Avqustun 8-də Azərbaycan yenidən dünya mətbuatının diqqət mərkəzində olacaq. Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Bakıda azərbaycanlı həmkarları Prezident İlham Əliyev ilə görüşərək bir sıra vacib regional əhəmiyyətli məsələləri müzakirə edəcəklər.
Görüşlərdə istər siyasi, istərsə də iqtisadi aktuallıq kəsb edən məsələlərin həlli istiqamətində aparılacaq müzakirələrin və qəbul ediləcək qərarların Cənubi Qafqaz regionunun geoiqtisadi və geosiyasi atmosferinə müsbət təsir göstərəcəyi, eləcə də "Şimal - Cənub" nəqliyyat daşımalarının və iqtisadi işgüzarlığın fəallaşmasına təkan verəcəyi güman olunur. Ən əsası, üçtərəfli görüşlərin Bakıda aparılması Azərbaycanın Avrasiyanın vacib nəqliyyat-logistika qovşağına çevrilməsi fonunda mühüm əhəmiyyət kəsb etməklə yanaşı, ölkəmizin strateji xarakterli məsələlərin müzakirə platforması statusunu da möhkəmləndirəcək.
Hələ keçmiş SSRİ dövründə İranla Xəzər dənizinin statusuna dair imzalanmış müqaviləyə görə, Xəzərin cənubda bölgüsü Astara-Həsənqulu xətti üzrə müəyyənləşmişdi. SSRİ dağılandan sonra isə Xəzərin statusu məsələsi dənizyanı ölkələrin münasibətlərində çox mühüm və əhəmiyyətli yerlərdən birini tutur. Qeyd etmək yerinə düşər ki, ilk vaxtlardan dənizin statusu ilə bağlı hər bir dövlətin öz marağı olmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan Xəzərin statusu ilə bağlı məsələdə Rusiya və Qazaxıstanla razılaşmalar əldə etmişdir. Ancaq Türkmənistan və İran başqa mövqe ilə çıxış edirlər. Bununla belə, məsələ mütəxəssislər tərəfindən müzakirə olunur, statusun müəyyənləşməsi üzərində iş aparılır. Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. Regionda sülh və təhlükəsizliyin qorunub saxlanılması, Xəzərin hərbisizləşdirilmiş su hövzəsinə çevrilməsi Azərbaycanın maraqlarına uyğundur.
Dünyanın ən böyük qapalı su hövzəsi hesab olunan Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Təsadüfi deyil ki, uzun illərdir Xəzəryanı dövlətlər -- Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran dənizin hüquqi statusunu müəyyən edə bilmirlər. Əsas mübahisə dənizin milli sektorlara bölünmə prinsipinin razılaşdırılmamasıdır. Azərbaycan Xəzər dənizinin dibinin və səthinin beynəlxalq konvensiyalara uyğun olaraq orta xətt boyunca 5 sektora bölünməsinin tərəfdarıdır və sahildən 25 dəniz mili məsafədə daxili milli sektorların yaradılmasını istəyir. Rəsmi Bakı bu yanaşmada Rusiya və Qazaxıstanla ortaq mövqe sərgiləyir. Azərbaycanla Qazaxıstan arasında 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Azərbaycan və Qazaxıstanın Xəzər dənizində sərhədlərinin müəyyən olunması barədə müqavilə imzalanmışdır. 2003-cü il mayın 14-də isə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzər dənizindəki milli sektorlarının sərhədlərini müəyyən edən razılaşma imzalamışdılar. Bu razılaşma 3 dövlətin su sərhədlərinin ortaq xətt boyunca müəyyənləşdirilməsini nəzərdə tutur. Həmin ölkələrin neft-qaz və mineral resursların öz milli sektorları daxilində istismar etməsinə şərait yaradır.
Xəzərin dəniz, yaxud göl kimi tanınması da sona qədər həllini tapmamışdır. Bu məsələ ona görə vacibdir ki, Xəzərin göl sayılacağı halda ona göllər haqqında, dəniz sayılarsa dənizlər haqqında beynəlxalq konvensiyaların müddəaları şamil ediləcək. 23 ildən artıq müddət ərzində Xəzərin statusu müəyyənləşdirilməsə də, tərəflərin mövqelərində müəyyən yaxınlaşma hiss olunur. Razılaşdırılmış məqamlar arasında ekoloji problemlər, dənizin su məkanının istifadə məsələləri var. Rəsmi Bakı bildirir ki, dənizin hüquqi statusu ilə bağlı məsələlər və bununla əlaqədar bütün prinsipial məsələlərin razılaşdırılması bütün beş ölkə üçün prioritetdir. Qeyd etmək lazımdır ki, dünya okeanı ilə təbii əlaqəsi olmayan istənilən həcmli su tutarı göl adlanır. Dünyada qəbul olunmuş coğrafi aksioma olan bu yanaşma Xəzərə tam uyğun gəlir. Sovet dərsliklərində və Böyük Sovet Ensiklopediyasında yazıldığı kimi, Xəzər dünyanın ən böyük gölüdür. Bundan əlavə, vaxtilə SSRİ hüquq elmində sərhəd gölləri barədə təlimin olmaması və keçmiş sovet beynəlxalq-hüquq doktrinasında qapalı dəniz konsepsiyasına üstünlük verilməsi bəzi müəlliflərin Xəzərin qapalı dəniz hesab etməsinə səbəb olmuşdur. Hazırda İran və Türkmənistan Xəzərin unikal qapalı su hövzəsi və Xəzəryanı dövlətlərin ümumi sərvəti olduğunu bildirir, dənizin 20 faiz prinsipi ilə bölünməsini təklif edirlər. Ancaq mütəxəssislər hesab edirlər ki, Xəzəri unikal qapalı su hövzəsi hesab etmək olmaz. Çünki beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir. Bununla belə, mütəxəssislər düşünürlər ki, Xəzərin statusunun müəyyənləşdirilməsi istiqamətində müşahidə olunan diplomatik fəallıq məsələnin həlli prosesində yeni mərhələ açacaq.
Prezidentlərin Bakı görüşündə "Şimal-Cənub" dəmir yolu nəqliyyat dəhlizi layihəsinin də müzakirə olunacağı gözlənilir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən ay rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə brifinqdə məlumat vermişdi. E.Məmmədyarovun sözlərinə görə, bu layihənin çox böyük iqtisadi perspektivi var. Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılmış və 2002-ci il 21 may tarixində qüvvəyə minmişdir. Razılaşmanın əsas məqsədi yük və sərnişin daşımalarının təşkilində nəqliyyat əlaqələrinin səmərəliliyinin yüksəldilməsi, üzv-ölkələrin dəmir yolu, avtomobil, dəniz, çay və hava nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şəraitin yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi, nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin olunması, razılaşdırılmış nəqliyyat siyasətinin həyata keçirilməsidir. Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında" sazişə 2005-ci il sentyabrın 20-də qoşulmuşdur. Qeyd etmək yerinə düşər ki, dəhliz üzrə əsas daşımalar Rusiya ərazisində Buslovskaya - Sankt-Peterburq - Moskva - Ryazan - Koçetovka - Rtişevo - Saratov - Volqoqrad - Həştərxan istiqamətində dəmir yolu ilə buradan isə İrana qədər 3 əsas marşrut üzrə həyata keçirilir. Dəhlizin Transxəzər və Şərq marşrutu ilə yanaşı, Qərb marşrutu istiqamətində də yükdaşımaları həyata keçiriləcək. Qərb marşrutu Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara - Rəşt - Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir. Hər üç marşrutun İran ərazisi ilə davam edərək, İran körfəzinə və Hindistana qədər uzanması layihənin geosiyasi və geoiqtisadi əhəmiyyətinin böyük olmasından xəbər verir.
Mütəxəssislər düşünürlər ki, "Şimal-Cənub" dəhlizinin Azərbaycan ərazisindən keçməsi variantı daha cəlbedicidir. Burada məsafənin qısalığı, daşımalara daha az vaxt sərf olunması, mövcud nəqliyyat infrastrukturu və bir tranzit ölkənin olması faktoru əsas rol oynayır. Dəhlizin Azərbaycan üzərindən keçən dəmir yolu xəttinin uzunluğu 511 kilometrə bərabərdir. Burada yükdaşımalarının həcminin birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton olacağı proqnozlaşdırılır. Azərbaycanın bu layihədə iştirakının ölkəmiz üçün əhəmiyyətli olduğu, respublikamızın coğrafi və potensial tranzit ölkə kimi imkanları nəzərə alınaraq, mövcud nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi işlərinə başlanılmışdır. "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən yüklərin böyük əksəriyyətinin daşınmasında dəmir yolundan istifadə nəzərdə tutulur və burada əsas amil kimi, yüklərin bir nəqliyyat növü ilə böyük həcmdə, tez bir zamanda, daha uzaq məsafəyə daşınması götürülür. Buna görə də, dəhliz vasitəsilə yük - daşımalarına Azərbaycanın yol-nəqliyyat kompleksinin daha geniş cəlb edilməsi, xüsusən də, avtomobil nəqliyyatının və Xəzər Dəniz Gəmiçiliyinin imkanlarından tam istifadə olunması üçün zəruri addımlar atılır.
Mütəxəssislər vurğulayırlar ki, Azərbaycanın "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulması və dəhlizlə yük və sərnişin daşımalarında fəal iştirakı respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən, tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaqdır. İstər Cənubi Qafqaz, istərsə də Mərkəzi Asiya ölkələrinin zəngin təbii ehtiyatlara və geniş satış bazarlarına malik olmaları isə "Şimal-Cənub" dəhlizinin təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyətini artırır. Yeni şəraitdə meydana gələn, həm iqtisadi, həm də siyasi cəhətdən əhəmiyyətli olan bu layihənin reallaşması Azərbaycanın iqtisadi potensialını daha da artırmaqla yanaşı, Cənubi Qafqaz regionu da daxil olmaqla, Avrasiya materikində iqtisadi əlaqələrin daha da intensivləşməsinə şərait yaradacaqdır.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC-a) müsahibəsində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi nəzərə alınmaqla Rusiyanın və Azərbaycanın tranzit potensialından tamdəyərli istifadə edilməsi üçün yeni perspektivlərin açıldığını vurğulamışdır. Ümumi uzunluğu 7200 kilometr olan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi flaqman layihəsinin Prezidentlərin danışıqları fokusunda olacağını bildirən cənab Putin əlavə etmişdir ki, bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilmişdir. Rusiya Prezidenti müsahibəsində Xəzər dənizinin statusu barəsində də maraqlı açıqlama vermişdir. Cənab Putinin sözlərinə görə, son illərdə Xəzəryanı ölkələr Xəzərdə əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən onun energetika və bioloji resurslarından istifadə edilməsi ilə bağlı məsələlərin razılaşdırılmasında xeyli irəliləyişə nail olmuşlar. İmzalanmış müvafiq sazişlərin uğurla reallaşdırıldığını qeyd edən Rusiya Prezidenti həmçinin məlumat vermişdir ki, Xəzər dənizinin hüquqi statusu barədə əsas konvensiya üzərində iş başa çatmaq üzrədir.
Şimal qonşumuzun lideri Dağlıq Qarabağ problemi barədə də verdiyi açıqlamalar xüsusi maraq doğurur. Belə ki, "Qarabağ düyününün açılmasında həlledici rolu məhz Rusiya oynaya bilər. Siz bununla razısınızmı?" - sualına cavabında cənab Putin demişdir ki, Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq bağlayır: "Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin". Rusiyanın birbaşa köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında sazişin imzalandığını və bu sazişin indiyə qədər atəşkəsin əsasını təşkil etdiyini xatırladan cənab Putin əlavə etmişdir ki, 2008-ci ildə Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ olmuşdur. Həmin sənəddə təsdiq edilmişdir ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla nail olmaq mümkündür.
Rusiya Prezidenti bu il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının dayandırılmasında da məhz rəsmi Moskvanın həlledici rol oynadığını bildirmiş və xüsusi olaraq vurğulamışdır ki, Rusiya Federasiyası Azərbaycana və Ermənistana hansısa hazır reseptləri qəbul etdirməyə əsla çalışmır. Tərəflər kənardan təzyiq olmadan özləri razılığa gəlməli, qarşılıqlı məqbul həll yollarını tapmalıdırlar. Bunun Rusiyanın qəti mövqeyi olduğunu açıqlayan cənab Putin qeyd etmişdir ki, kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur. Onun sözlərinə görə, rəsmi Moskva Azərbaycan və Ermənistan rəhbərliyi üzərində necə böyük bir məsuliyyətin olduğunu tam başa düşür. İyunun 20-də Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən konstruktiv əhval-ruhiyyəni alqışladıqlarını vurğulayan şimal qonşumuzun lideri ümidvar olduğunu bildirmişdir ki, tərəflərin hamını qane edən həllə nail olmalarına birgə səylərlə kömək edə biləcəyik.
Beləliklə, avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentləri Bakı görüşündə beynəlxalq və regional siyasətin aktual məsələlərini, praktiki əməkdaşlığın perspektivlərini, xüsusən də energetika və nəqliyyat sferalarındakı aktual məsələləri müzakirə edəcəklər.
Bu gün hamıya məlumdur ki, müasir dövrün iqtisadi islahatları Azərbaycana böyük uğurlar gətirmiş, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan nəqliyyat və enerji infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, Azərbaycan "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində fəal iştirak edir. Buna görə də, Bakı görüşündə Avrasiya materikinin üç önəmli ölkə rəhbərinin müzakirə və qəbul edəcəyi qərarların regional proseslərə müsbət təsir göstərməsi ilə yanaşı, Azərbaycan rəhbərliyinin yürütdüyü sosial-iqtisadi siyasətinin hədəflərə çatmasında yeni mərhələnin yaranmasına təkan verəcəyi gözlənilir. Ən əsası, Bakı görüşünün Azərbaycanın bir sıra strateji məsələlərdə regional aktor kimi mövqelərinin güclənməsinə şərait yaradacağı da şübhə doğurmur.
Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.