Prezident İlham Əliyev: Xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib

 

 

 

 

 

 

 

 

 

 

 


Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyanın 2003-cü ildən yeni keyfiyyətlə davam etdirilməsi ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da sürətləndirdi. Azərbaycan getdikcə dünyada ən sürətli templərlə inkişaf edən ölkələrdən birinə çevrildi. Bu inkişaf artıq bütün mötəbər beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir və dünya birliyində də etiraf olunur. Böhranlı illərdə sosial-siyasi, mədəni və digər sahələrdə qazanılan uğurlar ölkəmizdə dayanıqlı inkişafın uğurla təmin edilməsindən xəbər verir. Ötən illərə nəzər saldıqda bir daha aydın olur ki, respublikamız xarici siyasət sahəsində də yüksək zirvələri fəth edə bilmişdir. Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin yaratdığı yeni modellər qüdrətli ölkələr üçün də örnək olmuşdur. Bütün bunların bir səbəbi düzgün müəyyənləşdirilmiş siyasi strategiyadırsa, digər səbəbi də ölkədə iqtidarla xalqın sıx vəhdətinin, insanların Prezidentə böyük ­inamının, etimadının nəticəsidir.

2003-cü ildə keçirilən prezident seçkilərində prezidentliyə namizədlərdən biri İlham Əliyev seçicilərlə keçirdiyi ilk görüşdə demişdir ki, əgər mənə etimad göstərib prezident seçərsinizsə, bütün çadır şəhərcikləri ləğv ediləcək və əvəzində ən müasir infrastruktura malik hər cür şəraiti olan rahat mənzillər tikiləcək. Bundan əlavə, 600 min yeni iş yeri yaradılacaq: "Qaçqın və məcburi köçkün soydaşlarımızın problemləri bizim üçün həmişə gündəlikdə bir nömrəli problemdir... Bizim qarşımızda duran ən vacib, ən önəmli məsələ Azərbaycan torpaqlarının işğalçı qüvvələrdən təmizlənməsi, soydaşlarımızın, qaçqın-köçkün bacı- qardaşlarımızın öz doğma torpaqlarına qayıtmasıdır. Bizim qarşımızda duran bundan başqa, bundan daha önəmli vəzifə yoxdur. Çünki bütün başqa məsələlər öz həllini tapır və tapacaqdır”.

Xalq prezidentliyə namizədlər arasında ən layiqlisinə səs verdi. Bunun bir səbəbi də Heydər Əliyev siyasi kursunun yalnız cənab İlham Əliyev tərəfindən layiqincə davam etdiriləcəyinə olan inamdan irəli gəlmişdi. Bununla yanaşı, ulu öndərin müdrik kəlamları da xalqın gələcəyə olan inamının möhkəm təməllər üzərində qurulmasına böyük zəmin yaratmışdı. Müdrik şəxsiyyət canından da çox sevdiyi doğma Azərbaycanı, onun gələcəyini əminliklə İlham Əliyevə etibar edərək demişdi: "O, yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Prezident seçkilərindən cəmi bir il sonra--2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul olunanda artıq bəlli oldu ki, ölkədə əsaslı yenidənqurmaya, yeni istehsal və sənaye müəssisələrinin yaradılmasına, bir vaxtlar nəzarətsiz qalmış zavod və fabriklərin müasir tələblər səviyyəsində bərpasına start veridi. Köklü və keyfiyyətli dəyişikliklər, həyata keçirilən islahatlar ölkədə yeni iş yerlərinin yaradılması üçün əlverişli zəmin yaratdı. Prezident İlham Əliyevin seçki öncəsi 600 min iş yerinin yaradılması barədə verdiyi vəd özünü artıqlaması ilə doğrultdu. Çünki ondan daha çox iş yeri yaradıldı. Halbuki, o vaxt böyük maliyyə resursları yox idi, valyuta ehtiyatları çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və hələ neftdən yüksək gəlirlər əldə edilmirdi. Buna baxmayaraq, düşünülmüş strategiya və xalqın inamı, eyni zamanda, dəstəyi nəticəsində birinci proqram uğurla başa çatdırıldı. Bu nailiyyət xalqın dövlət başçısına olan inamını daha da artırdı. Bundan sonra ikinci dövlət proqramı qəbul ediləndə artıq ölkədə vəziyyət əsaslı surətdə dəyişmişdi və bütün sahələrdə aparılan yenidənqurma və abadlıq işləri ölkəmizin dinamik inkişafına zəmin yaradırdı.

Ölkədə yaradılan valyuta ehtiyatı, sürətli iqtisadi inkişaf iri infrastruktur layihələrinin reallaşdırılmasında qarşıya çıxan problemləri asanlıqla aradan qaldırırdı. "Bizim keçdiyimiz yol inkişafda olan, yaxud da ki, çətinliklər içində yaşayan bəzi ölkələr üçün bir işıq yoludur"--deyən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə də reytinqinin getdikcə yüksəldiyini, bir sıra məsələlərin həllində ölkəmizlə hesablaşıldığını diqqətə çatdırmışdır: "Qlobal problemlərin həlli ilə məşğul olan ölkəmizin mövqeyi, qazandığı nüfuz qüdrətli ölkələr üçün belə örnəkdir. Dünya xəritəsində ikinci belə ölkə tapılmaz ki, qısa müddətdə ÜDM üç dəfə yüksəlsin, Azərbaycan qədər nailiyyətlər əldə edə bilsin".

Aparılan islahatlar, həyata keçirilən çoxsaylı dövlət proqramlarının icrası ilə Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik 5,2 faizə düşmüşdür. Respublikamızın sürətli inkişafı, iqtisadi qüdrətinin artması, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi təsir etmiş və nəzərdə tutulan layihələrin reallaşdırılmasında real əksini tapmışdır. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır. Bütün bunlar "Prezident-xalq" vəhdətini sarsılmaz səviyyəyə yüksəltmişdir. Bunu müxtəlif təşkilatların apardıqları rəy sorğularının nəticələri də təsdiqləyir. Həmin rəy sorğuları Azərbaycan əhalisinin böyük əksəriyyətinin Prezident İlham Əliyevə tam etibar etdiyini təsdiqləyir. Bunu faktlar da təsdiqləyir. Məsələn, "Rəy" Monitorinq Mərkəzinin keçirdiyi sorğuda aprel ayında paytaxt əhalisinin böyük əksəriyyəti-- 92,8 faizi öz səsini Prezident İlham Əliyevə verdiyini deyib. Rəyi soruşulanların 97 faizi Prezident İlham Əliyevə tam etibar etdiyini, 89 faizə yaxını isə dövlət başçısının onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib. Sorğu, həmçinin müəyyən edib ki, respondentlərin 78,8 faizi prezident postunda İlham Əliyevə alternativ görmür.

Rəyi soruşulanların əksəriyyəti Prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 faiz bu siyasəti "çox yaxşı" və ya "əsasən, yaxşı" qiymətləndirmişdir. Son illər həm yerli, həm də xarici kütləvi informasiya vasitələrinin, habelə QHT-lərin keçirdikləri rəy sorğularında da xalqın dövlət başçısına inandığının və etibar etdiyinin şahidi oluruq. Rəyi soruşulanların böyük əksəriyyəti Azərbaycan
Prezidenti İlham Əliyevə etimad göstərdiklərini yekdilliklə bəyan etmişdir. ABŞ-ın müstəqil qeyri-hökumət təşkilatı "Arthur J. Finkelstein & Associates" (AJF) tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri də bunu təsdiqlədi. Sorğuda iştirak edən respondentlərin 96,8 faizi Azərbaycan Prezidentinə etibar etdiyini bildirmişdir. Respondentlər dövlətimizin başçısının fəaliyyətini "əla", yaxud "yaxşı" qiymətləndirmişlər. 96,3 faiz respondent ölkə rəhbərliyinin Azərbaycanı erməni təcavüzkarlarından qoruduğu qənaətinə gəlmişdir.

Rəyi soruşulanların çoxu hökumətin iqtisadi islahatlarını dəstəkləmiş, ölkədə sosial sabitlik yaradıldığına görə Prezidentin və hökumətin apardığı ümumi xarici siyasətə dəstək nümayiş etdirmişdir. Azərbaycan vətəndaşlarının əksəriyyəti bildirib ki, hökumət korrupsiya ilə mübarizədə tədbirlər görülməsi sahəsində əla, yaxud yaxşı işləyib.

Bu yaxınlarda "The Business Year" şirkətinin sorğusunda Azərbaycan Prezidenti
İlham Əliyevin "Dünyada ilin adamı" seçilməsi ölkəmizdə iqtidar-xalq vəhdətinin və Azərbaycanın dünya birliyində getdikcə yüksələn reytinqinin göstəricisidir. Bir daha təsdiqlənmişdir ki, Azərbaycan böyük beynəlxalq tədbirləri nümunəvi təşkil etmək, onların yeni standartlarını müəyyənləşdirmək bacarığını bütün dünyaya təqdim edir.

"The Business Year" şirkətinin beynəlxalq aləmdə əlaqələrinin çox geniş olması hər bir siyasi xadimə, ziyalıya məlumdur. "The Business Year" dünyanın müxtəlif bölgələrinin sosial-iqtisadi proseslərini izləyir, ətraflı təhlillər aparır, konkret yekun rəyini açıqlayır və bunu bütün dünyaya yayır. 2011- ci ildən Azərbaycanla əməkdaşlıq edən "The Business Year" ötən il Azərbaycanda bütün sahələr üzrə həyata keçirilən işləri diqqətlə izlənilmiş və dünya azərbaycanlılarının ölkələri ilə qürur duyduğu qərara gəlinmişdir.

Xalqın ölkə başçısına olan inamının getdikcə artmasını səciyyələndirən amillərdən biri də, təbii ki, respublikamızda iqtisadi inkişafın təməl prinsiplərinə zəmin yaradan cəmiyyətimizdə ictimai, siyasi vəziyyətin sabitliyin davamlı olmasıdır. Məhz bu amilə görə, iqtisadiyyatımıza böyük həcmdə investisiyalar qoyulur və onun şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Bunun sayəsində artıq ölkəmiz nəinki regionda, dünya miqyasında da sayılıb-seçilən ölkələrdən birinə çevrilmişdir.

Əhalinin sosial vəziyyətinin daim yüksəldilməsi, bu sahənin dövlət siyasətinin prioritetinə çevrilməsi istiqamətində önəmli addımlar atılması, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin mütəmadi olaraq artırılması insanların gələcəyə olan inamını daha da artırır. Əksər inkişaf etmiş ölkələr qlobal və maliyyə böhranının burulğanında çapaladıqları bir vaxtda ölkəmizdə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qətiyyətli addımların atılması diqqətdən yayınmır. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycanda reallaşdırılan siyasi, iqtisadi islahatlar, yeridilən müstəqil siyasət, bütün dünyada yüksək qiymətləndirilən dinlərarası dialoq, ən ali səviyyəli milli - dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər hamının gözü qabağındadır.

Bütün bunlar Azərbaycanın reallıqlarıdır və bunun nəticəsində hazırda dünyada Azərbaycan modeli nümunə kimi təqdim edilir. Azərbaycan dövlətinin çoxsaylı uğurlara imza atmasının və reytinqinin getdikcə yüksəlməsinin bir səbəbi Prezident-xalq vəhdətinin sarsılmaz olmasıdırsa, digər səbəbi isə ölkənin dəqiq hesablanmış və elmi şəkildə əsaslandırılmış siyasi kursla idarə edilməsidir. Dövlət başçısı bu uğurların əsası kimi, ölkədə məmur-vətəndaş münasibətlərinin yaxşı olmasını daim diqqət mərkəzində saxlayır. Bu məsələyə xüsusi önəm verən Prezident bəyan edib ki, ölkəmizin uğurlu inkişafının əsasında vətəndaş-məmur münasibətləri dayanır: "Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq".

Prezident İlham Əliyev qətiyyətlə bildirib ki, məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmaqla yanaşı, həmçinin onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir: "Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük... Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir. Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir".

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında