Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək, insanları incitməməkdir. Əksinə, insanlara qayğı, diqqət göstərməlidirlər və problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün dünyada qlobal maliyyə böhranının və xoşagəlməz siyasi proseslərin qarşıdurmaların, etiraz aksiyalarının baş alıb getdiyi bir zamanda, Azərbaycanda iqtisadi inkişafın, sosial tərəqqinin, əmin-amanlığın dayanıqlı olması, öz axarı ilə davam etməsi, eyni zamanda, insanların həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin priortetinə çevrilir. Təbii ki, bunun əsas səbəblərindən biri düzgün müəyyənləşdirilmiş siyasi strategiyadırsa, digər təməl prinsiplərindən biri də cəmiyyətimizdə vətəndaş-məmur münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsidir. Ölkənin inkişafında, beynəlxalq aləmə sürətli inteqrasiyasında, iqtisadi qüdrətinin yüksəlməsində bu amilin mühüm əhəmiyyət kəsb etməsi göz önündədir. Məhz bu amilə görə, iqtisadiyyatımıza böyük həcmdə investisiyalar qoyulur və onun şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır.
Bu da Azərbaycanı təkcə regionda deyil, həm də dünya miqyasında seçilən ölkələrdən birinə çevirmişdir və dünya birliyindəki tərəfdaşlarımızın sayını getdikcə artırır. Son illər siyasi, iqtsadi və mədəni sahələrdə əldə etdiyimiz uğurlar da təsdiqləyir ki, bu gün müstəqil Azərbaycan özünün inkişaf dövrünü yaşayır. Ölkəmizdə sürətli inkişaf prosesinin, düşünülmüş müstəqil siyasətin aparılması, dünyada nadir Azərbaycan inkişaf modelinin yaradılması dövlət başçısının həyata keçirdiyi strategiyanın məntiqi nəticəsidir. Ölkədə bütün azadlıqların təmin edilməsi, demokratiyanın sürətli inkişafı və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir. Bunu faktlar da təsdiqləyir. Son 13 ildə ölkəmizdə 1 milyon 600 minə yaxın yeni iş yeri yaradılıb. Bunun 1 milyonu daimidir. Həyata keçirilən tədbirlər sayəsində hazırda yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 565 dollar, orta pensiya 221 dollardır. Dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına təkan vermək məqsədilə mühüm təşəbbüslər göstərilmiş, əhəmiyyətli sənədlər imzalanmışdır. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmış, sahibkarlıq fəaliyyəti üçün lisenziyaların sayı əhəmiyyətli dərəcədə azaldılmış, lisenziyaların müddətsiz verilməsi müəyyən edilmiş və onların verilməsi prosedurları sadələşdirilmişdir. Artıq lisenziyalar yalnız bir dövlət orqanı – İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində şəffaflıq şəraitində verilir.
Rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün lisenziyalara görə rüsumların məbləği 50 faiz azaldılıb. Son 13 il ərzində sahibkarlara güzəştli şərtlərlə
1 milyard 800 milyon manat
kredit verilib. Kreditlərin verilməsi yenə də davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının həyata keçirildiyi son 13 ildə 2900 məktəb, 560 tibb ocağı tikilmiş və təmir olunmuş, regionlarda 41 Olimpiya-İdman Kompleksi, o cümlədən 30 Gənclər Mərkəzi yaradılmışdır. Doğma ata-baba torpaqlarından didərgin salınmış soydaşlarımız üçün hər cür infrastruktura malik 84 qəsəbə salınmış, fərdi yaşayış evləri tikilmiş, 210 min məcburi köçkün yeni evlərə köçürülmüşdür. Bu məqsədlər üçün 2,6 milyard dollar vəsait xərclənmişdir.
Göründüyü kimi, insanların həyat səviyyəsinin yüksəldilməsi həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Bu da xalqın gələcəyə olan inamını daha da artırır və Prezidentin ətrafında daha sıx birləşməyə zəmin yaradır. Məhz bunun nəticəsidir ki, bu gün Prezident-xalq birliyi sarsılmaz olub.
Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının tapşırıqları əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələri ilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları da məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir. Bir vaxtlar regionlardan paytaxta – müxtəlif dövlət məmurlarının qəbullarına üz tutan vətəndaşlar qarşılaşdıqları problemlərin aradan qaldırılması ilə əlaqədar həm vaxt itirir, həm əziyyət çəkir, həm də müəyyən qədər xərc sərf etməli olurdular. Dövlət başçısının tapşırığına əsasən bütün bunlara son qoyuldu. Son illər nazirlərin və komitə sədrlərinin vətəndaşları regionlarda qəbul etmələri, onları diqqətlə dinləmələri və qarşılaşdıqları problemləri yerindəcə həll etmələri, həm ölkə əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Vətəndaş-məmur münasibətlərinin xoş-əhval ruhiyyədə davam etdirilməsi, dövlət məmurlarının öz qəbullarını regionlarda keçirmələri dövlətimizin başçısının "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" – vədinin reallığa çevrildiyini sübut edir.
Azərbaycanın tərəqqisi, beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsi və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Artıq dünya birliyində də Azərbaycanın bu gün nadir inkişaf dövrünü yaşadığı etiraf olunur. Dövlətimizin başçısı da bu amilləri dəyərləndirərkən, xalqla iqtidarın birliyini xüsusi qeyd etmişdir: "Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir".
Dövlətimizin başçısı bildirmişdir ki, bu gün atılan bütün addımlar Azərbaycanın inkişafına, xalqın sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir: "Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır".
Azərbaycanın bu sahədə də nümunəvi ölkə olması üçün bir-birinin ardınca əhəmiyyətli tədbirlər keçirilir, zəruri addımlar atılır və qanunvericilik bazası daha da möhkəmləndirilir. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Vəzifəli şəxslərin yekəxanalıq etməsinin, bəzi hallarda özlərini çox təkəbbürlü aparmalarının qarşısını almaq və məmur-vətəndaş münasibətlərinin tənzimlənməsi üçün 2007-ci ilin mayında "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında " Qanun qəbul olunmuşdur. Qanunda birmənalı olaraq qeyd olunur ki, dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməli, dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməli, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməli, hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
Qanunda, həmçinin qeyd olunur ki, dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. Bununla yanaşı, dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.
Dövlətimizin başçısının həyata keçirdiyi strategiyanın əsasını insanlara diqqət və qayğı, qarşıya çıxan problemin dərhal aradan qaldırılması, yeni iş yerlərinin yaradılması təşkil edir. "Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur" – deyən Azərbaycan Prezidenti bildirib ki, yerlərdə icra orqanları, əsasən, iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: "Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. Onların statusu insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək, insanları incitməməkdir. Əksinə, insanlara qayğı, diqqət göstərməlidirlər və problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq".
Ölkə başçısı qeyd edib ki, dövlətin yürütdüyü siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Bu, bizim siyasətimizin əsasını təşkil edir: "Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Bütün gördüyümüz işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət yaradaq, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin... İş yerlərinin yaradılması ilə məşğul olmalıyıq. Əlbəttə biz fəxr edirik ki, qısa müddət ərzində bir milyon daimi iş yeri açılıb. Ancaq əhali də artır. Ona görə hansı sahələrdə iş yerləri yaradılmalıdır, bu barədə düşünməliyik. Bizim əmək resurslarımız kifayət qədər böyükdür. Həmişə belə olub. Sovet dövründə də belə olub, bu gün də belədir".
Son illər dünyada baş verən müxtəlif hadisələr, gərginliyin getdikcə artması, Yaxın Şərqdə, Avropada qanlı toqquşmların baş verməsi və miqrant axınının beynəlxalq aləmi bürüməsi, siyasi böhranın artması, maliyyə və iqtisadi böhranın yeni mərhələyə qədəm qoyması Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni həyatına ciddi təsir etməyib və edə də bilməz. Çünki əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qurulmuş strategiyanın bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi ölkəmizdə bütün sahələr üzrə zəngin resurslar yaradıb. Sözsüz ki, bunların sırasına iqtidar-xalq birliyi də əlavə olunmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları özlərini təvazökar aparmalı, xalqla bir yerdə olmalıdırlar.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.