Prezident İlham ƏLİYEV: Bizim müstəqilliyimiz milli dəyərlər, ənənələr üzərində qurulubdur

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.

İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti


 

 

Hər bir xalqı beynəlxalq müstəvidə ­tanıdan və onu digər xalqlardan fərqləndirən əsas  cəhətlərdən biri onun milli-mənəvi dəyərlər sisteminə malik olmasıdır. Bu baxımdan, ­qloballaşan dünyada milli adət-ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin daxili aləmini, milli dəyərlərini, mədəni simasını göstərir. Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi, ­adət-ənənəsi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verən ölkələrdəndir.  Xalqımızın özünəməxsus ­adət-ənənələri, yüksək mənəviyyatı, milli dəyərləri daim diqqət mərkəzində olub.

Ta qədimdən cəmiyyətin sosial nizamını qoruyub saxlayan, müxtəlif millətlərin üzləşdikləri problemlərin həllində açar rolunu oynayan milli-mənəvi dəyərlər hər bir xalqın qədimliyini əks etdirən ən qiymətli sərvətdir. Azərbaycanın qədim tarixə malik olduğunu təsdiqləyən əsas amillərdən biri də xalqımızın milli sərvəti hesab olunan tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Qədim tarixə malik  adət-ənənələrimiz, milli xüsusiyyətlərimiz bu gün də yaşayır, getdikcə daha da  zənginləşir. Təbii ki, xalqımızın  mədəni irsinin, əxlaqi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi,  özünəməxsusluğunu gələcək nəsillərə ötürmək  çox çətin, lakin şərəfli, məsuliyyətli missiyadır. Ulu öndər bu missiyanı şərəflə  yerinə yetirmişdir.

Hələ sərt sovet rejimi dövründə xalqımızın  zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərləri qoruyan ulu öndər  cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır. Heydər Əliyev xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq,  zəngin mədəni irsini yaşatmaq üçün mühüm  tədbirlər həyata keçirmişdir.  O dövrdə milli-mənəvi dəyərlərə ayrı-seçkilik tədricən aradan qaldırılmışdır. İqtisadiyyat və siyasətlə yanaşı, elmə, mədəniyyətə, maarifə və incəsənətə  qayğı göstərilməsi, ziyalılarla dostluq əlaqələrinin qurulması, onların əməyinin vaxtaşırı yüksək qiymətləndirilməsi ulu öndərin qarşıya qoyduğu əsas vəzifələrdən olub.

Həmin dövrdə nə qədər çətin olsa da, ulu öndər  milli-mənəvi dəyərlər sırasında ana dilinə, bu dilin qorununb saxlanılmasına, daha da zənginləşdirilməsinə xüsusi önəm vermişdir. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən Əsas Qanunda Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən xüsusi maddənin salınması həmin dövr üçün çox böyük cəsarət sayılırdı. Ulu öndər buna nail olmuş və həyatını riskə ataraq ana dilini dövlət dili kimi qəbul etdirmişdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin müstəqillik dövrünün ilk Konstitusiyasının qəbulu zamanı dilimizin adı ilə bağlı apardığı elmi və prinsipial müzakirələr təkcə alimlərimizin yox, bütün xalqın xatirində silinməz izlər buraxmışdı.

Ümummilli lider milli-mənəvi dəyərlərimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini, həyat durduqca yaşamasını  hər bir azərbaycanlının əsas vəzifəsi hesab edirdi: "Bizim hamımızın bir Vətəni var--bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır".

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra  da milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi  dövlət siyasətinin prioritetinə çevrilmişdir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli dəyərlərimizə istinad edərək, həyata keçirməyə başladı. Bütün bunları özünün əsas vəzifəsi hesab edən ümummilli ider Heydər Əliyev deyirdi: "Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir". Ulu öndər  bildirirdi ki, hər bir azərbaycanlı azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.

Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqncə davam etdirən Prezident İlham Əliyevin milli dəyərlərimizə, adət-ənənələrimizə yüksək dəyər verərək, Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə də tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək, bütün dünyaya çatdırılmasında xidmətləri misilsiz olmuşdur. Azərbaycançılığı, milli ideologiyanı,  mədəniyyəti, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın-- dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirən dövlətimizin başçısının xalqın milli dəyərlərinə münasibəti onun əməli fəaliyyətində də özünü açıq şəkildə büruzə verir.

Hər il Novruzda  dövlətimizin başçısının ailə üzvləri ilə birlikdə  xalqımızın yanında olması, bu  əziz bayramı əhali ilə bir yerdə keçirməsi milli-mənəvi dəyərlərimizə verilən layiqli qiymətdir. Ölkə rəhbəri Novruz bayramını xalqımızın milli sərvəti hesab etmişdir: "Novruz bizim əziz, sevimli bayramımızdır, milli sərvətimizdir. Xalqımız əsrlər boyu Novruzu əziz bayram kimi qeyd edir. Ancaq müstəqillik dövründə biz bu bayramı rəsmi bayram kimi qeyd etməyə başlamışıq... Bizim müstəqilliyimiz də milli dəyərlər, ənənələr üzərində qurulubdur. Müstəqilliyimizin möhkəmləndirilməsi üçün çox böyük işlər görülübdür. İyirmi beş ilə yaxındır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir".

 Novruz xalqımızın tarixi yaddaşından süzülüb gələn ənənələri yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan ən çox sevilən bayramdır. Milliliyimiz, adət-ənənəmiz, azərbaycançılığımız bu bayramda özünü daha qabarıq şəkildə büruzə verir. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində qoyulan qadağalar digər milli–mənəvi dəyərlərimiz kimi, Novruz bayramını da xalqımızın ­şüurundan silə bilmədi.

2010-cu ildə BMT-nin qərarı ilə martın 20-sinin Beynəlxalq Novruz Günü elan olunması Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunması və azərbaycançılıq ideologiyasının təbliği istiqamətində aparılan yorulmaz fəaliyyətinin nəticəsidir. Bu, dünyanın müxtəlif ölkələrində yaşayan  soydaşlarımızın milli--mənəvi yaddaşına beynəlxalq aləmin ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürüdür. Axı  Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir. Bu bayram insanlar arasında birlik və mehribançılığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və qayğı göstərməsi kimi sağlam təməllər yaradıb.

Hər bir xalqın milli –mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasına Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də var. Çünki məhz Heydər Əliyevin sayəsində ümummədəni hərəkatın tərkib hissəsi kimi, milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başlandı.

Artıq  Novruz ənənələri xalqımızın həyatına birdəfəlik daxil olub. Bu gün Prezident İlham Əliyev  mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlətimizin başçısının hər il xalqa ünvanladığı təbriklər də onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.  Dövlətimizin başçısının  konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli mədəniyyət və dövlətçilikdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.

Azərbaycançılıq ideologiyasına əsaslanan və milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən, adət-ənənələrimizin qorunmasını, gələcək nəsillərə ötürülməsini həyata keçirdiyi strategiyanın prioriteti hesab edən  Prezident İlham Əliyevin milli dəyərlərə diqqət və qayğısı xalq tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizdə məscidlərin, kilsələrin, sinaqoqların və digər ibadət evlərinin ardıcıl olaraq  əsaslı təmir edilərək və ya yenidən qurularaq insanların istifadəsinə verilməsi dövlət başçısının milli-mənəvi dəyərlərə verdiyi layiqli töhfədir. Ölkə rəhbəri bütün bunları yüksək qiymətləndirərək demişdir: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim sərvətimizdir, biz bunu qorumalıyıq, qoruyacağıq. Bir daha demək istəyirəm ki, biz bir çox məsələlərlə bağlı dünyaya yol göstəririk. İnkişaf, müstəqillik, ləyaqət, prinsipial siyasət, xalqlararası münasibətlər, din-dövlət münasibətləri, energetika, nəqliyyat siyasəti--bugünkü Azərbaycanın reallıqları budur".

Əsrlər boyu olduğu kimi, bu gün də ölkəmizdəki müxtəlif xalqların və etnik azlıqların nümayəndələrinin əmin-amanlıq şəraitində yüksək hörmət və etimadla mənəvi-əxlaqi dəyərlərə söykənən mühitdə birgə yaşamaları, əməkdaşlıq etmələri ölkəmizdə milli dəyərlərin qorunmasına göstərilən qayğının təzahürüdür. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan tarixən tolerantlığın hökm sürdüyü, müxtəlif dinlərin və millətlərin birgə yaşadığı, sülh və qardaşlıq şəraitində xalqımızın ümumi mənafeyi naminə birgə çalışdığı müstəqil dövlətdir.

Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq bəyan edir ki, çoxmillətlilik, çoxmədəniyyətlilik, çoxkonfessiyalılıq bizim sərvətimizdir. Çünki məhz bu dəyərlər, bu üstün keyfiyyətlər, çox qədim və möhkəm əsaslara söykənən multikulturalizm mühiti, ölkəmizdəki sülh və sabitlik Azərbaycanın bütün istiqamətlərdə inkişafının əsasında dayanır. Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. Azərbaycan məhz milli-mənəvi dəyərlər fonunda qurulan dövlətçilik sistemi ilə var olub və bundan sonra da olacaq.  Milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunmasından və gələcək nəsillərə ötürülməsindən söhbət düşəndə Heydər Əliyev Fondunun və fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədəki əməyini qeyd etməmək mümkün deyil. Çünki birinci xanımın bu sahədəki fəaliyyəti  olduqca yüksəkdir. Fondun milli-mənəvi dəyərlərin unudulmaması, dünyada   tanıdılması istiqamətində  atdığı addımlar, gördüyü işlər təqdirəlayiqdir. Bu, bir faktdır ki, Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi hazırda xalqımızın qürur  mənbəyi və dünya mədəniyyətinə töhfəsidir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun milli-mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz nümunəsidir.  Heydər Əliyev Fondu yarandığı vaxtdan başlayaraq, xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşmış, milli mədəniyyətimizin dünya miqyasına çıxmasında və tanıdılmasında  fəal iştirak etmişdir. Həmin xeyirxah missiya bu gün də yüksək səviyyədə ­davam etdirilir.

Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Bu istiqamətdə dövlətimizin başçısının həyata keçirdiyi strategiya ölkəmizin dünya miqyasındakı reytinqini getdikcə artırır. Xalqımız bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görür.

Əliqismət BƏDƏLOV,
 "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında