Ölkəmiz müstəqillik tarixinin ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni bir dövrünü yaşayır. Bu dövr ərzində maliyyə-iqtisadi böhranın tüğyan etməsinə baxmayaraq, Azərbaycan dinamik inkişafına və iri infrastruktur layihələrin gerçəkləşdirilməsinə, nəzərdə tutulan proqramların həyata keçirilməsinə görə beynəlxalq birliyin diqqət mərkəzində olmuş, regionun lider dövləti kimi dünyanın inkişaf etmiş ölkələri sırasında özünəməxsus yerini tutmuşdur. Sosial-iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə edilən yüksək göstəricilər ölkəmizin qüdrətini daha da artırmış, əlaqələrini genişləndirmişdir. Milli inkişaf modelinin uğurla tətbiqi, sosial-siyasi islahatların davamlı olaraq, həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlardandır.
Bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli dövlət siyasətinin prioritetini təşkil etmişdir. Dövlətimizin başçısı istər xarici səfərlərində, istərsə də ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə, həmçinin xarici ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə bəyan edir ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək. Dağlıq Qarabağa yalnız Azərbaycanın tərkibində hər hansı bir status verilə bilər. Lakin bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Dövlətimizin başçısı bütün vasitələrlə münaqişənin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə çalışır.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin bu vaxta qədər keçirdikləri 50-dən çox görüşdə və münaqişənin nizama salınması istiqamətində aparılan bütün danışıqlarda da ölkəmizin ilk növbədə sülh variantına üstünlük verdiyi diqqəti cəlb edib. Təəssüf ki, Ermənistan rəhbərliyi müxtəlif vasitələrlə görüşlərdən boyun qaçırıb və ya işğalçılıq siyasətini davam etdirməkdə, mövcud status-kvonu saxlamaqda israrlı olduğunu açıq şəkildə büruzə verib. Son 6 ildə beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif ölkələrdə Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən 17 görüşdə də hər dəfə təcavüzkar ölkənin prezidenti Serj Sarkisyan müxtəlif bəhanələrlə təklif olunan variantlardan qaçmış və işğalçılıq siyasətini davam etdirmişdir.
Ancaq bu özbaşınalıq uzun müddət davam edə bilməzdi. "Status-kvo" dəyişməli, torpaqlarımız işğaldan azad edilməli və Ermənistanın hərbi təcavüzünə son qoyulmalıdır. Həm işğalçı dövlət, həm də ona himayədarlıq edən, ikili standartlardan əl çəkməyən beynəlxalq təşkilatlar, nəhayət, dərk etməli idilər ki, beynəlxalq birlik tərəfindən tanınmış dövlətlərin ərazi bötövlüyü təmin olunmalı, işğala son qoyulmalı və öz doğma torpaqlarından didərgin salınan məcburi köçkünlər ata-baba yurdlarına qayıtmalıdırlar.
Uzun illərdir ki, Ermənistan tərəfi ermənilərin öz müqəddəratını təyinetmə prinsipini əsas gətirərək, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına çalışır. Tarixi saxtalaşdırmağa cəhd edən və bununla da beynəlxalq aləmdə çaşqınlıq yaratmaq istəyən ermənilər sanki dərk etmək istəmirlər ki, Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər müstəqil Azərbaycan dövlətində yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüquq normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Bu baxımdan, ermənilərin öz müqəddaratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Dəfələrlə nüfuzlu beynəlxalq qurumların qəbul etdikləri qətnamələrdə bir daha diqqətə çatdırılmışdır ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidir. Xatırladaq ki, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərini bəyan ediblər. NATO-nun Çikaqoda keçirilmiş sammitində qəbul edilmiş Bəyannamənin 47-ci maddəsində də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş və münaqişənin bu prinsiplər əsasında-sülh yolu ilə həllinə çağırış ifadə olunmuşdur.
Dünyanın 120 dövlətini özündə birləşdirən və üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Tehranda keçirilmiş 16-cı Sammitinin yekun sənədində də münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə dəstək ifadə edən maddə öz əksini tapmışdır. Daha sonra Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa İttifaqının Cənubi Qafqaz üçün strategiya ehtiyacı" adlı qətnamədə Dağlıq Qarabağ, eləcə də onun ətrafındakı ərazilərin işğal altında olması faktı təsdiq edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxarılması, öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin tezliklə daimi yaşayış yerlərinə qayıtması hüququnun təmin edilməsi tələb edilmişdir.
Göründüyü kimi, Ermənistanın təcavüzkar siyasəti artıq dünya birliyini bezdirmiş və son illər ölkəmizin sülhməramlı mövqeyi beynəlxalq ictimiyyət tərəfindən açıq şəkildə dəstəklənmişdir. Dövlət başçısının bu mövqeyi hazırda dünyanın inkişaf etmiş dövlətləri tərəfindən də qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş IV Beynəlxalq Nüvə Sammitində iştirakı zamanı keçirdiyi görüşlərin nəticəsində də bunun şahidi olduq. Vitse-prezident Cozef Baydenin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində həlli ilə bağlı mövqeyi işğalçı dövlətin bütün ümidlərini puç etdi. Bu, həm də Ermənistanın daim "xalqların öz müqəddəratını təyinetmə hüququ" bəhanəsini heçə endirdi. ABŞ-ın vitse-prezidentinin bu mövqeyi, əslində, elə Prezident Barak Obamanın, eyni zamanda, Ağ evin mövqeyi kimi dəyərləndirilməlidir. Çünki vitse-prezident ölkə konstitusiyasına görə, həm də Senatın rəhbəridir. Bütün bunlar bir daha təsdiqləyir ki, artıq Ermənistanın işğalçılıq siyasəti dünya birliyini təngə gətirib.
Ölkəmizin haqlı mövqeyinin dünya birliyi tərəfindən dəstəklənməsi Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq təmas xətti boyu müxtəlif təxribatlar törətməsindən sonra daha geniş vüsət almışdır. İşğalçı dövlətin təxribatlarına dözməyən Azərbaycan Ordusunun bu il aprel ayının əvvəlində Ermənistan silahlı qüvvələrinə layiqli cavab verməsi, 23 il düşmən əsarətində olan ərazilərimizin 2 min hektarından təcavüzkarları qovması və bir sıra zəruri yüksəklikləri azad etməsi həm düşmənlərimizə, həm də beynəlxalq birliyə ciddi mesaj oldu. Bu qələbə gündən-günə mətinləşən, qüdrətlənən Milli Ordumuza inamı daha da artırdı. Artıq bu gün hər birimizdə, hətta, beynəlxalq aləmdə işğal altında olan torpaqlarımızın qısa müddətdə geri qaytarılmasına böyük inam yaranıb. Milli Ordumuzun həyata keçirdiyi əməliyyatlar bu inamı daha da reallaşdırıb.
Azərbaycan Ordusunun aprelin əvvəlindəki uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verib. İlk növbədə Azərbaycan çox böyük psixoloji qələbə qazanmışdır. Qarabağın şimal və cənub hissələrində strateji əhəmiyyətə malik yüksəkliklərin azad edilməsi, Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində əlverişli mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi və 4 günlük döyüşlərin beynəlxalq aləmdə əks-səda yaratması Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasını bir daha bütün dünyaya xatırlatdı.
Ermənistan rəhbərliyinin Vyana və Sankt-Peterburq şəhərində keçirilən görüşlərində əvvəlki illərə nisbətən daha konstruktiv mövqe nümayiş etdirməsi, eyni zamanda, artıq irəli sürülən təkliflərə yumşaq münasibət sərgiləməsi zamanın Azərbaycanın xeyrinə işləməsindən xəbər verir. Vyana görüşündən sonra beynəlxalq birliyin artıq Ermənistanın yalanlarına inanmadığını dərk edən işğalçı dövlətin prezidenti Sankt-Peterburq görüşünə qatılmağa məhkum idi. Ayrı yol da görünmürdü.
Sankt-Peterburqda prezidentlərin görüşündən sonra yayılan birgə bəyanatda deyilir ki, tərəflər münaqişənin dinc yolla həlli üçün çalışacaqlar və nizamlamada inkişafa şərait yaradan bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edilib. Bunun üçün uyğun atmosferin yaradılması, o cümlədən münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması haqqında razılığa gəlinib. Azərbaycan tərəfi, bütövlükdə görüşü konstruktiv adlandırıb.
Bəyanatın məzmunundan da aydın olur ki, sülh müzakirələrinin gedişində anlaşma istiqamətində addımlar atılıb. Bu kontekstdə münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantının əsas prinsip kimi götürülməsi diqqət çəkən məqamlardandır. Eyni zamanda, ölkəmizi qane edən şərtlər daxilində danışıqların davam etdirilməsi və mövcud vəziyyətə nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sankt-Peterburq görüşündə yaddaqalan məqamlardan biri də Azərbaycan Prezidentinin çıxışı olmuşdur: "Əlbəttə, bugünkü əsas diskusiyanın mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir...Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır." Azərbaycan Prezidentinin "əgər kimsə fikirləşirsə ki, biz sonrakı 20 il üçün də mənasız danışıqlar aparacağıq, çox ciddi səhv edir"–fikrini səsləndirməsi o demək idi ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməlidirlər.
Göründüyü kimi, prezidentlərin son görüşləri də təsdiqləyir ki, həm Vyana, həm də Sankt-Peterburq görüşlərinin lideri Azərbaycan Prezidenti İlham Əliyevdir. Bunu görüşlərin yekun nəticələri də təsdiqləyir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan öz torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq: "Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər".
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.