Türkiyə, Ermənistan və Qazaxıstanda bir-birinin ardınca təhlükəli proseslər baş verdi. Hər üç ölkədə qan töküldü. Türkiyədə bunun miqyası daha geniş idi. Ermənistanda 2, Qazaxıstanda isə 3 hüquq-mühafizə orqanı işçisi həlak oldu. Bu hadisələrin hər birində rəsmi orqanlara qarşı silahlı hücum müşahidə edildi. Türkiyədə hərbi çevrilişdən bəhs edilirsə, Ermənistanda buna hazırlıqdan danışır, Qazaxıstanda isə terror dalğasının vüsət ala biləcəyindən ehtiyatlanırlar. Rusiya hakimiyyəti baş verən hadisələrlə bağlı narahatlığını ifadə edib. Ölkənin sərhədləri yaxınlığında qeyri-müəyyən vəziyyətin yaranmasının mümkün fəsadlarından ehtiyat edirlər. Bu prosesləri birləşdirən ümumi məqamlar mövcuddurmu? Onların geosiyasi çalarları haqqında nə demək olar?
Təhdidlər və risklər
Müasir geosiyasi proseslərdə gözlənilməzlik və risklərə tez-tez rast gəlinir. Dünya miqyasında heç kəsin proqnozlaşdırmadığı hadisələr özünü göstərə bilir. Lakin ümumi qanunauyğunluqlar da var ki, onlara görə trendləri müəyyənləşdirmək mümkündür. Z.Bjezinski qlobal siyasətin ağırlıq mərkəzinin tədricən Şərqə tərəf "meylləndiyi" haqqında proqnoz verərkən, bunun konkret hansı məzmunda özünü göstərəcəyini təsəvvür etmək asan deyildi. İndi isə bir sıra hadisələr bu məsələyə müəyyən aydınlıq gətirməkdədir.
Son zamanlar üç ölkədə - Türkiyə, Ermənistan və Qazaxıstanda baş verənlər dünya ictimaiyyətinin diqqətini çox çəkir. Onların hər birində proseslərin öz daxili məntiqi vardır. Lakin məsələyə geniş aspektdə yanaşdıqda, ümumi məqamları da görmək olar. Situasiya həmin məqamların mümkün geosiyasi təsirləri kontekstində daha düşündürücü görünür.
Bu barədə artıq Kremldən münasibət bildirilib. Rusiya Prezidentinin mətbuat katibi D.Peskov ölkə sərhədləri yaxınlığında geosiyasi "turbulentliyin meydana gəlməsi"ndən narahat olduqlarını söyləyib. O, konkret olaraq Türkiyə, Ermənistan və Qazaxıstanda baş verən hadisələri nəzərdə tutub. D.Peskov bu vəziyyəti diqqətlə izləməyə və analiz etməyə ehtiyac olduğunu deyib.
Mətbuat katibi bunları Rusiyanın təhlükəsizliyi çərçivəsində ifadə etdiyini gizlətməyib. Onun fikirlərindəki maraqlı məqam sadalanan ölkələrdəki prosesləri təsnifatlaşdırmağın çətin olması barədədir. Çünki onlar məzmunca fərqlidirlər. Lakin bunlara baxmayaraq, ölkənin təhlükəsizliyinin təmini istiqamətində "daxil olan informasiyalara görə zəruri ölçülər götürülür".
Bu fikirlərdə geosiyasi kontekstdə bir neçə diqqətəlayiq amillər vardır. Hər şeydən əvvəl Moskva öz sərhədləri yaxınlığında müşahidə edilən son prosesləri nizamlı deyil, xaotik adlandırır (turbulentlik təbiətşünaslıqdan metafora kimi siyasi nəzəriyyələrə reduksiya olunmuş anlayış olub xaosun bir növünü ifadə edir - Newtimes.az). Bu aspektdə Türkiyədəki hadisələrlə Ermənistan və Qazaxıstandakı proseslərin zahiri məntiqi əlaqəsi yoxdur. Lakin nəzəriyyədən o da məlumdur ki, turbulentliyin bir qayda olaraq çox incə və dərin daxili məntiqi var. Bu prizmadan D.Peskov haqlıdır - hər üç olay ümumilikdə region üçün təhlükə yarada bilər. Buna əmin olmaq üçün hər bir hadisənin əsas məqamları üzərində dayanıb, müqayisələr aparmaq olar.
İyulun 15-nə qədər Türkiyə cəmiyyətinin nisbətən sabit olduğu qənaəti vardı. Artıq orada qeyri-sabitlik əlamətlərindən bəhs edilir. Ölkədə siyasi gərginlik davam edir, silahlı toqquşmalar, yaxud təxribat xarakterli hərəkətlər baş verib. Ankara bütün imkanları hesabına ölkə daxilində sabitliyi təmin etməyə çalışır. Bununla yanaşı, hərbi çevrilişin arxasında dayanan dairələrin sakitləşdiyini demək çətindir.
Onların isə əsas məqsədi, ekspertlərin fikrincə, Türkiyədə siyasi vəziyyəti destabilləşdirmək olub. Bu prosesin ətraf ölkələrə sıçraması ehtimalı istisna edilmir. Deməli, Türkiyədə baş verənlərin bir tərəfi geosiyasi faktorlara bağlı ola bilər. Bu baxımdan İrəvanda özünü göstərən gərginlik maraq doğurur.
Məzmun fərqliliyi-məqsəd eyniliyi:
"geosiyasi turbulentliyin" əlamətləri
Ermənistan paytaxtında bir qrup radikal müxalifətçi polisə hücum edib və onun yerləşdiyi binanı tutub. Qarşıdurma zamanı 2 nəfər polis əməkdaşı həlak olub, yaralananlar və girov götürülənlər də var. Qiyamçılar prezident S.Sarkisyanın istefasını tələb ediblər, yəni proses sırf siyasi xarakterlidir. Mövqeyini dəyişmək istəməyən müxalif qrup açıq bəyan edib ki, son məqsədləri hərbi çevrilişdir.
Belə çıxır ki, Ermənistanda baş verən hadisə daxili problemlərlə yanaşı, xarici faktorlarla da əlaqəlidir. O cümlədən söhbət siyasi təlatümlərdən gedir. Bu halda avtomatik olaraq məsələ təhlükəsizliyin təmini müstəvisinə gətirilmiş olur. Artıq yaranmış vəziyyətdən Gürcüstan da narahatlığını ifadə edib.
Nəhayət, Qazaxıstanın Almatı şəhəri qəfil terrora səhnə olub. Bir neçə gənc polisə hücum edərək qətl törədib və gizlənməyə çalışıb. N.Nazarbayev baş verənləri terror aktı adlandırıb və şəhərdə antiterror əməliyyatı keçirilib. İlk baxışdan orada hadisə sırf kriminal xarakter daşıyır. Aktobedə də eyni mənzərə vardı.
Lakin diqqəti çəkən odur ki, bu cür "kriminallıq" ölkənin hüquq-mühafizə orqanlarına qarşı törədilir. Polis və əsgər hədəf seçilir. Almatıdakı son hadisədə 3 polis həlak olub. Ələ keçirilən terrorçu qisas aldığını desə də, hamı bunun yalan və bəhanə olduğunu düşünür.
Deməli, Qazaxıstanda baş verənləri adi kriminal durumla izah etmək yanlışlıqdır. Müəyyən dairələrin məqsədi rəsmi orqanlara qarşı güc tətbiq etməklə ölkədə hakimiyyəti zəiflətmək, qarışıqlıq yaratmaq və terrorçular üçün yaxşı şərait formalaşdırmaqdır. Məsələn, Aktobedə terrorun arxasında hökumətin apardığı torpaq islahatlarına etirazın dayandığını qeyd edirlər.
Almatıda da siyasi məqamların olduğuna ekspertlər şübhə etmirlər. Bütövlükdə bu ölkənin müxtəlif regionlarında tez-tez toqquşmaların baş verdiyi və kimlərinsə silah əldə etməyə çalışdığı haqqında informasiyalar yayılır. Onların əksəriyyətinin əsası olmasa da, görünür, konkret proseslər özünü göstərməkdədir. Bunların fonunda Qazaxıstan Müdafiə Nazirliyinin hərbi hissələri və silah anbarlarını xüsusi nəzarət altına almaq barədə qərar qəbul etməsi proseslərin miqyasını, məqsədini və dərinliyini göstərir.
Beləliklə, yuxarıdakı şərhlər göstərir ki, Türkiyə, Ermənistan və Qazaxıstanda baş verənlər məzmunca fərqli hadisələr olsa da, onların hamısını birləşdirən təhlükəsizliyə təhdiddir. Bu baxımdan İrəvanda sadəcə bir qrup müxalifətçinin lokal tələblərlə çıxış etməsindən söhbət getmir. Ermənistan silkələnə bilər ki, onun da regiona təsiri mənfi fəsadlar verər. Eyni məntiqlə, Qazaxıstanda təhlükəsizliyə olan təhdidlər kənar təsirlər vasitəsi ilə geniş miqyas ala bilər. Bu halda onun Mərkəzi Asiyanın digər ölkələrinə, Rusiya və Çinə də təsir edə bilməsindən danışmaq olar. Bununla geniş bir məkanda siyasi qeyri-müəyyənlik meydana gələr.
Proseslərin bu cür məzmun kəsb etməsi və ümumi hədəfin mövcudluğu barədə müəyyən şübhələrin yaranması ağıla geosiyasi ağırlıq mərkəzinin Şərqə tərəf "dəyişməsi" tezisini gətirir. Görəsən, bunlar həmin tendensiyanın konkret nümunələridirmi? Elə isə, bu proses qlobal dünya nizamını dağıdıb, bəşəriyyəti xaosa sürükləyə bilər. Qərbin tanınmış analitikləri məhz bu cür gedişatımı nəzərdə tutublar? Bəs bunun ssenarisi harada hazırlanıb? Hadisə sual yaradır, suallara cavabdan isə yeni olayların baş verməsi haqqında proqnozlar vermək olur. Görünür, məsələ Türkiyə, Ermənistan və Qazaxıstanla məhdudlaşmır...
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.