"Moody's" Azərbaycan büdcəsinin icrasını müsbət qiymətləndirib

"Azərbaycanda dövlət büdcəsinin icrasının gözləniləndən daha yaxşı nəticələr göstərməsi ölkə hökumətinin borc yükü artımının səngiməsinə, ehtiyatlarının qorunmasına gətirib çıxaracaq. Bu da Azərbaycan hökumətinin kredit reytinqinə müsbət təsir edəcək".

Bu məlumat "Moody's" beynəlxalq reytinq agentliyinin rüblük hesabatının şərhində qeyd olunub. Məlumatda, eyni zamanda, vurğulanıb ki, "neqativ" proqnozlu "Ba1" reytinqinə sahib olan Azərbaycan hökuməti 2016-cı ilin ilk yarısında gözləniləndən daha yaxşı nəticə göstərib və Azərbaycan Dövlət Neft Fondundan cəmi 1,8 milyard manat (təxminən 1,16 milyard ABŞ dolları) və ya ÜDM-in 3,3 faizi qədər vəsait götürüb. Hesabat dövründə vəsaitin 51,7 faizinin Neft Fondundan götürülməsi planlaşdırılıb. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondu öz büdcəsinə proqnozlardan daha yaxşı əməl edib və önəmli ölçüdə büdcə profisiti əldə olunub.

Agentlik bildirib ki, ilin ilk yarısında əldə olunan bu müsbət göstəricilər Azərbaycanın kredit reytinqinə pozitiv təsir edəcək, ölkənin borc yükünün artmamasına və ehtiyat "bufer"in möhkəmlənməsinə gətirib çıxaracaq.

"Moody's"in hesabatında büdcənin icrasında müsbət nəticələrin əldə olunmasına əsas səbəb kimi xərclərin azaldılması göstərilib. Belə ki, ilin ilk yarısında nəzərdə tutulan xərclərin 88,8 faizi həyata keçirilib. İxtisara düşən əsas kapitala qoyulan xərclər olub.

Büdcə xərcləri ilk yarımillikdə ÜDM-in 25,3 faizini təşkil edib ki, bu da son 3 ilin orta göstəricisindən (31,7 faiz) 20 faiz azdır. Büdcənin Azərbaycan Dövlət Neft Fondu nəzərə alınmadan gəlirləri inflyasiya nəticəsində birbaşa vergilərin artması nəticəsində yüksək olub. Hökumətin neft sektoru istisna olmaqla gəlirlərinin proqnozun 105 faizinə çatması gözlənilir.

Neft Fondunun fəaliyyətinə toxunan adı çəkilən agentlik qeyd edib ki, Neft Fondunun büdcəsində 25 dollar/barel səviyyəsində nəzərdə tutulan neft qiymətlərinin 2016-cı ilin ilk yarısında faktiki yüksək səviyyədə olması fondun 1,7 milyard manat və ya təxminən 1,1 milyard ABŞ dolları əlavə gəlir əldə etməsinə səbəb olub ki, bu da ÜDM-in 3,1 faizinə bərabərdir. Nəticədə  Neft Fondunun aktivləri 4,6 faiz artaraq 35,1 milyard dollara yüksəlib. Bununla da konsolidə olunmuş büdcədə (dövlət büdcəsi, ARDNF büdcəsi, Dövlət Sosial Müdafiə Fondu və Naxçıvan MR-nın büdcələri) 705 milyon manat və ya 455 milyon dollarlıq (ÜDM-in 1,3 faizi) profisit yaranıb. Bu da hökumətin ilin sonuna proqnozlaşdırdığı 9,3 milyard manat (təxminən 6 milyard dollar) büdcə kəsiri ilə (ÜDM-in 17,9 faizi) müqayisədə çox müsbət nəticədir.

Neft qiymətlərinin ilin ilk rübündə kəskin azalmasına baxmayaraq, ARDNF-in yığımlarını artırmağa müvəffəq olması Azərbaycanın kredit gücünü göstərməsi üçün önəmli amildir.

"Moody's" bildirib ki, Azərbaycanın gəlirlərinin 60-70 faizinin neft satışından əldə olunmasına baxmayaraq, hökumətin  Neft Fondunun vəsaitinə ehtiyacı olmadan fiskal siyasət yürüdə bilmək imkanı var. Belə ki, borcların ÜDM-ə nisbətinin 2014-cü ildəki 11,2 faizdən hazırda 28,6 faizə yüksəlməsinə baxmayaraq, cari ilin sonuna qədər sözügedən agentlik bu göstəricinin çox artacağını düşünmür.

"Moody's" Azərbaycanın konsolidə olunmuş büdcə kəsiri üzrə proqnozunu ilk yarımildə müşahidə olunan müsbət nəticələr fonunda yaxşılaşdıraraq ÜDM-in 9,4 faizinə salıb. Agentliyə görə, Azərbaycan hökuməti büdcə kəsirini əsasən və ya tamamilə Neft Fondundan transferlər hesabına maliyyələşdirməyi planlaşdırır ki, nəticədə Azərbaycanın borcunun həcmi manatın devalvasiyasından asılı olacaq.

Agentlik hesabatda, eyni zamanda,  büdcə xərclərinin ixtisar edilməsinin real ÜDM-in azalmasına gətirib çıxaracağını diqqətə çatdırıb. Belə ki, ilin ilk yarısında real ÜDM keçən ilin analoji dövrü ilə müqayisədə 3,4 faiz azalıb. Qeyd edək ki, 2015-ci ilin son rübündə real ÜDM illik müqayisədə 6,5 faiz azalma göstərib.

Agentlik bu ilin yekununda Azərbaycanda real ÜDM-in 3,3 faiz azalacağını ehtimal edir. Azalmanın əsasən inflyasiya nəticəsində ÜDM deflyatorunun artması ilə bir qədər yumşalacağı bildirilir. Nəticədə, "Moody's" 2016-cı ilin yekununda borcun ÜDM-də xüsusi çəkisinin 31,6 faizə yüksələcəyini proqnozlaşdırır.

Göründüyü kimi, iqtisadiyyatın aynası, inkişafın barometri sayılan büdcənin real göstəriciləri və artım səviyyəsi istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Müstəqil Azərbaycanın son illər inkişaf yolunda olması ilk növbədə onun dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərində real əksini tapır.

Prezident İlham Əliyev ötən müddətdə respublikamızın iqtisadi inkişaf təmayüllərini dəqiq müəyyənləşdirməklə davamlı tərəqqini təmin edib, sosialyönümlü inkişaf strategiyası həyata keçirib. Prezidentin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə səbəb olub. Dövlət başçısı qısa zaman kəsiyində cəmiyyətin alternativsiz seçiminə çevrilən Heydər Əliyev siyasi kursunu qətiyyətlə davam etdirəcəyinə xalqda qəti əminlik yaradıb, əsası ümummilli lider tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının ardıcıl şəkildə və yüksək dinamizmlə həyata keçirilməsinə möhkəm zəmin formalaşdırıb.  

Dünyada dərin maliyyə böhranı Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın "sabitlik adası" kimi qalmaqdadır. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaradıb. Bu baxımdan 2015-ci ildə  olduğu kimi, cari ildə də   makroiqtisadi sabitlik təmin ediləcək.

Sonda bir məqamı da xatırlatmaq istərdik. Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən yeganə müstəqil və müqayisəli ölçü olan "Açıq Büdcə İndeksi"nin açıqladığı 2015-ci ilin  nəticələrinə əsasən, Azərbaycan indeksdə 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci ildə müəyyən edilən  nəticəsi (100 mümkün baldan 42 bal) ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb. Beləliklə, əgər Azərbaycan "Açıq Büdcə İndeksi 2012"dəki qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşmışdısa, "Açıq Büdcə İndeksi 2015"də 102 ölkə arasında 42-ci yerdə mövqe tutub. Azərbaycanın indeksdə topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.

Xatırladaq ki, "Açıq Büdcə İndeksi" 140 sualdan ibarət olan "Açıq Büdcə Sorğusu"nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökümət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında