Doğrudan da, qüdrətli dövlətə və güclü orduya nail olmaq üçün ölkənin ilk növbədə mükəmməl qanunvericilik bazası və hüquq sistemi olmalıdır. İstər regional, istərsə də beynəlxalq səviyyələrdə təhlükələrin mövcudluğu və onların artma tendensiyasının müşayiət olunması ölkənin təhlükəsizliyi və müdafiəsi  ilə bağlı məsələlərin  konstitusion norma olaraq  Əsas Qanunda təkmilləşdirilməsini və daha dəqiq ifadə olunmasını zərurətə çevirir.

Müharibə şəraitində yaşayan, torpaqları işğal olunan və ərazi bütövlüyü pozulan bir ölkə üçün Silahlı Qüvvələrə üstünlük verilməsi ən zəruri amillərdən hesab olunur. Hazırkı Konstitusiyanın 9-cu maddəsində deyilir: "AR öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir". Təklif olunan dəyişikliyə əsasən isə bütün hüquqi silahlı birləşmələr Silahlı Qüvvələrin tərkib hissəsi olacaq. Başqa sözlə desək, Silahlı Qüvvələrin tərkib hissəsi olmayan  hər hansı bir silahlı birləşmə avtomatik surətdə, qanundan kənar hesab olunacaq və bununla da Cinayət Məcəlləsinin 279-cu maddəsində "Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma" ilə bağlı olan məhdudiyyət konstitusion norma səviyyəsinə qaldırılmaqla qeyri-qanuni hərbi birləşmələrin yaradılmasının qarşısının alınmasında vacib hüquqi bazaya çevriləcək.

Dövlətin təhlükəsizlik və müdafiə sisteminin möhkəmləndirilməsi ilə bağlı Konstitusiyaya, daha dəqiq desək, 57-ci maddəyə edilməsi nəzərdə tutulan  dəyişikliklərdən biri də hərbi qulluqçulara dövlət orqanlarına kollektiv müraciət etmək hüququnun qadağan edilməsidir. Yəni hərbi qulluqçuların mülki şəxslərdən fərqləndirilməsi dövlət təhlükəsizliyi və hərbi sirrin qorunub saxlanması baxımından mütərəqqi hal hesab edilməlidir.

Dövlət təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsi baxımından 58-ci maddənin IV hissəsinə təklif edilən əlavəni də  zəruri dəyişiklik hesab etmək olar. Belə ki, qeyd olunan hissənin Konstitusiyada aşağıdakı redaksiyada verilməsi nəzərdə tutulur: "Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır".

Konstitusiyaya edilməsi nəzərdə tutulan 29 dəyişikliyin yarıdan çoxu, daha dəqiq desək, 15-i demokratiyanın barometri hesab olunan insan və vətəndaş hüquq və azadlığının təmin edilməsi mexanizmlərinin daha da təkmilləşdirilməsinə və ondan sui-istifadə hallarının qarşısını almaq üçün  əlverişli hüquqi bazanın yaradılmasına yönəlib. Məsələn, Konstitusiyanın 29-cu maddəsinə aşağıdakı məzmunda V və VI hissələrin əlavə edilməsi nəzərdə tutulmuşdur: "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur", "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".

Əlbəttə ki, bu dəyişikliklər ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatına və Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən aqrar sahənin-qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi mənafeyinə xidmət göstərir. Bu gün sosial ədalət prinsipi gözlənilməklə torpaqlardan səmərəli istifadə olunmalı, əkin üçün nəzərdə tutulan torpaqların zəbt edilməsinə, çəpərlənməsinə  və başqa məqsədlər üçün istifadəsinə imkan verilməməlidir. Yəni, torpaqlardan təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Təəssüflər olsun ki, ölkəmizdə kənd təsərrüfatı təyinatlı torpaqlarda şəxsi mənzillərin tikilməsi hallarına tez-tez rast gəlinir. Odur ki, bu cür halların aradan qaldırılması üçün hüquqi məhdudiyyətlərin müəyyən edilməsi  iqtisadiyyatın diversifikasiyasının  sürətlənməsinə səbəb olacaq.

Ölkə başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi, əvvəllər iqtisadiyyatın, xüsusən də  özəl sektorun  inkişafına mane olan başlıca amillər sırasında mərkəzi və yerli icra hakimiyyəti, vergi, gömrük, hüquq-mühafizə orqanlarının  sahibkarların işinə  yerli-yersiz müdaxilələri və bürokratik əngəllər yaratmaları xüsusi yer tuturdu. Lakin Prezident İlham Əliyevin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə  imzaladığı fərmanla  Azərbaycanda  özəl  sektor və sahibkarlıq sferası liberal münasibətlərə və birbaşa məmur-sahibkar ünsiyyətinin məhdudlaşdırıldığı  yeni mərhələyə qədəm qoydu. 59-cu maddəyə  təklif edilən  "Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyat və sağlamlığının müdafiəsi ilə bağlı tənzimlənməni həyata keçirir" məzmunlu  əlavəyə əsasən qanununda yalnız məhdud çərçivədə məhdudiyyətlər müəyyən edə bilməsinə ali hüquqi təminat verilir.

32-ci maddəyə əlavə edilən "Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz" kimi VII hissəsi isə fərdi məlumatların məxfiliyinin qorunması və şəxsi toxunulmazlığın təmin edilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Konstitusiyanın 36-cı maddəsinə təklif olunan dəyişiklik isə əmək hüququ əsasında işləyənlərin hüquqlarının müdafiəsini özündə əks etdirir. Müvafiq maddəyə edilən dəyişikliyə "lokaut" anlayışı əlavə edilmişdir. Məlum olduğu kimi, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin lokaut hüququ təsbit olunmuşdur. Lokaut (ingiliscə "lock" və "out" söz birləşməsindən yaranıb, qapını bağlamaq və buraxmamaq deməkdir) işçilərə təsir etmək üçün işəgötürən tərəfindən fəaliyyətin tam və ya qismən dayandırılmasıdır. Bu isə insanların əmək hüququnun birbaşa pozulması deməkdir. Dəyişikliklərə əsasən, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edilməsi nəzərdə tutulur.

56-cı maddəyə edilən dəyişiklik isə özündə vətəndaşların seçki hüquqlarının genişləndirilməsini ehtiva edir. Belə ki, artıq bu dəyişiklikdən sonra hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçmək (aktiv) hüququ deyil, yalnız passiv seçki (seçilmək) hüququ məhdudlaşdırıla bilər.

60-cı maddəyə edilən dəyişiklik isə hüquq və azadlıqların artıq yalnız məhkəmədə deyil, həm də inzibati qaydada müdafiəsinə hüquqi təminat yaradacaq.

68-ci maddəyə edilən əlavə ilə dövlətin öz qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıması nəzərdə tutulur ki, bu da öz fəaliyyətində  səhvə və özbaşınalığa yol vermiş məmurun məsuliyyətə cəlb edilməsinə  konstitusion norma səviyyəsində təminat vermək deməkdir.

71-ci maddənin II hissəsinə "Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır" şəklində edilən əlavə isə dövlət məhdudiyyətinin əsaslandırılmasının  və  dəlil-sübuta söykənməsinin vacibliyini  nəzərdə tutur.

Konstitusiyanın 25-ci maddəsinin III hissəsinin birinci cümləsində "milliyyətindən" sözünün "etnik mənsubiyyətindən" sözləri ilə əvəz edilməsi  hüquqi  baxımdan  korrekt  yanaşma  olsa da, ikinci cümləsində "milli" sözünün "etnik" sözü ilə əvəz edilməsi əsl mahiyyət dəyişikliyidir. "Milliyyət" anlayışı elə "etnosa mənsubluq" mənasına gəlir. "Milli" anlayışına   münasibətdə isə "etnik" sözü nisbətən daha dar mənalıdır. Milli dedikdə, dövlət daxilində yaşayan bütün etnosların tarixən formalaşdıra bildiyi ortaq dəyərlər, yəni xalqın və ya millətin etnik xüsusiyyəti, özünəməxsusluğu başa düşülür. Məlumdur ki, dövlət daxilində həm xalq, həm də millət formalaşa bilir. Bu səbəbdən "milli" sözü həm xalqa, həm də millətə tam əsasda şamil edilir.

Referendum Aktı layihəsində təklif olunan dəyişikliklərin və əlavələrin bir qismi isə dövlət və bələdiyyə  idarəçiliyi  sisteminin təkmilləşdirilməsi, dövlət strukturlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və siyasi sahədə innovativ inkişafın və modernləşmənin təmin edilməsi ilə bağlıdır. Layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi, prezidentə Milli Məclisi buraxmaq səlahiyyətinin verilməsi və s. nəzərdə tutulur.

Hazırda 67 ölkədə 103 vitse-prezident postu mövcuddur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, həmin ölkələrdə vitse-prezident postlarına sahib olanların 22 faizini  siyasi elitada təmsil olunan qadınlar təşkil edir. Gender bərabərliyinin təmin edilməsi üçün idarəetmənin hər bir sahəsində 30 faizdən az olmayaraq qadın iştirakının münasib hesab edildiyini nəzərə alsaq, onda bu rəqəmi qənaətbəxş hesab etmək olar.

Yaş senzinin endirilməsi  isə yeni nəslin inkişafının əsas vasitəsi olan  gənclərə dövlətin və cəmiyyətin ictimai-siyasi həyatında layiqli yer tuta bilmək üçün yeni imkanlar açır. Gəncliyin xüsusi bir keyfiyyəti ilk növbədə onun bol enerjisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail olmaq iddiasıdır. 14 yaşında  Şah İsmayıl Xətai, 18 yaşında məşhur Robert Viner, 20 yaşında dəyərli fəlsəfi əsərlər yazan Şellinq, 25 yaşında  fizikada  inqilab edib  A. Eynşteyn də olmaq olar. Eləcə də 80 il yaşayıb Əkrəm Əylisli kimi xərifləmək də.

Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsinə edilən dəyişiklik nəticəsində isə Azərbaycanda prezidentlik müddətinin 5 ildən 7 ilə yüksəldilməsi nəzərdə tutulur. Təəssüflər olsun ki, bəziləri demokratik  prinsip və  dəyərlərlə  normanı  qarışıq  salırlar. Əslində, xalqın hakimiyyətin mənbəyi olması, dövlət başçısının seçki yolu ilə formalaşması demokratiyanın başlıca dəyərləri və prinsipləri olduğu halda, bu dəyərlərin həyata keçirilməsinin üsul və qaydaları norma kimi çıxış edir. Bu dəyərlər bütün xalqlar və ölkələr tərəfindən ortaq şəkildə demokratiyanın əsas əlamətləri kimi qəbul olunduğu halda, onların həyata keçirilməsinin üsul və vasitələri ayrı-ayrı ölkələrdə müxtəlifdir. Məsələn, seçici olmaq üçün Avstriyada 19, İranda isə 16 yaşa çatmaq tələb olunur. ABŞ-da senator olmaq üçün ən azı 9 il bu ölkənin vətəndaşı olmaq lazımdır. Hollandiyada valideyn hüququndan məhrum olan şəxslər aktiv seçki hüququndan məhrumdurlar. Və  yaxud  İsveçrədə  prezidentin  səlahiyyət müddəti 1 il, ABŞ-da 4 il, Fransada 5 il (Senatın isə 9 il), Rusiyada, Filippində 6 il, İtaliya, İrlandiya, İsrail, Qazaxıstanda və digər ölkələrdə isə 7 ildir.

Beləliklə də, möhtərəm  Prezident  İlham Əliyevin  təklif etdiyi, olduqca faydalı və fundamental dəyişiklikləri  özündə ehtiva edən  Referendum  Aktı layihəsi ölkəmizdə siyasi sabitliyə, iqtisadi inkişafa, təhlükəsizlik məsələlərinin yeni məzmun kəsb etməsinə, demokratiyanın dərinləşməsinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesinin keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoymasına və idarəçilik sisteminin daha da təkmilləşməsinə müsbət töhfə olacaq.

Ceyhun Hüseynov,
ADAU-nun dosenti, 
siyasi elmlər üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında