Azərbaycanın xarici siyasəti beynəlxalq təhlükəsizliyə xüsusi töhfələr verir

 

 

 

 

 

 

 

 

 

 

 


Biz beynəlxalq terrorizmə qarşı səylərimizi daha da birləşdirməliyik. Əslində, bütün dünya səylərini birləşdirməlidir. Biz ancaq bu halda beynəlxalq terrorizmə qalib gələ bilərik. Azərbaycanın terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi dəyişməzdir. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Gənc müstəqil Azərbaycan dövlətinin  1993-cü ilin yayından etibarən həyata keçirdiyi xarici siyasət kursu beynəlxalq aləmdə hamı tərəfindən lazımınca qiymətləndirilir və  qəbul edilir. Dövlətimizin son üç-dörd ildəki diplomatik fəaliyyəti isə artıq dünya miqyasında nümunə göstərilir. Xüsusən, Azərbaycan-İran-Rusiya və Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatlarının yaradılması üçün Bakının nümayiş etdirdiyi təşəbbüslər bu regionda marağı olan  bütün siyasi dairələr tərəfindən məmnunluqla qarşılanır. Kütləvi informasiya vasitələri yazırlar ki, Amerikada çıxan "Foreign Affairs" jurnalında Yaxın Şərq İnstitutunun və Ceymstaun Fondunun böyük elmi işçisi Aleks Vatankanın Azərbaycan-İran-Rusiya əməkdaşlığı haqqında məqaləsi dərc edilib.

Məqalədə bu il avqustun 8-də Bakıda keçirilmiş Azərbaycan, İran və Rusiya liderlərinin regional iqtisadi inteqrasiya layihələrinə, o cümlədən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə həsr edilən üçtərəfli zirvə toplantısı  barədə əhatəli şəkildə söz açılır. Müəllif xatırladır ki, İraqda və Suriyada münaqişələr, terrorizmə və ekstremizmə qarşı mübarizə məsələləri həmin görüşdə müzakirə mövzusu olub. ABŞ mütəxəssisi  Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın və Rusiyanın birgə işləməyə hazır olması barədə bəyanatlarını alqışlayır.  Bundan başqa, Rusiyanın "Rossiya 24" telekanalı da Azərbaycan, İran və Rusiya dövlət başçılarının Bakıda keçirilən üçtərəfli Zirvə görüşü barədə hazırladığı əhatəli reportajda qeyd edir ki,  bu  görüşün əsas mövzusu "Şimal-Cənub" layihəsi idi. Həmin layihə  Hindistanın Mumbai limanını Sankt-Peterburqla birləşdirəcək 7200 kilometrlik nəqliyyat dəhlizidir. Reportajın müəllifi Azərbaycanın mədəniyyətlərin və ticarət yollarının qovuşuğunda yerləşdiyini bildirir. Qeyd edir ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Hindistandan yükləri İrana, oradan Azərbaycana, daha sonra isə Rusiya vasitəsilə ya Qərbi Avropaya, ya da Skandinaviya ölkələrinə çatdıracaq. Reportajda Azərbaycan, İran və Rusiya prezidentlərinin layihənin əhəmiyyəti və perspektivləri barədə sammitdəki çıxışlarından sitatlar gətirilir.

Xatırladaq ki, yeni əsrin ilk  onillikləri  müstəqil Azərbaycan dövlətinin hərtərəfli uğurları ilə yaddaşlara yazılır. Ölkəmizdə misli görünməmiş tikinti-quruculuq işləri həyata keçirilir, sosial-iqtisadi sahədəki nailiyyətlərin ildən-ilə artması tendensiyası dönməz xarakter alır, cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər beynəlxalq  aləmdə təqdir olunur, elm, təhsil, səhiyyə və  idmana   qayğı göstərilir.

Respublikamızın  BMT Təhlükəsizlik Şurası və Avropa Şurasının Nazirlər Komitəsi kimi mötəbər beynəlxalq təşkilatlara sədrliyi reallaşdırması, ölkəmizin "kosmik ailə"nin üzvlüyünə qəbul edilməsi, paytaxtımızın ən mötəbər beynəlxalq təşkilatların dünya miqyaslı tədbirlərinə ev sahibliyi etməsi və bir çox başqa məqamlar məhz yeni əsrin ilk illərindən bəri qazandığımız nailiyyətlərdəndir. 2015-ci ilin yayında dünya idman tarixinə yazdığımız birinci Avropa Oyunları səhifəsi isə  respublikamıza daha böyük beynəlxalq nüfuz qazandırmışdır. Bütün bunlar mükəmməl dövlət idarəçiliyinin, xalqın öz liderinə inamının, aparılan köklü islahatların və ən başlıcası, dövlətimiz və xalqımız qarşısında dayanan vəzifələrin yüksək səviyyədə icrasının nəticəsidir.

Artıq təkcə ölkəmizdə deyil, dünyanın hər yerində qətiyyətlə söyləyirlər ki, Azərbaycanın  daxili siyasətlə bağlı  çox konkret proqramları var. Bu ölkədə  daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Prezident əminliklə  bildirir ki, gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha  sürətlə gedəcək.  Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Mətbuat azadlığı, söz azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan, din azadlığı tam şəkildə təmin edilir və Azərbaycan dövləti  gələcəkdə də bu yolla gedəcək. Ölkəmizdə möhkəm demokratik əsaslar qurulur ki,  inkişafımız dayanıqlı və uzunmüddətli olsun. Əksər yerli və əcnəbi ekspertlərin fikrincə, Azərbaycan dövlətinin beynəlxalq aləmdəki nüfuz və imicinin durmadan artmasının əsas səbəblərindən biri məhz yeridilən xarici siyasətdir.

Ölkəmizin hərtərəfli inkişafının və bu inkişafın beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilməsinin əsas göstəricilərindən biri də odur ki, respublikamızda  çoxsaylı siyasi tədbirlər, dövlət və hökumət başçılarının iştirakı ilə müzakirələr, mədəniyyətlərarası forumlar keçirilir.  Ölkəmizin paytaxtında Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları və Qlobal Bakı Forumu , Beynəlxalq Humanitar Forumlar keçirilmişdir. Bu tədbirlər, eyni zamanda, idman tədbirləri, Avropa Oyunları, İslam Həmrəylik Oyunları, digər beynəlxalq idman yarışları Azərbaycanı dünyaya  qabaqcıl, müasir, güclü dövlət kimi təqdim edir. Bu, özlüyündə Azərbaycana qoyulan investisiyaların həcmində də, turistlərin artan sayında da özünü göstərir. Yəni, həm imic, həm təqdimat, həm də real iqtisadiyyat baxımından bunlar çox önəmli tədbirlərdir. Təbii ki,  gələcəkdə də Azərbaycanda müxtəlif qlobal tədbirlərin keçirilməsi təmin ediləcək.

Təbii ki, bütün bunlar ölkəmizin uğurlu xarici siyasətinin nəticələridir. Həmin məqamı nəzərə alan dövlət başçısı qeyd edir ki, xarici siyasətlə bağlı bizim düşünülmüş addımlarımız ölkəmizin imicini yüksəldir: "Biz bütün ölkələrlə bundan sonra da bərabərhüquqlu əlaqələrin inkişafını təmin edəcəyik. Bu, xarici siyasətimizin əsas prinsiplərindən biridir. Biz daha çox ikitərəfli formata üstünlük veririk. Biz görürük ki, ikitərəfli formatda çox böyük nailiyyətlər əldə etmək olar - həm siyasi əlaqələr, həm də iqtisadi investisiya baxımından. Azərbaycanın ikitərəfli formatda heç bir ölkə ilə heç bir problemi yoxdur. Əksinə, biz bütün ölkələrlə çox sağlam əlaqələr yarada bilmişik. Bu əlaqələr əlbəttə ki, prinsiplər üzərində qurulmalıdır və qurulubdur. Bizim siyasətimiz həmişə bundan ibarət olmuşdur ki, burada bərabərhüquqlu, bir-birinə hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri əsasında üfüqi əlaqələr olmalıdır. Biz buna nail oluruq. Bizim həmişə təbliğ etdiyimiz bu prinsiplər bu gün başqa ölkələrlə əlaqələrimizdə üstünlük təşkil edir".

Təkcə xarici siyasətdə deyil, eləcə də cəmiyyət həyatının  digər  sahələrində də çoxsaylı uğurlar qazanan  ölkə kimi bizim  bütün beynəlxalq təşkilatlarla normal əməkdaşlığımız var və  gözləyirik  ki,  nümayiş etdirdiyimiz səmimi münasibətin və açıq siyasətin qarşılığını görək. Bu məqamı dövlət başçımız daha aydın şəkildə dilə gətirir: "Beynəlxalq təşkilatlarla əlaqələrimiz də yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal iştirak edirik və bundan sonra da fəal iştirak edəcəyik. İlk növbədə, BMT-də və Qoşulmama Hərəkatında. Bu qurum BMT-dən sonra ölkələrin sayına görə ikinci təşkilatdır. Azərbaycan Qoşulmama Hərəkatına bir neçə il bundan əvvəl üzv olmuşdur və dərhal bu qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həlli ilə bağlı qətnamə qəbul etmişdir".

Beynəlxalq aləmin mühüm qütblərindən olan İslam aləmi və müsəlman  ölkələri ilə hərtərəfli əməkdaşlığımızın nəticələrini dilə gətirən Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycan müsəlman aləminin bir parçasıdır və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür.  İslam Əməkdaşlıq Təşkilatının baş katibi ölkəmizdə olarkən Azərbaycanın beynəlxalq münasibətlərdəki rolu haqqında danışırdı. Eyni zamanda, biz Avropa Şurasının üzvüyük və  Avropa Şurasına sədrlik etmişik. Bu əməkdaşlıq da həm bizim, həm də Avropa Şurası üçün çox önəmlidir.  Paytaxtımızda keçirilən  III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu tribunasından qeyd edilmişdi ki, məhz Azərbaycan "Bakı prosesi"nin müəllifi olmuşdur. "Bakı prosesi" Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət sahəsində və başqa sahələrdə dialoqun əsasını təşkil etmişdir.

Dövlət başçımız dönə-dönə xatırladıb  ki, Azərbaycanın yeritdiyi həm daxili, həm də xarici siyasətin əsas prioritetləri ölkəmizin dövlət müstəqilliyinin əbədiləşdirilməsi, əhalimizin sosial-rifah halının daha da yaxşılaşdırılması və ərazi bütövlüyümüzün bərpa edilməsidir. Bu barədə söz açan Prezident İlham Əliyev məsələni bir qədər konkretləşdirir: "Xarici siyasətimizin əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir... Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Postsovet məkanında buna oxşar münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etməyib. Ancaq bu məsələ ilə bağlı qəbul olunmuş qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. Ermənistan bunu nə qədər təhrif etməyə çalışsa da, mümkün deyil, çünki bu, yazılıb və dərc edilib. Odur ki, siyasi, tarixi, hüquqi əsaslar var, onların hamısı bizim mövqeyimizi dəstəkləyir".

Beynəlxalq aləmdə mövcud olan münaqişələrin tarixini araşdıran  və həlli yollarını axtaran konfliktoloqlar, politoloq və siyasi ekspertlər qətiyyətlə söyləyirlər ki,  beynəlxalq hüququn norma və prinsipləri bizə  ölkəmizin ərazi bütövlüyünü istənilən yolla həll etmək imkanı verir.  Ona görə də Azərbaycan Prezidenti xatırladır: "Ordu quruculuğu prosesi bundan sonra da sürətlə gedəcək. Bu, bizim diplomatik sahədə apardığımız səylərə böyük dəstəkdir. Son vaxtlar, keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Ondan sonra sülh yarana bilər, ondan sonra Azərbaycan və erməni xalqları barışa bilərlər. Biz hər halda gələcəyi belə görürük. Biz hesab edirik ki, bu ədavət və düşmənçilik əbədi ola bilməz. Amma buna, ilk növbədə, sülhə nail olmaq üçün erməni silahlı qüvvələri Dağlıq Qarabağdan və işğal edilmiş torpaqlardan çəkilməlidir. Burada ən məqbul variant mərhələli həlldir. Biz dəfələrlə bu barədə öz sözümüzü demişik. Ancaq mərhələli həll burada məsələnin həllinə gətirib çıxara bilər. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaq". Bu gün artıq  dünya mətbuatında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağı barədə fikirlər səslənməkdədir. Həmin fikirlərin bir mənbəyi Azərbaycanın yeritdiyi uğurlu xarici siyasətdirsə, digər mənbəyi də beynəlxalq aləmdəki əsas söz sahiblərinin Azərbaycan həqiqətlərini olduğu kimi, qəbul etməyə başlamasıdır. Yəni, hər iki mənbə bizim xarici siyasət kursumuzun ən incə detallarına qədər dəqiqliklə işlənildiyini göstərir.  Bu isə qarşıda daha böyük uğurlarımızın olduğundan xəbər verir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında