Azərbaycanın beynəlxalq mövqeyi və nüfuzu getdikcə güclənir

 

 

 

 

 

 

 

 

 

 


 

Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində qətiyyətli addımlar atıldı və müstəqil dövlətimizin xarici siyasətində yeni mərhələnin əsası qoyuldu. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş bu siyasi xəttin prioritetini Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirmək və milli mənafeləri qorumaq təşkil etmişdir. Həmin vaxtdan başlayaraq, müstəqil dövlətimizin xarici siyasəti beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, başqa ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulmuşdur. Ulu öndər bu prinsipləri rəhbər tutaraq və milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasətini müstəqilliyimizə, suverenliyimizə, ərazi bütövlüyümüzə və milli təhlükəsizliyimizə təhdidlərin qarşısını almağa istiqamətləndirmişdir.

Ermənistan tərəfindən edilmiş hərbi təcavüzün aradan qaldırılması, ərazi bütövlüyümüzün beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsi kimi həyati əhəmiyyətli məsələ qarşıya qoyulan əsas vəzifələrdən biri olmuşdur və bu gün də bu prinsip dövlət siyasətinin prioritetini təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədli siyasi strategiyası da bundan xəbər verir. Dövlətimizin başçısının bütün fəaliyyəti regional səviyyədə bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, iri infrastruktur layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə yönəlmişdir.

Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş müstəsna əhəmiyyət kəsb edən siyasi kursun prioritetlərindən biri də qloballaşan müasir dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə ölkə iqtisadiyyatının qüdrətini daha da artırmaqdır. İqtisadi qüdrəti möhkəm olan dövlət bütün sahələrdə uğur qazanmağa qadirdir. Məhz bu baxımdan müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də Azərbaycanın xarici siyasətində müstəsna əhəmiyyət kəsb edir. Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan qonşu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib.

Azərbaycanın milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən məqəsdyönlü şəkildə davam etdirilməsi beynəlxalq əlaqələrin düzgün qurulmasına imkan yaratmışdır. Bu işdə ərazi bütövlüyünün bərpa olunması başlıca amillərdəndir. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək.

Artıq dünya birliyi tərəfindən də etiraf olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən əsasda həlli Cənubi Qafqazın gələcəyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Münaqişə yalnız bu prinsiplər əsasında nizamlanarsa, regional əməkdaşlıq və bölgənin perspektiv inkişafı mümkündür. Azərbaycanda həll olunan məsələlərin, qəbul edilən qərarların nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də təsir göstərdiyi öz təsdiqini tapıb. Odur ki, münaqişənin nizamlanması istiqamətində bu vaxta qədər aparılan danışıqlar prosesində Azərbaycan Respublikasının tutduğu prinsipial mövqe ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən və bu yolda heç bir güzəştə gedilməməsindən ibarətdir.

Ölkəmizin tutduğu sülhməramlı mövqe dünya birliyi tərəfindən də dəstəklənir. Dövlətimizin başçısı öz çıxışlarında da bu məsələni xüsusi olaraq diqqətə çatdırmışdır: “Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir. Biz enerji diplomatiyası istiqamətində bir çox hallarda vacib qərarların təşəbbüskarıyıq. Bu sahədə gedən proseslər bizim qərarımızdan asılıdır. Bu da reallıqdır. İqtisadi əməkdaşlıq, nəqliyyat məsələlərinin həlli, Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin fəaliyyət göstərməsi ilə bağlı bizim sözümüz həlledicidir.

Bu söz təşəbbüslərin irəli sürülməsidir və bu təşəbbüslərin həyata keçirilməsidir. Yəni, budur bugünkü Azərbaycan. Ancaq bizim siyasətimiz, bir daha demək istəyirəm ki, xoşniyyətlidir. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır”.

Son illərin yekunlarına baxmaq kifayət edər ki, Azərbaycanda siyasi, iqtisadi, energetika, mədəniyyət sahələrində yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir – həm siyasi, iqtisadi, həm energetika, həm də mədəniyyət sahələrində ölkəmizin dünya mərkəzlərindən birinə çevrilməsi, beynəlxalq reytinq agentliklərinin verdiyi yüksək qiymətlər, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz bu inkişafın göstəricisidir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirir, ölkəmizlə əməkdaşlıq edən dövlətlərin sayını sürətlə artırır.

Bir fakta diqqəti cəlb etmək istərdik. Ötən il Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində iştirak etmək üçün Belarus, Serbiya, Rusiya, Türkiyə, Türkmənistan, Tacikistan, Monteneqro, Bolqarıstan, Bosniya və Herseqovinanın dövlət başçıları, Lüksemburqun Böyük Hersoqu, Monako və İordaniya şahzadələri, Gürcüstan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Qırğızıstan və İtaliyanın hökumət rəhbərləri, Macarıstan, Çexiya, Slovakiya, Lixtenşteyn və Avstriyanın parlament rəhbərləri ölkəmizə səfər etmişdilər. Göründüyü kimi, Azərbaycana dünya birliyində olan marağı əhatə dairəsi sürətlə genişlənmişdir. Bu səfərlər bir daha təsdiqləyir ki, ölkəmizin ikitərəfli əlaqələri daha da inkişaf edir və bu, özünü xüsusilə, yüksək səviyyəli qarşılıqlı səfərlərdə göstərir.

Qarşılıqlı səfərlərdən söz düşmüşkən, Azərbaycan Prezidentinin dəvət aldığı və iştirak etdiyi çox əhəmiyyətli tədbirləri də xatırlatmaq zəruridir. Son bir il ərzində dövlətimizin başçısı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasında iştirak etmək məqsədilə Türkiyəyə (Ankara), Dünya İqtisadi Forumunda iştirak məqsədilə İsveçrəyə (Davos), 51-ci Münxen Təhlükəsizlik Konfransında iştirak məqsədilə Almaniyaya (Münxen), Trans-Anadolu Təbii Qaz Boru kəmərinin (TANAP) təməlqoyma mərasimində iştirak məqsədilə Türkiyəyə (Qars), Sülh Sammiti və Çanaqqala döyüşlərinin 100-cü ildönümünə həsr olunmuş anım tədbirində iştirak məqsədilə Türkiyəyə (Çanaqqala), Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş təntənəli yubiley tədbirlərində iştirak məqsədilə Rusiyaya (Moskva), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində iştirak məqsədilə Qazaxıstana (Astana), MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün Qazaxıstana (Burabay), Böyük İyirmilərin Sammitində iştirak məqsədilə Türkiyəyə (Antalya), UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak üçün Fransaya (Paris), IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfər edib. Belə zəruri səfərlərin coğrafiyasının getdikcə genişlənməsi Azərbaycana olan marağın, etimadın və inamın nəticəsidir.

Son illər baş tutan səfərlər çərçivəsində ikitərəfli müqavilə-hüquq bazasının möhkəmləndirilməsi baxımından 70-dən çox müqavilənin imzalanması ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin göstəricisidir. Qarşılıqlı səfərlərin intensivliyi, geniş coğrafiyası, imzalanan sənədlər və perspektiv əməkdaşlıq sahələrinin müəyyən edilməsi onu deməyə əsas verir ki, Azərbaycanın ikitərəfli əsasda dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində olub. Son bir il ərzində ölkəmizin Avstriyadakı səfirliyinin Slovakiyada ofisi, Meksikadakı səfirliyinin Peruda ofisi və İtaliyanın Kataniya şəhərində fəxri konsulluğunun açılması, eyni zamanda, Bakı şəhərində Əlcəzairin və Portuqaliyanın səfirliklərinin ofislərinin fəaliyyətə başlaması diplomatik fəaliyyətin getdikcə genişlənməsinin göstəricisidir.

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşlərində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində müşahidə olunan irəliləyiş də təsdiqləyir ki, artıq dünya birliyi Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən imtina edir və Azərbaycanın sülhməramlı mövqeyinə tərəfdar olduğunu açıq şəkildə ortaya qoyur. İstər Vyanada, istərsə də Rusiyanın Sankt-Peterburq şəhərlərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv şəraitdə keçirilmişdir. Ekspertlər hər iki görüşün nəticələrini müsbət qiymətləndirirlər. Halbuki, Ermənistan rəhbərliyi əvvəlki illərdə keçirilən görüşlərdə qeyri-konstruktivlik nümayiş etdirir, müxtəlif bəhanələrlə görüşü yarımçıq tərk edir və ya gəlmirdi.

Artıq zaman Azərbaycanın xeyrinə işləyir və Ermənistan tərəfi anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyildir və artıq beynəlxalq ictimaiyyət də bu mövqeni qəbul etmir. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsədrləri də mövcud status-kvonun davam etdirlməsinin mümkünsüz olduğunu bildirmiş və münaqişənin həlli ilə bağlı mümkün qədər tez bir zamanda ciddi tədbirlərin həyata keçirilməsinə başlanması zərurətini bəyan etmişlər. Əslində bu, Ermənistan rəhbərliyinə yönəldilmiş ciddi bir mesajdır. Çünki həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də dünya ictimaiyyəti bir daha əmin oldu ki, bu, dondurulmuş münaqişə deyil və hər an alovlana bilər. Alovlandıqda isə Ermənistanı yandıracaq.

Dünya ictimaiyyəti bu il aprel ayında baş verən dördgünlük müharibədə də bunun şahidi oldu. Azərbaycan Ordusunun qısa müddət ərzində Ermənistan silahlı qüvvələrini bir küncə sıxışdırması və sarsıdıcı məğlubiyyətə uğratması işğalçı dövləti ciddi qorxuya saldı. Son günlər cəbhədə ­yaranmış nisbi sakitlik də bundan xəbər verir.

Avqustda Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə bir araya gələcək və Dağlıq Qarabağ probleminin həlli yollarını yenidən müzakirə edəcəklər. Ekspertlərin fikrincə, bu görüş əvvəlkilərdən fərqli olacaq və müəyyən ümidlər vəd edir. Çünki Azərbaycan Ordusunun aprel zəfəri bu məsələdə bir sıra problemlərin aradan qaldırılmasında və işğalçı dövlətin mövqeyinin dəyişməsində əsaslı şəkildə müsbət rol oynayıb. Həm Ermənistan, həm də dünya birliyi artıq dərk edir ki, Azərbaycan tərəfi mövcud vəziyyətlə heç vaxt barışmayacaq. Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzu və mövqeyinin möhkəmlənməsi Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həlli istiqamətində ciddi addımların atılmasından xəbər verir. Avqust görüşünün təşəbbüskarı olan Rusiya tərəfi də bəyan edib ki, onlar da artıq proses yox, nəticə gözləyirlər. Təbii ki, bu bəyanat işğalçı Ermənistan tərəfinə ciddi xəbərdarlıqdır.

Dövlət başçısının qarşıya qoyduğu prioritet vəzifələrin əsasını Azərbaycanın milli maraqları əsasında müstəqil xarici siyasət kursunun davam etdirilməsi təşkil edir. Əsas məqsəd ölkəmizin suverenliyinin gücləndirilməsi və qorunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi istiqamətində çoxşaxəli fəaliyyəti davam etdirməkdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında