Azərbaycan dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsində fəal iştirak edir

Bu gün dünyanın siyasi mənzərəsində baş verən hadisələri incələyəndə bəşəriyyət üçün hələ də təhlükə mənbəyi olan problemlərin həll edilmədiyinin, əksinə,  beynəlxalq terrorizmin insanların normal yaşayış gedişatını təhdid etdiyinin şahidi oluruq. Yaxın Şərqdə, Şimali və Mərkəzi Afrika ölkələrində yaşanan hakimiyyət uğrunda mübarizə, Cənubi Qafqazda Ermənistanın  işğal siyasəti, dünyanın müxtəlif ölkələrində baş verən və kütləvi insan tələfatı ilə nəticələnən terror aktları hələ də beynəlxalq təşkilatların həll edə bilmədiyi qeyri-stabil vəziyyətin göstəriciləridir. Belə bir zaman kəsiyində Azərbaycanın müdrik siyasət yürütməsi, problemlərin həllində vasitəçilik etməsi, dünyada hazırda böyük ehtiyac duyulan məsələlərdən biri olan multikulturalizmi dövlət səviyyəsində təbliğ etməsi, sülhə çağırış məqsədli beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməsi ölkəmizin uğurlu siyasət strategiyasından xəbər  verir. 

Bu gün müasir dünyamızda qlobal təhlükəsizliyə qarşı yaranmış təhdidlərə terrorizm, kütləvi qırğın silahlarının yayılması, daxili hərbi münaqişələr və beynəlxalq hərbi müdaxilələr, ekoloji tarazlığın pozulması və s. problemlər daxildir.  Bu isə müasir dövrdə istər milli səviyyədə, istərsə də beynəlxalq müstəvidə təhlükəsizliyin təmin edilməsinin bir istiqamətliliyini yox, ən müxtəlif sahələri əhatə edən beynəlxalq kompleks fəaliyyəti vacib edir. Bu tendensiya beynəlxalq aləmə inteqrasiya edən Azərbaycan dövlətinin milli təhlükəsizliyinin təmin edilməsini ehtiva edir.

Avqustun 8-də Bakıda  Azərbaycan, İran və Rusiya liderlərinin regional iqtisadi inteqrasiya layihələrinə, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə həsr edilən üçtərəfli Zirvə toplantısının keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq əməkdaşlıq və təhlükəsizlik məsələlərində ən çox güvənilən və tərəfdaşlığına ehtiyac duyulan ölkələrdən biridir. Görüşdə İraqda və Suriyada münaqişələr, terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın və Rusiyanın birgə işləməyə hazır olması barədə bəyanatları regionda sabitliyin bərqərar olmasının vacibliyini və Azərbaycanın əhəmiyyətini ortaya qoydu.

Hələ bir neçə ay bundan əvvəl Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti maraqlı məqamlarla yadda qalmışdı.  İki gün davam edən tədbirdə 50-dən çox ölkənin, o cümlədən Azərbaycanın dövlət başçısı iştirak etmişdi. Toplantıda qlobal miqyasda təhdidlər törədən nüvə qaçaqmalçılığı ilə mübarizə məsələləri müzakirə olunmuşdu. Şübhəsiz ki, Azərbaycan nüvə dövləti deyil. Lakin geostrateji cəhətdən olduqca üstün bir mövqedə yerləşməsi, dünyanın qaynar siyasi nöqtələrinə yaxınlığı ilə seçilməsi, üstəlik dövlətimizin apardığı konseptual antiterror siyasəti və regionda apardığı sabit siyasət ölkəmizin tədbirdə təmsilçiliyini zəruri etmişdi. 

Tədbirə dəvət edilən Azərbaycan Prezidenti söylədiyi maraqlı və dolğun nitqi, siyasi liderlərlə keçirdiyi görüşlərlə diqqət çəkmişdi. ABŞ rəsmiləri  Azərbaycanın təhlükəsizliyin təmini və terrorla mübarizədə regional və qlobal miqyasda oynadığı rolun əhəmiyyətini vurğulamış, enerji təhlükəsizliyi və iqtisadi-ticari əməkdaşlıq sahələrində Bakının həyata keçirdiyi layihələrin səmərəliliyini etiraf etmişdilər. Bütün bunlar yekunda Azərbaycanın geosiyasi statusunun faktiki olaraq yeni səviyyəyə yüksəldiyinin təsdiqi idi. Ermənistan kimi kiçik dövlətin nüvə qaçaqmalçılığına yol verməsi nəinki Cənubi Qafqazı, bütövlükdə dünyanı böyük təhlükələrə atması ilə müqayisədə, regionun lideri olan Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfələrinin çox ciddi, müsbət, qlobal effektləri olur. Bu barədə ABŞ Prezidenti Barak Obamanın Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında Azərbaycanın nüvə materiallarının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görməsini vurğulaması və dövlətimizi son dərəcə əhəmiyyətli tərəfdaş hesab etməsini dövlət siyasətimizin nailiyyəti kimi qiymətləndirməliyik.

Bu gün beynəlxalq təhlükəsizliyi təhdid edən ən böyük problemlərdən biri terrorizmdir. Azərbaycan tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizədə xarici ölkələrin hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulub, terrorçuluğa, mütəşəkkil cinayətkarlığın digər növlərinə qarşı mübarizəyə dair ikitərəfli sazişlər, protokollar və  memorandumlar imzalayıb. 

Konstitusiyaya əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr milli qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Ölkənin normativ-hüquqi aktları ilə beynəlxalq müqavilələr arasında təzadlar yarandığı təqdirdə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarına üstünlük verilir. Beləliklə, imzalanmış beynəlxalq hüquqi sənədlər Azərbaycanın qanunvericilik sisteminin tərkib hissəsidir və ərazisində qüvvədədir. 

Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında həm də ona görə maraqlıdır ki, müxtəlif illərdə terrora özü də məruz qalıb. Ölkəmizdə erməni terrorçuları tərəfindən dəfələrlə terror aktları törədilib. Hadisələrin baş verdiyi tarixə və coğrafiyaya tarixi materiallar əsasında diqqət yetirdikdə beynəlxalq terrorizmin təzahürlərindən olan erməni terrorizminin miqyasını və səviyyəsini görmək mümkündür. Dünyada öz mənfur əməllləri ilə ad çıxarmış "ASALA", "Qnçak", "Daşnaksütyun" kimi erməni terror təşkilatlarının, nəinki Azərbaycanın Qarabağ bölgəsində, bütövlükdə Azərbaycan ərazisində törətdikləri terror aktlarının miqyası çox genişdir. Bunu aydın təsəvvür etmək üçün təkcə XX əsrin sonlarında baş verən terror faktlarına nəzər salmaq kifayətdir. Belə ki, bu dövrdə ermənilər sərnişin avtobuslarında, sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı metropolitenində, sərnişin daşıyan dəniz bərəsində, eləcə də mülki şəxslərə, hərbçilərə, dövlət obyektlərinə qarşı dəfələrlə terror aktları törədiblər. Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağ və Azərbaycanın bu bölgəyə bitişik daha yeddi rayonu iyirmi üç ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, Ermənistan həmin qətnamələrə məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın bütün dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü əsasında həll edilməlidir. Təəssüf ki, Ermənistandakı mövcud diktator rejimi müasir dünyanın reallıqlarını sağlam mövqedən qiymətləndirmək və beynəlxalq hüquq normalarını adekvat qəbul etmək iqtidarında deyil.                

Bu gün dünyanı erməni terrorizmi ilə yanaşı, "Əl-Qaidə", İŞİD, PKK kimi terror təşkilatları təhdid edir. İndi dünyanı düşündürən başlıca terror təşkilatlarından biri İŞİD-dir. Bu təşkilat artıq bir neçə ildir ki, beynəlxalq təhlükəsizliyə təhdid hesab olunur. Azərbaycanda son bir ildə İŞİD-lə əlaqəli olan onlarla insan məsuliyyətə cəlb edilib. Bundan əlavə, PKK terror təşkilatı ilə əlaqədə olan bir neçə nəfər də həbs edilib.  Azərbaycan terrorizimə qarşı beynəlxalq mübarizədə nüfuzlu təşkilatlarla və dövlətlərlə əməkdaşlıq edir. Beynəlxalq terror fəaliyyəti terrorçular və ya terror təşkilatları tərəfindən bir neçə dövlətin ərazisində həyata keçirilən və ya bir neçə dövlətin maraqlarına zərər vura bilən cinayətkar fəaliyyətdir. 

Terrorizmə qarşı mübarizə beynəlxalq və milli səviyyədə aparılır. Beynəlxalq terrorizm müasir beynəlxalq koordinatlar sisteminin mövcudluğu və inkişafı üçün ən qorxulu təhlükə mənbəyi kimi çıxış edir. Terrorizm sivil dünyanı hədəf götürmüş qlobal cinayətkarlığın ən dəhşətli təzahürüdür. Zamanəmizdə terrorizmin təhlükəli xarakteri artan xətlə getdiyi üçün bu problem ayrı-ayrı dövlətlərin gücü ilə yox, beynəlxalq əməkdaşlıq nəticəsində həll edilə bilər.  Ölkəmiz terrorizmə qarşı mübarizədə BMT ilə yanaşı digər beynəlxalq və regional təşkilatlardan İnterpol, ATƏT, NATO, MDB, Ərəb Dövlətləri Liqası ilə əməkdaşlıq edir.  Beynəlxalq təşkilatlar öz nizamnamələrində beynəlxalq cinayətkarlığın bütün növlərinə, o cümlədən də terrorizmə qarşı mübarizəni hədəf seçiblər. 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının bu beynəlxalq təşkilat çərçivəsində terrorçuluq əleyhinə qəbul edilmiş bütün konvensiyaları və protokolları təsdiq edib. Ölkəmizin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Azərbaycan indiyədək BMT-nin terrorizmlə bağlı ondan çox konvensiyasını ratifikasiya edib.

Ölkəmiz beynəlxalq təşkilatlarla yanaşı, terrorizmə qarşı mübarizə sahəsində Türkiyə və Gürcüstanla da ciddi əməkdaşlıq münasibətləri qurub. Azərbaycan, Gürcüstan və Türkiyə arasında Terrorçuluq, Mütəşəkkil Cinayətkarlıq və Digər Mühüm Cinayətlərlə Mübarizə üzrə Müqavilə imzalanıb. 

Hazırda terrorçuların səyləri yalnız sabitliyin pozulmasına və ya hansısa qısamüddətli planların həyata keçirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı siyasi məqsədlərə – siyasi hakimiyyətin ələ keçirilməsinə və yenidən bölüşdürülməsinə, suveren dövlətin ərazisinin zəbt olunmasına, yerli əhalinin oradan zorən çıxarılmasına, dini, irqi, etnik, sosial-siyasi konfrantasiyanın gücləndirilməsinə və s. yönəlib. Əlbəttə, bu, beynəlxalq təhlükəsizliyə böyük maneə yaradan amillərdəndir və zamanında qarşısının alınmasını zəruri edən başlıca məsələlərdəndir. Əgər hansısa dövlət beynəlxalq təhlükəsizliyin təmin olunmasında fəal iştirak etmirsə, səylərini birləşdirmirsə, təhlükə dalğası ondan da yan keçməz.

Bu gün Azərbaycanın dünyadakı siyasi nüfuzunun sürətlə artmasını şərtləndirən başlıca amillərdən biri də,  ölkəmizdə  ardıcıl siyasi və humanitar tədbirlərin, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələrin keçirilməsidir. Bu illər ərzində paytaxtımızda Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, bundan əlavə, IV Qlobal Bakı Forumu , Beynəlxalq Humanitar Forumlar keçirilmişdir. Bakıda I  Avropa Oyunlarının, beynəlxalq musiqi yarışlarının, "Formula-1" yarışlarının keçirilməsi, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının keçirilməsinin planlaşdırılması ölkəmizin siyasi imicinin kifayət qədər yüksək olduğunun sübutudur. Bütün bunlar  Azərbaycanı dünyaya  proqressiv, müasir ideyalara söykənən, möhkəm təməllər üzərində qurulan  dövlət kimi tanıdır. Bu, həm də münaqişələrin kəskinləşdiyi və sülhə təhdidlərin artdığı bir dövrdə Azərbaycanın dünyaya mədəniyyət, sülh çağırışıdır. Bu, bir daha Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin möhkənmənməsində fəal iştirak etdiyini və həmin prosesin prinsipial dəstəkçisi olduğunu nümayiş etdirir.                                       

Anar TURAN, 
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında