Hər bir ölkədə multikulturalizm meyilləri fərqli şəkildə inkişaf edir. Ona görə də regionların tarixi inkişaf meyillərindən asılı olaraq müxtəlif multikulturalizm modelləri mövcuddur: miqrasiyanın adaptasiya məsələlərini həll etməyə çalışan Avropa modeli; irqi ayrı-seçkiliyin aradan qaldırılmasına yönələn Amerika modeli; çoxmədəniyyətli cəmiyyətin simasını qorumağa çalışan İsveç modeli; izolyasiya siyasətinə qarşı yönələn Avstraliya modeli; ikidilli dövlət siyasətini saxlamağa çalışan Kanada modeli və s. Bu gün multikulturalizm tərəfdarı olan hər bir ölkə yeni multikulturalizm modelləri ilə nümunə olmağa çalışır.
Bu modellər arasında Azərbaycan modeli nümunəvi model kimi varlığını bütün dünyada təsdiq etmiş, dinc yaşama təcrübəsi ilə diqqəti daha çox cəlb etməkdədir. Dövlətimiz dinc yolla, müxtəlif millətləri, dinləri və mədəniyyətləri birləşdirərək separatçılıq meyillərinin qarşısını ala bilmişdir. Multikulturalizm cəmiyyətin daxilində submədəniyyətlər və mədəniyyətlər arasında dialoqu təmin edir. Azərbaycanın bu istiqamətdəki tarixi təcrübəsi hamıya örnək ola bilər. Belə ki, ölkəmizdə özündə müxtəlif mədəniyyətləri birləşdirən mədəniyyətin formalaşması ənənəsi mövcuddur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycanda bütün azadlıqlar- mətbuat azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir".
Fərqli baxışlara, ənənələrə qarşı dözümlülük xalqımızın tarixən formalaşmış vərdişlərindən, mental xüsusiyyətlərindən biridir. Həqiqətən də, Azərbaycanı multikulturalizm ideyalarına bağlayan tarixi köklər vardır. Biz bunu həm də bir- birindən fərqlənən üç mədəniyyəti vahid ideyada təcəssüm etdirən bayrağımızın rənglərində də – türkçülük, müasirlik, islamçılıq– ifadə olunduğunu görə bilərik. Hələ XX əsrin əvvəllərində Şərqdə ilk dəfə yaradılmış demokratik dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti təmsil olunan milli və dini konfessiaların sayına görə çox fərqli idi.
İndi də azərbaycanlıların sayca çoxluq təşkil etməsinə baxmayaraq, ölkəmiz polietnik dövlətdir. Azərbaycan talışlar, tatlar, ləzgilər, kürdlər, udinlər, qrızlar, xınalıqlar, avarlar, dağ yəhudiləri kimi milli azlıqların vətənidir. Bununla bərabər, sonradan gəlib yaşamış xeyli sayda digər etnik qruplar da mövcuddur. Hər bir mədəniyyət müəyyən maddi və mənəvi dəyərlərin daşıyıcısı kimi xalqın tarixi yaddaşını, etnik xüsusiyyətlərini, psixologiyasını yaşatmaqdadır. Təsadüfi deyil ki, bu gün təkcə Bakı şəhərində 20-dən çox etnik qrupun mədəni cəmiyyətləri fəaliyyət göstərir.
Azərbaycan qanunları hər bir mədəniyyətə bərabər hüquqlar təmin etməklə birinin digəri üzərində üstünlüyünə rəvac vermir. Hüquqi baxımdan, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, 40-cı, 44-cü, 45-ci, 46-cı, 48-ci və bir sıra digər maddələri bütün vətəndaşların mədəniyyətini, milli mənsubiyyətini, ana dilindən istifadə etməsini, şərəf və ləyaqətinin qorunmasını, vicdan azadlığını bərabər şəkildə təmin edir. Bu gün Azərbaycanda multimədəni cəmiyyətin formalaşması dövlətimizin milli və dini siyasətində öz əksini tapır. Respublikamız beynəlxalq birliyin bu istiqamətdə qəbul etdiyi bütün prinsiplərlə həmrəy olduğunu bildirmişdir. Milli azlıqların qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ili ölkədə multikulturalizm ili elan etmişdir. Azərbaycan xalqı öz tarixi boyunca müxtəlif dinlərə sitayiş etmişdir. Bu tarixi təcrübə ölkəmizin digər dinlərlə, həmçinin dövlətlərlə dinc yaşamasına şərait yaradır. Respublikamızın sekulyar siması hər bir dinin bərabər şəkildə mövcudluğunu ifadə edir. Dövlət islamla yanaşı, bütün dinlərə eyni qayğı nümayiş etdirir. Müstəqillik illərində Azərbaycanda yeni katolik kilsəsi tikilmiş, dünya katoliklərinin başçısı II İohan Pavel ölkəmizə səfər etmişdir. Köhnə sinaqoq və kilsələrdə bərpa və təmir işləri aparılmışdır. Bu mənada, Azərbaycanda tolerantlığın və dini- konfessional dialoqun koloritini ifadə edən dözümlülük modeli formalaşmışdır.
Multikulturalizmin tələblərindən biri də tolerantlıqdır
Təəssüf ki, bu gün dünyada dini zəmində baş verən münaqişələrin mərkəzində İslam dininin adı daha tez-tez hallanır. İslam millətindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq bütün insanlar üçün açıq bir dindir. Bu mənada, o əsrlərdir ki, özündə multikulturalizm elementlərini daşımaqda davam edir. Bununla belə, islamdaxili proseslərin təzadlı meyillərlə inkişaf etməsi dində fundamentalizmin və ekstremizmin geniş vüsət almasına səbəb olmuşdur. Bu gün dünya İslamı əlində bayraq edən terrorçu qruplaşmalarla mübarizə aparmaqda çətinlik çəkir. Xüsusən, Qərbdə İslam terrorun və ekstremizmin stimullaşdırıcı amillərindən biri kimi qəbul edilir.
Lakin, miqrasiya İslamı yenidən dünyanın ən aparıcı sivilizasiyasına çevirir. Sosioloji tədqiqatlar göstərir ki, qloballaşma İslamın dünyada dinamik şəkildə yayılmasına, onun qloballaşmasına şərait yaratmışdır. Bir çox tədqiqatçılar bildirirlər ki, ərəb xilafətinin formalaşmasından üzü bəri İslam hələ belə qloballaşmamışdır. Qloballaşma müsəlman dünyasının müasirləşməsinə də başqa məzmun verməkdədir.
İnkişafın tarixi-mədəni sərhədlərini İslam dini ilə məhdudlaşdıran lokal mədəniyyətlərdən biri də müsəlman dünyasıdır. Bu aspektdən, postmodernləşmə lokallaşmanın qloballaşma üzərində üstünlüyünü yalnız avropalaşma və ya amerikanlaşma, yaponlaşma və ya braziliyalılaşma kimi tendensiyalarla məhdudlaşdırmır, dünya həm də islamlaşır. Məkanından asılı olmayaraq, müsəlman dünyası ilə sıx təmasda olan transmilli islam identikliyi formalaşır.
Bu mənada, Şərqdə multikulturalizm ideyalarının reallaşması həm də müasir mənəvi normaların ictimai təcrübədə istifadəsinə nail olmaq və islam ənənələrinə müraciət etməklə müasirliyin cağrılarına cavab verməkdir. Bu gün müasirliyin tələblərinə, daxili və xarici çağırışlara cavab verməyi bacaran İslamın yeni dirçəlişi hərəkatı genişlənmişdir. Bu hərəkat müsəlmanlar arasında tolerantlıq ideyalarının kök salmasına, sülh mədəniyyətinin təbliğinə, insan hüquqlarının həyata keçirilməsinə, mədəni, dini, etnik müxtəlifliyin qəbul olunmasına, dinin simasında milli-mədəni təəssübkeşliyin aradan qaldırılmasına kömək edə bilər. Qürurla qeyd edə bilərik ki, Azərbaycan Respublikasının apardığı multikulturalizm kimi dövlət siyasəti məhz belə ideyaların reallaşmasına xidmət edir. İslamın dinc, humanist mahiyyəti bütün çalarları ilə Azərbaycan Respublikasının təcrübəsində özünü hərtərəfli şəkildə təsdiq edir. Halbuki, müasir Avropa multimədəni cəmiyyətin formalaşmasını qeyri- real bir təcrübə hesab edir.
M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz Paşayeva bu məsələni araşdıraraq bildirir ki, Avropada multikulturalizmin iflası, əslində, bu anlayışın fərqli şərhlərdən asılılığının ifadəsidir. O sosial və siyasi məsələlərdə iflasa uğraya bilər, çünki, "aparıcı millət" qloballaşmaqla öz üstünlüyünü təcəssüm etdirməkdədir. Bununla da azlıqları sıxışdıraraq onlarda müəyyən çatışmazlıq kompleksi formalaşdıra bilir. Lakin bu zaman cəmiyyətdə yaranan sosial xarakterli münaqişələrin qarşısını ala bilmir. Ona görə də multikulturalizm anlayışının izahında humanizmi, bəşəri dəyərləri əks etdirən ifadələrə üstünlük vermək daha məqsədəuyğun olardı. Ümumiyyətlə, dünya nə qədər inkişaf edirsə, hər bir fərd özünü fərqli, müstəqil hiss etməyə başlayır, buna görə də ümumi maraqlarla fərdin maraqları, dövlətin və dünyanın maraqları arasında münaqişələr baş verir. Tədqiqatçı sonda bildirir ki, hər bir mədəniyyətin özülündə dayanan humanitar konseptlər bəşəriyyəti xilas etmək, fərqli insanları bir dövlətin tərkibində dinc yaşatmaq imkanlarına malikdir.
Azərbaycanda ardıcıl olaraq tətbiq edilən multikulturalizm modeli özünün real nətəcələrini verməyə başlamışdır. Dövlət başçısı İlham Əliyevin inamla qeyd etdiyi kimi: "Azərbaycanda təhlükəsizlik tam şəkildə təmin edilib. İctimai iqlim müsbətdir. Burada dövlət-- din münasibətləri və dinlərarası münasibətlər xüsusi yer tutur. Bu gün bu, belədir, sabah da belə olacaqdır. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır. Hətta heç bir anlaşılmazlıq da olmamalıdır və yoxdur. Biz bu yolla gedirik və dünyaya bu yolu göstəririk.
Bu gün sivilizasiyalararası dialoq haqqında müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Alimlər, jurnalistlər, ictimai xadimlər, hətta siyasətçilər də bəzi hallarda bu münasibətlərin gələcəyinə o qədər də müsbət baxmırlar, yanaşmırlar. Çox təəssüf edirəm. Gəlsinlər, Azərbaycanın təcrübəsini görsünlər, öyrənsinlər. Görsünlər ki, bir ölkədə bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində necə yaşaya bilərlər, bütün millətlərin hüquqları necə təmin edilə bilər. Biz buna necə nail ola bilmişik? Bəzi hallarda xarici qonaqlar məndən bunu soruşurlar".
Fikirlərimizi ümumiləşdirərək qeyd etməliyik ki, multikulturalizm cəmiyyətin sosial rifahını təmin etməyə çalışan alternativ siyasət kimi etnik münaqişələrin qarşısını almağa və insanlar arasında etibarın artırılmasına xidmət edir. Bu bəşəri dəyər mədəni müxtəlifliyə qarşı dözümsüzlüyün qarşısını almaqla hüquqi baza yaradır, demokratik mühitin formalaşmasına imkan verir. O, inkişafın fərqli modellərini ortaya qoyur, mədəni müxtəlifliyi dəstəkləyir. Fərqli multikulturalist modellərin olması isə dövlətin proseslərə müdaxiləsini və cəmiyyətin inkişafında onun rolunu artırır.
Sosial bərabərsizlik mədəni mühitin münaqişəli xarakterinə böyük təsir edən amillərdən biridir. Bir çox regionlarda adaptasiya baş tutmaya bilər. Multikulturalizm isə müasir dövlətin sosial mədəni strategiyasını müəyyənləşdirən məsələdir. Belə ki, alternativliyi, plüralizmi, demokratik baxışları müdafiə etməklə, o, sosial mühitin münaqişəli şəraitini aradan qaldıra, sabit inkişafın yaradılmasına əhəmiyyətli dərəcədə təsir edə bilir.
Başqa bir tərəfdən, İslamla bağlı problemlər və ümumiyyətlə, islam amili Azərbaycan üçün dərin tarixi kökləri olan əhəmiyyətli məsələlərdən biridir. Yaranışından ölkəmiz müsəlman dünyası ilə sıx bağlı olmuşdur. Azərbaycan həm Qərblə Şərqin, həm də xristian aləmi ilə müsəlman dünyasının hüdudlarında, bu iki sivilizasiyanın kəsişdiyi geosiyasi məkanda yerləşir.
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün "beynəlxalq arenada, müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır". Bu mənada, bir müsəlman ölkəsi kimi Azərbaycanda multikulturalizm təcrübəsinin real görünüşü qlobal əhəmiyyət daşıyır.
Dünyamalı VƏLİYEV,
AMEA Şərqşünaslıq İnstitutunun
Şərq- Qərb şöbəsinin müdiri,
Gülsən SOLTANOVA,
şöbənin dissertantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.