Prezident İlham Əliyev: İnsan amili bizim siyasətimizin prioritetidir

İnsani keyfiyyətləri bütün vəzifələrdən uca tutan ulu öndər Heydər Əliyev bildirirdi ki, vəzifə insana ancaq səlahiyyət verir. Qalan nə varsa, onun ağlından, zəkasından, biliyindən, mədəniyyətindən asılıdır. Əgər bunlar mövcuddursa, vəzifə səlahiyyətindən dövlətin, insanların mənafeyinə istifadə edə bilər. Yoxdursa, insanların qayğılarına, problemlərinə laqeyd, biganə yanaşacaqdır. Belə hala dözmək olmaz. Vəzifəli şəxs hər bir insanın qarşılaşdığı çətinliyin aradan qaldırılması üçün əlindən gələn səyi əsirgəməməlidir...

Ümummilli liderin sosialyönümlü siyasəti bu gün  cəmiyyətdə ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə, iqtisadi stimulun, insan amilinə hörmətin formalaşmasına, ümumilikdə ictimai rifahın, siyasi sabitlik və sosial sülhün bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoluna çevrilib. Bu siyasət Azərbaycan vətəndaşının həyati tələbatlarının ödənilməsini təmin edən əlverişli sosial-mənəvi iqlimin və həmrəylik şəraitinin, ümumilikdə ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirib. Həmin sistem vətəndaşların sağlam mühitdə yaşamaq, istirahət, mənzil, təhsil və digər hüquqlarının da etibarlı müdafiəsinə mükəmməl institusional-qanunverici təminat mexanizmləri formalaşdırıb.

Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında dövlətimizin yeritdiyi siyasətin mahiyyətindən bəhs edərkən onun mərkəzində məhz  insan amilinin, Azərbaycan vətəndaşının dayandığını böyük qürur hissi ilə xatırladır, əhalinin sosial təminatının, maddi vəziyyətinin yaxşılaşdırılması  üçün geniş miqyaslı sosial-iqtisadi  islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayır.

Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç də hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın iradəsi əsasında seçkilərdə uğur əldə edərək dövlətə rəhbərlik imkanı  qazanırlar. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimada yiyələnir, dəstəklənir.

Görülmüş işlərə dair hesabatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları nəzərdə tutulan vəzifələrin uğurla reallaşdırılması üçün daha səylə, əzmlə  çalışmağa yönəldir.  Məhz bu baxımdan "Hər bir məmur xalqının xidmətçisi olmalıdır"-deyən Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı, məqsədi  kimi dəyərləndirir.

Ölkə rəhbəri İlham Əliyevin fəaliyyətində nəzərə çarpan  ən mühüm cəhətlərdən biri sadə insanların qayğıları ilə yaşaması, onların üzləşdikləri çətinliklərin aradan qaldırılması istiqamətində konkret addımlar atmasıdır. Elə buna görə də dövlətimizin başçısı tutduğu vəzifədən asılı olmayaraq hər bir məmurdan  eyni nümunə sərgiləməsini-vətəndaşa həssas münasibət, insanlara qayğı göstərməsini tələb edir. Bildirir ki, bütün vəzifəli şəxslər, məmurlar insanlara ləyaqətlə xidmət etməli, onlara kömək göstərməlidirlər.  Ona görə də cənab Prezidentin məmur məsuliyyəti və onun xalq qarşısında daşıdığı öhdəliklər mövzusuna  toxunması təsadüfi deyil: "Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

Azərbaycan Prezidenti öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara daim xəbərdarlıq edir və barələrində ciddi ölçü götürür. Bu, eyni zamanda, cənab İlham Əliyevin dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa, insanlara qarşı münasibətdə diqqətə, həssaslığa  malik lider olduğunu parlaq şəkildə əks etdirir.

Dövlət başçısının  idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirləri həyata keçirməsidir. "Əsl siyasət konkret real iş görməkdir" devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

Məhz elə bunun nəticəsidir ki, Azərbaycan vətəndaşları gündəlik həyatda qarşılaşdıqları hər bir problemin həllində dövlət orqanlarının qayğı və diqqətindən bəhrələnir, onlar üçün yaradılmış həyat şəraitinin kifayət qədər yüksək olduğunu görür və hiss edirlər.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının, dərindən düşünülərək hazırlanmış çoxsaylı dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində Azərbaycanda əhalinin həyat şəraiti, gəlirləri xeyli yüksəlib. İnsan inkişafı indeksinin orta illik artım tempinə görə Azərbaycan MDB məkanında birinci yerə layiq görülüb, "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçib.

Azərbaycan Prezidenti əhalini daha çox düşündürən və narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır, rayon mərkəzləri və kəndlərin, xüsusilə Bakı şəhərinin qazla təchizatının daha da yaxşılaşdırılması, paytaxtətrafı qəsəbələrin inkişaf proqramının başa çatdırılması,  yolların tikintisinə diqqət yetirilməsi, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daha çox vəsait ayrılması, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığını yaxşılaşdırmaq məqsədilə yeni idman obyektlərinin istifadəyə verilməsi  kimi məsələlərin həllinə mühüm önəm verir, icrasını diqqət mərkəzində saxlayır.

Bu sırada əhalinin rahatlığı üçün yaradılan "ASAN xidmət" qurumunun fəaliyyətinin genişləndirilməsinə xüsusi diqqət yetirmək istərdik. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  deyib: "ASAN xidmət" mərkəzlərinə bu illər ərzində 10 milyon müraciət olub. Bu 10 milyon müraciət artıq özlüyündə bir göstəricidir. Mən bunu şərh etmək istəmirəm. Hamımız yaxşı bilirik ki, "ASAN xidmət"lərdə ən yüksək səviyyədə xidmət göstərilir. Bürokratiya, süründürməçilik, rüşvət almaq yoxdur. Təmiz, şəffaf, mədəni xidmət göstərilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olub. Artıq 9 mərkəz yaradılıb, beşi Bakıda, dördü bölgələrdə - Sumqayıtda, Gəncədə, Sabirabadda və Bərdədə. Bu il iki yeni mərkəz yaradılacaq - Masallıda və Qəbələdə. On səyyar avtobus fəaliyyət göstərir. Artıq yeni bir layihə - "ASAN qatar" sistemi də fəaliyyətə başlayacaq, yəni, qatarlar vasitəsilə xidmət göstəriləcək. Ümumiyyətlə, bu sahədə aparılan islahatlar öz səmərəsini verir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə öz nəticəsini verir. Həm inzibati tədbirlər, cəza tədbirləri və struktur xarakterli tədbirlər də görüləcək".

Azərbaycan Prezidentinin yeni iş yerlərinin açılmasına xüsusi önəm verməsi də məhz insan amilinin diqqət mərkəzində saxlanılması ilə bağlıdır. Dövlət başçısı  sözügedən iclasda bununla bağlı xatırladıb: " İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıbdır. Ancaq 78 min iş yeri açılıbdır. Ona görə, biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər...".

Azərbaycan dünyada hökm sürən iqtisadi və maliyyə   böhranından ən az itkilərlə çıxan ölkələrdən biridir. Belə ki, əhalinin, xüsusən də onun aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident İlham Əliyev bu ilin birinci rübündə 25-dən artıq fərman və sərəncam imzalayıb. Bütün sosial ödənişlər fevral ayının 1-dən orta hesabla 10 faiz artıb. Bu artımlar 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Həmin tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2016-cı ilin büdcəsində müvafiq düzəlişlər edilib və əlavə maliyyə təminatları nəzərdə tutulub. Bu, çox riskli, çətin, eyni zamanda, düşünülən ciddi sosial addım və Azərbaycan Prezidentinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasını, insan amilini hər şeydən üstün tutmasının bariz ifadəsidir.     

İnsan amilinə mühüm önəm verilməsinin məntiqi nəticəsidir ki, dünyada hökm sürən maliyyə böhranı şəraitində Azərbaycanda bu  ilin yanvar-iyul aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,5 faiz artaraq 25682,7 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 2670,9 manat və ya ayda orta hesabla 381,6 manat təşkil edib.

Azərbaycanda insan amilinin diqqət mərkəzində saxlanılmasının bariz ifadəsi kimi  bir faktı da xatırlatmaq istərdik. Bu il respublikada  sosial mənzillərin inşasına başlanılacaq. Artıq Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyətə başlayıb.  Agentliyin  əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialına çox müsbət təsiri olacaq.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, eyni zamanda, bildirib ki, sosial sahədə maaşlar, pensiyalar artırılıb, həmçinin digər islahatlar da aparılıb. Ümumiyyətlə, insanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Bunun müsbət nəticələri yəqin ki, yaxın vaxtlarda aydın nəzərə çarpacaq. 

Dövlətimizin başçısı insan amilini, sosial rifahı daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin edilməsini hökumət qarşısında bir vəzifə kimi müəyyənləşdirib. Ona görə də milli iqtisadiyyatın mühüm bir sahəsi olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşması səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq, ölkə rəhbərinin sosialyönümlü inkişaf kursunun nəticəsi kimi, Azərbaycanda sosial sahəyə yönələn vəsaitlərin həcmi də nəinki azaldılmır, hətta artırılır. Belə ki, əgər 2015-ci ilin dövlət büdcəsində bu sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, bu il 36,1 faiz təşkil edəcəyi gözlənilir.  

Azərbaycan Prezidenti İlham Əliyev dövlət qurumlarının qarşısında bir sıra mühüm vəzifələr qoyub. Mühüm sosial proqramların davam etdirilməsi, fəaliyyət sahələrində islahatların, elektron texnologiyaların tətbiqinin  genişləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına xidmət səviyyəsinin daha da yaxşılaşdırılması və şəffaflaşdırılması, yeni elektron xidmətlərin hazırlanaraq istifadəyə verilməsi bu il  hökumətin prioritet fəaliyyət istiqamətləri olacaq. Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması,  xüsusən sosial cəhətdən həssas qruplara aid vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün daha səmərəli proqramların işlənərək həyata keçirilməsi diqqət mərkəzində saxlanılacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq görülən böyük quruculuq işləri vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına, onların qayğı və problemlərinin həllinə əlverişli  şərait yaradır. Eyni zamanda, dövlət orqanlarında və idarələrində vətəndaş müraciətlərinə daha həssaslıqla yanaşılması, dövlət məmurlarının onlara qayğısının artırılması  hər bir insanın  dövlətin və cəmiyyətin mövcud imkanlarından daha yaxşı bəhrələnməsini  reallaşdırır.

Yazının sonunda deyilənləri yekunlaşdırıb belə qənaətə gəlmək olar ki, hər bir ölkənin, xalqın problemlərinin ən səmərəli yolu məhz iqtisadi-sosial tərəqqidən keçir. Ona görə də respublikamızın iqtisadi siyasətinin sosialyönümlü xarakter daşıması təsadüfi deyil. Bu,  bir tərəfdən insan amilinə yüksək həssaslıq nümunəsidirsə, digər tərəfdən bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş bir sıra qabaqcıl dünya dövlətlərinin təcrübəsinə əsaslanır. Cənab İlham Əliyev də bu reallığı daim önə çəkir, diqqət mərkəzində saxlayır. Çünki  insanların sosial şəraitinin yaxşılaşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında