Qlobal miqyasda cərəyan edən geosiyasi təlatümlər çoxlu sayda aktual məsələlər ortaya çıxarır. Bütövlükdə dünya nizamının yeniləşməsi zərurətindən bəhs edilir. Bir sıra regionlarda meydana gələn münaqişələr, silahlı toqquşmalar, yoxsulluq və aclığın yayılması, qanunsuz miqrasiya proseslərinin şiddətlənməsi, dövlətlərarası münasibətlərdə gərginliyin artması, böyük güclər arasında rəqabətin güzəştsiz və amansız məzmun kəsb etməsi və digər hallar bəşəriyyəti narahat edir. Bu kimi problemlərin həlli üçün konkret addımlar atmaq lazım gəlir. Həmin kontekstdə mütəxəssislər diqqəti dünyanın ən güclü dövləti sayılan Amerikanın xarici siyasətinə yönəldirlər. İndiki prezident seçkisi yarışı da göstərir ki, ABŞ cəmiyyətində ənənəvi siyasi elitadan narazılıq artır. İndi "antieltia" mövqeyi tutan siyasi liderlərə meyl güclənib. Bu əlamətin sonucda ABŞ xarici siyasətində uzun illərdir mövcud olan konsensus paradiqmasının dəyişməsinə aparıb çıxaracağı haqqında proqnozlar verilir. Doğrudan da həmin məsələ nəzəri və praktiki maraq doğurur.
İki xəttin mübarizəsi:
ABŞ "xarici siyasət konsensusunun sərhədləri"
Amerika Birləşmiş Ştatları elə dövlət deyil ki, xarici siyasətində qısa müddətdə kəskin dəyişiklik baş versin. Dünyanın ən güclü ölkəsi üçün bu, qəbuledilməzdir. Uzun illərdir Ağ ev sahibinin kimliyindən asılı olmayaraq, hamılıqla qəbul edilən siyasi prinsiplərə ümumi olaraq əməl edilir. Mütəxəssislər bunu ABŞ-da "xarici siyasət konsensusunun sərhədləri" adlandırırlar.
Hələ Vudro Vilson və Franklin Ruzvelt dönəmlərində Amerikada təcridçilərlə beynəlmiləlçilərin kəskin ideoloji mübarizəsi gedib. Nəticədə, Harri Trumenin prezidentliyi dövründə xarici siyasət konsensusu adlanan və 4 prinsipi özündə birləşdirən ortaq mövqe formalaşıb. Onları həm liberal-beynəlmiləlçilər, həm də respublikaçı neokonservatorlar qəbul ediblər. Bu yanaşma ABŞ-ın "soyuq müharibə"də qələbə qazanması ilə daha da möhkəmlənib.
Konsensusun əsaslandığı prinsiplər aşağıdakılardır:
– ABŞ-ın "qlobal liderliyi"nə sadiqlik;
– "liberal beynəlxalq nizam"ın yayılmasına və möhkəmlənməsinə sadiqlik;
– ABŞ-ın nüfuzu, təhlükəsizliyi və çiçəklənməsi ilə onun "liberal beynəlxalq nizam"da liderliyi arasında sıx bağlılığın olmasının etiraf edilməsi;
–"demokratiyanın yayılmasına sədaqətlilik".
Sadalanan müddəalar Amerikanın beynəlxalq problemlərin və böhranların tənzimlənməsində qlobal təsirini saxlamağı və onu gücləndirməyi təmin etməli idi. Burada Amerika dəyərləri ilə siyasi iddiaların sintezini görürük. Vaşinqton dünyanın liberal nizamının saxlanmasında, təhlükəsizliyin gözlənilməsində yalnız lider keyfiyyətində iştirak etməli idi. Bu zaman onun əsas ideoloji aləti demokratiya olmalıdır.
Tarix göstərdi ki, ABŞ uzun illər həmin prinsiplər əsasında qlobal miqyasda ciddi rol oynadı. Sosialist düşərgəsinin dağılmasından sonra isə həm Amerika cəmiyyətində, həm də onun siyasi isteblişmentində bu kursun düzgünlüyünə inam xeyli artdı. Lakin yenə də tarixin istehzasıdır ki, qlobal liderlik xəttinin zərəri Amerika onu daha qətiyyətlə həyata keçirməyə başlayanda üzə çıxdı. Belə ki, qısa zamanda bütün dünyanı öz təsəvvürünə uyğun qurmağın, onu universal saydığı məxsusi dəyərlərə tabe etməyin perspektivsiz olduğu aydınlaşdı.
Xüsusilə keçən əsrin 90-cı illərindən etibarən bütövlükdə Qərbin inandığı bir sıra dəyərlərin dağılması sürətləndi. İlk növbədə dünyanın ABŞ və onun ideologiyasının xeyrinə inkişaf etdiyi haqqında təsəvvürlər çökdü. Uyğun olaraq, bununla amerikan ideologiyasının universallığına inam da yox oldu. Sonra qloballaşma və demokratiyanın qüsursuzluğu barədə təsəvvürlər də böyük zərər gördü. Müxtəlif regionlarda baş verən münaqişələrin həllində, dövlətlərarası münasibətlərdə hüquqi çərçivənin gözlənilməsində, fərqli mədəni dəyərlərə qarşı dözümlülüyün, ölkələrin təhlükəsizliyinin təmin edilməsində, bazar iqtisadiyyatının səmərəli inkişafında ciddi problemlər meydana çıxdı.
XXI əsrin tələbləri:
"zorən yeniləşmə",
yoxsa rasional seçim?
Bütün bunlar yekun halında Amerikanın xarici siyasəti üçün əhəmiyyətli olan konsensus konseptinin tədricən yeniləşməsi zərurətini ortaya qoyurdu. Bu məqam hələ də rəsmi olaraq Vaşinqton tərəfindən qəbul edilməyib. Lakin ölkənin aparıcı analitikləri, strateqləri, bir sıra siyasi liderləri birbaşa və ya dolayısı ilə yeniləşməyə olan ehtiyacı ifadə edirlər. Bu baxımdan ekspertlər ABŞ prezidentliyinə seçki kampaniyasında ifadə edilən tezislərə ayrıca maraq göstərirlər. Onlar hesab edirlər ki, respublikaçı Donald Trampın dedikləri uzun illərdən sonra amerikan xarici siyasətinin konsensusuna zidd olan mövqeni ifadə edir. Bu iş adamı dolayısı ilə son illər ABŞ cəmiyyətində bədbinliyi əks etdirən əhval-ruhiyyəni siyasi mühitə gətirir.
D.Trampın timsalında ekspertlər Vaşinqtonun xarici siyasətində sürətli dəyişiklikləri görürlər. Maraqlıdır ki, bu seçki yarışında ənənəvi siyasi elitanı və xarici siyasət konsensusunu müdafiə edənlər fiaskoya uğradılar. Hillari Klinton onların yeganə təmsilçisi olaraq qalır. Əvəzində, sistemi tənqid edənlər - Donald Tramp, Berni Sanders (sosialist) və Ted Kruz ("çay dəstgahı" partiyası) daha çox populyarlıq qazandılar.
İctimai rəyin bu istiqamətdə dəyişməsi Amerikanın ənənəvi siyasi-ideoloji konseptinin uğursuzluğu kimi qiymətləndirilir, onun müasir mərhələnin tələblərinə uyğun olmadığına dair nəticə çıxarılır. Onu deyək ki, Qərbin tanınmış siyasi xadimləri, məşhur politoloqlar Zbiqnev Bjezinski, Henri Kissincer, Jozef Nay və başqaları da Vaşinqtonun xarici siyasətdə zaman-zaman korrektələr etməsi ehtiyacını vurğulayıblar.
Bəs prezident seçkisindən sonra ABŞ-ın xarici siyasətində konkret hansı korrektələrin olacağı proqnozlaşdırılır? Hesab olunur ki, D.Tramp prezident seçilsə, ABŞ-ın son 70 ildə dominantlıq edən xarici siyasət paradiqmasından ciddi surətdə kənara sapmalar gözlənilə bilər. O cümlədən Çinə yanaşma daha düşməncəsinə olar. Avropaya münasibətdə xeyli sərt və praqmatik mövqe formalaşa bilər. Rusiyaya daha praqmatik münasibət yaranar, Yaxın Şərqə isə daha laqeyd, daxili işlərə qarışmama prinsipi əsasında loyal yanaşma ola bilər.
H.Klintonun qalib gəlməsi variantında isə cəmiyyət tərəfindən prezidentin siyasətinin daha kəskin tənqid edilməsi mümkündür. 2020-ci ilə qədər populist siyasətçilər hakimiyyəti ittiham edərək, yeni prezident seçkisində daha çox səs toplaya bilərlər. 2024-cü ildə isə onların təmsilçisi ABŞ-a rəhbərlik edə bilər ki, bu da "antielita"nın qələbəsi demək olardı.
Təbii ki, bunlar bir proqnoz olub öz təsdiqini tapmaya da bilər. Ancaq bir məqam aydındır - Amerikanın xarici siyasət kursu müasir dövrün tələblərinə lazımi dərəcədə cavab vermir. Dünyanın müxtəlif regionlarında müşahidə edilən münaqişələr, qarşıdurmalar, başqalarının daxili işlərinə müdaxilə, Vaşinqtona sərf edən siyasi qrupları hakimiyyətə gətirmək cəhdləri, hətta cinayətkar qruplardan öz siyasi məqsədləri üçün istifadə, ikili standartlar siyasəti və digər faktorlar təsdiqləyir ki, Amerika başda olmaqla, fövqəldövlətlər siyasətlərində dəyişiklik etməlidirlər.
Bu kontekstdə onların Cənubi Qafqaza da münasibətinin yeniləşməsini gözləmək olar. Çünki illərdir ki, Ermənistanın təcavüzkarlığına lazımi qiymət verilməyib və ona qarşı təsirli tədbirlər görülməyib. Nə böyük dövlətlərin rəhbərləri, nə başda BMT olmaqla beynəlxalq təşkilatlar, nə də münaqişənin birbaşa tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri üzərlərinə düşən vəzifəni həyata keçirməyiblər. Bu, gerçəklikdir və Amerikanın yeni prezidenti onu göz önünə almalıdır. Məhz deyilənlərdən aydın olacaq ki, Vaşinqton özünün xarici siyasətində düzəliş edir, yoxsa yenə gözə kül üfürür!
Beləliklə, bütün hallarda ABŞ-da xarici siyasət kursunda ciddi və köklü dəyişikliklərin zamanının çatdığını anlamaqdadırlar. Qlobal inkişaf tendensiyaları göstərir ki, fərqli siyasi konseptə ehtiyac yaranıb. Çoxqütblü dünyada liderliyin forma və məzmunu əvvəlki dövrlərdən kəskin fərqlənməlidir. Yeniləşən bəşəriyyətə köhnə meyarlarla yanaşmaq uğursuzluq deməkdir. Bu kontekstdə ənənəvi beynəlxalq liberal nizam da dəyişməlidir. Məsələnin həlli zamana möhtacdır.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.