Azərbaycan beynəlxalq təşkilatlarda: göstərilən etimad yüksək səviyyədə doğruldulur

 

 

 

 

 

 

 

 

 

 

 


Əminəm ki, terrorçuluğa qarşı mübarizənin aparılması işində bütün səylərimizi birləşdirməliyik. Terrorçuluğun hazırkı siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə olan digər hədələrlə bağlılığı dövlətlər arasında daha sıx əməkdaşlığı, o cümlədən BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar və sistemli yanaşmasını tələb edir. Bununla belə, dövlətlər arasında münaqişələrin olması, xarici hərbi təcavüz və təcavüzkar separatizm terrorçuluq üçün münbit şərait yaradır. Buna görə, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri əsasında münaqişələrin, xüsusən ərazi bütövlüyünün təmin edilməsi və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına aid məsələlərin həllinə çalışmalı və ölkələrə öz əraziləri üzərində suverenliyin bərpa edilməsinə yardım etməlidir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə keçən  “Terror aktlarının beynəlxalq sülh və
təhlükəsizliyə yaratdığı təhdidlər” mövzulu iclasında
dövlətimizin başçısının çıxışından


 

Müasir dünyanı ən çox narahat  edən terrorçuluq, separatçılıq, ölkələrin bir-birinin daxili işlərinə qarışmaq cəhdlərindən, əsassız ərazi iddialarından yaranan münaqişələr beynəlxalq təşkilatların  diqqət mərkəzindədir. Müstəqilliyinin ilk illərində kifayət qədər anlaşılmazlıqlarla üz-üzə qalan Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtmasından sonra bütün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmiş, həmin qurumların hamısının gündəliyində duran məsələlərə açıq münasibət bildirmiş, mütərəqqi bəşəriyyətin  addımlarını dəstəkləmişdir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası öz mövcudluğu dövründə bəşəriyyəti narahat edən bütün problemlərə qarşı aparılan mübarizənin əsas iştirakçılarından birinə çevrilmişdir.

Bu gün dünyada elə bir mütərəqqi beynəlxalq təşkilat yoxdur ki, Azərbaycan onunla əməkdaşlıq qurmasın, müzakirələrində iştirak etməsin və  xüsusən, beynəlxalq konvensiyalara qoşulmasın. Təbii ki, bir qəzet yazısında bütün beynəlxalq təşkilatlarla olan əməkdaşlığımız barədə söz açmaq imkan xaricindədir. Ona görə də bu yazıda BMT və Avropa Şurası ilə əməkdaşlığımızın bəzi məqamlarını yada salmağa çalışacağıq. Çünki respublikamız bu təşkilatların hər ikisinin ali orqanlarına sədrlik etmişdir.  Həmin sədrlik müddətləri ilk növbədə beynəlxalq qurumlarda Azərbaycana  olan  inamın, göstərilən  etimadın miqyası barədə təsəvvür yaradırdısa,  sədrlik müddətləri başa çatdıqdan sonra bizim bu etimadı doğrultmaq bacarığımızın miqyası bəlli olurdu.

Xatırladaq ki,  respublikamız BMT Təhlükəsizlik Şurasına birinci dəfə  2012-ci ilin may ayında  sədrlik etmişdir.   Həmin  sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə mayın 4-də “Terrorizmlə mübarizə sahəsində öhdəliklərin yerinə yetirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsi” adlı yüksək səviyyəli iclas keçirilmişdir. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılmışdır. Qurumun iclaslarına ikinci dəfə sədrlik etməyimiz isə 2013-cü ilin oktyabrında olmuşdur. Həmin dövrdə qurumun gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etmişdir.

Azərbaycanın 2013-cü ilin oktyabrında BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilmişdir. Məqsəd BMT ilə üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyətlə bağlı müzakirələrin aparılması olmuşdur.

 Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin baş katibi Pan Gi Mun və İƏT-in baş katibi Ekmələddin İhsanoğlu, habelə BMT TŞ-nin üzv dövlətlərinin yüksək səviyyəli nümayəndələri iştirak edirdilər. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərdən, qlobal və regional proseslərdən danışılmış, onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd olunmuşdu.

Öz çıxış və nitqlərində İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə mühüm töhfələr verdiyini qeyd edən Prezident İlham Əliyevin  siyasi qətiyyəti ölkəmizin BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etdiyi günlərdə dövlət rəsmilərimiz tərəfindən daha qabarıq şəkildə ifadə olunmuşdur. Azərbaycan nümayəndəliyinin çıxışlarında İslam dininə hücum və təhqir hallarına qarşı mübarizə aparmaq məqsədi ilə birgə səylərə və dialoqa ehtiyac duyulduğu bildirilmiş, qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacibliyi vurğulanmışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə olunmuş və problemin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair çağırışlar səslənmişdir.  Nəticə isə olduqca maraqlı idi. Belə ki,  BMT Təhlükəsizlik Şurası  sədrinin yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş bəyanatında BMT və İslam Əməkdaşlıq Təşkilatı  arasında əməkdaşlığın  mövcud  vəziyyəti alqışlanmış və bu əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd edilmişdir. Bəyanatda, həmçinin münaqişələrin BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının  qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulanmışdır.

Daha bir maraqlı məqam isə ondan ibarət idi ki, Azərbaycanın  həmin quruma sədrliyi dövründə – oktyabrın 3-dən 9-dək BMT Təhlükəsizlik Şurası  üzvlərinin Afrikaya səfəri təşkil edilmişdi. Məqsəd Afrika regionunda siyasi, təhlükəsizlik və humanitar vəziyyətlə tanış olmaq və müvafiq səviyyələrdə görüşlər keçirmək, habelə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə illik birgə müzakirələrin keçirilməsi idi.  Bu səfər çərçivəsində BMT TŞ-nin üzvləri Konqo Demokratik Respublikası, Ruanda, Uqanda və Efiopiyada olmuşlar. Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası ilə BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsinə Ekvatorial Qvineya və Azərbaycan həmsədrlik etmişdir.  Üç il əvvəl həyata keçirilmiş həmin tədbirlərin yenidən yada salınması ilk baxışda  adi  hal kimi qəbul edilə bilər. Ancaq o qədər də adi və sadə məqamlar deyil. Çünki Azərbaycanın həm Nyu-Yorkda – BMT binasında,  həm də Əddis Əbəbədə – Afrika qitəsinin bütün ölkələrinin iştirak etdiyi qitə miqyaslı tədbirdə sədrlik etməsi gənc müstəqil dövlətimizin beynəlxalq aləmin əsas subyektlərindən birinə çevrildiyini sübut edirdi. Yazının əsas mövzusuna qayıdaraq xatırladaq ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrliyi müddətində dörd qətnamə qəbul edilmişdi. Bunlar BMT-nin Haitidəki sabitləşdirmə missiyasının  və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatlarının uzadılması,  Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı və TŞ-nin oktyabrın 18-də “Qadınlar və sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş qətnamələr idi.  Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və bununla bağlı davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq hüququn və ədalətin bərqərar olmasına mühüm töhfələrini vermişdir. Bu müddətdə etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın Təhlükəsizlik Şurasının və BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq təsisatlar və qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq münasibətləri inkişaf etdirilmişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır və gənc müstəqil respublikamız bu təşkilatın da ali qurumuna sədrlik etmişdir. Xarici İşlər Nazirliyinin elektron resurslarında göstərilir ki, Avropa Şurası Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Beləliklə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamışdır. Sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Sessiya zamanı çıxış etmiş xarici işlər naziri Elmar Məmmədyarov Nazirlər Komitəsinə sədrlik edəcəyi 6 ay müddətində Azərbaycanın sədrlik prioritetlərinə dair məlumat vermişdir. 

Qeyd edilir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə aşağıdakı prioritetləri müəyyən etmişdir. Bunlar idman oyunlarının saxtalaşdırılması da daxil olmaqla, korrupsiyaya qarşı mübarizə istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vasitəsilə qanunun aliliyinin gücləndirilməsi, qarşılıqlı hörmət və anlaşma üzərində qurulmuş mədəni cəhətdən müxtəlif cəmiyyətlərin gücləndirilməsi, sosial birlik və sosial davamlılığın təmin edilməsi – kövrək qrupların hüquqlarının daha səmərəli müdafiəsi, gənclərin insan hüquqları və demokratik vətəndaşlıq sahəsində təhsilinin təşviqi,  məsuliyyətli və təhsilli gənclər nəslinin formalaşdırılması və onların öz hüquqlarından istifadə imkanlarının təmin edilməsi.

Həmin il mayın 20-23-də Avropa Şurasının Baş katibi Torbyorn Yaqland və Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brassör Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədovla  keçirilmiş görüşlərdə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrlik prioritetləri, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, aktual beynəlxalq və regional məsələlər, eləcə də Avropa Şurası Baş katibi T.Yaqlandın Azərbaycan da daxil olmaqla, bütün Avropa Şurası üzv ölkələrində ümumi durumu əks etdirən “Avropada insan hüquqları, demokratiya və qanunun aliliyinin vəziyyətinə dair” hesabatı kontekstində fikir mübadiləsi aparılmış,  Avropa Şurasının Azərbaycan üzrə 2014-2016-cı illər üçün fəaliyyət planının təqdimatı keçirilmişdi.

Səfər çərçivəsində Ann Brassörün sədrliyi ilə AŞPA Bürosu və Daimi Komitəsinin Azərbaycan Respublikasının Milli Məclisində iclası keçirilmişdir.  Ann Brassör   çıxışında bildirmişdir ki, üzv dövlətlərin ərazi bütövlüyünə hörmət təşkilatın fundamental prinsipidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ann Brassör 2005-ci ildə qəbul edilmiş  AŞPA qətnaməsini xatırladaraq, AŞPA-nın Azərbaycanın ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı və prinsipial mövqedə olduğunu vurğulamışdı. Xüsusilə vurğulanmalı məqamlardan biri də o idi ki,  Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Nazirlər Komitəsinin sədri statusunda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brassör və AŞPA-nın üzvləri ilə müxtəlif beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparmışdılar. Fikir mübadiləsi əsnasında Avropa Şurasının bir üzv dövlətinin digər üzv dövlətin ərazisini işğal etməsinin qəbuledilməzliyi vurğulanmışdı. 2014-cü ilin iyun ayının 23-də AŞPA-nın sessiyasının açılışı ilə bağlı nitqində də Ann Brassör ölkələrin suverenliyi və ərazi bütövlüyünün təmin olunmasının əhəmiyyətinə dair AŞPA-nın mövqeyini bir daha bəyan etmişdi.

İyunun 23-də AŞPA-nın yay sessiyası çərçivəsində Nazirlər Komitəsinin sədri qismində xarici işlər naziri Elmar Məmmədyarov çıxış edərək Nazirlər Komitəsinə sədrliyi çərçivəsində prioritetləri və Azərbaycanda sədrlik müddətində keçirilən tədbirlərə dair ətraflı məlumat vermişdir. Bununla yanaşı, Elmar Məmmədyarov Nazirlər Komitəsinin fəaliyyəti, 2014-cü ilin mayında Vyanada keçirilmiş 124-cü  sessiyası, Ukraynada baş verən proseslərlə bağlı Avropa Şurası tərəfindən atılan addımları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji siyasəti, ölkəmizdə dini dözümlülüyün təşviqi və başqa bu  kimi məsələlərdən bəhs etmişdir.  Ertəsi gün – iyunun 24-də isə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Avropa Şurasına səfər etmişdi. Nazirlər Komitəsinin iclasında geniş nitq söyləyən Azərbaycan Prezidenti ölkəmizdəki  ictimai-siyasi vəziyyəti xarakterizə edərək demişdir: “Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir”.

Gənc müstəqil  Azərbaycan dövləti BMT və  Avropa Şurasından başqa ATƏT, Avropa Birliyi, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və bu, Azərbaycanın maraq və mənafelərinin təmin edilməsinə zəmin yaradır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında