Bir-birini dəstəkləyən, bir-birinə inanan və bir-birinə güvənən liderlər Bakıya toplaşdılar

Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü region və dünya üçün xüsusi əhəmiyyət kəsb edir

 

 

 

 

 

 

 

 

 

 

 


 

Bu ilin fevral ayında mən İran İslam ­Respublikasında rəsmi səfərdə olarkən ­Prezident Ruhani ilə bu məsələni müzakirə etdim. Ondan çox müsbət cavab aldım.

Ondan sonra Prezident Putin ilə əlaqə saxladım. Onun da münasibəti çox müsbət olmuşdur. Daha sonra üç ölkənin xarici işlər nazirləri aprel ayında Bakıda görüşmüşlər və bu Zirvə görüşünün hazırlanması üçün çox fəal iş görmüşlər.

İlham ƏLİYEV
 Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 avqust, 2016-cı il

 


 

İran hesab edir ki, üç ölkənin eyni mövqeyə, qarşılıqlı etimada sahib olması müxtəlif sektorlarda, xüsusilə mədəni, iqtisadi sahələrdə potensialı üzə çıxarmağa imkan yaradacaq. Bu ölkələrin bir-birinə yardım etmələri regionda mövcud olan təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığa da töhfə verə bilər. Regionda üç ölkənin əməkdaşlığı sayəsində inkişafın mümkünlüyünə inanırıq. Bugünkü görüş bunu bir daha göstərir.

Həsən RUHANİ
İran İslam Respublikasının Prezidenti

Bakı, 8 avqust, 2016-cı il

 


 

Azərbaycan və İran Rusiya üçün ­mehriban qonşular və mühüm tərəfdaşlardır. Biz bir-birimizlə səmərəli əməkdaşlıq üzrə zəngin təcrübə toplamışıq. Sözsüz ki, bu gün biz münasibətlərimizdə yeni səhifə açırıq, üçtərəfli formatda qarşılıqlı fəaliyyətə start veririk. Bizim fikrimizcə, bu cür formata ehtiyac olması aşkardır. Üç ölkəni birləşdirən əsas amil geniş əhatəli regional və qlobal məsələlərə yanaşmanı əlaqələndirməyə hazır olmağımız, ticari-iqtisadi sahədə çoxplanlı praktiki əməkdaşlığı bundan sonra da genişləndirmək istəyimizdir.

Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti

Bakı, 8 avqust, 2016-cı il

 


 

Bu gün dünyanın müxtəlif ölkələrini təmsil edən görkəmli siyasətçilər və nüfuzlu beynəlxalq qurumların rəhbərləri səmimi şəkildə etiraf edirlər ki, Azərbaycanın qazandığı çoxsaylı uğurların təməlində Prezident İlham Əliyevin təşəbbüskarlığı və beynəlxalq aləmdə gedən proseslərə novatorcasına münasibət bildirməsi dayanır.

O da qeyd edilir ki, Azərbaycan Prezidentinin təşəbbüsləri təkcə öz ölkəsinin və dövlətinin deyil, ümumiyyətlə,  beynəlxalq aləmdə hamının maraq və mənafelərinə cavab verir. Tam əminik ki, Prezident İlham Əliyevin  təşəbbüsü ilə Azərbaycan, İran və Rusiya dövlət başçılarının avqustun 8-də Bakıda keçirilmiş üçtərəfli Zirvə görüşünün beynəlxalq aləmdəki əks-sədasından sonra bu qəbildən olan qiymətləndirmələri daha çox eşidəcəyik. Doğrudur, dövlət başçımız öz çıxış və nitqlərində dönə-dönə vurğulayıb ki, biz kiməsə nümunə göstərilmək və ya kiminsə yüksək qiymətləndirmələrinə nail olmaq üçün deyil, öz xalqlarımızın həyatının daha da yaxşılaşdırılması, dövlətlərimizin qüdrətinin artırılması üçün çalışırıq. Amma öz xalqlarımıza və dövlətlərimizə xidmət etməyimizlə yanaşı, beynəlxalq aləmdəki müttəfiq, tərəfdaş və dostlarımızın maraqlarının ödənilməsi üçün dəyərli addımlar atmağımız da günün reallığı, hamının gözü qarşısında olan faktlardır.

Haqqında söz açmaq istədiyimiz Zirvə görüşü barədə qeydlərimizi qələmə almazdan qabaq xatırladaq ki, avqustun 8-də Bakıda -- Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşündə  dövlət başçıları ilk üçtərəfli görüşünün əhəmiyyətini  vurğulayıblar.  Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmini qeyd edən prezidentlər belə təmasların gələcəkdə də davam etdirilməsi zərurətini dilə gətiriblər. Elə həmin gün Heydər Əliyev Mərkəzində Azərbaycan, İran  və Rusiya prezidentlərinin  üçtərəfli Zirvə görüşü keçirilib.  Zirvə tədbirinin ev sahibi kimi ilk çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər. Azərbaycan İran ilə İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı  çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir. Sadaladığım təşkilatlarda üç ölkə daim bir-birini dəstəkləyir.

Dövlət başçımız xüsusilə vurğulamışdır ki, Azərbaycan İrana və Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların əleyhinə olmuşdur və öz mövqeyini dəfələrlə açıq şəkildə bildirmişdir. Azərbaycan müstəqil siyasət aparır. Bu siyasət beynəlxalq hüquq normalarına, ədalətə və ölkəmizin milli maraqlarına əsaslanır. Qonşularımızla yaxın əlaqələr milli maraqlarımıza tam cavab verir.  Xatırladaq ki, İran və Rusiya Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hörmətlə yanaşırlar. Hər iki ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll olunmasını dəfələrlə bəyan etmişdir.

Azərbaycan Prezidenti regionda söz sahibi olan  hər iki ölkənin dövlət başçılarının  diqqətinə çatdırıb ki, uzun illərdir  Azərbaycanın ərazi bütövlüyü pozulub, torpağımızın 20 faizi işğal altındadır. Bu işğaldan bir milyondan artıq azərbaycanlı əziyyət çəkir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması tələb olunur. Əfsuslar olsun ki, bu qətnamələr 20 ildən artıqdır ki, icra edilmir. Bu məqamda yada salaq ki, tərəflərin qəbul etdiyi Birgə Bəyannamədə həmin məsələdə açıq şəkildə qeyd edilib: “Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar”.

 

Təbii ki, bu üç ölkənin hamısını daim maraqlandıran məsələlərdən biri də Xəzərin statusudur. Həmin məsələyə toxunan Azərbaycan Prezidenti deyib: " Bizi birləşdirən Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi sülh və əməkdaşlıq dənizidir və belə də qalmalıdır. Xəzər dənizinin ekosisteminin qorunması bütün Xəzəryanı ölkələrin ümumi işidir. Azərbaycan bu istiqamətdə öz töhfəsini verir. Xəzər dənizində zəngin neft-qaz yataqları yerləşir. Xəzərin Azərbaycan sektorunda İran və Rusiya şirkətləri neft-qaz yataqlarının işlənməsində 20 ildir ki, iştirak edir, böyük sərmayə qoyur. Öz növbəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti -- SOCAR Xəzərin İran və Rusiya sektorlarında aparılan işlərdə iştirak etməkdə maraqlıdır".

Üçtərəfli formatın iqtisadi əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı imkanlar yaradacağından,  Azərbaycanda sərmayə qoyuluşu üçün münbit şəraitin olduğundan, elektroenergetika sektorunda əməkdaşlığın uğurla aparıldığından,  artıq Azərbaycanın elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildiyindən,  sərhəd mühafizəsi işində etibarlı əməkdaşlığın mövcud olduğundan danışan Prezident deyib:  "Azərbaycan tərəfinin təşəbbüsü ilə bu il İran, Rusiya, Azərbaycan sərhəd xidmətlərinin rəhbərləri Bakıda görüş keçirmişlər. Bu sahədə əməkdaşlığın dərinləşməsi, birgə təlimlər (o cümlədən Xəzər dənizində), birgə tədbirlər, operativ informasiya mübadiləsi ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək".

Zirvə görüşündə müzakirə edilən əsas məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi idi. Bu məsələ Azərbaycan Prezidenti tərəfindən xüsusi olaraq qabardılıb: "Azərbaycan dünyada yeganə ölkədir ki, həm İran, həm Rusiya ilə sərhədi var. Hazırda Rusiya ilə Azərbaycan arasında dəmir yolu əlaqəsi mövcuddur. Bu il biz qərar qəbul etmişik ki, yaxın gələcəkdə Azərbaycan İran sərhədinə qədər öz dəmir yolunu uzatsın. Ümid edirəm ki, biz yaxın aylarda buna nail olacağıq. Eyni zamanda, bu yaxınlarda Azərbaycan-İran sərhədində Astaraçay üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Bu infrastruktur layihələri "Şimal-Cənub" nəqliyyat dəhlizinin ayrılmaz tərkib hissəsidir. "Şimal-Cənub" nəqliyyat dəhlizi strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bir çox ölkələr bu dəhlizdən istifadə edəcəklər. Bu dəhlizin çox böyük iqtisadi səmərəsi vardır. Tranzit yüklərin daşınması üçün vaxt baxımından da bu yol çox əlverişlidir. Ümid edirəm ki, birgə səylərlə bu layihənin icrasına tezliklə nail olacağıq".

Yeni üçtərəfli əməkdaşlıq formatının  böyük potensiala malik olduğunu, bu, çox önəmli, yeni geosiyasi təşəbbüsün regionda sülhün, təhlükəsizliyin, sabitliyin təmin olunmasına xidmət edəcəyini deyən dövlət başçımız əminlik ifadə edib ki, bu addımın çox müsbət nəticələri olacaq: "Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə, hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik". 

Azərbaycan tərəfinin hələ bu ilin əvvəlində irəli sürdüyü üçtərəfli Zirvə görüşü təşəbbüsünə  Tehranın dərhal razılıq verməsini  səmimi  şəkildə əsaslandıran İran Prezidenti  deyib: "İran İslam Respublikasının xarici siyasətinin prinsiplərinə əsasən qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi əsas götürülür. Ona görə də İran hər hansı bir təşəbbüsə, razılaşmalara, anlaşmalara tərəfdardır. İran, Azərbaycan və Rusiya arasında olan üçtərəfli görüş fikir mübadiləsinə, ortaq mənafelərin yaranmasına imkan verir. İran İslam Respublikası bu ideyanı yüksək dəyərləndirir. Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir".

 İran Prezidenti xatırladıb ki, bu qəbildən olan görüşlərin keçirilməsinə, müzakirələrin aparılmasına  əsaslı  bir tələb vardır: "Müxtəlif tarixi, mədəni, dini və sosial sahələrdə ortaq dəyərlər, habelə mövcud potensiallardan zamanında yararlanmaq üçtərəfli əlaqələrin genişlənməsi üçün fürsətlər yaradır. Müxtəlif potensiallardan istifadə, enerji məsələləri, habelə geosiyasi, coğrafi mövqe üç qonşu ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından böyük bir fürsətdir. Digər tərəfdən, terrorizm, ekstremizm, ekoloji sahədə müxtəlif problemlərin yaranması, mütəşəkkil cinayətkarlıq və digər problemlərlə mübarizə hər üç ölkənin anlaşmaya nail olmasını tələb edir".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Üçtərəfli əməkdaşlığın əsas istiqamətləri bizim bugünkü Zirvə toplantısının yekunlarına əsasən qəbul edəcəyimiz Bəyannamədə göstərilib" - desə də, bəzi xüsusi məqamları vurğulamağı məqsədəuyğun sayır: "Rusiyanın nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edən bəzi məsələləri qeyd etmək istərdim. Məsələn, beynəlxalq terror təşkilatlarının fəaliyyəti barədə informasiya mübadiləsinin fəallaşdırılmasını məqsədəuyğun hesab edirik. Bu, ölkələrimizin ərazisindən silahlıların, silahların və narkotiklərin tranzitinin qarşısının daha səmərəli alınması üçün lazımdır. Ümid edirik ki, Xəzər problemlərinə dair üçtərəfli dialoq da Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzərində işin tezliklə tamamlanmasına şərait yaradacaq. Əminəm ki, konvensiyanın imzalanması və onun müddəalarının reallaşdırılması Xəzəryanı beş ölkənin hamısının mənafelərinə uyğundur".

Zirvə görüşünün əsas məsələlərindən biri adlandırdığımız nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığın perspektivi barədə cənab Putinin özünəməxsus ümidləri vardır:   "Energetika sahəsində, ilk növbədə, Xəzər regionunda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi layihələrinin reallaşdırılmasını prioritet hesab edirik. Biz hasil edilən xammalın daşınması üçün boru kəməri infrastrukturundan birgə istifadə edilməsinin qarşılıqlı faydalı sxemlərini də müzakirə etməyə hazırıq".  Birgə bəyannamənin imzalanmasından əvvəl yekun nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı bölgədə sabitləşdirici amildir: "Hesab edirəm ki, biz birgə səylərlə həm ölkələrimizi mümkün olan risklərdən qoruyacağıq, eyni zamanda, geniş mənada regionda əməkdaşlığı dərinləşdirəcəyik... Mən giriş sözümdə qeyd etdim ki, bizim əməkdaşlığımızın təməlində səmimi münasibətlərimiz, xoş niyyətimiz durur. Biz göstəririk və sübut edirik ki, bu mümkündür. Bəzən qonşular arasında problemlər, bəzən münaqişələr olur. Xoşbəxtlikdən bizim aramızdakı əlaqələr ancaq dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında qurulubdur. Biz bir-birimizi dəstəkləyirik, bir-birimizə inanırıq, bir-birimizə güvənirik.Biz həm bölgəyə, həm dünyaya çox gözəl əməkdaşlıq formatını nümayiş etdiririk". Adıçəkilən Bəyannamədə qeyd edilir ki, tərəflər terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətlidirlər. Onlar beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin çağırış və təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırırlar.

Zirvə görüşünə sədrlik edən Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən  Ruhaninin   növbəti üçtərəfli görüşün  İranda keçirilməsi təklifinə münasibət  bildirərək dedi: "Bu təklifə görə biz minnətdarıq və məmnuniyyətlə növbəti dəfə qardaş ölkədə yenidən görüşərik". Deməli, ikinci Zirvə görüşü də olacaq və Bakı görüşü  tarixə birinci üçtərəfli Zirvə görüşü kimi düşəcək. Sonda onu da qeyd edək ki, tərəflər qarşılıqlı maraq kəsb edən əməkdaşlıq sahələri üzrə müvafiq işçi qrupların yaradılması barədə qərara gəliblər.

İttifaq MİRZƏBƏYLİ, 
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında