2016-cı ildə bizim xarici siyasətimiz çox fəal olmuşdur. İlin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısı səfər etmişdir. Mənim çoxsaylı xarici səfərlərim beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirib. Mən ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Davos Ümumdünya İqtisadi Forumu – bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı – bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın yeritdiyi uğurlu xarici siyasət təkcə regionda deyil, eləcə də, bütün dünyada ictimai -siyasi xadimlər tərəfindən yüksək qiymətləndirilir. Xüsusən, dövlət başçımızın təşəbbüsü ilə yaradılmış üçtərəfli formatlar – Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Rusiya formatları yaşadığımız regionda sülh və sabitliyin, bərabərhüquqlu tərəfdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir. Eyni zamanda, bu addımların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə kömək edəcəyi də şübhəsizdir. Ona görə də ölkəmizin apardığı daxili və xarici siyasət öz uğurlu nəticələrini verdikcə, beynəlxalq aləmdəki dostlarımız da, bədxahlarımız da fəallaşırlar. Dostlarımız Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu addımların atılması, ölkəmizdə demokratiyanın möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasının təmin edilməsi, eləcə də idarəetmənin təkmilləşdirilməsi məqsədilə keçiriləcək referendumun xalq tərəfindən böyük dəstəklə qarşılanmasını yüksək qiymətləndirir, sülhü və sabitliyi sevməyən bədxahlarımız isə ciddi şəkildə narahat olduqlarını gizlətmirlər.
Politoloq və ekspertlərin fikrincə, avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk üçtərəfli görüşü və həmin görüşdə müzakirə edilən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq. Onlarca ölkəni birləşdirəcək həmin nəqliyyat dəhlizi bu gün dövlətlərin inkişafının, onların sabitliyinin və təhlükəsizliyinin təmini üçün çox böyük addımdır.
Ölkəmizin bu il atdığı ən böyük siyasi addımlar barədə isə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında danışılmışdır. Orada söylənilən bütün fikirlər müasir Azərbaycan həqiqətlərinin dilə gətirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki 2016-cı ildə Ermənistanın növbəti təxribatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi fəsadlara gətirib çıxarmışdı. Yəni Ermənistan regiondakı bəd niyyətlərindən əl çəkmir. Onlar danışıqları müxtəlif yollarla pozmaq istəyirlər və görəndə ki, beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiq artır, növbəti təxribatlara əl atırlar. Elə faktlardan biri də aprelin əvvəlində baş vermiş silahlı təxribat idi. Həmin təxribat zamanı ermənilər mövqelərimizə silahlı hücum təşkil etmiş və Azərbaycan Ordusu düşmənə layiqli cavab vermiş, əks-hücum əməliyyatı keçirərək işğal altındakı torpaqların bir hissəsini - 2 min hektar torpağı düşməndən azad etmişdi.
Bütün bunlar haqqında məlumat verən dövlət başçımız yada salır ki, münaqişə tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirlər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır: "Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Əminəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Belə ümidlər var. Çünki bir daha demək istəyirəm ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var".
Prezident qətiyyətlə bəyan edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir: "Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır. Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır".
2016-cı ilin ölkəmiz üçün çox ciddi siyasi hadisələrlə zəngin olduğunu yada salan Prezident xatırladır ki, Türkiyədə iki beynəlxalq tədbirdə iştirak etmişəm. İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilmişdir və orada aprel döyüşləri ilə bağlı Azərbaycanın mövqeyi tam dəstəklənmişdir. Yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü məsələləri əks olunmuşdur və münaqişənin bu prinsiplər əsasında həlli qeyd edilmişdir. Bununla bərabər, münaqişə ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində kontakt qrupu da yaradıldı. Bu da bizim böyük diplomatik uğurumuzdur. Türkiyədə digər mötəbər beynəlxalq tədbirdə – Dünya Humanitar Sammitinin işində Azərbaycan çox fəal iştirak etmişdir. Bu səfərlərlə yanaşı, ikitərəfli formatda bir neçə səfər təşkil edilmişdir – Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə və Almaniyaya.
Təbii ki, bütün bu beynəlxalq tədbirlər və Azərbaycanın o tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdəki önəmini göstərir, eyni zamanda, bizim üçün yeni imkanlar açır. Prezident yada salır ki, hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir.
Sevindirici haldır ki, son üç-dörd ay ərzində danışıqlar prosesində bəlkə də tarixdə görünməyən fəallıq müşahidə olunur. Aprel hadisələrindən sonra əvvəlcə Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Vyanada prezidentlərin görüşü keçirilmişdi. Doğrudur, Ermənistan tərəfi həmin görüşün keçirilməsi üçün bir neçə şərt irəli sürmüş, özlərini bir daha gülünc vəziyyətə qoymuşdular. Onlar unudurlar ki, əgər danışıqlar prosesi pozularsa və Ermənistan yenə də öz təxribatçı fəaliyyətini davam etdirərsə, vəziyyət dəyişə bilər. Bunun nə demək olduğunu apreldə başa düşüblər. Vyana görüşündə Azərbaycan tərəfindən hər hansı bir sənəd, yaxud da ki, bəyanat nə imzalanıb, nə də qəbul edilib. Sadəcə, həmsədr ölkələr bəyanat qəbul ediblər. İkinci görüş Rusiyada olub. İyun ayında Rusiya tərəfinin təşəbbüsü, Prezident Putinin dəvəti ilə Sankt-Peterburqda görüş keçirilib. Dövlət başçımız həmin görüşü də çox müsbət qiymətləndirir. Çünki görüşün nəticəsində birgə bəyanat qəbul edilib. Mətbuatın yazdığına görə Azərbaycan dövlətinin mövqeyi o bəyanatda kifayət qədər geniş yer alıbdır. Ermənilərin aprel təxribatından sonra Azərbaycan Prezidentinin üçüncü görüşü Fransa Prezidenti Fransua Ollandla olub. Məlum olduğu kimi, Fransa da həmsədr ölkə olaraq münaqişənin həlli üçün çalışır. Tərəflər, əslində, Minsk qrupunun fəallığını müşahidə edir. Həm Amerika, həm Rusiya, indi də Fransa Prezidenti bu məsələ ilə çox ciddi məşğuldur. Belə bir vəziyyətdə ermənilər status-kvonun saxlanılması üçün variantlar axtarır, Azərbaycan tərəfi isə tələb edir ki, danışıqlar prosesi artıq fəal mərhələyə keçməlidir və Ermənistan konstruktiv mövqe nümayiş etdirməlidir. Yəni, artıq məsələnin mərhələli yollarla həlli bütün həmsədr dövlətlər tərəfindən, ATƏT tərəfindən qəbul edilir.
Aparılan danışıqların indiki mərhələsini qiymətləndirən Azərbaycan Prezidenti demişdir: " Biz həmişə demişik və deyirik, bunun başqa yolu yoxdur. Məsələ mərhələli yolla həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. İkinci erməni dövləti yaradıla bilməz. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilə bilməz. Bunu artıq beynəlxalq ictimaiyyət qəbul edir."
Münaqişənin ədalətli şəkildə həllinin başqa bir yolunu Azərbaycanın hərbi qüdrətinin artırılmasında görən Prezident İlham Əliyev dünya ictimaiyyətinə, xüsusən, münaqişənin həllində vasitəçilik etmək üçün mandat verilmiş şəxslərə üzünü tutaraq deyir: "Bununla bərabər, təbii ki, biz hərbi potensialımızı gücləndiririk və gücləndirəcəyik. Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz, sadəcə olaraq, hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb. İndi əsas məsələ bundan ibarətdir – həmsədr ölkələr və ATƏT Ermənistana ciddi təzyiq göstərməlidir ki, onlar təklif olunan məsələ ilə bağlı müsbət cavab versinlər".
İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.