Ordun varsa, yurdun var

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi bu gün uğurla davam etdirilir

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Tam əminliklə deyə bilərəm ki, Azərbaycan Ordusu güclü ordular sırasındadır. Ordumuzun döyüş qabiliyyəti artır, mənəvi-psixoloji vəziyyət çox müsbətdir, vətənpərvərlik ruhu, nizam-intizam yüksək səviyyədədir. Mən son illər dəfələrlə bəyan etmişdim ki, Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır və aprel döyüşləri bunu bir daha sübut etdi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

Ordu hər bir dövlətin mühüm atributlarından biri, təhlükəsizlik sisteminin əsasıdır. Hər bir müstəqil dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də öz ordusunu yaratmaq və inkişaf etdirmək, onun döyüş qabiliyyətini artırmaqdır. Çünki güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə müəyyən çətinliklərlə qarşılaşırlar. Azərbaycanda  Milli Ordu quruculuğu sahəsində qətiyyətli addımlar ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi ilə yenidən Azərbaycan rəhbərliyinə gəlişindən sonra təşəkkül tapmışdır.  Ölkə ictimaiyyətinə də bəllidir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ordu quruculuğu istiqamətində əsaslı islahatlar aparılmamışdı. Ayrı-ayrı şəxslərə xidmət edən silahlı qpuplaşmalar sərhədlərimizin qorunmasını unudaraq, soyğunçuluqla məşğul olurdular.

Qeyri-qanuni silahlı birləşmələr yerli özünümüdafiə batalyonları adı altında  ölkədə ciddi qarşıdurma yaratmışdılar. Lakin Heydər Əliyevin  müstəqil Azərbaycan rəhbərliyinə qayıdışından sonra  bütün pərakəndə halların qarşısı alındı və respublikamızda ordu quruculuğu sahəsində ardıcıl və sistemli şəkildə islahatlar aparıldı.

Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyev Milli Ordu quruculuğu istiqamətində fəaliyyətini daha da gücləndirdi, bunun da nəticəsində Silahlı Qüvvələrin tədricən həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsinə, güclənməsinə və formalaşmasına  nail oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Ordumuzun gündən-günə güclənməsi, mətinləşməsi  nəticəsində  müxtəlif xarici dövlətlərin silahlı qüvvələri Azərbaycan Ordusu ilə əməkdaşlığa marağını getdikcə artırır. Ötən illərə nəzər saldıqda, bir daha aydın olur ki, bu illər  ərzində Azərbaycan Ordusu böyük bir inkişaf mərhələsi keçmişdir. Bu il aprel ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən  növbəti təxribat zamanı baş verən dördgünlük müharibədə Azərbaycan Ordusu nəyə qadir olduğunu təsdiqlədi. Bu il iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı ordu quruçuluğu məsələsinə münasibət bildirərkən, hərbi potensialımızın daha da  gücləndiriləcəyini söyləmişdir: “Aprel döyüşləri bir daha onu göstərib ki, biz düzgün siyasət aparırdıq və aparırıq. Bu gün hər kəs görür ki, Azərbaycan Ordusu həm texniki təchizat, həm döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordular sırasındadır. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Biz sadəcə olaraq, hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb”.

Dövlətimizin başçısı bundan sonra da  hərbi potensialımızın gücləndirilməsinin  prioritet olaraq qalacağını vurğulamışdır. Qeyd etmişdir ki,  aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlər görülüb. Bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artıb, daha da artacaq: “Biz ən müasir texnika, silah-sursat alırıq. Əlbəttə ki, bu, bizim gücümüzü artırır və danışıqlar prosesində mövqelərimizi gücləndirir. Ona görə artıq uzun illər ərzində apardığımız siyasət öz səmərəliliyini təsdiq etdi. Bundan sonra hərbi potensialımızın gücləndirilməsi, ordu quruculuğu prosesi daha da sürətlə getməlidir. Həm yerli istehsal daha da artmalıdır və artacaq, bu gün artıq Azərbaycanın çox güclü hərbi sənayesi vardır, – həm də ən qabaqcıl texnologiyaya malik olan silahlar alınır və alınacaq”.

Son illər ölkəmizdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun gücünü göstərmişdir. Son iki hərbi parad yüksək döyüş hazırlığının nümayişi kimi yadda qaldı. 2008-ci ilin hərbi paradı həm ölkə, həm də dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır. Üç il sonra – 2011-ci ildə keçirilən parad isə həmin təəssüratı daha da gücləndirdi. Həm Azərbaycan, əhalisi, həm də beynəlxalq ictimaiyyət ölkəmizdə olan ən yeni texnikaları gördü və bu texnikaların Azərbaycan hərbi qulluqçuları tərəfindən peşəkarcasına idarə olunmasına şahidlik etdi. Bir daha aydın oldu ki, Azərbaycan özünün etibarlı müdafiəsi üçün artıq bütün müasir hərbi texnikalara və peşəkar hərbi kadrlara malikdir.

Dünyanı maliyyə-iqtisadi böhranı bürüməsinə baxmayaraq, Azərbaycanın iqtisadiyyatı artır, maliyyə imkanları genişlənir. Dövlət büdcəsinin əsas xərclərinin hərbi məqsədlərə sərf olunması ölkəmizdə ordu quruculuğu prosesinə çox böyük diqqət göstərilməsindən xəbər verir. Bu da təbiidir. Çünki  müharibə şəraitində yaşayan bir ölkə üçün bu, çox vacibdir. Son illər ordu quruculuğu sahəsində əldə olunan uğurlar Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da  səsləndirilən faktlar əsasında öz əksini tapmışdır.

Qeyd olunmuşdur ki, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədilə, cari ildə də bir sıra yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər aparılmışdır. Belə ki, cari ildə icrasına başlanmış keçid layihələr davam etdirilir. Həmçinin istismara verilməsi nəzərdə tutulan 7 müəssisədə  40x46 mm-lik “Revolver” tipli qumbaraatanın,  40x46 mm-lik lüləaltı və “Revolver” tipli qumbaraatanlar üçün döyüş sursatlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının, M-6 və M-12 tipli mina partladıcılarının, 23, 30 və 40 mm-lik avtomatik topların və qumbaraatanların döyüş sursatları üçün müxtəlif növ partladıcıların, 100, 122, 130, 152, eləcə də NATO standartlarına uyğun 155 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün mərmilərin və onların gilizlərinin, 5,45 mm-dən 30 mm də daxil olmaqla, atıcı silahlar və kiçikçaplı avtomatik toplar üçün lülələrin istehsalı üzrə işlər başa çatmaq üzrədir.

Həmçinin qeyd olunmuşdur ki, artıq Azərbaycan  Müdafiə Sənayesi Nazirliyinin müəssisələri beynəlxalq bazarlara çıxaraq, müxtəlif tenderlərin qalibi elan olunmuşlar. Bu da ölkəmizdə istehsal olunan hərbi təyinatlı məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edir. Bunun nəticəsində müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanmışdır. Qürurverici haldır ki, ixrac edilən məmulatlar sırasında bütün növ döyüş sursatları, müasir atıcı silahlar, snayper tüfəngləri, pilotsuz uçuş aparatları və digərləri də vardır. Hazırda Müdafiə Sənayesi Nazirliyinin  Amerika Birləşmiş Ştatları, Avropa, Asiya və Afrikanın bir sıra dövlətləri ilə sıx əməkdaşlıq etməsi ölkəmizdə istehsal olunan hərbi məqəsədli silah-sursatlara marağın atrmasından xəbər verir. Son məlumata görə, bu istiqamətdə bağlanan müqavilələrin dəyəri 106 milyon ABŞ dolları təşkil edir.

Son illər ərzində ən yüksək standartlara cavab verən texnika və silah-sursatın əldə olunması Silahlı Qüvvələrimizi  maddi-texniki təchizat baxımından güclü ordular sırasına qoşub. Hazırda Silahlı Qüvvələrimiz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə edir. Ordu quruculuğu sahəsində diqqət çəkən yeniliklərdən biri də son illər əsgərlərin hərbi hissələrdə mülki işlərə cəlb olunmamasıdır. Artıq bu işləri  əsgərlərin əvəzinə mülki vətəndaşlar yerinə yetirirlər. Bu, həm yeni iş yerlərinin yaradılmasında, həm də əsgərlərin yalnız hərbi xidmətlərini qaydasınca yerinə yetirməsində böyük rol oynayır. Əsgərin vəzifəsi, ilk növbədə, orduda xidmət etmək və öz peşəkarlığını artırmaqdır. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir və əmək haqqı alır.

Son illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələri xeyli genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ordumuzun NATO standardlarına uyğunlaşdırılmasının  yüksək səviyyədə aparılması da bundan xəbər verir. Məlum olduğu kimi, respublikamız 1994-cü il mayın 4-də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulub. Hər il Azərbaycan Respublikası ilə NATO arasında fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir. Proqrama əsasən, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri NATO-nun hərbi məktəbləri, kollecləri və başqa strukturlarında keçirilən sülhməramlı kurslarda, Avropa qurumları ilə birlikdə təhlükəsizlik sahəsində əməkdaşlıq, adi silahlara nəzarət, böhran vəziyyətini idarəetmə, ətraf mühitin mühafizəsi, inteqrasiya proseslərinin genişləndirilməsi və digər tədbirlərdə iştirak edirlər. Azərbaycan sülhməramlılarının bundan əvvəl Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda NATO-nun, koalisiya qüvvələrinin tərkibində öz missiyalarının layiqincə və yüksək peşəkarlıqla yerinə yetirmələri NATO komandanlığı tərəfindən də yüksək qiymətləndirilir.

Hərbçilərimiz NATO kurslarına göndərilməklə həm peşəkarlıqlarını artırır, həm də hərbi yenilikləri öyrənirlər. Eyni zamanda, Azərbaycanda ali hərbi məktəblər sisteminin  tədris prosesinin NATO- ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması öz nəticəsini tədricən göstərməkdədir.

Hazırda Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur.  Artıq  beynəlxalq hərbi təşkilatlar da öz hesabatlarında bunu  etiraf edirlər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında