Azərbaycan – Türkiyə əməkdaşlığı dünyada həmrəyliyin və strateji tərəfdaşlığın mühüm göstəricisidir

Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Eyni zamanda, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

Azərbaycan həmişə Türkiyəni dəstəkləmiş və ikitərəfli əlaqələrin daha da inkişafında maraqlı olmuşdur. 2015-ci il martın 13-də Türkiyədə qanlı terror hadisəsi Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasını təhlükə altına almışdı. Ölkədəki vəziyyəti nəzərə alaraq Türkiyə Prezidenti Bakıya səfərini təxirə salmışdı. Lakin Azərbaycan Prezident İlham Əliyev Ankaraya səfər edərək, Türkiyəyə böyük dəstək vermiş və Azərbaycan xalqının həmişə qardaş türk xalqının yanında olduğunu nümayiş etdirmişdi. Martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq: "...Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz". Türkiyədəki son hadisələr zamanı da Azərbaycanın  tutdugu ədalətli mövqe  bu həmrəyliyin bariz nümunəsi kimi qiymətləndirilməlidir. İyulun 15-də Türkiyə müasir tarixinin ən böhranlı gününü yaşadı. Dövlət çevrilişinə cəhddən sonra  Türkiyə demokratiya üçün çox ciddi təhlükəni sovuşdurdu. Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə belə müsbət örnək mühüm əhəmiyyət daşıyır. Belə təhlükəli məqamda Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında oldu. Amma qardaşlıq həmrəyliyi nümayiş etdirməsindən daha çox Azərbaycanın mövqeyinin bütün dünyaya örnək göstərilməli olan digər bir cəhəti də ölkəmiz birmənalı olaraq, Türkiyədə demokratiyanın, konstitusion quruluşun, hakimiyyətin xalqa məxsusluğu prinsipinin tərəfində durdu. Eyni zamanda, bu məsələdə Azərbaycan dünyaya demokratiya dərsi verdi. Azərbaycan həqiqətin tərəfində durdu və ilk anlardan etibarən Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi.

 Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan ötən  25 il ərzində hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynamış və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olmuşdur. Müstəqilliyin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə  hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi.

Azərbaycan regionda qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Avropa ilə Şərq ökələri arasında nəqliyyat-- kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi  proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul verdi. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəqli sahəsində Azərbaycanla Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin olunmasına xidmət edir.

Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Xəzər regionunda fəal mövqeyi ilə seçilən və Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab edilən Türkiyə dövləti əsas diqqətini respublikamızın neft ehtiyatlarının xarici bazarlara çıxarılması marşrutu üzərinə  cəmləşdirmişdir.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in Zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən  "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair saziş"in Azərbaycan, Gürcüstan, Türkiyə və ABŞ prezidentləri tərəfindən imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım oldu. Eyni vaxtda, adı çəkilən dövlətlərin prezidentləri tərəfindən bu qlobal layihəni müdafiə edən İstanbul Bəyannaməsinin qəbul edilməsi  ümummilli lider Heydər Əliyevin yeni neft startegiyasının həyata keçirilməsi istiqamətində, eləcə də Türkiyə dövləti ilə dostluğun və əməkdaşlığın daimi olmasını təsdiq edən çox əhəmiyyətli bir sənəd idi. Bununla yanaşı, "Şahdəniz" yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edildi. Heç şübhəsiz ki, bu layihənin reallaşması Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərfli inteqrasiyası istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına, dinamik şəkildə, eləcə də uğurla davam etdirən Azərbaycan Prezidenti  İlham Əliyev qardaş Türkiyə dövləti ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirərək starteji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı. Belə ki, Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında Prezident İlham Əliyevin 2004-cü il aprelin 13-15-də dövlət başçısı kimi ilk rəsmi səfəri zamanı iki dövlət arasında Birgə Bəyanat, mülki aviasiya və mədəniyyət sahələrində əməkdaşlığa dair protokollar, ümumilikdə isə 5 mühüm sənəd imzalandı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında "Şərq-Qərb" enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Bu hadisə ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşdü.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bunun ümumən regionda əməkdaşlığın genişləndirilməsi üçün çox önəmli layihə olduğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı iki dövlət arasında enerji sahəsində əməkdaşlığa dair bir sıra mühüm sənədlər imzalandı. Belə ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair Bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair Anlaşma Memorandumunun imzalanması ölkələrimizin enerji sahəsində əməkdaşlığının yeni bir mərhələsi kimi qiymətləndirilir.

Türkiyəyə səfər çərçivəsində iyunun 8-də İstanbulda keçirilən və ətrafında 22 dövləti birləşdirən Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin üçüncü zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə başlamış və uğurla həyata keçirilən layihələrin olduqca geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaratdığını, eləcə də enerji təhlükəsizliyinə aid olan bu təşəbbüsün çox mühüm regional əməkdaşlıq nümunəsi olduğunu bildirdi. Eyni zamanda, dövlət başçısı Azərbaycanın Tarixi İpək Yolunun bərpasına töhfə verdiyini qeyd edərək, hazırda ölkəmizin iştirakı ilə həyata keçirilən və Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionda yaşayan xalqlara rifah gətirəcəyini diqqətə çatdırdı.

2010-cu il avqustun 16-da imzalanmış "Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə", eləcə də  "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması mühüm əhəmiyyət kəsb edir. Heç şübhəsiz ki, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında adı çəkilən sənədin imzalanması çox düzgün və gələcəyə hesablanmış bir addım oldu.  Azərbaycan  Prezidenti  İlham Əliyev qardaş ölkə ilə imzalanmış bu müqavilənin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir: "Bu gün imzalanmış  strateji tərəfdaşlıq və qarşılıqlı  yardım haqqında müqavilə böyük tarixi əhəmiyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edir və bundan sonra onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərini müəyyən edəcəkdir".

2012-ci il sentyabrın 11-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası keçirilməsi ikitərəfli Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. Belə ki, Azərbaycan ilə Türkiyə arasında  müxtəlif sahələrdə əməkdaşlığa dair 7 protokol imzalandı ki, bunun da hər iki dövlət üçün çox mühüm əhəmiyyəti vardır. 2013-cü il noyabrın 13-də Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçirilmiş və iclasda Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə - siyasi, iqtisadi, enerji və digər sahələrdə dinamik inkişaf etdiyi,  ikitərəfli layihələrin uğurla həyata keçirilməsinin əhəmiyyəti qeyd olundu. 2015-ci il yanvarın 15-də Ankarada Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası keçirilmiş və  burada birgə fəaliyyət, iki ölkə arasında əlaqələr və əməkdaşlığın inkişafı müzakirə olunmuşdur.

2015-ci il yanvarın 15-də  Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tiblisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunmuş, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə  təntənəli mərasim keçirildi. Bu tarixi mərasimdə layihənin Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, bütün Avrasiya coğrafiyasının ehtiyacı olduğu qeyd edilərək bildirildi ki, layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Bu tarixi hadisə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının yeni və dinamik inkişaf mərhələsi kimi qiymətləndirilə bilər. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynamışdır. Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir.  Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etmişdir ki, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz.

Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin  daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək "bir millət, iki dövlət" prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyətli rol oynadığını bildirmişdir: "Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur".

Elçin ƏHMƏDOV,
 Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət İdarəçilik Akademiyasının dosenti,siyasi elmlər doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında