Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmizin xarici siyasətinin prioritet istiqamətidir

 

 

 

 

 

 

 

 

 

 

 


 

Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin ­işğaldan azad edilməsi başlanmalıdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Rusiya Federasiyasının Prezidenti ­Vladimir Putinin təşəbbüsü ilə iyunun 20-də Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan prezidenti Serj Sarkisyanın görüşünün keçirilməsindən sonra aldığımız ilk məlumat belə oldu ki, prezidentlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm əlaqələrin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər və ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər. Dövlət başçıları münaqişənin nizamlanmasında inkişafa şərait yaratmağa imkan verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər.

Görüş haqqında verilən bu məlumat protokol qaydalarına uyğun hazırlandığına görə kifayət qədər yığcam və diplomatik idi. Ancaq sadə azərbaycanlı bu məlumatdakı nikbin ruhu və ümidverici ab-havanı çox yaxşı sezmişdi. Çünki iki ildən artıq idi ki, danışıqlar prosesindən qaçan Ermənistan rəhbərliyi son iki ayda ikiinci dəfə danışıqlar masasına əyləşirdi və əvvəlki hikkələrinin heç birini təkrarlamaq iqtidarında olmadıqlarını gizlədə bilmirdi. Həm mayın 16-da Vyanada, həm də iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlər bir sıra məqamları sübut etdi.

Birinci, Ermənistan rəhbərliyi açıq şəkildə beynəlxalq ictimaiyyətə yalvarır ki, münaqişə ancaq və ancaq sülh yolu ilə, danışıqlar masası arxasında həll edilsin. Ancaq bu il aprelin əvvəllərində məhz özlərinin törətdikləri təxribatlardan sonra başlarına gələn hadisələrə qədər danışıqlar prosesindən qaçır, gizlənir, min bir hiylə ilə status - kvonun saxlanılmasına çalışırdılar.

Bu görüşlərin sübut etdiyi ikinci məqam isə odur ki, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal altında olan ərazilərini istənilən yolla azad etmək iqtidarında olduğu barədə verilən bəyanatların nə dərəcədə əsaslı olduğunu anladı. Bunun da əsas səbəbi Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun aprel zəfəri zamanı nümayiş etdirdiyi peşəkarlıq idi. Diqqət yetirin, aprel hadisələrindən dərhal sonra Minsk qrupunun bir həmsədrinin -- ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Vyanaya, ikinci həmsədrin -- Rusiya Prezidentinin təşəbbüsü ilə isə Sankt - Peterburqa dəvət edildi. Hər iki görüşün danışıqlar prosesində son iki ildə yaranmış süstlüyün aradan qaldırılmasında xüsusi rol oynadığını heç kəs dana bilməz. Üstəlik, kütləvi informasiya vasitələri xəbər verirlər ki, Minsk qrupunun digər həmsədri olan Fransanın Prezidenti də Azərbaycan və Ermənistan dövlət başçılarının görüşünü təşkil etmək barədə hazırlıq işləri həyata keçirir. Özü də bu görüşün lap tezliklə baş tutacağını deyirlər. Bundan başqa, ABŞ Dövlət katibi və Dövlət Departamentinin digər məsulları Prezident Putinin təşəbbüsü ilə keçirilən müzakirələri təqdir edən bəyanatlar veriblər. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq ictimaiyyətin yeni təşəbbüsləri ərsəyə gəlir və bu tendensiya münaqişənin həlli üçün konstruktiv mövqelərin formalaşdırıldığının göstəricisidir.

 Prezidentlərin Sankt - Peterburq görüşündən sonra mətbuatda yayılan ekspert və politoloq rəylərinin özü bir yana , həmin rəylərin sərlövhələri də aparılmış müzakirələrin uğurlu nəticələrindən xəbər verirdi :"Prezidentlərin görüşünü konstruktiv və ümidverici adlandırmaq olar", "Dövlət başçıları tam olmasa da, bir çox məsələlərdə razılığa gəldilər", "Vladimir Putin Ermənistan rəhbərliyinə başa salır ki, status-kvonun saxlanılması mümkün deyil", "Daha bir görüş olsa, daha ümidverici məqamlarla üzləşəcəyik", "Dağlıq Qarabağ münaqişəsi üzrə Sankt-Peterburq sammiti siyasi prosesin gələcəkdə irəliləməsi üçün əlverişli psixoloji ab-hava yaradıb" və sair. Əlbəttə, bu qənaətlərin heç biri əsassız deyildi. Çünki indi politoloq və siyasi ekspertlərin hamısı ən müasir informasiya texnologiyaları ilə işlədiklərinə görə verilən proqnozların hamısı ya həqiqəti əks etdirir, ya da ona yaxın olur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun mətbuata verdiyi müsahibələrdən birində deyilir ki, prezidentlərin Sankt-Peterburq görüşü və bundan əvvəl reallaşan Vyana görüşü müəyyən mənada bu ilin aprel ayında Ermənistan tərəfinin törətdiyi təxribatdan sonra baş verən ən önəmi hadisələrdəndir: "Düşünürəm ki, işğalçı ölkənin törətdiyi təxribat və ona verilən cavab bir daha beynəlxalq birliyə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrə və onların prezidentlərinə, eləcə də Ermənistan tərəfinə bir mesaj idi. Bu addımlar belə qənaətə gəlməyə əsas verdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bugünə kimi həll olunmaması, indiki vəziyyətdə qalması və yaxud dondurulmuş hesab edilməsi yanlış mövqedir".

Prezident Administrasiyası rəsmisinin fikrincə, münaqişənin geosiyasi baxımdan çox mühüm əhəmiyyət daşıyan bir regionda həll edilməsi bütün tərəflər üçün faydalı olar. Yəni tək Azərbaycan və Ermənistan üçün deyil, eləcə də dünya üçün münaqişənin həlli bir töhfə olar. Məhz bu qənaətə gəldikdən sonra ilk dəfə ABŞ-ın təşəbbüsü ilə Vyana şəhərində görüş keçirildi. İki gün öncə isə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Bu mənada hesab edirəm ki, Sankt-Peterburq görüşünü konstruktiv və ümidverici adlandırmaq olar.

Xatırladaq ki, görüş zamanı aparılan müzakirələr, fikir mübadiləsi, ortaya qoyulan mövqelər əsas etibarilə münaqişənin indiki vəziyyətdə hansı yollarla, variantlarla həll edilməsi ətrafında cərəyan etdirilib. Yuxarıda qeyd etdiyimiz kimi, bununla bununla bağlı prezidentlərin bəyanatı da mətbuata yayılıb. Novruz Məmmədov qətiyyətlə qeyd edir ki, bu gün artıq ümumi bir razılaşmanın əldə edilməsini qeyd etmək olar. Təbii ki, bu razılaşmanın da əsas mahiyyəti ondan ibarətdir ki, münaqişə həll olunmalıdır. Hətta yaxşı olardı ki, münaqişənin həlli mərhələli şəkildə davam etdirilsin. Yəni əvvəlcə Azərbaycanın rayonları (5 rayon) işğalçı qüvvələrdən azad edilsin. Ondan sonra iki rayon və dəhliz məsələsi həll olunmalı və Dağlıq Qarabağın statusu ilə bağlı proseslərə keçirilməlidir.

Azərbaycan tərəfinin istənilən görüşə, müzakirəyə, yəni sülh danışığına böyük önəm verməsinin əsas səbəblərindən birini dilə gətirən Prezident Administrasiyası rəsmisi qeyd edir ki, Vyana görüşlərindən bugünə qədər təmas xəttində vəziyyət əvvəlki dövrdən müsbət mənada fərqlənir. Təbii ki, proseslərə başlamaq üçün mütləq təmas xəttində və o ərazilərdə gərginliyin azaldılmasına çalışmaq lazımdır. Eyni zamanda, monitorinq qrupunun üzvlərinin sayının təxminən 6 nəfər artırılması nəzərdə tutulur. Prinsip etibarilə razılıq əldə edildi ki, Azərbaycanın rayonları azad edilən zaman o ərazilərdə problem yaranmasın deyə, ora sülhməramlı qüvvələr yerləşdirilsin. Təbii ki, bütün bunlarla bağlı ümumi razılıq əldə olundu. Amma bu hələ ki, heç bir sənədin üzərində deyil. Hətta nazirlərə və orada olan həmsədrlərə tapşırıldı ki, bu istiqamətdə işlər aparılsın. Əgər Ermənistan tərəfi bundan sonra mövqeyini dəyişməsə, təxribata əl atmasa, düşünürəm ki, görüş ümidverici oldu.

Prezidentlərin Sankt-Peterburq görüşünə münasibət bildirən ABŞ Dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza deyib ki, bu görüş mayın 16-də Vyanada əldə edilən nəticələri möhkəmləndirdi. ATƏT müşahidəçilərinin sayını artırmaq qərara alındı.

Ən başlıca məqam ondan ibarətdir ki, bu görüşlər Dağlıq Qarabağın işğaldan azad edilməsi prosesinə bir töhfədir. Çünki danışıqlar aparılmasa, münaqişənin həlli mümkün deyil. Ekspertlərin fikrincə, münaqişənin həllinin iki variantı var: münaqişə ya hərb, ya da danışıqlar yolu ilə həll edilməlidir. Biz aprel döyüşlərində həm gücümüzü nümayiş etdirdik, həm də göstərdik ki, Azərbaycan xalqının bundan sonra 25 il də gözləmək niyyəti yoxdur.

Digər mühüm məqam isə ondan ibarətdir ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. İstənilən halda bu görüşü münaqişənin həll olunması üçün irəliyə doğru bir addım hesab etmək olar.

Beləliklə, Prezident İlham Əliyevin, xalqımızın və ordumuzun vahid amal uğrunda sıx birləşərək, mütəşəkkil qaydada apardığı mübarizə gənc müstəqil dövlətimizi dünyanın nüfuzlu ölkələri sırasına qaldırıb. Indi isə növbə ərazi bütövlüyümüzün bərpa edilməsinindir. Əminik ki, ölkəmizdə formalaşdırılmış milli birlik, xalqın iqtidara, iqtidarın xalq inamı, dövlət başçımızın siyasi qətiyyəti və ordumuzun peşəkarlığı nəticəsində ərazi bütövlüyümüzün bərpasına da tezliklə nail olacağıq. Qeyd etdiyimiz proseslər də bizi məhz buna doğru aparır.

İttifaq MİRZƏBƏYLİ,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında