Türkiyə Cümhuriyyətinin vətəndaşları Turqut Ərə və onu dəstəkləyən destruktiv qüvvələrə "həddinizi bilin" deyirlər
Dünyada elə bir xalq, millət və ya dövlət yoxdur ki, onun müqəddəs bildiyi dəyərlər, mövzular, tarixi şəxsiyyətlər, milli qəhrəmanlar, atributlar olmasın. Bu yüksək keyfiyyətlər Azərbaycan və ümumilikdə türk dünyası üçün də xarakterikdir. Qeyd etdiyimiz məsələlərdən birinə qarşı hər hansı yanlış bir davranış nəzərə çarpdıqda isə, necə deyərlər, yer-yerindən oynayır, ictimaiyyətin etiraz dalğası sərhədləri belə aşır, bütün dünyaya yayılır.
Türkiyəli sözdə yazar və keçmiş "diplomat" Turqut Ərin cəfəngiyyatlarla dolu kitabı da daim həmrəy olan, bir-birinin sevincinə, dərdinə şərik çıxan Türkiyə və Azərbaycan ictimaiyyəti arasında ciddi etirazla qarşılandı. Bu məsələyə münasibətini öyrəndiyimiz qardaş ölkənin vətəndaşlarını dinlədikcə bir daha anlayırsan ki, "Bir mllət, iki dövlət" olan Türkiyə və Azərbaycan arasındakı dostluğu və qardaşlığı pozmaq istəyən qara qüvvələr öz məqsədlərinə nail ola bilməyəcəklər. Əksinə, onların bu istiqamətdə atdıqları addımlar bizi daha da birləşdirəcək, daha da yaxınlaşdıracaq, Türkiyədə Azərbaycan, Azərbaycanda isə Türkiyə təəssübkeşliyini birə on qat artıracaq. Qardaş ölkənin İstanbul şəhərində fəaliyyət göstərən siyasətşünas Halil Kurumahmudun fikirləri də bunu təsdiq edir. Məsələnin aktuallığını nəzərə alaraq Halil bəyin dediklərini nöqtəsinə belə toxunmadan oxucularımıza təqdim edirik:
- Azərbaycan bizə dünyada ən yaxın olan ölkədir. Bunu görmək, anlamaq o qədər də çətin deyil. Bir faktı deyim: bu il bir neçə dəfə əlaqədar qurumlar Türkiyənin mərkəzi şəhərlərində və ucqar bölgələrində rəy sorğusu apardılar. Sorğunun əsas məqsədi ictimaiyyətin hansı ölkəyə daha çox maraq göstərdiyini və Türkiyənin siyasi-iqtisadi müttəfiqi kimi daha çox hansı ölkəyə üstünlük verdiklərini öyrənmək idi. Maraqlıdır ki, həm şəhərlərimizdə, həm də vilayətlərdə aparılan rəy sorğusunun nəticələrində bir ölkə bütün respondentlər tərəfindən, həm də xüsusi işarə ilə işarələnmişdi. Bu, Azərbaycan Cümhuriyyəti idi.
Buradan da belə nəticə çıxarmaq olar ki, Türkiyə ictimaiyyəti birmənalı şəkildə Azərbaycana böyük maraq göstərir, onu ölkəmizin əbədi və sədaqətli müttəfiqi hesab edir. Bu, həm də o deməkdir ki, Azərbaycan Türkiyənin, necə deyərlər, döyünən ürəyidir. Bəlkə də ona görə düşmənlərimiz və təxribatçılar öz çirkin məqsədlərini reallaşdırmaq üçün Azərbaycanla bağlı yalan xəbərlər yayır, reallıqla heç bir əlaqəsi olmayan məqalələr, kitablar yazırlar, əsassız iddialar irəli sürürlər. Bunu edərkən də əmindirlər ki, bu, ictimaiyyətin diqqətini cəlb edəcək. Ona görə də bəzən insanlar tərəfindən əhəmiyyət verilməyən, diqqətdən kənarda qalan səviyyəsiz şəxslər də Azərbaycan ilə bağlı məsələlərə toxunmaqla diqqətləri öz üzərlərinə çəkmək, necə deyərlər, bu yolla tanınmaq istəyirlər. Amma unudurlar ki, Türkiyə cəmiyyəti yaxşını pisdən ayırmağı bacarır. İnsanlarımız məsələlərə daha dolğun yanaşır, reallıqları daha düzgün qiymətləndirə bilirlər.
Bu baxımdan istənilən təxribatçı qüvvələrə qarşı ictimai rəy qısa zamanda formalaşır və həmin dağıdıcı, bölücü qüvvələr qınaq obyektinə çevrilirlər. Turqut Ər kimi insanların cızma-qarasını da bu qəbildən hesab etmək olar. Mən sizi əmin edirəm ki, Turqut Ər də, onun arxasında gizlənən qruplar da gec və ya tez ictimaiyyətin qəzəbinə tuş gələcəklər. Çünki onlar qərəzlidirlər, nəşr etdirdikləri kitab isə - təbii ki, buna kitab demək mümkündürsə - başdan-sonadək yalandan, qərəzli və subyektiv mülahizələrdən ibarətdir. Ümummilli liderimiz Heydər Əliyev haqqında şər, böhtan yazmaq nəinki Türkiyədə, dünyada da heç kəsin həddi deyil. Mən belələrinə "həddinizi bilin" deyirəm və əminəm ki, mənim kimi yüzlərlə, minlərlə, milyonlarla türk oğlu bu fikirlərimə şərikdir. Çünki mən onların Azərbaycana və Azərbaycan Cümhuriyyətinin qurucusu, memarı olan böyük türk oğlu, bütün türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevə sonsuz məhəbbət bəslədiyini çox yaxşı bilirəm. Bunu avantürist dairələr də bilməmiş deyil.
Türkiyədə Heydər Əliyevə böyük məhəbbət bəslənilməsinin bir səbəbi də onun soykökünə bağlı olması idi. Bu barədə tarixdə kifayət qədər faktlar var. Həmin faktlardan birinə Türkiyənin arxivlərində rastladım. Sənədlərə əsasən Heydər Əliyev Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olduğu illərdə Türkiyənin Xarici İşlər Nazirliyi Bolqarıstandakı türklərin işgəncələrdən xilas olması üçün Sovetlər Birliyinə müraciət ünvanlayır. Müraciətdə Sovetlər Birliyinin rəhbərliyindən xahiş olunur ki, öz nüfuzundan istifadə edərək türklərə qarşı yürütdüyü soyqırımı siyasətinə son qoyması üçün Bolqarıstan hakimiyyətinə təzyiq göstərsin. Müraciət Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun müzakirəsinə çıxarılır və rədd edilir. Bu zaman böyük türk oğlu Heydər Əliyev cəsarətlə büro üzvlərini qınayır və onlara belə bir sual verir: "Əgər bu müraciət türk milləti üçün deyil, slavyan əsilli bir millət üçün edilsəydi yenədəmi biganə qalacaqdınız?!". Təbii ki, başda Qarbaçov olmaqla bəzi büro üzvləri dərhal Heydər Əliyevi millətçi olmaqda günahlandırırlar. Onlar Türkiyənin o dövrdəki xarici işlər nazirinin Moskvaya səfəri zamanı Heydər Əliyevin naziri Azərbaycan dilində salamlamasını və onunla bu dildə danışmasını da irad tutmağa çalışırlar. Ancaq ümummilli liderimiz bütün bunlara əhəmiyyət vermir. Moskvanın Qazaxıstana rus əsilli Kolbini təyin edərkən də Heydər Əliyev etiraz edir və bildirir ki, Baş nazir Nursultan Nazarbayev kimi yetkin bir kadr ola-ola başqa bir şəxsi təyin etmək düzgün deyil. Bütün bunlara görə də həmin vaxtlar rus və erməni şovinistləri böyük türk oğluna qarşı tez-tez hücumlar edir, onu vəzifədən uzaqlaşdırmağa çalışırdılar. Çünki həmin vaxtlar Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün türk dünyasının himayəçisi qismində çıxış edir, hər bir türkəsilli insanın dərdini öz dərdi hesab edirdi. Təəssüf ki, bu gün qarbaçovları və erməniləri bir türk "diplomatı" adı altında Turqut Ər təmsil edir.
Türk dünyasının böyük oğlu Heydər Əliyev Azərbaycanı dəhşətli bəlalardan xilas edib. 1993-cü ildə qədim Gəncə şəhərində baş verən hadisələri televiziyalardan öyrəndikdə hər bir türk kimi mənim də qəlbim ağrıdı. Həmin vaxtlar qardaşı qardaşa düşmən etmək istəyən qüvvələr Heydər Əliyevin varlığını, onun siyasi gücünü və uzaqgörənliyini nəzərə almamışdılar. Azərbaycan xalqı isə ulu öndərimizin yüksək liderlik məharətini yaxşı bilirdi və ona görə də Naxçıvana üz tutaraq Heydər Əliyevi köməyə çağırdı. Amma böyük şəxsiyyət bunun yanlış anlaşılacağını bildiyi üçün Bakıya gəlmək istəmirdi. Belə olan halda həm xalq, həm də Azərbaycanın bütün siyasi dairələri təkid etdilər. Həmin günlərdə Türkiyənin demək olar ki, bütün siyasətşünasları da şərhlərində Heydər Əliyevin qardaş qırğınına son qoya biləcəyini deyirdilər. Və belə də oldu. Böyük türk oğlu yenidən hakimiyyətə gəldi, vətəndaş müharibəsinə son qoydu, Azərbaycanı bölmək, parçalamaq istəyən qüvvələri zərərsizləşdirdi və ölkədə dövlət quruculuğu, ordu quruculuğu prosesinə start verdi.
Məhz bütün bunlara görə, təkcə Türkiyə və Azərbaycan deyil, bütün dünya əbədi öndərimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olduğu həqiqətini birmənalı şəkildə qəbul edir. Bizim ölkədə isə Azərbaycanı və Azərbaycan türklərini sevən hər kəs böyük türk oğlunun tarixi xidmətlərini yüksək qiymətləndirir, onun ümumilikdə bütün türk dünyasının xilaskarı olduğunu bildirirlər. Məntiq də bunu deyir. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan parçalanacaqdı. Türkiyə Cənubi Qafqazda ən önəmli müttəfiqini əbədiyyətədək itirəcəkdi. Bu gün Azərbaycan kimi gündən-günə çiçəklənən, iqtisadi cəhətdən sürətlə inkişaf edən qüdrətli bir türk dövlətinin var olması Türkiyədə hər kəsi sevindirir. Biz yaxşı anlayırıq ki, əgər Heydər Əliyev və onun siyasətini uğurla davam etdirən sayın Cümhurbaşqanımız İlham Əliyev olmasaydı bu gün Ankara ilə Bakı arasındakı münasibətlər yüksək səviyyədə olmazdı. Ölkələrimiz arasında 100-dən çox müqavilə imzalanmaz, yüksək strateji tərəfdaşlıq barədə anlaşma əldə olunmazdı.
Türkiyədə hər kəs bu həqiqətləri həmişə dilə gətirir, əbədi öndərimiz Heydər Əliyevi hörmətlə yad edirlər. Təsadüfi deyil ki, bu gün Türkiyədə bir sıra xiyabanlar, parklar, məktəblər, böyük şəhərlərdəki mərkəzi prospektlər Heydər Əliyevin adını daşıyır, Türkiyənin bir sıra şəhərlərində türk dünyasının böyük oğlunun əzəmətli heykəli ucaldılır. Bütün bu reallıqları bilən və həmrəyliyimizi, dostluğumuzu, qardaşlığımızı gözü götürməyən qüvvələr isə Turqut Ər kimi insanlardan istifadə edirlər.
Bu gün Heydər Əliyev siyasətinin həm Azərbaycanda, həm də Türkiyədə davam etdirilməsi nəticəsində ölkələrimiz arasındakı münasibətlər tarixinin ən parlaq dövrünü yaşayır. Eyni dilə, eyni dinə, eyni kökə malik olmağımız əlaqələrimizi daha da möhkəmləndirir. Türkiyə və Azərbaycan arasında iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələrin hər iki dövlətin milli maraqları çərçivəsində daha da yüksək səviyyədə inkişaf etməsi, bəzi beynəlxalq dairələri narahat edir. Türkiyənin Ermənistan ilə sərhəd qapılarının açılması məsələsində işğal edilmiş torpaqların azad olunması və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli şərtini qətiyyətlə irəli sürməsi isə xarici güc mərkəzləri ilə yanaşı hər iki ölkədə mövcud olan destruktiv qüvvələri də ciddi narahat edir. Ona görə də həmin qüvvələr nə yolla olursa-olsun münasibətləri pozmaq üçün əllərindən gələni edirlər. Lakin görürlər ki, heç bir nəticə yoxdur, onda daha hiyləgər vasitələrə əl atır, hər iki ölkənin daxilindəki destruktiv qüvvələrin imkanlarından faydalanırlar. Turqut Ər adlı şəxsin ermənilərin tezislərindən ibarət kitabının işıq üzü görməsinin səbəbi də budur. Mən belə düşünürəm ki, həmin kitabdan seçmələrin "Azadlıq" qəzetində ardıcıl dərc edilməsi də iki ölkənin münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrin tapşırığı əsasında həyata keçirilir.
Turqut Ərin kitabındakı faktlara nəzər yetirəndə ilk baxışda sərsəm sayıqlamaların tarixi həqiqətlərdən tamamən uzaq olduğu anlaşılır. Diqqətimi cəlb edən digər bir məqam isə, bu kitabda Azərbaycan - Türkiyə münasibətlərinin möhkəmlənməsində xidmətləri olmuş şəxslərin hədəf götürülməsi, onlar haqqında həqiqətlərə uyğun olmayan qərəzli məlumatların yazılmasıdır. Buradan da aydın olur ki, bu kitabı yazanın və ya yazdıranların və onu Azərbaycanda məlum qəzetdə dərc etdirənlərin məqsədi Türkiyə - Azərbaycan münasibətlərinin inkişafında xidmətləri olmuş insanları ləkələmək, onlar haqqında mənfi rəy yaratmaqdır. Bunu çox səviyyəsiz bir şəkildə həyata keçirirlər. Kitabın müəllifi keçmiş diplomat olsa da təsvir etdiyi hadisələri, verdiyi "şərhləri" və arayışları bəsit dünyagörüşündən, əyalət düşüncəsinə malik olduğundan xəbər verir.
Bu adam kitabı keçmiş diplomat adıyla, guya, hadisələrin şahidi kimi qələmə alıb. Əgər Turqut Ər layiqli diplomatımız olsaydı, kitabda Türkiyənin və Azərbaycanın böyük oğlu Heydər Əliyevin ümumilikdə türk dünyasının milli maraqlarının qorunması istiqamətində atdığı ardıcıl addımlardan da söz açardı. Hamımıza məlumdur ki, 1994-cü il sentyabrın 20-də qardaş Azərbaycan "Əsrin sazişi"ni imzaladıqdan sonra Bakı - Tbilisi - Ceyhan neft boru kəmərinin əleyhinə olan qüvvələr daha da fəallaşdılar. Xarici dövlətlər kəmərin Türkiyədən keçməməsi üçün usta siyasətçi olan Heydər Əliyevə təzyiq göstərirdilər. Lakin o, bütün təyziqlərə sinə gərdi və əfsanəni reallaşdırdı. Buna görə bizlər - Türkiyə və bütün türk dünyası ulu öndərimizə borcluyuq. Çünki bu gün həmin kəmərlə təkcə Azərbaycanın deyil, digər türk dövləti olan Qazaxıstanın da nefti nəql olunur. Bu, həm strateji, həm də iqtisadi baxımdan bütün tərəflər üçün sərfəlidir. Bir müddət sonra Azərbaycanın siyasi iradəsi nəticəsində daha bir nəhəng layihə, Bakı - Tbilisi -Ərzurum qaz boru kəməri reallaşdı. Bütün bunların nəticəsində Azərbaycan və Türkiyə enerji dəhlizinə çevrildi. Rəsmi Bakının Bakı - Tbilisi - Qars dəmir yolu layihəsinin gerçəkləşməsi istiqamətində gördüyü işləri də unutmaq ən azı siyasi savadsızlıqdır. Biz bilirik ki, dəmir yolu istifadəyə veriləndən sonra Azərbaycan və Türkiyə Şərq ilə Qərbin nəqliyyat dəhlizinə çevriləcək. Azərbaycanın siyasi iradəsi sayəsində strateji layihələrin Türkiyə üzərindən reallaşması bizim dünyadakı mövqelərimizi möhkəmləndirdi, iqtisadi inkişafımızı sürətləndirdi. Bunu görməyən insanı diplomat adlandırmaq olarmı?
Heydər Əliyev Türkiyə və Azərbaycan üçün "Biz bir millət, iki dövlətik" müdrik kəlamını söyləyən böyük siyasi xadimdir. Bu kəlamı isə o vaxt demişdi ki, həmin vaxtlar nə Türkiyə, nə Azərbaycan bu qədər güclü idi. Heydər Əliyev heç nədən çəkinməyən cəsarətli və qüdrətli siyasi xadim kimi gələcək nəsillərə yadigar qalacaq, onlara istiqamət verəcək hər bir sözü dedi, lazım olan addımları atdı. Bizim vəzifəmiz isə budur ki, onun yolu ilə addımlayaq, onun ideyalarını reallaşdıraq, onu qəlbimizdə daim yaşadaq. Bu, həm Türkiyə, həm də Azərbaycan türklərinin vəfa borcudur.{nl}
Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.