Azərbaycan ilə Rusiyanın səmərəli qarşılıqlı əməkdaşlığı regionda ciddi sabitlik amilidir

 

Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri həmişə beynəlxalq birlik tərəfindən böyük maraqla izlənilib. Hər şeydən əvvəl, ona görə ki, bu iki dövlətin dostluq və əməkdaşlığının  qədim tarixi vardır.

Artıq dünya birliyində də etiraf olunur ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, qüdrətli iqtisadiyyata malik, enerji resurslarına görə dünyada sayılıb-seçilən ölkələrdəndir. Təsadüfi deyildir ki, hazırda qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsində və  Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu yüksək dəyərləndirilir. Avroatlantik məkana inteqrasiyanın, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, həmçinin neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi ölkəmizin nüfuzunu daha da artırmışdır.

Rusiyaya gəlincə isə, bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri, digər tərəfdən  BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, dünyada söz sahibi olması hamıya bəllidir. Ona görə də hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri böyük maraqla izlənilir. Rusiya Prezidenti Vladimir Putinin avqustun 8-də Azərbaycana səfəri bu baxımdan  beynəlxalq birliyin marağına səbəb olmuşdur. Bununla yanaşı, həmin vaxt Bakıda  Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşünün  keçirilməsi ölkəmizə olan ­marağı daha da artırmışdır.

Qeyd etdiyimiz kimi, Azərbaycan-Rusiya dostluq münasibətləri həmişə yüksələn xətt üzrə inkişaf edib. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra  1992-ci il  aprelin 4-də imzalanmış müvafiq protokol əsasında Rusiya Federasiyası ilə diplomatik münasibətlər qurulmuşdur. Həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri öz fəaliyyətinə başlamışdır. Lakin AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirdikdən sonra ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda qətiyyətli addımlar atılmamış, qonşu dövlətlərlə, o cümlədən Rusiya kimi qüdrətli bir ölkə ilə diplomatik münasibətlər tamamilə pozulmuş, əməkdaşlıq  xeyli zəifləmişdi. Yalnız Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən sonra Rusiya ilə dostluq və əməkdaşlıq münasibətləri bərpa olunmuşdur. Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmləndirilməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur. Ulu öndər qısa müddət ərzində  özündən əvvəlki iqtidarın səriştəsizliyi ucbatından Rusiya ilə Azərbaycan arasında yaranan gərginliyi aradan qaldırmağa nail olmuşdur. Heydər Əliyevin müdrikliyi nəticəsində Rusiyanın Azərbaycana kəskin münasibəti dəyişərək, əlaqələrin bərabərhüquqluluq prinsipləri əsasında qurulmasına üstünlük  verilmişdir.

Rusiyanın Azərbaycanla bağlı mövqeyində dəyişikliyin yaranması Xəzərin statusu məsələsində  də özünü göstərmişdir.

Vladimir Putinin Rusiya Federasiyasına rəhbərliyindən sonra iki ölkə arasında  əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. 2001-ci ilin əvvəllərində Rusiyanın dövlət başçısının müstəqil Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində dövlətlərarası və hökumətlərarası müqavilə və sazişlərin imzalanması iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Bir il sonra isə Heydər Əliyevin  Rusiyaya dövlət səfəri zamanı ölkələr arasında hələ həllini tapmamış digər zəruri məsələlər barəsində də razılıq əldə olunmuşdur.

Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 10 illiyi münasibətilə Bakıda Aleksandr Puşkinə, Sankt-Peterburqda isə Nizami Gəncəviyə abidə ucaldılması iki ölkə arasında münasibətlərin getdikcə yaxşılaşmasından xəbər verirdi.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə qonşu dövlətlərlə, o cümlədən Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əlaqələr və mehriban qonşuluq münasibətləri Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. İki ölkənin rəsmi nümayəndələrinin qarşılıqlı səfərləri də təsdiqləyir ki, bu gün Azərbaycan-Rusiya əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir və hər iki dövlətin maraqlarına tam müvafiqdir.

Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ticari-iqtisadi, siyasi, mədəni və başqa sahələrdə sıx əməkdaşlıq edirlər. Hər iki dövlətin rəhbərlərinin birgə səyləri sayəsində  hazırda  Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olması dövlət nümayəndələri tərəfindən də etiraf olunur.

Azərbaycan-Rusiya əməkdaşlığının sarsılmaz olduğunu, bu dostluq münasibətlərinin  bütün sahələr üzrə daha sıx tellərlə bağlandığını vurğulayan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko demişdir ki, son illər Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib, ticarət-iqtisadi əməkdaşlığın dinamikası yüksəkdir. Strateji tərəfdaşlar olan Azərbaycan və Rusiya münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir və bu, iki ölkənin liderlərinin – Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində mümkün olub: “Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər  qarşılıqlı etimada söykənən konstruktiv münasibətlər xarakteri daşıyır. Prezidentlərin tez-tez görüşmələri, Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən Sammitində sanballı qərarların qəbul edilməsinə müvəffəq olmağımız, o cümlədən Rusiya ilə Azərbaycanın  səmərəli qarşılıqlı fəaliyyətinin nəticəsidir”.

Federasiya Şurasının sədri deyib ki, biz  münasibətlərimizi  bütövlükdə müsbət qiymətləndiririk. Rusiya ilə Azərbaycanın səmərəli qarşılıqlı fəaliyyəti  regionda ciddi sabitlik amilidir. Beynəlxalq və  regional  problemlərin çoxuna dair mövqeyimiz ya yaxındır, ya da üst-üstə düşür. Biz Birləşmiş Millətlər Təşkilatında da, digər beynəlxalq məkanlarda da, o cümlədən parlament xətti ilə də Azərbaycan ilə  çox fəal əməkdaşlıq edirik.

Hazırda Azərbaycanda təxminən 600-ə qədər Rusiya şirkəti işləyir. O cümlədən Azərbaycan şirkətləri də Rusiyada fəal iş aparırlar. Rusiya rəsmiləri də etiraf edirlər ki, bu hesaba Rusiya  kənd təsərrüfatı məhsulları satışının xeyli artırılmasına nail olub. Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır, daha dəqiq desək, 1,4 milyard dollara çatır. Buna baxmayaq, perspektiv üçün də əlverişli  layihələr nəzərdə tutulub. Bu layihələr  təkcə energetika sahəsinə yox--maşınqayırma, yüksək texnologiyalar sahələrinə də aiddir.  Xəzərdə, o cümlədən hərbi sahədə  də əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya həm ATƏT-in Minsk qrupunun həmsədr dövləti, həm də yüksək əməkdaşlıq münasibətləri olan qonşu dövlət kimi öz köməyini heç vaxt əsirgəməyib. Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bunu yüksək qiymətləndirmişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm”.

Rusiyanın dövlət rəsmiləri dəfələrlə bəyan ediblər ki, onların Dağlıq Qarabağ münaqişəsi məsələsində bir mövqeyi var – münaqişəni tezliklə həll etmək, özü də sülh yolu ilə. Bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Artıq dünya birliyinə də bəllidir ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Hələ  2008-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Moskva Bəyannaməsində  Rusiyanın mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşmüşdür. ATƏT-in Minsk qrupu və ekspertlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında  Moskva Bəyannaməsini pozitiv bir addım kimi dəyərləndirmişlər.

Rusiya ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr daim yüksək səviyyədə olmuşdur və bu gün də davam etdirilir. İki ölkə arasında siyasi, iqtisadi, humanitar, hərbi və hərbi-texniki sahələrdə də əməkdaşlıq inkişaf etdirilir. 2003-cü il fevralın 27-də Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq barədə Saziş, 2006-cı il dekabrın 4-də isə – ikitərəfli hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət nəticəsində əldə edilən və istifadə olunan hüquqların qarşılıqlı qorunması barədə hökumətlərarası Saziş imzalanmışdır. Son illərin statistik məlumatlarına görə, Rusiya-Azərbaycan əmtəə dövriyyəsi 12 faiz artaraq  maksimum səviyyəyə – 4 milyard ABŞ dollarına çatıb. Göstəricilərin dinamikası MDB ölkələri arasında ən yaxşılardan biri olub. 2009-cu ildən bəri qarşılıqlı ticarətin həcmi iki dəfədən çox artıb”.

Mübaliğəsiz demək olar ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir.  Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir. İki ölkə arasında ictimai-siyasi və humanitar münasibətlərin mühüm amillərindən biri də respublikada rus dilinin qorunub ­saxlanması və inkişafıdır. Bu gün Azərbaycanda 327 orta məktəb və 27 universitetdə tədris Azərbaycan və rus dillərində, 16 məktəbdə isə yalnız rus dilində aparılır.

Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri-Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Bir neçə ildir ki,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb. Bununla yanaşı, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır.  İki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyən belə faktlar istənilən qədərdir.

2010-cu ildə  təməli qoyulmuş Azərbaycan--Rusiya forumu iki ölkənin həyatında xüsusi yer tutmuş, özünün vacibliyini və səmərəliliyini sübut etmiş, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin yüksək səviyyədə davamlı olmasını nümayiş etdirmişdir.

Dövlət başçılarının, parlament və hökumət nümayəndələrinin  qarşılıqlı səfərləri, imzalanan sənədlər  bir daha təsdiqləyir ki, Azərbaycan – Rusiya tərəfdaşlığı ilbəil genişlənir və  iki ölkənin həyatının, demək olar ki, bütün sahələrini əhatə edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında