Qlobal təhlükəsizliyin "qırılma nöqtəsi": yeni dünya müharibəsi qorxusu

İndi bəşəriyyətin sabitliyə və sülhə böyük ehtiyacı vardır. Dünyanın müxtəlif guşələrində axan qanın dayandırılması üçün ölkələrin səfərbər olması gərəkdir. Bu barədə elmi və siyasi dairələrdə aralılan müzakirələr göstərir ki, burada vəziyyət heç də ürəkaçan deyil. Böyük dövlətlərin başçılarının verdikləri bəyanatlar, atdıqları konkret addımlar qlobal miqyasda təhlükəsizliyə heç bir təminat verilmədiyi təəssüratını yaradır. Sanki supergüclər yeni dünya müharibəsinə hazırlaşırlar. Bunun fonunda bütövlükdə təhlükəsizliyə tərk-silah olunmanın necə təsir etdiyini araşdırmağa ehtiyac yaranır. Faktlar göstərir ki, bununla əlaqəli bir neçə müqavilə imzalanmasına baxmayaraq, reallıq narahatlıq doğurur. Həmin müstəvidə dünyada baş verən və təhlükəsizliyə birbaşa aidiyyəti olan faktorlara nəzər salmaq maraqlı olardı.

 

Putinin xəbərdarlığı: vəziyyət nəzarətdən çıxırmı?

 

Belə görünür ki, beynəlxalq təhlükəsizliyə olan təhdidlərin azaldılması üçün supergüclər təsirli addım atmaq fikrində deyillər. Əksinə, gərginliyi yüksəldə biləcək və qlobal miqyasda problemləri kəskinləşdirəcək addımlar atılır. Bunu, əsasən, Qərb dövlətlərinin etdiyini indi açıq ifadə edirlər. Reallıq ondan ibarətdir ki, ABŞ başda olmaqla, Qərb ölkələri güclüdürlər və bütün istiqamətlərdə hücum xarakterli hərəkətlər edə bilirlər.

Bu tezisi təsdiq edəcək konkret faktlar mövcuddur. Onlardan çıxış edərək, belə nəticəyə gəlmək olar ki, qlobal səviyyədə təhlükəsizliyin təmini məsələsi xeyli çətinliklərlə üzləşib. Onlar haqqında ümumi kontekstdə Rusiya Prezidenti Vladimir Putin Almaniyanın SSRİ-yə hücumunun 75-ci ildönümünə həsr edilmiş Duma müzakirələrindəki çıxışı zamanı açıqlama verib.

Rusiyanın dövlət başçısı bütün problemlərin, dövlətlərə eyni mövqedən yanaşan bir təhlükəsizlik sisteminin olmamasından qaynaqlandığını ifadə edib: "Hər dövlətə bərabər yanaşan bir təhlükəsizlik sisteminə ehtiyac var". Fikrimizcə, bu tezis müasir mərhələdə qlobal təhlükəsizliyin fundamental problemini əks etdirir.

Konkret olaraq, İkinci dünya müharibəsindən sonra yaradılan təhlükəsizlik modelinin artıq yetərli olmaması fonunda yeni, obyektiv və bərabərhüquqluğu saxlaya biləcək yanaşma təklif edilməyib. Əslində, bu, dünyanın böyük dövlətlərinə olan iradı ifadə edir.

Biz, sadəcə, Cənubi Qafqazda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənləri, Yaxın Şərqdə Suriya məsələsində yaranmış mürəkkəb durumu və Ukrayna böhranını xatırlada bilərik. Bunların hər birinin qlobal miqyasda təhlükəsizliklə birbaşa əlaqəsi vardır. Nümunə kimi Ukrayna məsələsi ilə əlaqədar Qərb-Rusiya münasibətlərinin son vəziyyətini yada salaq.

Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq İqtisadi Forumda Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker açıq bildirib ki, Minsk razılaşmalarına əməl edilməsə, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları davam etdirəcək. Buraya Ukraynanın şərqindəki böhranın aradan qaldırılması və Krım məsələsi daxildir.

Digər tərəfdən, NATO Rusiyanın sərhədləri yaxınlığında hərbi gücünü artırır, təlimlər keçirir. Bu, birbaşa təhdiddir. V.Putin deyir: "Dialoqa açığıq, fəqət İkinci dünya müharibəsi öncəsində də olduğu kimi, hər hansı real addım, ya da cavab görə bilmirik. Tam əksinə, NATO təcavüzkar mövqeyini gücləndirir və sərhədlərimiz yaxınlığında aqressiv hərəkətlərə yol verir.

 Alyans bunun səbəbi kimi Moskvanın qonşu ölkələrə qarşı aqressivliyini artırmasını göstərir. Yəni, Qərbin mövqeyinə görə, aqressivliyin mənbəyi NATO deyil, o, yalnız cavab tədbirləri görür. O cümlədən Şimali Atlantika Alyansı Moskvanın Baltik dənizində riskli hərəkətlər etdiyini və Baltikyanı ölkələrə qarşı təcavüzkar davrandığını ifadə edir.

NATO-nun baş katibi Yens Stoltenberq bu kontekstdə bəyan edib: "Gərginliyin yüksək olduğu bir zamanda NATO ilə Rusiya arasındakı dialoq mühitinin qoruna bilməsi önəmli olan özəllikdir. Bir araya gəlməyimiz, danışmağımız, gərginliyi azaldacaq hər nə lazımdırsa, onu etməyimiz və yanlış hesabların, yanlış anlaşmaların önünə keçməyimiz əhəmiyyətlidir".

 

Bağlanmış müqavilələr: kağız parçasına çevrilmiş sənədlər

 

Tərəflərin bir məsələ ilə bağlı ifadə etdikləri mövqelərin müqayisəsi əsasında qlobal təhlükəsizlik aspektində hansı nəticəni çıxarmaq olar? Maraqlıdır ki, hər iki tərəf bir-birini aqressiyada və dialoqdan qaçmaqda ittiham edir. Kim haqlıdır? Onu biz deyə bilmərik, lakin reallıq ondan ibarətdir ki, böyük güclərin bu cür mövqeyi qlobal təhlükəsizliyə töhfə vermir, əksinə, daha gərgin vəziyyətin yaranmasına səbəb olur. Dünya üçün önəmli olanı budur.

Həmin səbəbdəndir ki, kimlərinsə dialoqdan və əməkdaşlıqdan gözəl sözlərlə danışmasına baxmayaraq, qlobal miqyasda dünya təhdidlərdən müdafiəsizdir. Bu təhlükəli tendensiya, təəssüf ki, getdikcə özünü daha qabarıq göstərir. Bu müstəvidə V.Putinin İkinci dünya müharibəsi öncəsindəki vəziyyəti xatırlatması çox düşündürücüdür. Bəlkə dünya növbəti qlobal savaşın qapısı ağzındadır? Və gözlənilməz kiçik bir hadisə-təxribat bütövlükdə bəşəriyyəti dəhşətli müharibənin ağuşuna ata bilər.

Nəzəri olaraq bu ssenarilərin heç biri istisna deyil. Bununla yanaşı, acınacaqlıdır ki, praktiki aspektdə də vəziyyət ürəkaçan deyil. V.Putin bəyan edir ki, NATO-nun hərəkətlərinə cavab olaraq, Rusiya hərbi tədbirlər görməlidir. Deməli, silahlanma prosesi faktiki olaraq yeni mərhələyə qədəm qoya bilər. Qlobal təhlükəsizlik sistemində də tərk-silah məsələsi xüsusi yer tutur. Buradan avtomatik olaraq belə qənaətə gəlmək olar ki, indiki mərhələdə qlobal təhlükəsizliyin tərk-silah kimi vacib bir elementinə əməl edilmir. Deməli, bəşəriyyətin təhlükəsizliyi böyük risk altına atılmış olur.

Məsələ ondan ibarətdir ki, dünyanın güclü dövlətləri o dərəcədə təkmil silahlara malikdirlər ki, onların mövcudluğu belə hər kəs üçün təhlükədir. Tərk-silah məsələsini bir neçə dəfə Vaşinqton və Moskva aktuallaşdırıb. Hətta nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı müqavilələr də imzalanıb.

Strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan ilk müqavilə ABŞ-la SSRİ arasında 1972-ci ildə imzalanıb ("OSV-I"). 1979-cu ildə "OSV-II" meydana gəlib və nəhayət, 90-cı illərin əvvəllərindən başlayaraq bu müqavilələrin əsasında strateji hücum silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan "CHB-I" (1991), "CHB-II" (1993) və "CHB-III" (2010) sazişləri imzalanıb.

Bunlardan başqa, 1990-cı ildə Avropada adi silahların məhdudlaşdırılması ilə bağlı NATO ilə Varşava Müqaviləsi Təşkilatı (VMT) arasında saziş əldə edilib. Ancaq 2014-cü ildən başlayaraq Moskva bu müqavilənin formal xarakter daşıdığını və orada iştirak etməyin mənasız olduğunu bəyan edir. Hətta xarici işlər naziri Sergey Lavrov həmin il bu barədə açıq fikir də bildirib. O deyib ki, "bu müqavilə artıq ölüdür". Nəhayət, 2015-ci ilin mart ayında Rusiya rəsmi olaraq həmin müqavilədən çıxdığını bəyan edib.

Yuxarıdakı informasiyaları ümumiləşdirsək, belə nəticə çıxara bilərik ki, iki böyük güc tərksilahla bağlı real olaraq 5 strateji müqavilə imzalayıblar, ayrıca Avropa ilə əlaqədar 16 NATO və 6 Varşava Müqaviləsi Təşkilatı üzvü daha geniş spektrdə silahların məhdudlaşdırılmasını və ixtisarını nəzərdə tutan böyük müqaviləyə imza atıblar. İndi məlum olur ki, bütün bunların konkret nəticəsi yoxdur.

Yəni bütövlükdə dünya ölkələri tərksilahla bağlı əməli nəticəyə gələ bilməyiblər. Bunun fonunda isə NATO və Rusiya bir-birini ittiham etməkdə davam edirlər və yeni silahlanmaya start vermiş kimi davranırlar. Belə olan halda hansı mənada qlobal təhlükəsizlikdən danışmaq olar? Bizcə, yalnız ehtimal kimi nəsə demək olar. Ehtimal isə reallıq deyil. Bu səbəbdən qlobal təhlükəsizlik sisteminin çox həssas məqama, hətta "qırılma nöqtəsi"nə gəldiyini demək mümkündür.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında