Qərb-Rusiya münasibətləri: böhran dərinləşir

Son zamanlar qlobal miqyasda geosiyasi gərginliyin yüksəldiyini təsdiq edən proseslərin sayı artıb. Qərbin böyük dövlətləri Moskvanı bir sıra məsələlərdə ittiham edir, o cümlədən Rusiyanın təhlükəli hərbi addımlar atdığını söyləyirlər. Bunun fonunda NATO-nun öz hərbi potensialını daha da gücləndirməsi zərurətindən bəhs edilir. Bunlara qarşılıq rəsmi Moskva öz mövqeyini bəyan edir. Kreml ümumi vəziyyətin NATO tərəfindən gərginləşdirildiyini bildirir. Burada başlıca arqument kimi bir sıra regionlarda Şimali Atlantika Alyansının öz hərbi qüvvələrini və yeni silahlar yerləşdirməsi göstərilir. Maraqlıdır ki, NATO-Rusiya rəqabəti Avropadan tutmuş Asiya-Sakit okean hövzəsinə qədər böyük bir ərazini əhatə edir. Bütün bunlar dünya üçün yeni təhlükələrin meydana gəlməsinin əlamətləri kimi qəbul edilə bilər. Böyük dövlətlərin hərbi müstəvidə qarşıdurmaya girməsi və onu şiddətləndirməsi müsbət əlamət sayıla bilməz. Dünya haraya gedir?

 

Konfrontasiya və silahlanma: risklər artır

 

Qərb-Rusiya münasibətlərində gərginlik azalmır. ABŞ və Avropa İttifaqının (Aİ) böyük dövlətləri Moskvaya qarşı ittihamlar irəli sürməkdə davam edirlər. Bunlar, əsasən, təhlükəsizlik məsələləri ilə bağlıdır. Vaşinqton hesab edir ki, Kreml bəzi qonşu ölkələr üçün təhlükə yaradır. Konkret olaraq Ukrayna və Gürcüstanın ərazi bütövlüyünə təhdidlər olduğu bildirilir. Bununla yanaşı, Moskvanın Şərqi Avropa dövlətlərinin təhlükəsizliyinə problemlər  yaratdığı vurğulanır. Bunun təsdiqi kimi Baltik dənizindəki məlum insidentlər, Balktikyanı ölkələrin ünvanına səslənən hədələr göstərilir.

Qərb ekspertləri əmindirlər ki, Rusiya hərbi-dəniz donanmasının gəmiləri ilə ABŞ dəniz qüvvələri arasında olan münaqişələr təsadüfi deyil. Əksinə, bu hadisələr Amerikaya "əlcək atmaqdır" və eyni zamanda, Vaşinqtonun "avropalı müttəfiqlərini qorxutmaqdır". NATO-nun Avropa qüvvələrinin keçmiş komandanı, general Uesli Klark bəyan edib ki, "Rusiyada hesab edirlər ki, hərbi güc nümayişi dövlət maraqlarını müdafiə etməkdir. Bu halda söhbət qorxutmaqdan gedir... Bu o deməkdir ki, Rusiya ABŞ-a qarşı çıxmağa hazırdır".

Bu cür fikirləri yalnız hərbçilər deyil, siyasi liderlər də ifadə edirlər. Almaniyanın kansleri Angela Merkel açıq bildirib ki, Rusiyanın hərəkətləri NATO ölkələrini "çox qorxudub". Kansler Bundestaqdakı son çıxışı zamanı bildirib ki, Avropa ilə Rusiya arasında etibarın itməsində günahkar Moskvadır. Merkelin fikrincə, Kreml öz addımları ilə təməl "sərhədlərin toxunulmazlığı" prinsipini "sözdə və əməldə şübhə altına alıb". Prezident Barak Obama isə NATO-nun Varşava sammiti öncəsi Rusiyanı İŞİD və "Brexit"lə birlikdə Şimali Atlantika Alyansı üçün ciddi təhdid adlandırıb.

ABŞ-ın dövlət başçısı bu kontekstdə deyib: "Ukraynaya olan Rusiya təcavüzü bizim azad, vahid və dinc Avropa baxışlarımıza təhdiddir". Bu fikri dövlət katibi Con Kerri Tbilisi və Kiyevə səfərlərində təsdiqləyib. Gürcüstan paytaxtında o, Rusiyanın zəbt etdiyi əraziləri tərk etməsinin, 2008-ci il müharibəsinə qədərki mövqelərə çəkilməsinin  vacibliyini vurğulayıb. Eyni zamanda, dövlət katibi Vaşinqtonun Gürcüstanı müdafiə etmək üçün əlindən gələni edəcəyini bəyan edib.

Ukraynada da C.Kerri bu dövlətin ərazi bütövlüyünün bərpası məsələsini ABŞ-Rusiya münasibətlərinin xüsusi hissəsi adlandırıb. Onun sözlərinə görə, Moskva Ukraynanın şərqindən hərbi qüvvələrini çıxarmayınca, sanksiyalar davam edəcək.

 

Qarşılıqlı ittihamlar: qlobal təhlükəsizliyin zəif həlqələri

 

Rəsmi Moskva bunları qəbul etmir. Əksinə, Qərb dövlətlərini vəziyyəti gərginləşdirməkdə günahlandırır. Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi Aleksandr Qruşko bəyan edib ki, "Alyansın şərq istiqamətində atdığı addımlar birmənalı olaraq situasiyanı pisləşdirir". Burada əsas məqsəd Avropa qitəsində yeni ayırıcı xətlər çəkməkdən, böyük Avropa layihəsinin reallaşmasına mane olmaqdan və Aİ ölkələrinin ABŞ-dan asılılığını gücləndirməkdən ibarətdir. Lakin NATO bilməlidir ki, bütün bunlar yalnız əks-effekt verə bilər. Belə ki, Rusiya cavab kimi lazım olan hərbi-texniki addımları atmağa qadirdir. Moskva öz müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək. Onu deyək ki, bu barədə Prezident Vladimir Putin də açıq fikir bildirib. Kreml artıq yeni hərbi tədbirlər görmək barədə göstəriş verib. Rusiya ordusunun hərbi təlimləri, manevrləri, yeni silahlarla təmin edilməsi mövcud tələblər nəzərə alınaraq həyata keçirilir.

Moskva Qərb dövlətlərini Rusiyanın sərhədləri yaxınlığına yeni silahlar və canlı qüvvə yığmaqda ittiham edir. Baltik dənizindən başlayaraq Mərkəzi Asiyaya qədər geniş bir məkanda NATO öz hərbi varlığını gücləndirir. Baltikyanı ölkələrdə, Polşada, Moldovada, Ukraynada, Gürcüstanda və Mərkəzi Asiya ölkələrində NATO əlavə hərbi tədbirlər görür, bununla da yeni silahlanma yarışına təkan verilmiş olur. Rusiya Prezidenti bunu başa düşdüklərini bildirib. Ancaq cavab addımları atmaqdan başqa çıxış yolunun olmadığını da ifadə edib.

Reallığın təhlili göstərir ki, Qərb-Rusiya münasibətləri yeni gərginlik fazasına yüksəlməkdədir. Tərəflər böyük bir məkanda hərbi qarşıdurmaya doğru gedirlər. Hətta bunu Asiya-Sakit okean hövzəsində belə müşahidə etmək mümkündür. Son məlumatlara görə, Rusiya Kuril adaları silsiləsinə daxil olan Matua adasında hərbi-dəniz bazası tikməyə hazırlaşır. Onun tikintisinə bu il start verilməlidir.

Amerikanın həmin istiqamətdə öz hərbi-dəniz qüvvələrini gücləndirməsi və bu regiondakı müttəfiqlərinə yardımlarını artırması çoxdan məlumdur. Deməli, artıq iki böyük dövlət arasında geosiyasi-hərbi qarşıdurmanın bütün regionları əhatə etdiyini və onun daha təhlükəli bir məzmun kəsb etməyə başladığını demək mümkündür.

Bu cür qarşıdurma beynəlxalq təhlükəsizlik üçün ciddi risklər meydana gətirir. Siyasətçilər yaranmış vəziyyəti İkinci dünya müharibəsi ərəfəsində olan mənzərə ilə müqayisə edirlər. O zaman da silahlanma və qarşılıqlı ittihamlar üstünlük təşkil edirdi. ABŞ, Avropa və SSRİ ortaq nəticəyə gələ bilmirdilər. İndi vəziyyət daha qorxuncdur, çünki, birincisi, müxtəlif regionlarda həll edilməmiş münaqişələr davam etməkdədir, ikincisi, ölkələrin hərbi imkanları keçən əsrin 40-cı illəri ilə müqayisə edilməz dərəcədə böyükdür.

Həmin səbəblərdən müasir mərhələdə müharibə bütövlükdə bəşəriyyətin varlığına təhlükə olardı. Maraqlıdır ki, supergüclər bunu dərk etsələr də konfrontasiyaya gedirlər. Görünür, geosiyasi maraqlar o dərəcədə güclüdür ki, hətta ölümcül savaşdan belə çəkinmək istəmirlər. Lakin bu yolun sonunun olmadığı da bəllidir.

Bəşəriyyət üçün bu təhlükələrin aradan qaldırılması çox önəmlidir. Siyasətçilər və hərbçilər bir araya gəlib, dünyanın problemlərini təmkinlə müzakirə etməlidirlər. Hələlik isə NATO bir tərəfdə, KTMT isə digər tərəfdə öz xəttini yeritməyə çalışır. Dünya bu təşkilatlarda birləşən ölkələrdən çox böyükdür. Ancaq, təəssüf ki, elə bir beynəlxalq tənzimləmə mexanizmi yoxdur ki, həmin məqam nəzərə alınaraq hərəkət edilsin. Kim güclüdürsə, o, "haqlı" sayıla bilər, hətta ən böyük ədalətsizliyi etsə belə. Lakin dünyanı bütün xalqların vahid evi kimi nəzərdən keçirdikdə, onun çökən divarlarının altında hamımızın qalacağını dərk etmiş olarıq!

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında