Təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Təhsil hər bir xalqı öz milli hədəflərinə doğru aparan yoldur. Elə buna görə də ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərliyinin bütün dövrlərində milli təhsilin inkişafına mühüm məsələ kimi həmişə önəm verib.   Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün tarixin ən sürətli inkişaf mərhələsini yaşayan müstəqil dövlətimizin qazandığı uğurların mühüm bir qisminin də məhz milli təhsil sistemimizə aid olması təsadüfi deyil.

Son illərdə ölkə təhsili bir sıra  uğurlarla diqqət çəkib.  Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nın təsdiq olunması bu baxımdan xüsusilə mühüm əhəmiyyətə malikdir.

Azərbaycanda aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Bütün bunlar Azərbaycan cəmiyyətinin indiki müasir inkişafını təmin edərək, eyni zamanda, gələcəyimiz üçün etibarlı zəmin rolunu oynayır.

Qarşıdakı bir neçə ildə Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müasir dövrdə ölkənin təhsil sistemi qarşısında duran vəzifələr son dərəcə dəqiqliklə, qlobal çağırışlara uyğun tərzdə irəli sürülüb. Milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, insan kapitalının inkişafı yolu ilə ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası bu vəzifələr sırasında öz əksini tapıb.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlər də Azərbaycanda aparılan təhsil islahatlarına və təhsilin inkişafına öz müsbət təsirini göstərib. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması islahatların uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir. Hazırda bu sənətə istedadlı gənclərin cəlb edilməsi məqsədilə tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmlərinin  işə salınması istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Burada bir məsələyə də münasibət bildirmək istərdim. İnkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olurlar. Müasir qloballaşma əsrində hər bir dövlətin, xalqın gələcəyi onun malik olduğu elmi-intellektual potensialdan asılıdır. Bu intellektual potensial isə ilk növbədə, təhsil ocaqlarında yaranır. Milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, onun beynəlxalq təhsil sisteminə geniş inteqrasiyasına nail olmaq, milli-mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas istiqamətləridir.

Azərbaycanın birinci xanımı,  Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas məqsədi bir sıra sosial sahələrlə yanaşı, eyni zamanda,  təhsilin inkişafını təmin edən, habelə gənc nəslin tərbiyəsinə yönəldilən layihələrin dəstəklənməsidir. Fond ən müasir avadanlıqlarla təchiz edilən ümumtəhsil məktəblərinin tikilməsi, təhsil obyektlərinin açılması ilə fəal məşğuldur. Fondun əsas layihələri - "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı" layihələri uğurla həyata keçirilib.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olub. Azərbaycanla UNESCO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulub. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, inklüziv təhsil layihəsi  və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda UNESCO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi  ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini təsdiqləyir.

Heydər Əliyev Fondu hər il "Təhsilə dəstək" layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə zəruri  məktəb ləvazimatı hədiyyə edir. "Təhsilə dəstək" layihəsi təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir.  

Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən minlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilən yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi beynəlxalq aləmə tanıdılmasıdır.

Gülşən ORUCOVA, Bakıdakı 6 saylı
tam orta məktəbin direktoru,
Əməkdar müəllim

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında