Azərbaycan dəmir yolu təsərrüfatı yenidən qurulur

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin tabeliyindəki istehsalat bazası 1936-cı ildə yaradılıb. Baza həmin vaxtdan etibarən dəmir yollarının əsaslı təmirində mühüm rol oynayıb. Lakin təəccüblü olsa da ötən ilin noyabr ayınadək burada yenidənqurma, təmir-bərpa işləri aparılmayıb.  QSC-nin rəhbərliyində dəyişiklik edilməsi ilə dəmir yolu təsərrüfatının bütün sahələrində, eləcə də adıçəkilən bazada genişmiqyaslı islahatlara ­başlanılıb.

QSC sədrinin müşaviri, YAP-ın "Azərbaycan Dəmir Yolları" üzrə təşkilatının sədri Xeyrulla Hümbətovla birlikdə İDYM-də həyata keçirilən infrastruktur tədbirləri ilə yerində tanış olduq. X.Hümbətov söhbət zamanı müəssisənin yeniləşdirilməsinin "Azərbaycan Dəmir Yolları"nda reallaşdırılan islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırdı. Dedi ki, respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının müvafiq sərəncamı ilə QSC-nin rəhbərliyində dəyişiklik edilməsi bu sahədə islahatların daha da sürətlənməsinə, infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə öz müsbət təsirini göstərib. Ölkə Prezidentinin QSC-nin rəhbərliyi qarşısında qoyduğu əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir. Cavid Qurbanov QSC-yə rəhbər təyin olunandan elə də uzun müddət keçməyib. Ancaq qısa zaman kəsiyində bu sahədə çox böyük işlər görülüb. Azərbaycanın dəmir yolu vasitəsilə yükdaşımalar üçün ən uğurlu mərkəzə çevrilməsi üçün qlobal layihələr reallaşdırılıb.

Bu gün beynəlxalq maliyyə qurumları ilə QSC arasında əlaqələrin daha da intensivləşməsi daha çox diqqət çəkir. Sistemdə ardıcıl islahatlar  aparılır, səhmdar cəmiyyətin vaqon parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsinə müsbət təsir göstərir.

Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasıdır. Bu məqsədə isə daşımaların sürətini artırmaqla, daşınan yüklərin təhlükəsizliyini təmin etməklə, çevik tarif siyasətini, irimiqyaslı logistika və marketinq işini canlandırmaqla çatmaq mümkündür. Yuxarıda xatırlatdığımız kimi, bu gün QSC-də bu istiqamətdə önəmli tədbirlər reallaşdırılır, tranzit yüklərin ölkə ərazisindən keçirilməsi nəticəsində əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunmasına xüsusi diqqət yetirilir. Hazırda dəmir yolu təsərrüfatında infrastruktur tamamilə yenilənir, xidmət səviyyəsi yüksəldilir. Vağzallar, platformalar təmir olunur, xətlər əsaslı şəkildə təzələnir.

Ötən il aprelin 14-də "Azərbaycan dəmir yollarının yenidən qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə "Azərbaycan Dəmir Yolları" QSC ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkəti arasında dəmir yolunun Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Bununla da dəmir yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. İndiyədək həmin layihənin icrası istiqamətində 50 kilometrdən çox dəmir yolu xətti əsaslı təmir olunub.

Bu gün  Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi mərhələlərlə icra olunur. Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir. Həmin sahələr üzrə artıq 12 yeni yarımstansiya tikilib. İndi tamamlama işləri görülür. Eyni zamanda, kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərin çəkilməsi davam etdirilir.

X. Hümbətov daha sonra bildirdi ki,  müvafiq dövlət proqramı çərçivəsində dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında vahid dispetçer mərkəzindən idarə olunması üçün tədbirlər həyata keçirilir.  Bu sistemə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət olunması, hərəkət heyəti ilə birbaşa rabitə əlaqəsinin yaradılması, nasazlığı dərhal aşkara çıxaran təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılması daxildir.

Dəmiryolçuların sosial şəraitinin yaxşılaşdırılmasına da mühüm önəm verilir. Son bir ildə bu istiqamətdə bir sıra tədbirlər görülüb. Dəmir yolu işçilərinin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması üçün uğurlu addımlar atılıb. Məsələn, dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzun müddət növbədə olan işçilərin yeni mənzillərlə təmin edilməsi barədə QSC rəhbərliyinin qərarı hamını sevindirib, ötən ilin sonunda 78 dəmiryolçu ailəsi yeni mənzilə köçüb.

Dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının aradan qaldırılması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarının müdafiə olunması   daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ciddi tədbirlər reallaşdırılır.

QSC- nin idarə, müəssisə və təşkilatlarında bir qayda olaraq əməyin mühafizəsinin ümumi vəziyyəti nəzarətdə saxlanılır, bu məsələ ilə əlaqədar görülən işlərə vaxtaşırı baxış keçirilir, müvafiq təsərrüfatlarda yoxlamalar və təhlillər aparılır.

"Azərbaycan Dəmir Yolları"nın müəssisələrində dəmiryolçulara sağlam və təhlükəsiz əmək şəraiti yaratmaq istiqamətində çoxsaylı təmir tikinti və yenidənqurma tədbirləri həyata keçirilir, ağır əl əməyini yüngülləşdirmək məqsədilə dəmir yolunda görülən təmir işlərində yeni maşın və mexanizmlərin tətbiqinə xüsusi diqqət yetirilir.

QSC-nin 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi ilə tanışlıq da bir daha göstərdi ki, bu gün ölkənin dəmir yollarında keyfiyyətli yeniləşmə diqqət mərkəzində saxlanılır. Yolların əsaslı təmiri layihələrinin icrasına start verlməsi məhz bunun bariz ifadəsidir. Etiraf edək ki, müstəqillik dövrünün ilk illərindən üzü bəri bu sahədə indiki kimi iş getməyib. Hazırda inamla reallaşdırılan yeniləşmələr, təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bütün sahələrdə ahəngdar işin bərqərar olması dəmir yolu nəqliyyatının lap yaxın illərdə daha məhsuldar bir sahəyə çevriləcəyinə ümid verir.

Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun təzələnməsi layihəsinin əsas vəzifəsi təhlükəsizlik baxımından xətlərin tam sağlamlaşdırılması, qərarlaşdırılmış sürət həddinə nail olunması, beləliklə də qatarların hərəkətində nizamlılığın qorunmasıdır. Xatırladaq ki, bu işə 2011-ci ilin yayında start verilsə də, məqsəd bütünlüklə gerçəkləşmədi. Çünki ilkin layihənin başa çatdırılmasından sonra aydın oldu ki, yollar təkcə mənzillərarası məsafələrdən ibarət deyil. Paralel olaraq stansiya yollarının və yoldəyişənlərin əsaslı təmir edilməsi də son dərəcə vacibdir. Yəni qərarlaşdırılmış sürət həddini qoruyub saxlamaq üçün bu proseslərdən də keçilməsi mütləq lazım gəlir. İlk layihədə bir neçə stansiya yolu və yoldəyişən əsaslı təmir edilməklə məsələ yarımçıq qalmışdı. Şübhəsiz ki, burada vəsait çatışmazlığı da öz təsirini göstərmişdi. Bakı-Böyük Kəsik istiqamətində baş yolların üstündə olan 580-ə qədər yoldəyişənin təzələnməsi isə asan məsələ deyildi.

Nəhayət, QSC-də rəhbər dəyişikliyindən, əmək və maliyyə intizamının möhkəmləndirilməsindən sonra bu sahədə qarşılaşılan problemlər həllini tapdı. Ötən ilin payızından başlayaraq, elə həmin istiqamətdə yol keçidlərinin, körpülərin və yeni quruluşlu yoldəyişənlərin əsaslı təmirinə ­başlanıldı.

Hazırda ikinci layihə çərçivəsində 120 kilometrdən artıq yol əsaslı təmir edilib ki, bu sırada bir neçə stansiyanın baş yolları da var. Onu da xatırladaq ki, əsaslı təmir işlərinin yerinə yetirilməsində 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi daha çox fərqlənir.

Sözügedən prosesdə yoldəyişən qurğuların əsaslı təmiri yeni bir mərhələnin başlanğıcıdır. Belə ki, yoldəyişənlərin Azərbaycan dəmir yollarında ilk dəfə olaraq dəmir-beton şpalların və tirlərin üzərində quraşdırılması qərarlaşdırılıb və adıçəkilən MMC-nin Səngəçal istehsalat bazasında artıq sağ və sol təmayüllü iki yoldəyişən qurğu yığılaraq istismara hazırlanıb. Yeni qurğuların istismar və texniki baxımdan hansı üstünlüklərə malik olması haqda sualımızı ­cavablandıran MMC-nin direktoru Rizvan Rzayev dedi:

– Yoldəyişən qurğular dəmir yollarının ən mühüm hissələrindən biridir. Uzun müddət onların təmiri və istismarı yol təsərrüfatı işçiləri üçün böyük çətinliklər yaradıb. Qurğuların bütün hissələri ölkəmizdə istehsal edilmədiyindən, əsasən, Rusiyadan alınırdı. Eyni zamanda, alt quruluş hissələrinin, yəni şpal və tirlərin istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyildi. Buna görə də yeni layihədə daha üstün və fərqli bir üsuldan istifadə olundu: yoldəyişənlərin yeni tərtibatda tətbiqinə başlanıldı. Torpaq yatağı tələb oulnan yeni formada işlənib hazırlandı. Bu isə o deməkdir ki, yoldəyişən qurğular daha etibarlı təməl üzərində tətbiq olunacaqdır.

Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından alınır. Səngəçal istehsalat bazasında yeni yoldəyişənlərin yığılması üçün hazırlıq işlərinə xeyli əvvələdən başlanılıb. Eyni vaxtda sağ və sol təmayüllü iki yoldəyişən qurğunun quraşdırılması üçün ən müasir meydançanın tikilməsi reallaşdırılıb. Həmin meydançanın uzunluğu 90 metr, eni isə 16 metrdir. Xüsusi ağırlığa malik yoldəyişənlərin mənzil başına daşınması məqsədi ilə Rusiyadan yeni quruluşlu platforma vaqonlar alınaraq bazaya gətirilib. Qurğunun qoyulması və sökülməsi üçün istifadə edilən "UKS" tipli yeni kranın isə yaxın günlərdə gətiriləcəyi gözlənilir. İkinci layihə çərçivəsində isə 100 ədəd yoldəyişən qurğunun yeniləşdirilməsi nəzərdə tutulub.

Səngəçal istehsalat bazasının yenidən qurulması respublikada dəmir yolu təsərrüfatının dinamik inkişafından xəbər verir. Burada hər gün, necə deyərlər, bir yeniliyə imza atılır. Adam fikirləşir ki, kaş əmək şəraitinin üstünlüklərinə bütün müəssisələrdə buradakı kimi yanaşılaydı. Ərazinin tamamilə abadlaşdırılması, istehsalat prosesində qurğu və vasitələrin yeniləşdirilməsi, sanitar qovşaqların, duşxana və soyunub-geyinmə otaqlarının ən müasir səviyyədə tikilməsi, texnikaların baxışdan və təmirdən çıxarılaraq saz vəziyyətə gətirilməsi müəssisədə üstün idarəçilik metodlarının mövcudluğunu göstərir. Hazırda istehsalat bazasında yeni inzibati binanın, texnikaların qorunmasına xidmət edəcək böyük anqarın, idman meydançasının, habelə bir sıra istehsalat xarakterli tikililərin inşası davam etdirilir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, MMC-nin direktoru Rizvan Rzayevin işgüzarlıq və təlbkarlıq prinsipləri, eyni zamanda, "Azərbaycan Dəmir Yolları" rəhbərliyinin əməli köməyi nəticəsində bu gün müəssisənin adı QSC-nin ən yaxşı obyektləri sırasında çəkilir.

Direktor  Rizvan Rzayev dedi:
    – Dünyada yaşanan indiki iqtisadi böhran şəraitində kustar texnologiyalarla yeni tələbatları  ödəmək yetərli deyil. Buna görə də  bizim  müəssisənin istehsalat bazası gördüyünüz kimi, yenidən qurulur. Cari ilin yanvar ayında start götürən yenidənqurma işləri başa çatandan sonra burada artıq iki baza fəaliyyət göstərəcək. Xatırladım ki, mart ayının ikinci  yarısında köhnə bazanın yenidənqurulması tamamlanıb və ikinci bazanın tikintisinə başlanılıb. 

Birinci bazada hər biri 400 metr olan üç yol qəlibi tamamilə sökülüb və əvəzində  yeniləri tikilib. Həm də bu yol qəliblərinin hər biri 225 metr uzadılıb və iş əmsalının artırılmasına şərait yaradılıb. Yeni tikilən ikinci bazada da eyni mürəkkəbliklə müşayiət olunan iş prosesi sonda ikisi 625 metr, biri 705 metr olmaqla üç yol qəlibinin tikintisi ilə yekunlaşıb. Bütövlükdə baza daxilində 7 kilometrdən  artıq yol yenilənib. Bu da onu göstərir ki, Səngəçal istehsalat bazalarında ay ərzində 60-65 kilometr yol çərçivəsi tikib hazırlamaq mümkün olacaq.

Bundan başqa ərazidə yüzlərlə ağac və bəzək kolları əkilib, yaşıllıqlar salınıb. Bazadakı yenidənqurma işlərində 200-dən artıq işçi iştirak edib. 

Hazırda bazada müxtəlif fasilələrlə 4 çatılı kran fəaliyyət göstərir. QSC rəhbərliyinin yaxından köməyi ilə daha 2 ədəd yeni çatılı kran da alınıb. 

Əsas yeniliklərdən biri də budur ki, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfə olaraq Səngəçal istehsalat bazasının ərazisidə yoldəyşən qurğuların yığılması üçün yeni meydança tikilib. 

Bazada əmək şəraitini yaxşılaşdırmaq üçün sanitar qurğuları, soyununb-geyinmə otaqları və duşxanalar, gözətçi budkası  inşa edilərək istifadəyə verilib, ərazi abadlaşdırılıb, eyni zamanda sexlərin fəaliyyət imkanlarını artırmaq üçün yeni otaqlar tikilib. 

Ərazidə köhnə inzibati bina sökülüb, yeni ikimərtəbəli inzibati binanın və texnikalar üçün nəzərdə tutulan anqarın tikintisinə başlanılıb.  Əməkçilərin istirahət vaxtlarını səmərəli keçirmələri üçün yeni stadionun tikintisi də davam etdirilir. Bu işlərin ilin sonuna kimi  yekunlaşdırılması nəzərdə tutulur.

Öyrəndik ki, İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolunun əsaslı təmirində də fərqlənir, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edir. Məsələn, avqustun 15-də Puta - Qaradağ mənzilində 10 kilometr  yolun əsaslı təmirinə start verilib və təmir işlərinin cədvəl üzrə yekunlaşdırılacağı gözlənilir. Direktor Rizvan Rzayevin  verdiyi məlumata görə, bu iş 2015-ci ilin aprelin 14- də "Azərbaycan dəmir yollarının yenidən qurulması" layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının "MORAVİA STEEL" şirkətləri arasında imzalanan "Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri" barədə ixrac müqaviləsinə əlavə sazişə əsasən görülür. Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və indiyədək 135 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

Müəssisənin işçiləri ilə görüşümüzdə onlar burada yaradılan iş şəraitindən, göstərilən diqqət və qayğıdan razılıqlarını bildirdilər. Dəmiryolçular İsmayıl Sadıqov, Kamran Məmmədov, Ramin Xancanov, Akif Nəbiyev, Vaqif Abbasov, Bəxtiyar Əliyev, Fəxrəddin Quliyev söhbətlərində  çalışdıqları  müəssisədə yüksək əhval-ruhiyyənin bərqərar olduğunu, layiqli zəhmətə dəyər verildiyini diqqətə çatdırdılar.  Bildirdilər ki, hazırda dünyanı narahat edən məsələlərdən biri də işsizlik problemidir. Son on ildə neçə-neçə böyük sindikatlar, sahibkarlıq subyektləri, iri korporasiyalar maliyyə böhranı ucbatından ya fəaliyyətini dayandırıb, ya da orada işlər yarıbayarı azaldılıb. Belə çətin bir dövrdə düzgün iqtisadi siyasətin yeridilməsi nəticəsində Azərbaycan nəinki böhrandan yan keçib, hətta bir çox sahələr üzrə artım qeydə alınıb. 

İş yeri problemi bütün dövrlərdə mövcud olub, hazırda da bu halla qarşılaşmaq adi hallardan biridir. Azərbaycanın iqtisadi siyasətinin tərkib hissəsi olan işsizlik probleminin aradan qaldırılması dövlət proqramlarının icrası zamanı ən çox nəzərə alınan məsələlərdəndir. Bax, bu məqam da dəmiryolçuları sabaha böyük inam və ümidlə baxmağa, möhtərəm Prezidentimizin ətrafında sıx birləşməyə sövq edir.

Vaqif BAYRAMOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında