Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar və dinlərarası dialoq dünyada təqdir olunur

 

Son illər dünyada və bölgədə baş verən xoşagəlməz hadisələrə baxmayaraq, Azərbaycanda ictimai-siyasi proseslər və iqtisadi inkişaf düzgün məcrada davam etdirilir.  Belə çətin və  gərgin dövrdə, həmçinin neftin qiymətinin kəskin ucuzlaşdığı  bir zamanda ölkəmizdə görülən işlər, aparılan islahatlar, baş verən inkişaf prosesləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir, respublikamıza olan maraq daha da artır. Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasını stimullaşdıran marağın kökündə də bu amillər ­dayanır.

Azərbaycanın müstəqillik tarixində  iqtisadi, siyasi və mədəni  sahələrdəki inkişafın miqyasının daha da genişlənməsi düzgün müəyyənləşdirilmiş strategiyanın nəticəsidir. Son illər daha da kəskin xarakter alan böhranlardan asılı olmayaraq, ölkəmizdə ictimai-siyasi sabitliyin davamlı olması iri investorların da diqqətindən yayınmayıb. Artıq iqtisadi inkişafın Azərbaycan modeli özünü dünyada təsdiq etməkdədir. Ümumilikdə, arxada qalan son illər respublikamızın inkişafının keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirilir. Bu dövrdə dövlətimiz özünü təsdiq etməklə, dünya birliyində mövqelərini  xeyli gücləndirmiş və  beynəlxalq iqtisadi münasibətlər sistemində də əhəmiyyətli rol oynayan tərəfdaşa çevrilmişdir. Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli  dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər dünyanın gözü qarşısındadır.

İqtisadi, siyasi, mədəni sahələrdə aparılan islahatlar, bütün azadlıqların təmin edilməsi, demokratik proseslərin inkişafının  prioritet sahələrdən birinə çevrilməsi və xalqla iqtidar arasındakı birlik  inkişafımızın əsas amillərindəndir.

Bu gün Azərbaycanın dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilməsinin əsas səbəblərindən biri  də mədəni sahədə aparılmış davamlı islahatlardır.  Humanitar xarakterli ilk forumun 2010-cu ilin yanvarında Bakıda keçirilməsindən sonra  Azərbaycana olan maraq daha da artdı. Bu tədbirin  geniş rezonans doğurması və effektiv nəticələr verməsi mədəniyyətlərarası dialoqun ənənə halını  alması ilə özünü büruzə verdi. Söz yox ki,  2008-ci il iyunun 10-da Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Forumda qərara alınmışdı ki, 2011-ci il aprelin 7-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Bakıda keçirilsin. Amma 2010-cu ildən başlayaraq, humanitar əməkdaşlıq daha geniş vüsət almışdır. Artıq IV Beynəlxalq Forumda bunun şahidi olduq. Forumun işində fəaliyyətdə olan 7 prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər. Aparılan  uğurlu siyasi islahatlar artıq öz bəhrəsini verirdi. Bu, Azərbaycanın artıq beynəlxalq təşkilatların tədbirlərini keçirməyə qadir olduğunu təsdiqləmişdi. Digər tərəfdən isə, ölkəmizin sürətli inkişafı, getdikcə artan iqtisadi qüdrəti də buna imkan verirdi.

Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu bir ölkə bu cür tədbirlər üçün həqiqətən əvəzsiz məkan idi. İlk növbədə ona görə ki, son illər ölkəmizin  hər bir sahədə sanballı qələbələr qazanaraq regionun lider dövlətinə çevrilməsi, dünya birliyinə sürətli inteqrasiyası və özünü dünyada sülhməramlı dövlət kimi tanıtması böyük rol oynamışdır. Təsadüfi deyildir ki,  BMT, UNESCO, Avropa Şurası, Şimal-Cənub Mərkəzi və İSESCO-nun dəstəyi ilə keçirilmiş bu forumlarda dünyanın müxtəlif ölkələrinin və beynəlxalq təşkilatlarının çoxsaylı təmsilçiləri  iştirak etmişdilər. Bununla da dövlətimizin xarici siyasətində sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun beynəlxalq aləmdə təşviq edilməsi xüsusi əhəmiyyət verilən sahələr arasında olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev  ölkəmizin beynəlxalq əməkdaşlığını yüksək qiymətləndirərək demişdir: "Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə məxsus olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bəli, hər bir ölkənin, hər bir xalqın azad olmaq haqqı var, lakin dünyada böyük bir ailəni formalaşdırmaq üçün xalqlar arasında bərabər imkanlar təmin edilməli, milli sərhədlərə, ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır".

2012 -ci il aprelin 26-da Bakıda dünya dini liderlərinin ikigünlük  Sammitinin keçirilməsi bir daha təsdiqlədi ki, Azərbaycan  tolerant  dövlətdir və  burada dinlərarası dialoqun keçirilməsi üçün bütün imkanlar yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın da iştirak etdikləri  sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu  məkanda  müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşayıblar və biz  bu gün də bunun şahidiyik.  İyirmi beş  ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının, on beş ildir Avropa Şurasının üzvüdür. Bununla yanaşı, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli, şəffaf, müstəqil siyasət yeridən ölkədir. Məhz bunun nəticəsidir ki, bir neçə il əvvəl Bakı İslam Mədəniyyətinin Paytaxtı seçilmiş və bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir.

Siyasi sahədə aparılan islahatların uğurlu nəticələrinin də qısa zaman ərzində şahidi olduq. Respublikamızla  əməkdaşlıq etməkdə maraqlı olan dövlətlərin sayının getdikcə artması, ölkəmizin reytinqinin sürətlə yüksəlməsi Azərbaycanı siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirmişdir. Uğurlu siyasi islahatlar  ölkəmizi beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilmişdir. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olmuşdur.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzv seçilməsi tarixi əhəmiyyət kəsb edirdi. Çünki keçmiş SSRİ respublikalarından yalnız Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan bu hüququ qazanıb. Azərbaycan bu gün bölgənin qüdrətli dövlətlərindəndir. İqtisadi inkişaf tempinə, adambaşına düşən ümumi daxili məhsulun həcminə və sənaye potensialına görə respublikamızı, hətta, bölgənin lider dövləti hesab edirlər.  Ölkəmiz  artıq "kosmik ailə"nin üzvünə də çevrilib. Gəlin görək, bölgədə kosmik "ailənin üzvü" olan dövlətlər hansılardır? Postsovet məkanında bunlar yalnız Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycandır.

2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanıldı və elə həmin il ölkə başçısı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncam imzaladı. "Kosmik sənayenin yaradılması və inkişafı üzrə" Dövlət Proqramı qəbul olundu və qısa müddətdə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edildi. Bu istiqamətdə həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi olaraq 2013-cü il fevral ayının 8-də Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki – "Azərspace-1" uğurla orbitə buraxıldı. Azərbaycanın ilk peyki Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən – üzərində üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə  kosmosa  çıxarıldı. Göründüyü kimi, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlar Azərbaycanı "kosmik ailə"nin də üzvünə çevirdi. Dövlətimizin başçısı bu uğurları yüksək qiymətləndirərək bundan sonra da ölkəmizin daim irəliyə gedəcəyini vurğulamış və bunun başlıca səbəbinin iqtidarla xalq arasında birliyin olması ilə əlaqələndirmişdir: "Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilmişdir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır".

Dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük sahəsində aparılan islahatlar Azərbaycanı dünyada multikultural dəyərlərə mühüm  töhfələr verən ölkəyə çevirib. Artıq bu uğurlu siyasət multikulturalizmi Azərbaycan xalqının həyat tərzinə çevirib. Xalqımız tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyyətlərə hörmət prinsiplərini həyat tərzinə çevirib. Ona görə də Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi deyil və bunun dərin tarixi kökləri var. Dövlətimizin  başçısı  da  Azərbaycanda multikulturalizmə münasibətə yüksək dəyər vermişdir: "Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir".

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. 2014-cü il mayın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul etməsi Azərbaycanın siyasi nüfuzunun və iqtisadi potensialının göstəricisi, eyni zamanda, ölkəmiz üçün böyük siyasi dividentdir. Bu, sübut etdi ki, ölkəmiz demokratik prinsiplərə söykənən, sivil, mültikulturalizmin ən böyük inkişaf etdiyi, tolerantlığın mövcud olduğu bir məkandır. Forumda dövlət və hökumət başçılarının, nazirlərin, dünyanın nüfuzlu ictimai-siyasi xadimlərinin iştirak etməsi tədbirin əhəmiyyətini daha da artırımışdır. Qlobal dünyada baş verən hadisələrin məhz Azərbaycanda baş tutan platformada müzakirə edilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun göstəricisidir.

Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında