Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi bu gün cəmiyyətimizdə ən çox müzakirə edilən mühüm sənəddir və bu da təbiidir. Çünki cəmiyyət həyatının bütün sahələrində strateji xətti müəyyənləşdirən Konstitusiya hər birimizin həyatı ilə yanaşı, həm də ölkədə sabitliyin qorunmasına, demokratik hüquqların genişləndirilməsinə təminat yaradır. Bir hüquqşünas olaraq edilən təklifləri tamamilə müsbət qiymətləndirir və bəzi maddələrlə əlaqədar, xüsusilə də insan və vətəndaş hüquqları ilə əlaqədar fikirlərimi oxucularla paylaşmaq istərdim.
İlk növbədə 24-cü maddə ilə əlaqədar layihədə göstərilir ki, maddənin I və II hissələri, müvafiq olaraq II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:
"I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir".
Hesab edirəm ki, bu əlavə vacibdir. Azərbaycan Respublikası Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Pakta qoşulmuşdur. Bu sənədin bir neçə hissəsində insan ləyaqəti ilə bağlı müddəalar öz əksini tapmışdır. Belə ki, Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın ( bu pakt Mülki və Siyasi Hüquqlar haqqında Pakt kimi də adlandırılır) və həmçinin İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktın preambulalarında (hər ikisində mətn eynidir) insan ləyaqəti anlayışı xüsusi vurğulanır (Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində bəyan edilən prinsiplərə uyğun olaraq, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqətləri və onların bərabər və alınmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu nəzərə alaraq, bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəldiyini etiraf edərək...). Bununla bərabər, Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın 7-ci maddəsində qeyd olunur ki, heç kim işgəncələrə və ya ağır, qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Bundan əlavə, Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın 10-cu maddəsində birbaşa vurğulanır ki, azadlıqdan məhrum edilən bütün şəxslər insani rəftar və insan şəxsiyyətinə xas olan ləyaqətlərə hörmət hüququna malikdirlər. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktın 13-cü maddəsində də xüsusi qeyd olunur ki, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin təhsil hüququnu tanıyırlar. Onlar razılaşırlar ki, təhsil insan şəxsiyyətinin tam inkişafına və ləyaqətinin dərk olunmasına yönəldilməli, insan hüquqlarına və əsas azadlıqlara hörməti möhkəmləndirməlidir.
Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə bu paktların hər ikisinə qoşulmuşdur. Hər iki pakt öz hüquqi qüvvəsinə görə beynəlxalq müqavilədir və bizim ölkə üçün müəyyən öhdəliklər yaradır. Həmin paktlara müvafiq olaraq Azərbaycan Respublikası bu sənədlərdə əksini tapmış hüquq və əsas azadlıqların öz milli qanunvericiliyində əks olunmasına dair öhdəlik götürmüşdür. "İnsan ləyaqəti qorunur və ona hörmət edilir" müddəası, həm onu Konstitusiya maddəsi səviyyəsinə qaldırır, həmçinin bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin beynəlxalq hüquq normaları və standartlarına uyğünlaşdırılması məqsədini güdür.
Layihənin 25-ci maddəsində qeyd edilir ki, III hissənin birinci cümləsində "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə, ikinci cümləsində "milli" sözü "etnik" sözü ilə əvəz edilsin.
İlk baxışda belə dəyişmə texniki xarakter daşıması fikrini yarada bilər. Lakin fikrimcə, söhbət, həmçinin həmin terminlərin məzmunundan getməlidir. "Milli" termini, "milliyyət" termini ilə eyniköklüdür. Lakin dünya miqyasında milliyyətlərlə yanaşı, çoxlu sayda müxtəlif etnik qurumlara və etnik azlıqlara mənsub insanlar da yaşayırlar. Yəni, "etnik mənsubiyyət" anlayışı "milliyyət" anlayışından, "etnik" anlayışı isə "milli" anlayışdan daha genişdir. Bu səbəbdən "etnik mənsubiyyət" və "etnik" terminlərindən istifadə etmək daha dəqiq olardı.
Onu da qeyd etmək lazımdır ki, daha əvvəl qəbul olunmuş beynəlxalq-hüquqi sənədlərdə "milli", "milliyyət" ifadələrindən istifadə olunmuşdur. Məsələn, 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində qeyd olunur ki, "Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə gorə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır". Bu Bəyannamənin 16-cı maddəsində isə nəzərdə tutulur ki, "yetkinlik yaşına çatmıs kişilər və qadınlar, irqi, milli və ya dini əlamətlərinə gorə heç bir məhdudiyyət qoyulmadan nikah bağlamaq və ailə qurmaq hüququna malikdirlər".
Vətəndaşlıq və Siyasi Hüquqlar haqqında Paktın 2-ci maddəsinin 1-ci hissəsi nəzərdə tutulur ki, "hazırkı Paktda iştirak edən hər bir dövlət, onun ərazisi hüdudlarında və onun yurisdiksiyası altında olan bütün şəxslərin hazırkı Paktda qəbul edilən hüquqlarına, irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə heç bir fərq qoymadan hörmət etməyi onların bu hüquqlarını təmin etməyi öhdəsinə götürür". Bununla yanaşı, "milli" ifadəsi bu paktın 20-ci, 24-cü və 26-cı maddələrində də istifadə olunur. Həmçinin "etnik" termininə paktın 27-ci maddəsində də rast gəlinir. Doğrudur, burada "etnik azlığı" anlayışından istifadə olunur. Yəni "etnik" anlayışının geniş yox, dar mənasında istifadə olunur. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Paktın 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulur ki, "bu Paktda iştirak edən dövlətlər bu Paktda bəyan edilmiş hüquqların irqi, dərinin rəngi, dil, din, siyasi və digər əqidə, milli və sosial mənşə, əmlak vəziyyəti, doğum və s. fərqlər əsasında ayrı-seçkiliyə yol vermədən həyata keçirilməsini öhdələrinə götürürlər".
BMT Baş Məclisi tərəfindən 18 dekabr 1992-ci ildə qəbul olunmuş "Milli və ya etnik, dini və dil azlıqlarına mənsub olan şəxslərin hüquqları haqqında" Bəyannamədə həm "milli azlıq", həm də "etnik azlıq" terminlərindən istifadə olunur.
Lakin daha sonra qəbul edilmiş beynəlxalq-hüquqi sənədlərdə və aktlarda "etnik", "etnik mənsubiyyət" terminlərindən istifadə edilir. Məsələn, 1 fevral 1995-ci il tarixli Avropa Şurası tərəfindən qəbul olunmuş "Milli azlıqların qorunması haqqında "Çərçivə Konvensiyasının preambulasında artıq "milli" ifadəsindən yox, "etnik" ifadəsindən istifadə olunur. Bununla yanaşı, həmin konvensiyanın 6-cı və 17-ci maddələrində də "etnik" ifadəsindən istifadə edilir.
Müasir dövrdə bir çox hallarda "xalq", "millət", "əhali", "etnik qrup", "etnik azlıq" kimi terminləri birləşdirən "etnos" ifadəsindən ümumləşdirən bir termin kimi istifadə edilməsi tendensiyası həm də beynəlxalq qanunvericilikdə müşahidə olunur.
Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, III hissənin birinci cümləsində "milliyyətindən" sözü "etnik mənsubiyyətindən" sözləri ilə, ikinci cümləsində "milli" sözü "etnik" sözü ilə əvəz edilməsi məqsədəmüvafiqdir.
Layihənin 26-cı maddəsi ilə əlaqədar tövsiyə edilir ki, aşağıdakı məzmunda 1101-cu maddə əlavə edilsin:
"Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər".
Fikrimcə, bu maddə həm nəzəri, həm də praktiki cəhətdən əsaslıdır, çünki bu sahədə olan boşluqları aradan qaldırır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndində (Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlayır. Bu hüquq Azərbaycan Respublikasının Prezidentinin müstəsna hüququdur. Bununla bərabər, müasir dövrdə dövlətlərarası münasibətlər get-gedə daha da sürətlənir va daha çevik hal alır. Hər il dünyada minlərlə müxtəlif növlü beynəlxalq müqavilələr bağlanır, çoxsaylı sammit, konfrans və forumlar keçirilir. Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində siyasi, iqtisadi, mədəni və s. getdikcə daha önəmli yer tutur və bu tendensiya artmaqdadır. Belə olan halda Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu digər şəxslərə həvalə etmə hüququna malik olması təbiidir və hüquqi cəhətdən əsaslıdır. Konstitusiyaya əlavə edilən maddə isə belə şəxslərin dairəsini dəqiq müəyyən edir.
Bununla bərabər, qeyd etmək zəruridir ki, 109-cu maddənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır. Qeyd etmək lazımdır ki, bu klauzulaya əsasən, hətta Azərbaycan Respublikasının Prezidentinın qərarına əsasən dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququna malik olan şəxslər tərəfindən bağlanan dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi, belə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiqlənəndən sonra təsdiqnamələrin imzalanması müstəsna olaraq yalnız Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinə aiddir.
Beləliklə, Azərbaycan Respublikası Prezidenti dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələr ilə bağlı olan bütün mərhələlər üzərində səlahiyyətlərə malikdir. Yəni Azərbaycan Respublikasının Prezidentinin qərarında göstərilən şəxslərin bağladıqları dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməyə bilər və ya hətta dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdiyi və Azərbaycan Respublikasının Milli Məclisi belə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri təsdiqlədiyi halda, Azərbaycan Respublikasının Prezidenti belə təsdiqnamələri imzalamamaq səlahiyyətinə malikdir.
Bununla yanaşı, 1101-cu, 23 may 1969-cu il tarixli "Beynəlxalq müqavilələr hüququ haqqında" Vyana Konvensiyasının müddəalarına uyğundur. Belə ki, 23 may 1969-cu il tarixli "Beynəlxalq müqavilələr hüququ haqqında" Vyana Konvensiyasının 7-ci (səlahiyyətlər) maddəsinin a) paraqrafına əsasən müqavilənin mətnini qəbul etmək və ya müqavilənin autentik olunmasını müəyyən etmək məqsədləri ilə və ya dövlət tərəfindən müqavilənin onun üçün məcburi olmasına razılıq verməsini ifadə etmək məqsədləri ilə şəxs müvafiq səlahiyyətlərini təqdim etdikdən sonra dövləti təmsil edən sayılır. Bu maddənin 2-ci bəndinə əsasən müqavilənin bağlanmasına aid olan aktların edilməsi məqsədi yalnız dövlət başçıları, hökumət başçıları və xarici işlər nazirləri öz funksiyaların gücünə və səlahiyyətlərinin təqdimatı zərurəti olmadan öz dövlətinin təmsilçisi sayılırlar. Belə olan halda digər şəxslər dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq məqsədi ilə müvafiq səlahiyyətlərə malik olmalıdırlar. Buna müvafiq olaraq 1101-cu maddə belə səlahiyyətlərin verilmə qaydasını müəyyən edir və Konstitusiyada öz ifadəsini tapır.
Rauf Qarayev,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Koordinasiya Şurasının üzvü,
hüquq üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.