Yaratdığımız yeni üçtərəfli əməkdaşlıq formatı böyük potensiala malikdir. Bu, çox önəmli, yeni geosiyasi təşəbbüsdür. Üçtərəfli əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəkdir. İqtisadi əməkdaşlıq, energetika, nəqliyyat sektorlarında üçtərəfli əməkdaşlıq xalqlarımızın rifah halının yaxşılaşmasını təmin edir. Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə, hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Beynəlxalq aləmdə baş verən çoxsaylı ictimai-siyasi proseslərə çevik reaksiya verən və həmin proseslər fonunda özünün maraq və mənafelərinə uyğun addımlar atan Azərbaycan dövlətinin xarici siyasət kursu hamı tərəfindən yüksək səviyyədə bəyənilir. Bunun üç mühüm səbəbi vardır. Birinci, bu kursun təməlində Heydər Əliyev siyasi müdrikliyinin prinsipləri dayanır. İkinci, bu siyasi kurs regionun ən nüfuzlu liderlərindən olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılır. Üçüncü, Azərbaycanın xarici siyasəti bütün dünya üçün açıq, səmimi, qarşılıqlı hörmət və etimada əsaslanan şəkildə aparılır. Məhz bu üç prinsipə görə bizim xarici siyasətimiz həmişə, Ermənistan istisna olmaqla, hamı tərəfindən bəyənilib. Ancaq son zamanlar həmin üç prinsipə daha biri də əlavə olunub. Bu isə Prezident İlham Əliyevin ölkəmiz, regionumuz və dünya üçün xüsusi əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış etməsidir. Dövlət başçımızın həmin təşəbbüsləri, sözün həqiqi mənasında, Azərbaycanı regionda və dünyada aparıcı söz sahibinə çevirmişdir.
Ölkəmizin regionda və dünyada söz sahibinə çevrilməsinin nəticələrini biz hər gün, hər addımda görürük. Belə ki, artıq bütün siyasi dairələr Azərbaycana səmimi münasibət bəsləyir, addımlarımıza hörmət və ehtiramla yanaşırlar. Təbii ki, beynəlxalq aləmdə qazandığımız bu etimad kimlərinsə qısqanclığına da səbəb olur. Biz bu səmimiyyəti və qısqanclığı Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq quruma sədrlik etmək statusu qazandığı günlərdə də müşahidə etmişdik, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə də. Bədxahlarımızın yanıb-yaxıldığı məqamları Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin bu ayın əvvəlində Bakıya gələrək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərdə ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğunu xüsusi bir məntiqlə vurğuladığı günlərdə də görmüşdük, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Bakıda səsləndirdiyi bəyanatlardan sonra da. Fikrimizi bir neçə konkret faktla davam etdirək.
Bu il avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən üçtərəfli Zirvə görüşündə V. Putin regiondakı müasir siyasi mənzərəni xarakterizə edərkən dedi: "Azərbaycan və İran Rusiya üçün mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir. Onu da qeyd edim ki, bütün dövlətlər, hər halda çoxsaylı dövlətlər bu cür problemlərlə üzləşir. Bu, davam edən qlobal iqtisadi böhrana da, gərginliyə də aiddir. Bizim ölkələr üçün bu, çox cəhətdən onunla bağlıdır ki, indicə dediyim gərginlik sizin və bizim sərhədlərdə xeyli dərəcədə mövcuddur. Mən, həm Əfqanıstanı, həm də Yaxın Şərqi, qeyri-sabitlik zonalarını və qaynar münaqişələri, ilk növbədə İŞİD, "Cəbhət ən-Nusra" və digər terror təşkilatları tərəfindən artmaqda olan terror təhlükəsini nəzərdə tuturam. Bütün bunlar bizim üçün real təhlükədir. Bu problemlərin həlli yollarını birgə axtarmaq istəyi ölkələrimizin daha sıx qarşılıqlı əlaqəsini tənzimləmək zərurətini şərtləndirir".
Regiondakı ictimai-siyasi və sosial-iqtisadi proseslərə İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin münasibəti də maraqlıdır: "Müxtəlif tarixi, mədəni, dini və sosial sahələrdə ortaq dəyərlər, habelə mövcud potensiallardan zamanında yararlanmaq üçtərəfli əlaqələrin genişlənməsi üçün fürsətlər yaradır. Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından böyük bir fürsətdir. Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir".
Dost ölkənin dövlət başçısı əlavə edir ki, son illərdə dünyada baş verən dəyişikliklər, əməkdaşlıq və ortaq fikrə sahib olmaq bu problemlərə üstün gəlməyin mümkünlüyünü göstərir: "Görürük ki, potensialdan istifadə etmək mümkündür. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə əlaqələrdə çox müsbət dəyişikliklər baş verib. Bu iki ölkə arasında yaxşı qonşuluq münasibətləri var, əlaqələrin genişlənməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Ticari-iqtisadi əməkdaşlığın genişlənməsi baxımından gömrük sahəsində əməkdaşlıq, elektrik xətlərinin, habelə dəmir yollarının birləşdirilməsi ilə bağlı anlaşmalar, Astaraçayın üzərində körpünün salınması, həmçinin Xudafərin su mənbəyindən müştərək istifadə edilməsi kimi faktları göstərmək olar."
Göründüyü kimi, həm Moskva, həm də Tehran rəhbərliyi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir , bizim mövqeyimizi müdafiə edir, təşəbbüslərimizi dəstəkləyirlər. Xatırladaq ki, avqustun 8-də Bakıda keçirilmiş üçtərəfli Zirvə görüşündə iştirak edən liderlərin hamısı bəyan etmişdi ki, yeni formalaşdırılan bu formatın əsas təşəbbüskarı məhz Prezident İlham Əliyevdir. Elə, son dövrlərin yeni əməkdaşlıq formatlarından olan Azərbaycan - Rusiya – Türkiyə üçlüyünün də əsas təşəbbüskarının məhz rəsmi Bakı olduğu söylənilməkdədir.
Ancaq təkcə bunlar deyil . Azərbaycan Respublikası, həm BMT Təhlükəsizlik Şurasına , həm də Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi dövrlərdə də özümüzün ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həlli yollarının tapılması ilə yanaşı, eləcə də, regionumuzu, Avropanı və bütün dünyanı narahat edən problemlərin həlli yollarının araşdırılması məqsədilə təşəbbüslər irəli sürmüşdü. Bu tarixi faktlar beynəlxalq tribunalardan dəfələrlə səsləndirilib.
Ancaq Azərbaycanın xarici siyasətdəki uğurları təkcə Bakı - Moskva və Bakı -Tehran münasibətlərinin yüksələn xətlə inkişaf etməsi ilə bitmir. Bununla yanaşı, Bakı - Vaşinqton münasibətlərindəki dostluq və tərəfdaşlıq əlaqələri də ildən-ilə yaxşılaşır. Həmin faktı ötən il Azərbaycanın qonağı olmuş ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini, xanım Viktoriya Nuland Bakıda keçirdiyi mətbuat konfransında bu şəkildə dilə gətirmişdi: "ABŞ Azərbaycanla 20 ildən artıq tarixə malik əməkdaşlığı yüksək qiymətləndirir. Rəsmi Vaşinqton ötən illər ərzində qurulmuş güclü əlaqələri davam etdirmək istəyir".
Vaşinqton təmsilçisinin Bakıda keçirdiyi mətbuat konfransında qeyd edilmişdi ki, ölkələrimiz arasında enerji sahəsində görülən işlər çox yaxşı səviyyədədir: "Biz əlavə işlər görməyə, layihələr həyata keçirməyə çalışırıq. Ölkələrimizin birgə həyata keçirdiyi ilk layihə Bakı-Tbilisi-Ceyhan layihəsi olub. Hazırda "Cənub" qaz dəhlizi layihəsinin reallaşması istiqamətində birgə çalışırıq. Bu, ABŞ, Avropa və Azərbaycan üçün müştərək bir layihədir".
Həm ölkəmizdəki, həm də beynəlxalq aləmdəki politoloq, siyasətçi və konfliktoloqlar bu fikirdədirlər ki, rəsmi Bakının yürütdüyü prinsipial siyasətin nəticəsi olaraq, regionda sülh, sabitlik və iqtisadi əməkdaşlığa ciddi təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq səviyyəli müzakirələrin son vaxtlar yenidən intensivləşməsi müşahidə olunur. Aşkar görünür ki, dünyada baş verən mühüm geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazdakı münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi siyasi mənzərəyə mənfi təsir göstərməklə yanaşı, bölgədə iqtisadi və siyasi maraqları olan dövlətlərin mənafelərini ciddi şəkildə təhdid edir. Münaqişənin həlli məsələsinin regional müstəvidən çıxaraq, beynəlxalq səciyyə daşıması da məhz bu amillə şərtlənir.
Xatırladaq ki, ötən il fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr" mövzusunda keçirilmiş panel müzakirəsində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropada, NATO təmsilçiləri ilə eyni masa arxasında əyləşərək dilə gətirmişdi ki, Rusiya bizim dostumuzdur və bu dövlətin subyektləri ilə sıx əlaqələrimiz vardır. Bu isə o deməkdir ki, Azərbaycan rəhbərliyi də, diplomatiyamız da hamı ilə münasibətlərdə səmimidir, açıq xətt götürür və heç kimdən heç nəyi gizlətmir.
Həmin məqamlar Heydər Əliyev siyasi müdrikliyindən yaranmış milli dövlətçilik prinsiplərimizin saflığından, səmimiyyətindən, bəşəriliyindən xəbər verir. Heydər Əliyev uzaqgörənliyinin əsas nümunələrindən biri də o idi ki, ulu öndər ilk növbədə coğrafi baxımdan yaxın olan qonşularımızla hərtərəfli əməkdaşlığın genişləndirilməsini vacib məsələ kimi qarşıya qoyurdu. Həmin mühüm məqamı bu il avqustun 8-də Bakıda Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə yekun nitqi söyləyən Prezident İlham Əliyev bu şəkildə ifadə etdi: "Əlbəttə ki, gələcəkdə biz siyasi əlaqələri daha da möhkəmləndirməliyik. Biz qonşuyuq. Biz mehriban qonşuluq şəraitində yaşayırıq və bu birliyi möhkəmləndirməliyik".
İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.