Ermənistanın nüvə terrorizminin əsas hədəfi Azərbaycandır

(əvvəli)

A.Muradyan radiocihazların hazırlanması üzrə Elmi-Tədqiqiat İnstitutunun katibliyinə ünvanladığı hesabatında (1995-ci il, 21 iyul) yazır: “Mən öz sınaq təcrübələrimin ilk variantından razı qaldım. Mənim üçün ayrılmış sınaq palatasından 6 nəfər könüllüdən (?) 3 nəfəri preparatlara dözə bilmədi. Qalan 3 nəfər isə artıq sağalıblar. Özlərini yaxşı hiss edirlər. Sifətlərində müşahidə olunan səpkilər çəkilib gedib. Qan dövranları normal işləyir”.

Ermənistan EA-nın mikrobioloqlarından olan E.Aşkinazyan, D.Davidyan, O.Ohanesyan isə Şimali Koreyada sınaq təcrübələri keçiblər. Çünki Şimali Koreya dünyada məhz kimyəvi və bakterioloji silahların hazırlanması və istifadəsi istiqamətində ən böyük arsenalı olan ölkədir. Şimali Koreyada gündə 15 ton kimyəvi-zəhərləyici maddələr və bakterioloji viruslar hazırlamaq gücündə olan səkkiz müəssisə və altı müxtəlif anbar var. Ölkənin şimal-şərqindəki dörd elmi-tədqiqiat mərkəzindən biri tam məxfi qaydada işləyir. Həmin “Unfu-3” tipli, tutumu 25 ton olan anbarlardan birinin Dağlıq Qarabağ ərazisində tikilməsi planlaşdırılıb.

Nyu-York politoloqu Cudit Millerin məlumatına görə, “RF-də “Noviçok” adlı yeni kimyəvi silah istehsal edilib. İki kimyəvi element birləşərək, ölümsaçan silah yaradır. Həmin birləşmələr mərmilərdə də istifadə edilir”. Moskvada çap olunan “Sintez” jurnalında isə erməni alimi L.M.Teroyants qeyd edir: “Noviçok” adlı silah binar silahıdır. Orada silahın istehsalında və hazırlanmasında mənim xidmətimə qiymət verən rus alimlərinə minnətdaram. Biz əsəb sistemini iflic edib, insanı əridən bu silah üzrə həm Ermənistanda (Yerevan), həm də Azərbaycanın işğal olunmuş ərazilərində (Qubadlı) xüsusi laboratoriyalar yaratmışıq”.

Erməni mütəxəssislər Yerevandakı laboratoriyanı təhlükəli olduğuna görə Türkiyə sərhəddi istiqamətinə köçürürlər (2011-ci il 2 iyul). Onların tədqiqatlarının nəticəsindən Ermənistanın hərbi-sənaye mərkəzlərində bioloji silahların hazırlanmasında istifadə olunması nəzərdə tutulur.

2010-cu ilin aprel ayında B.A.Şakaryanın və elmi işçi S.O.Kaçaryanın qonağı olan Beyrut Bioloji Araşdır-malar Mərkəzinin əməkdaşı Feyzulla Yusif Livanda nəşr olunan “Artsaq” qəzetindəki yol qeydlərində yazırdı: “Mən bir erməni qardaşımın elmi laboratoriyasında oldum. Gördüklərim elmi nəticələr haqqında biz də fikirləşməliyik. Çünki Livan üçün də Ermənistan qədər bir təhlükə var”.

2010-cu ilin aprelində müşahidə edilən, 2011-ci il fevralın 3-dən isə qarşısı alına bilməyən bir xəstəliyin -- qarayara xəstəliyinin virusları Ermənistan ərazisində yayıldı. Erməni professor bu virusun ilk sınaqlarını Qarabağ ərazisinin işğal olunmuş hissəsində keçirib, Azərbaycanın hərbi birləşmələrinin yerləşdiyi Tərtər, Goranboy, Ağcabədi, eləcə də Naxçıvan səmtə yaymaq niyyətində olub. Lakin erməni alimlərini qorxudan bu olub ki, Azərbaycan ərazisində küləklər tez-tez istiqamət və sürətini dəyişdiyindən, hər şey əksinə alına bilər.

 Odur ki, Sibir xoralarının, yəni qarayara viruslarının oyanması üçün nəzərdə tutulan mexanizm Yerevanda Aştarak-2-də qurulub. Təbiətə və insanlara qarşı ediləcək cinayətlərin sınağı aparılıb. Bilavasitə insan genlərinə təsir edib onu şikəst edən və ömrü məhv edən Sibir xorası - qarayara viruslarının Ermənistan ərazisində olması, işğal olunmuş ərazilərimizdəki elmi laboratoriyalar məsələni daha da ciddiləşdirir.

Rusiya Ferderasiyası və Ermənistan işğal olunmuş torpaqların bir qismini “icarəyə” götürsə də heç bir  haqq ödəmədən Dağlıq Qarabağda “nüvə zonaları” yaradıblar. Tikanlı məftillərlə dövrələnmiş bu zonalarda həm Rusiya, həm də Ermənistan özlərinin nüvə qalıqlarını yerləşdirməklə məşğuldur. Ermənistan ərazisindən (çəlləklərdə) qablaşdırılmış, üstünə “A-TOOZ” sözləri yazılmış xüsusi qutularda yola salınan nüvə tullantıları əvvəlcədən nəzərdə tutulmuş kəndlərdə, ərazilərdə xüsusi çalalarda basdırılır. Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ ərazisində ermənilərin yeraltı nüvə anbarlarının sayı artmaqda davam edir.

 Xocalı yaşayış ərazisinin şimal-qərb hissəsindəki Kolataq, Seyidbəyli və Almalı kəndlərinin həm bitki aləmi, həm də iqlim zolağı dəyişib. Ötən il təkcə Kolataq yaşayış məntəqəsində Ermənistandan göndərilən nüvə tullantıları (AES) yığılmış 11 dəmir qutu basdırılıb. Seyidbəyli və Almalı kəndləri isə, sözün əsl mənasında, tikanlı məftillərlə əhatəyə alınmış “nüvə qəbiristanlığı”na çevrilib. Lakin ermənilər heç də bununla kifayətlənmirlər.

İşğal olunmuş Qubadlıda isə ermənilər “nüvə qəbiristanlıqları”nı bir az da genişləndiriblər. Bərgüşad və Həkəri çayları arasındakı yurd yerlərimiz olan  Qayalı, Mahmudlu, Qaracallı, Sarıyataq kəndlərinin ərazilərində nüvə tullantılarınını basdırılması üçün xüsusi sahələr ayrılıb. Bu işləri, bir qayda olaraq, “Dağlıq Qarabağ ordusu”nun  “radiokimyəvi qrupu”nun əsgərləri görürlər. Təkcə 2010-cu ildə Xankəndinin hərbi hospitalına orduda “radiokimyəvi qrup”da xidmət etmiş 22 nəfər qan xərçənginə tutulmuş gənc müraciət edib. Ordudan tərxis olunmuş ermənilərin ailələrində dünyaya gələn uşaqlarda isə kütləvi  qan zəhərlənməsi xəstəliyi müşahıdə olunub.

Məşhur politoloq, yapon yazıçısı Frankis Fukuyama dünyanı hədəfə almış terrorçu əməllərə işarə edərək “zamanın sonu” əsərində yazır: “Dünya bitir. Amma, deyəsən, bir qisim dövlət qalacaq ki, onlar da dünyanın son işığınadək bir-birilə vuruşacaq... və bu vuruşmada onlar bilərəkdən, Allahın və bəndənin acığına torpaqlara zəhər qatacaq, suları bulandıracaq, ağacları, gülləri yandıracaqlar... Bu da terrordur. Bu, təbiətə qarşı, insanlığa qarşı, vicdan və əxlaqa qarşı terrordur. Bu terrora isə nə insanlıq davam gətirər, nə də təbiət... Yer kürəsini, zamanı məhv edən də elə bu terror olacaq”.

Yuxarıdakı araşdırma materialları təkzibolunmaz faktlarla sübut edir ki, işğalçı Ermənistan dövlətinin insanlığa qarşı yönəlmiş “nüvə terrorçuluğu”nun əsas hədəfi məhz Azərbaycandır.  

Rövşən VƏLİZADƏ,
AMEA Hüquq və  İnsan Haqları
İnstitutunun şöbə müdiri,  fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında