MULTİKULTURALİZM Azərbaycanda dövlət siyasətidir

Bu il Azərbaycanda Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “Multikulturalizm ili” elan olunmuşdur. Bu fakt beynəlxalq terrorizmin əsas marşrutlarına yaxın ərazidə yerləşən, eyni zamanda həm özü münaqişəyə cəlb edilən və bundan əziyyət çəkən, Yaxın Şərq kimi dünyanın ən qaynar siyasi problemlərinin olduğu nöqtələrə yaxın olan Azərbaycan üçün, əslində, böyük nailiyyət hesab olunmalıdır. Çünki belə bir həssas və münaqişəli regionda multikulturalizm ilinin elan olunması, əslində dünyaya sülh və birlik mesajları vermək və kütləvi insan qırğınlarına, müharibələrə meydan oxumaqdır.

 

Plüralizmin etirafı,
çoxmədəniyyətliliyin təsdiqi

 

Bu gün Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə çevrilən multikulturalizm ifadəsi 1960-cı illərin sonunda Kanadada meydana gəlmişdir. Termin kimi o, 1970-ci illərdə ədəbiyyatda əks olunmuşdur. The Harper Colins sosiologiya lüğətində (1991) multikulturalizmin belə bir tərifi verilir: “Multikulturalizm bir çox cəmiyyətlərin xüsusiyyəti kimi plüralizmin mövcudluğunun etiraf olunması və inkişafı deməkdir. Multikulturalizm mədəni müxtəlifliyin, məsələn, azlıqların dilinin müdafiəsi məsələsini öz qarşısına qoyur. Eyni zamanda, o, azlıqların mədəniyyəti ilə əsas mədəniyyətin qeyri- bərabər münasibətlərini nəzərdə saxlayır”. Multikulturalizm tərcümədə çoxmədəniyyətlilik deməkdir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, bu müxtəlifliklərin əsasını təşkil edən dəyərlər nəzərdə tutulur.

Müasir dövrdə dünya ölkələrinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsi kimi obyektiv xarakter daşıyır. Onlar xalqların etnik-mədəni dəyərlərini, mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edir. Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm məfhumuna bütün məzlum qruplar- afro-amerikalılar, qadınlar, cinsi azlıqların nümayəndələri, şikəstlər və s. aid edilsə də, multikulturalizmin tədqiqatçılarının əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları (mühacirləri) (məsələn, ABŞ-dakı Latın amerikalıları, Qərbi Avropada müsəlmanları), milli azlıqları (məsələn, katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məsələn, Şimali Amerikadakı yerli xalqları, Yeni Zelandiyadakı maoriləri) daxil edirlər.

Multikulturalizm - sosial ədalət, imkanların bərabərliyi, demokratiya kimi anlayışların müzakirə olunan terminləri sırasına daxildir. Multikulturalizm cəmiyyətin inkişafının məhsulu, cəmiyyətdə baş verən hadisələr nəticəsində meydana gəldiyinə görə o, ilk növbədə sosial hadisədir. Sosial hadisə kimi formalaşan multikulturalizm digər sosial hadisələrə (siyasətə, iqtisadiyyata, mədəniyyətə, mənəviyyata, ictimai şüurun müxtəlif formalarına və s.) təsir göstərir, onlarla qarşılıqlı münasibətdə olur. Multikulturalizm etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil edən dəyərlərin qorunması və inkişafını nəzərdə tutur. Bu isə insanların hüquq və azadlıqlarının müdafiə olunmasının tərkib hissəsidir. Multikulturalizmi təbliğ edən ölkə onu dövlət ideologiyasının tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırır. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına, dövlət siyasətinə çevrilməsidir.

Bu gün Azərbaycanda multikulturalizm məhz dövlətin qayğısı və nəzarətindədir və xüsusi prinsipiallıqla himayə edilir. Əslində, ölkəmizdə bu terminin mahiyyətinə ta qədimdən önəm verilmişdir. Hər zaman bu regionda milli və dini müxtəlifliyin nümayəndələri bərabər həyat normalarını və qanunlarını sağlam şəkildə, insidentsiz bölüşdürmüşlər. Yəni zahirən baxsaq, sual yarana bilər ki, əgər bu xalq qədimdən multikultural dəyərlərə sahibdirsə, bəs nə üçün burada dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir? Yəni buna nə ehtiyac var? Məsələ ondan ibarətdir ki, Azərbaycan məhz həssas siyasi-mədəni kəsişmə nöqtəsində yerləşdiyi və daxilən mədəni müxtəlifliyə qucaq açdığı üçün düşmən ölkənin və digər beynəlxalq terror şəbəkəsinin ideya poliqonuna çevrilə bilər. Multikulturalizm Azərbaycanda xalqın yaşam tərzidir, məhz bu dayanaqlılığı təmin etmək üçün dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir.

 

Multikulturalizm platforması

 

Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan  bu prosesə uyğun ardıcıl addımlar atır və onun möhkəmləndirilməsi məqsədi ilə mühüm təşəbbüslərlə çıxış edir. Məsələn, 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdu. Bu, tarixdə ilk dəfə baş verirdi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi.

Həmin tədbirlər multikulturalizm ənənələrinin təbliğində Azərbaycanın əvəzsiz rolunu göstərdi. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə  sadiq qalmasının əyani nümunəsinə çevrildi.

Dövlətimizin başçısı  Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı nitqində bu barədə bildirdi ki, bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur... Prezident əlavə etdi ki,  multikulturalizmi gələcəyi olmayan məfhum kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bundan əlavə, BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsini aydın şəkildə göstərdi. Prezident İlham Əliyev bu möhtəşəm tədbirdəki çıxışında bir daha qeyd etdi ki, bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələnin müzakirə edilməsi üçün müxtəlif tədbirlər təşkil edirik.

Eyni zamanda, Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizin tolerantlıq ənənələrinin dünya miqyasında təbliğinə böyük dəstək verir. Heydər Əliyev Fondunun xətti ilə dünyanın bir neçə ölkəsində bu qəbildən silsilə tədbirlər keçirilməkdədir. Məsələn, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfrans multikulturalizmin bu və ya digər formada sıxışdırıldığı Avropanın gələcəyində onun necə mühüm əhəmiyyət kəsb etdiyini göstərirdi. Bir sözlə, multikulturalizmin inkişafında Bakının mövqeyi əvəzedilməzdir. Çünki həm geopolitik üstünlük, münaqişəli bölgələrə yaxınlıq, həm də müharibə şəraitinin olması ilə yanaşı, rəsmi Bakının bu gün dünyada ən çox ehtiyac duyulan məsələlərdən biri olan multikulturalizmi beynəlxalq platforma kimi dövlət siyasətinin ayrılmaz hissəsinə çevirməsi təqdirəlayiqdir.

 Azərbaycanı dünyada multikulturalizmin brendinə çevirmək üçün Prezident İlham Əliyev tərəfindən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi qısa zamanda Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği ilə bağlı bir sıra mühüm işlərin icrasına başladı. “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri yaradıldı və hər iki fənn üzrə tədris proqramları hazırlanaraq Təhsil Nazirliyində təsdiq olundu.

Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan multikulturalizmlə bağlı çox böyük işlər görüb. Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında