Azərbaycan hazırda beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur və bu istiqamətdə uğurlar qazanır. Gənc respublika olmasına baxmayaraq, Azərbaycan iqtisadi-siyasi sahələrdə əldə etdiyi ciddi inkişafla bərabər, beynəlxalq təhlükəsizlik və enerji təminatı məsələlərində də mühüm rol oynayır. Xüsusilə də mövqelərimizin möhkəmlənməsinə şərait yaradan xarici siyasət Azərbaycanın dövlətlərarası münasibətlərdə sabit tərəfdaş kimi qəbul olunmasına gətirib çıxarmış, ölkəmizin geosiyasi və geoiqtisadi nüfuzunun artmasına imkan vermişdir.
Dünyanın iki güc mərkəzi – ABŞ və SSRİ arasında aparılan "soyuq müharibə" bitdikdən sonra yaranmış yeni reallıq Avrasiya materikində cərəyan edə biləcək proseslər, xüsusilə də ayrı-ayrı bloklaşmalar haqqında, habelə materikin bəzi regionlarında siyasi-iqtisadi landşaftı dəyişdirəcək böyük layihələr ətrafında müzakirələrin başlanmasına şərait yaratmışdı. SSRİ-nin dağılmasından sonra Xəzər regionunda yerləşən Azərbaycan kimi karbohidrogen yataqları ilə zəngin ölkələrin beynəlxalq münasibətlərin fəal subyektinə çevrilməsi dünya siyasətinin axarına təsir göstərən böyük dövlətlərin diqqətini cəlb etmiş, Avrasiya materikinin yenidən formalaşdırılması prosesinə start vermişdi. Xüsusilə də neftlə-qazla zəngin Xəzər dənizi hövzəsində iri enerji layihələrinin həyata keçirilməsi istiqamətində mühüm addımların atılması, Şərq-Qərb enerji dialoqunun yaradılmasında keyfiyyətcə yeni mərhələnin başlanmasına gətirib çıxarmışdı. Belə mühüm dialoqun yaradılmasında məhz Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli siyasətin Cənubi Qafqaz regionunda yeni geosiyasi mənzərənin formalaşmasında böyük rol oynaması da tarixi gerçəklikdir.
Günümüzün reallığı budur ki, Qərb yarımkürəsində yerləşən ölkələrin iqtisadi və siyasi üstünlüyünə baxmayaraq, Avrasiya materiki geosiyasi əhəmiyyətini hələ də saxlayır. Avropa qitəsində müşahidə olunan bir sıra mənfi dəyişikliklərin fonunda Asiya regionu həyati əhəmiyyətli inkişafın qeydə alındığı məkana çevrilir. Artıq hamıya aydındır ki, bəşəriyyətin gələcək inkişafı Avropa və Asiya arasında aparılan dialoqun səviyyəsindən çox asılı olacaq. Ancaq güc mərkəzlərinin qlobal maraqlarının təmin olunmasına yönəlmiş siyasətin mahiyyəti və xarakteri Avrasiya materikində aparılan dialoqu mürəkkəbləşdirir və xalqların sülh və əmin-amanlıq şəraitində yaşamalarına müəyyən çətinliklər yaradır. Belə mürəkkəb geosiyasi reallıqda Azərbaycan dövləti milli maraqlarını qorumaqla yanaşı, yaxın və uzaq ölkələrin inkişafına müsbət təsir göstərəcək layihələrin həyata keçirilməsinə can atır və bu istiqamətdə ciddi uğurlar da əldə etmişdir. Dünyanın mərkəzi olan Avrasiya materikində ayırıcı xətləri heç zaman dəstəkləməyən rəsmi Bakının qitələri birləşdirən bəzi mühüm enerji və nəqliyyat dəhlizlərinin formalaşdırılmasında və reallaşdırılmasında yürütdüyü praqmatik siyasət Azərbaycanı açar ölkə halına gətirmişdir.
Heç kimə sirr deyil ki, hazırda müşahidə olunan geosiyasi mübarizənin arxasında gizlənən məsələlərdən biri də enerji və nəqliyyat dəhlizlərinə nəzarət və həmin dəhlizlərin şaxələndirilməsidir. Nüfuz dairəsi üstündə aparılan çəkişmələr və göstərilən siyasi-iqtisadi təzyiqlər də məhz rəqib güc mərkəzlərini bu və ya digər formada bu strateji əhəmiyyətli dəhlizlərin formalaşdırılmasına münasibətdə fərqli mövqelərdən çıxış etmələrinə səbəb olur. SSRİ-nin dağılmasından sonra Avrasiya materikində Qərbə daşınacaq ilk neft boru kəmərinin-- Bakı-Tbilisi-Ceyhan enerji dəhlizinin işə düşməsi beynəlxalq münasibətlər sisteminin inkişafına fərqli prizmadan yanaşan böyük dövlətlərin "Böyük şahmat lövhəsi"ndə mövqe mübarizəsinə daha fəal qoşulmalarına təkan vermişdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ardınca inşa edilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi də Şərq-Qərb enerji dialoqunda yeni səhifənin açılmasına səbəb olmuşdu. Hazırda qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri uğurla fəaliyyət göstərir. Cənubi Qafqaz regionunu fəal inkişaf müstəvisinə çıxaran bu strateji layihələrin reallığa çevrilməsinin məhz Azərbaycan rəhbərliyinin güc mərkəzləri arasında apardığı düzgün siyasət və sağlam dialoq sayəsində mümkün olduğunu hamı etiraf edir. Dağlıq Qarabağ kimi mürəkkəb problemin olmasına baxmayaraq, Azərbaycanın regional müstəvidə cərəyan edən istər siyasi, istərsə də iqtisadi proseslərə müsbət təsir göstərməsi günün reallığıdır. Ən əsası, Cənubi Qafqaz regionunun böyük dövləti kimi Azərbaycanın regional enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən ümumbəşəri dəyərlərin müdafiə olunmasında mühüm rol oynaması beynəlxalq münasibətlər sisteminə müsbət təsir göstərir. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir iqtisadi layihənin reallaşdırılmasının mümkün olmadığını vurğulayan məşhur politoloqlar əlverişli coğrafi mövqeyə və zəngin karbohidrogen mənbələrinə malik olan ölkəmizin regionda mövqeyinin xeyli güclənməsini də etiraf edirlər.
Sülhməramlı siyasətilə fərqlənən Azərbaycanın Şərqlə Qərb arasında təbii körpü rolunu oynaması nəqliyyat-kommunikasiya dəhlizlərinin inkişafı baxımından da strateji əhəmiyyət kəsb edir. Avrasiyanın, həm də "giriş qapısı" adlandırılan Azərbaycana böyük mənfəət gətirəcək Transxəzər nəqliyyat marşrutu üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, bu nəqliyyat marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Bu marşrutun Avropa ölkələrindən yük göndərənlər üçün də sərfəli olacağını vurğulayan mütəxəssislər əmindirlər ki, bir sıra dövlətlər Transxəzər nəqliyyat marşrutunun daim təhlükəsiz formada fəaliyyət göstərməsi üçün maraqlı olacaq və bu vəziyyət Azərbaycana həm siyasi, həm də iqtisadi dividendlər gətirəcəkdir. Regionun aparıcı dövləti statusunu qazanan Azərbaycanın Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən enerji dialoqunun, yeni nəqliyyat dəhlizlərinin yaradılmasına nail olması düzgün xarici siyasət yürüdülməsi nəticəsində mümkün olmuşdur. Əminliklə demək olar ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və TANAP qaz kəməri layihəsi Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Bu, həmçinin Azərbaycanın regionun aparıcı oyunçusu və beynəlxalq arenada əhəmiyyətli aktor kimi ölkəmizin imkanlarını artırmışdır.
Təbii ki, Azərbaycanın geosiyasi əhəmiyyəti çoxaspektlidir. Mütəxəssislər ölkəmizin əhəmiyyətinin yüksək olmasını coğrafi, mədəni, siyasi, humanitar, hərbi və iqtisadi amillərlə də əlaqələndirirlər. Bu gün Azərbaycan bir çox parametrlərə görə, xüsusilə də ordu quruculuğunun səviyyəsinə əsasən, Cənubi Qafqaz regionunun aparıcı dövləti hesab olunur. Buna görə də respublikamızın dünyanın müxtəlif qaynar bölgələrində sülhməramlı missiyalarda iştirakı və beynəlxalq hərbi qüvvələrin qeyri-hərbi ehtiyatlarla təchizatına, o cümlədən təhlükəsiz hava dəhlizinin təqdim olunmasına və digər fəaliyyətlərə də dəstək göstərilməsində xüsusilə fərqlənməsi yüksək qiymətləndirilir. Bu planda Avrasiya məkanında oynadığı mühüm rola görə özünün müsbət xarakteri ilə ön plana çıxan Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində layiqli yeri tutması beynəlxalq ictimaiyyət tərəfindən alqışlanır və dəstəklənir.
Mütəxəssislər vurğulayırlar ki, Azərbaycan düşünülmüş daxili və xarici siyasəti ilə inkişaf etməklə yanaşı, iqtisadi sistemini təkmilləşdirir, o cümlədən təhlükəsizliyinin təmin olunmasında ciddi addımlar atır. Bu gün Azərbaycan rəhbərliyinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təminində həlledici rol oynayır. Konkret layihələri, siyasi, hərbi, təhlükəsizlik təklifləri ilə regionun sabitliyi və inkişafı üçün çalışan Azərbaycan regionun inkişafına və təhlükəsizliyin təmin olunmasına xidmət edən siyasət yürüdür. Prezident İlham Əliyevin də cari ilin Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində dediyi kimi, Azərbaycan təhlükəsizlik məsələlərində nümunəvi ölkədir. Azərbaycanın əməkdaşlıq məkanı olduğunu vurğulayan dövlət başçısı ölkəmizin Cənubi Qafqaz bölgəsində sabitləşdirici, barışdırıcı rol oynadığını xüsusilə vurğulamışdı.
Bir sözlə, mühüm enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycan geosiyasi müstəvidə əhəmiyyətini daha da artırmağa müvəffəq olmuşdur. Regionun yeni nəqliyyat infrastrukturunun və enerji təhlükəsizliyinin memarı olan Azərbaycanın çoxaspektli xarici siyasətində əldə edilmiş nailiyyətlər ölkəmizin bölgədə və beynəlxalq arenada özünəməxsus yer tutmasına şərait yaratmışdır. Mövqelərimizin möhkəmlənməsinə imkan vermiş xarici siyasət Azərbaycanın dövlətlərarası münasibətlərdə sabit tərəfdaş kimi qəbul olunmasına gətirib çıxarmışdır. Yürüdülən müstəqil xarici siyasətin bundan sonra da milli maraqlarımıza xidmət edəcəyini vurğulayan beynəlxalq mütəxəssislər xüsusilə bildirirlər ki, Qərblə Şərq arasında strateji mövqeyindən uğurla yararlanan Azərbaycan Avrasiya məkanında əlverişli tranzit əhəmiyyətli ölkəyə, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilməyi bacarmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxaspektli xarici və daxili siyasət nəticəsində Azərbaycan regional və beynəlxalq səviyyədə mövqelərinin möhkənlənməsinə nail olmaqla yanaşı, geosiyasi anlamda əhəmiyyətini daha da artırmağa müvəffəq olmuşdur.
Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.