Azərbaycan – Türkiyə münasibətləri qırılmaz bağlarla bir-birinə sarılmışdır

Azərbaycan ilə Türkiyə arasında olan səmimi və dostluq münasibətləri beynəlxalq aləmdə nadir hadisədir. Mürəkkəb geosiyasi reallıqda etibarlı strateji tərəfdaşlar kimi, hər iki münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində əzmkarlıq nümayiş etdirmiş, əlaqələrin qırılmaz bağlarla möhkəmləndirilməsinə çalışmışdır. Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamı, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" aforizmi iki xalqın bir-birinə yaxınlıq dərəcəsinin böyüklüyünü göstərir. Azərbaycan rəhbərliyinin Türkiyəni qaranlıq keçmişə sürükləməyə çalışan bir qrup qiyamçının bədnam əməllərinə etirazı və demokratiyaya dəstəyi iki ölkə arasındakı münasibətlərin unikallığından xəbər verməklə yanaşı, əlaqələrin qarşılıqlı etimad və inam əsasında qurulduğunu təsdiqlədi.

Azərbaycan-Türkiyə münasibətlərinin tarixi böyükdür. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasına şərait yaradan amillərdir. Münasibətlərin yüksək səviyyəsi tarixin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olmalarına əsas vermişdir. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak silahlılarından xilas etməsi Azərbaycan üçün önəmli tarixi hadisələrdən biri olmuşdu. Azərbaycan xalqı bu köməyi yüksək qiymətləndirir və ümummilli lider Heydər Əliyevin dediyi kimi, "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Müasir Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq ona yardım etmək borcumuzdur", -- sözləri qardaş ölkənin Azərbaycana olan tükənməyən hörmətinin bariz nümunəsidir.

Keçmiş SSRİ-nin "dəmir pərdə"si də iki ölkə arasında münasibətlərə son qoya bilməmişdi. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrdə də iki respublika arasında rəsmi münasibətlər mövcud olmuşdur. Mərhum Süleyman Dəmirəl Baş nazir olan zaman, daha dəqiq desək, 1967-ci ildə Bakıya səfərə gəlmişdi. Bundan iki il sonra Türkiyə Prezidenti Cövdət Sunay Azərbaycanı ziyarət etmiş və bu səfərlər münasibətlərin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdı. Təbii ki, Türkiyə Qafqaz regionunda mühüm aktorlardan biridir və qardaş ölkənin bölgədə belə bir önəmli rol oynaması münasibətlərin mahiyyətinə və səviyyəsinə həmişə təsir göstərmişdir. Ümumiyyətlə, Türkiyə qədim zamanlardan Qafqaz siyasətini həmişə diqqət mərkəzində saxlamış və regionda cərəyan edən proseslərə fəal müdaxilə etməyə çalışmışdır. Hazırda Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır. Naxçıvan MR istisna olmaqla, quru və dəniz sərhədlərinin olmamasına baxmayaraq,  Türkiyə və Azərbaycan münasibətlərini strateji səviyyədə inkişaf etdirməyə nail olmuşdur. Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır.

Avrasiya materikində geosiyasi və geoqtisadi mənzərəyə təsir etmiş layihənin -- Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşdırılması münasibətlərin daha da möhkəmlənməsinə və dərinləşməsinə şərait yaratmışdır. Qeyd etmək yerinə düşər ki, 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"nin xarici neft şirkətlərinin konsorsiumunda "Türk petrolları" şirkətinin təmsil olunması Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafının ilk əsas təzahürü idi. Ulu öndər Heydər Əliyev 1997-ci il mayın 5-8-də Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi bütün görüşlərdə ölkəmizin Türkiyə ilə münasibətlərin daha da inkişafına xüsusi əhəmiyyət verdiyini bildirmişdi. Səfər çərçivəsində "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə", eləcə də müxtəlif sahələri əhatə edən doqquz sənədin imzalanması iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılmasına imkan yaratmışdı. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edən "Avropa-Qafqaz-Asiya Transqafqaz" nəqliyyat dəhlizi (TRASEKA) proqramının dəstəyi ilə 1998-ci il sentyabrın 7-8-də "Böyük İpək Yolu"nun bərpasına dair Bakıda keçirilmiş beynəlxalq konfrans Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığın genişlənməsinə yeni stimul vermişdi.

Ümumiyyətlə, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə müsbət təsir göstərir.

Qardaş hesab etdiyi Azərbaycanla bütün məsələlərdə həmrəylik nümayiş etdirən Türkiyə də əsas diqqətini ölkəmizin neft ehtiyatlarının xarici bazarlara marşrutu üzərinə cəmləşdirir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  ardından Trans-Anadolu qaz kəmərinin (TANAP) reallaşdırılması istiqamətində göstərilən fəaliyyət hər iki ölkənin milli maraqlarına uyğun çərçivədə davam etməklə yanaşı, Türkiyəni Azərbaycan karbohidrogen ehtiyatlarının Avropaya daşınmasında rolunu gücləndirir. 2012-ci ildə TANAP müqaviləsinin imzalanmasından sonra Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan vurğulamışdı ki, bu layihə, Türkiyə ilə Azərbaycan arasındakı strateji əlaqələri dərinləşdirməklə yanaşı, Azərbaycanla Avropa arasında Türkiyə üzərindən orqanik bir bağ təmin edəcək.

Prezident İlham Əliyev də TANAP-ın yalnız Türkiyə-Azərbaycan layihəsi olduğunu və iki ölkənin gücü, maddi və texniki imkanları ilə icra olunacağını bildirmişdi: "Bu layihənin reallaşması nəticəsində Türkiyəyə daha çox qaz ixrac edəcəyik və Türkiyə üzərindən Avropanın enerji ehtiyaclarını qarşılayacağıq''. İlham Əliyev həmçinin müqavilə ilə bağlı rəsmi Ankara ilə heç bir fikir ayrılığının olmadığını açıqlamışdı. Ölkə başçımızın sözlərinə görə, bu kəmər yüzilliklər boyu maraqlarımızı təmin edəcək.

Tikintisi son mərhələdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun da iki qardaş xalqın daha da yaxınlaşmasına şərait yaradacağı şübhəsizdir. "Dəmir İpək Yolu" adlandırılan bu nəqliyyat dəhlizinin fəaliyyətə başlaması Azərbaycanla Türkiyənin regional mövqelərinin daha da güclənməsinə şərait yaratmaqla, bölgə ölkələrinin iqtisadi həyatına da müsbət təsir göstərəcək.  Bu mənada 2008-ci il iyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı Qars şəhərində Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində dövlət başçısı Azərbaycanın beynəlxalq enerji və nəqliyyat dəhlizi ölkəsi olaraq yüksək potensialını göstərməklə yanaşı, bunun ümumən regionda əməkdaşlığın genişlənməsi üçün çox önəmli layihə olduğunu bildirmişdi. Çox böyük iqtisadi və siyasi əhəmiyyəti olan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəfələrlə artmasına imkan yaradacaq. Layihə iki ölkəni dəmir yolu vasitəsilə birləşdirəcək və iki xalq arasında əlaqələrin dinamikasına əlavə stimul verəcək.

Türkiyə Azərbaycanın ədalətli mübarizəsində onu həmişə dəstəkləməsi də fərqlənir. Ermənistanı işğalçı kimi tanıyan rəsmi Ankara Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bildirir, erməni işğalına dərhal son qoyulmasını tələb edir. Prezident Rəcəb Tayyib Ərdoğan cari ilin aprel ayında cəbhənin təmas xəttində erməni təxribatına münasibətini açıqlayarkən bildirmişdi ki, Azərbaycan torpaqlarının işğalı və orada törədilən cinayətlərin ağrıları Türkiyə xalqının ağrılarıdır.  Türkiyə Prezidenti çıxışı zamanı 1992-ci ildə Dağlıq Qarabağın işğalı dövründə şair Əbdürrəhman Karakoçun sözlərini sitat gətirərək demişdi ki, Karakoç Azərbaycanın kədərli itkiləri ilə bağlı Türkiyə xalqının keçirdiyi hissləri sətirlərə köçürmüşdür: "Hər həlak olan Azərbaycan əsgəri ilə biz ürəyimizin bir qismini itiririk".

Şərin əbədi mövcud ola bilməyəcəyinə toxunan Türkiyə lideri Azərbaycanın haqq mübarizəsində qalib gələcəyinə inandığını açıqlamışdı: "Qarabağ yenidən öz sahibinə qovuşacaq, Azərbaycanın olacaq, mən buna inanıram". Türkiyənin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarı olduğunu vurğulayan Prezident İlham Əliyev də Türkiyə kimi böyük dövlətin göstərdiyi dəstəyin Azərbaycan üçün çox önəmli olduğunu hər zaman bildirmişdir.

Azərbaycan həmişə Türkiyə Cümhuriyyətini dəstəkləmiş və ikitərəfli əlaqələrin daha da inkişafında maraqlı olmuşdur. Əlaqələrin qırılmaz bağlarla bir-birinə sarıldığını təsdiqləyən faktlar da var. Cari ilin martında Türkiyədə qanlı terror hadisəsi Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasını təhlükə altına almışdı. Ölkədəki vəziyyəti nəzərə alaraq Türkiyə Prezidenti Bakıya səfərini təxirə salmağa məcbur olmuşdu. Lakin Prezident İlham Əliyev Ankaraya səfər edərək, Türkiyəyə böyük dəstək vermiş və Azərbaycan xalqının həmişə qardaş türk xalqın yanında olduğunu nümayiş etdirmişdi. Dövlət başçımız türkiyəli həmkarı ilə keçirdiyi mətbuat konfransında böyük alqış toplamış sözlərə yer ayırmışdı: "Biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı gündə də, pis gündə də bir yerdəyik. Bu hücumlar Türkiyəni sarsıtmaz. 25 ildir Türkiyə ilə Azərbaycan birlik və həmrəylik göstərirlər. Bizi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Biz bunu heç vaxt unutmayacağıq. Bizim xalqlarımızın birliyi və qardaşlığımız əsas məsələdir".

Rəsmi Bakının Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd göstərildiyi zaman nümayiş etdirdiyi mövqe də iki dövlət arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" televiziyasına müsahibəsində bildirdi ki, Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra gözlədiyimiz kimi, qardaş Azərbaycan bizə güclü dəstək verdi: "Azərbaycanlı qardaşlarımız yalnız telefonlarla deyil, həm də atdıqları addımlarla Türkiyənin yanında olduqlarını bir daha göstərdilər. Qardaşlıq da məhz budur. Bir millət olmaq bunu tələb edir".

Qardaş ölkənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun da rəsmi Bakının 15 iyul hadisələri zamanı göstərdiyi həmrəyliyi yüksək qiymətləndirir: "Türkiyə Cümhuriyyəti demokratiya üçün çox ciddi təhlükəni sovuşdurdu. Belə təhlükəli məqamda digər ölkələrin göstərdikləri həssaslıq, həmrəylik bizim üçün çox vacib idi". Azərbaycanın hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında olduğunu vurğulayan cənab səfir xüsusi olaraq əlavə edir ki,  Azərbaycan birmənalı olaraq, Türkiyədə demokratiyanın, konstitusion quruluşun, hakimiyyətin xalqa məxsusluğu prinsipinin tərəfində durdu. "Azərbaycan və Türkiyə bütün məqamlarda bir-birinin yanındadır. Amma bu məsələdə Azərbaycan dünyaya demokratiya dərsi verdi", -- deyən cənab Alper Coşkun Azərbaycanın həqiqətin tərəfində durduğunu və ilk anlardan etibarən Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdiyini bildirir. "Bu həmrəylik, hörmətli Prezident İlham Əliyevin dediyi kimi, ikitərəfli əlaqələrimizin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Azərbaycan ilə Türkiyə region üçün çox böyük əhəmiyyətə malik layihələr reallaşdırır", --  deyən cənab səfir hesab edir ki, bu, sözün əsl mənasında, dünyada nümunə göstərilə biləcək iki ölkənin qardaşlığı ilə yanaşı, praqmatik səviyyədə öz imkanlarını mükəmməl şəkildə birləşdirərək necə müsbət nəticələr əldə edilməsinin gözəl bir örnəyidir.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə dəstəyini qardaş ölkədə cərəyan edən son hadisələrə açıqladığı münasibətində də nümayiş etdirmişdir. Türkiyəli həmkarına ünvanladığı məktubda ölkə başçısı baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədiyini vurğulamışdır. Prezident İlham Əliyev dövlət çevrilişi cəhdinin Türkiyənin dövlətçiliyinə, türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayət olduğunu açıqlamışdır. Həmişə türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqının və dövlətinin Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pislədiyini və qəbuledilməz hesab etdiyini deyən ölkə başçımız əmin olduğunu bildirmişdir ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək, çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.

Göründüyü kimi, iki ölkə arasında münasibətlərin xarakteri və yüksək səviyyəsi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından və dərin tarixi köklərə söykənməsindən xəbər verir. Bu qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etməsi və güclənməsi üçün tərəflərin güclü iradəsi və istəyi var.

Səbuhi MƏMMƏDOV,
 "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında