Şriftin ölçüsü:
03.12.2010 02:16 | Oxunma sayı: 419
Ermənistan konstruktiv mövqe nümayiş etdirməyəcəyi təqdirdə, Azərbaycan torpaqlarını öz gücü ilə azad etmək hüququnu özündə saxlayacaqdır.
Bu sözləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dekabrın 2-də jurnalistlərə müsahibəsində demişdir.
Şöbə müdiri bildirmişdir ki, Astana sammitində münaqişənin həllinə ciddi cəhd göstərilmişdir. Faktiki olaraq, böyük dövlətlərin ortaya qoyduğu mövqe ondan ibarət idi ki, hər iki tərəf bu məsələnin həllində müəyyən güzəştlərə getməklə münaqişə tezliklə sülh yolu ilə öz həllini tapsın. Münaqişə sülh yolu ilə həllini o vaxt tapa bilər ki, Ermənistan konstruktiv mövqe göstərsin.
Astana sammitində biz Ermənistanın konstruktiv mövqeyini görmədik. Azərbaycanın məsələyə prinsipial yanaşmasına baxmayaraq, Ermənistan yenə də vaxtı uzatmaq, əldə olunmuş nəticələrdən boyun qaçırmaq, mübahisə yaradan arqumentləri qabartmaq ənənəsinə sadiq qalmışdır.
Ə.Həsənov demişdir ki, biz Astana sammitindən sonra ATƏT-in Minsk qrupunun fəallığını artıracağını düşünürük. Zənn edirik ki, Minsk qrupu münaqişənin ədalətli həllinə nail olacaqdır. Bu, baş verməsə, Azərbaycan torpaqlarını öz gücü ilə azad etməyə məcbur olacaqdır. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın səbrinin bir həddi vardır. Bir daha təkrar edirəm, Ermənistan konstruktivlik nümayiş etdirməsə, Azərbaycan müstəqil dövlət olaraq, işğal altındakı torpaqlarını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində azad etmək iradəsini ortaya qoyacaqdır.
Azərbaycan və Türkiyə mətbuatının münasibətləri məsələsinə toxunan Əli Həsənov demişdir ki, biz ölkələrimizin kütləvi informasiya vasitələrinin əməkdaşlığını dost və qardaş dövlətlərimizin ab-havasına münasib şəkildə olmasını arzu etmişik.
Hər iki ölkəni təmsil edən KİV-lərin heç də hamısının münasibətlərimizin yüksələn xətlə inkişafına xidmət etmədiyindən təəssüfləndiyini bildirən şöbə müdiri qeyd etmişdir ki, həm Azərbaycanda, həm də Türkiyədə bəzi KİV-lər münasibətlərimizə xələl gətirən yazılar, verilişlər hazırlayırlar.
Türk dünyasının elə qiymətli dəyərləri vardır ki, onlara toxunmaq, bu barədə qeyri-etik yazılar hazırlamaq yolverilməzdir. Bütün mənalı ömrünü xalqlarımızın, dövlətlərimizin xilasına, tərəqqisinə həsr etmiş ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi tarixi şəxsiyyətlərimizin misilsiz xidmətlərinin üzərinə kütləvi informasiya vasitələrində kölgə salmaq cəhdləri heç kəsə başucalığı gətirməz. Belə yazılar Azərbaycanı və Türkiyəni, dövlətlərimizin liderlərini sevməyən qüvvələrin rəvac verdikləri yaramaz hərəkətlərdir. Turqut Ərin yazısı da bu qəbildəndir.
Türkiyədə və xarici ölkələrdə müəyyən qüvvələrin, eləcə də güclü erməni diasporunun fəaliyyət göstərdiyini qeyd edən şöbə müdiri, bu qüvvələrin dövlətlərimiz arasındakı dünyada bənzəri olmayan dostluq və qardaşlıq münasibətlərini korlamağa yönəlmiş cəhd olduğunu demişdir. Mən əminəm ki, Turqut Ərin də yazısı həmin dairələrin sifarişi ilə ortaya çıxmışdır.
Prezident Administrasiyasının şöbə müdiri "WikiLeaks" resursunun yaydığı məlumatlara da münasibət bildirərək demişdir ki, bütün bunlar təxribat xarakteri daşıyır və bundan məqsəd Azərbaycan ilə qonşu dövlətləri, xüsusilə də Türkiyəni qarşı-qarşıya qoymaqdır.
Ə.Həsənov demişdir ki, saytda yazılanların heç bir əsası yoxdur. Həmin uydurmaları Azərbaycan Prezidentinin mətbuat xidməti birmənalı şəkildə təkzib etmişdir. Biz bu fikirdəyik ki, həmin materiallar dövlətlər arasında münasibətləri korlamağa, inamsızlıq yaratmağa xidmət edir. Əksər dövlətlərin başçıları da həmin materialların təxribat xarakteri daşıdığını, danışıqlara məqsədyönlü şəkildə düzəlişlər edilərək yazıldığını bəyan etmişlər.
Biz qonşu dövlətlərlə münasibətlərimizi korlamağa çalışanların niyyətlərini puça çıxarmaq üçün qətiyyətlə mübarizə aparacağıq.
AzərTAc{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.