Türk millətinin özünütəsdiqinin yeni tarixi

15 iyul Türkiyə Cümhuriyyəti tarixinə şanlı və qanlı bir tarix olaraq yazıldı ... Bütün dünyanın diqqəti Türkiyədəki hadisələrə yönəldi. Təbii ki, bu hadisələr qardaşın qardaş üzərinə yeriməsi baxımından təəssüfedici bir an, lakin türk millətinin bütövlüyünün və birliyinin təsdiqi baxımından şərəfli bir məqam kimi xatırlanacaq. Nəticə isə bu oldu: heç kəs türk millətini siyasi oyunların qurbanına çevirməyə qadir deyildir! Bəzi mənfur qüvvələr tərəfindən gizli şəkildə dəstəklənməsinə baxmayaraq, bu hadisələr hərbi çevriliş kimi deyil, milli birlik kimi yaddaşlara həkk olundu... Hərbi çevriliş hakimiyyətin ən çox etimad etdiyi güc strukturlarının dövlətin əleyhinə çevrilməsidir. Belə ki, hərbi çevriliş mövcud quruluşa qarşı olan bir idarəçilik forması olub, dövlətin geriləməsinin başlıca səbəbidir. Əsgəri çevriliş edən şəxslər iqtidarı ələ keçirərək, hökumət rəhbərini  devirir, radio, televiziya kimi kommunikasiya vasitələrini işğal edərək hakim dairələr üzərində güc sahibi olmağa çalışır, yeni formalaşan hökumətdə öz məqam və mövqelərinin artmasına xidmət edən qanunların qəbuluna nail olurlar.

 

Türkiyə Cümhuriyyətində hərbi çevrilişlər: tarixi xronika...

 

Türkiyənin Anayasasına əsasən, demokratiyanın və dünyəviliyin dayağı ordudur. Cümhuriyyətin qurulduğu 1923-cü ildən bu tərəfə Əsas Qanunda müxtəlif dəyişikliklər edilsə də, silahlı qüvvələrlə hakimiyyətin münasibətlərini tənzimləyən bu maddə hələ də saxlanılmaqdadır. Əvvəllər Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyi xalqın səsi ilə seçilmiş hakimiyyətə hesabat verməzdi. Yəni ordu subdövlət kimi hərəkət edir və istənilən an dövlət çevrilişi etməyə qadir idi. Türkiyənin tarixinə belə hadisələr heç də "yad" deyildir.

Süleyman Dəmirəlin xarici jurnalistin "nəyə görə sizdə bu qədər hərbi çevrilişlər olur?" sualına verdiyi cavab olduqca maraqlıdır: "Tanrı ingilisi yaratdı, ingilislər dövləti, ingilis dövləti də ordusunu yaratdı. Digər millətlər də həmçinin. Ancaq biz türklərdə bu belə deyil. Tanrı ilk olaraq türkün əsgərini yaradıb, əsgər də millətini yaradıb. Ona görə bizdə hərbi çevrilişlər çox olur".

Bütün hərbi çevriliş cəhdləri isə bütün mərhələlərdə cümhuriyyət ideyalarının qorunması və Konstitusiyaya dəyişikliklər fonunda özünü büruzə verib.

XX əsrdə Türkiyə Cümhuriyyəti tarixində ilk hərbi çevriliş 1960-cı ilin may ayında baş verib. Bu dövrdə Demokrat Partiya iqtidarda idi.  Adnan Menderesin hakimiyyətə gəlməsi ilə demokratikləşmə prosesi gücləndirilmişdi. Lakin bu proseslə barışmayan qüvvələr hökuməti cümhuriyyət dəyərlərinə hörmətsizlikdə, dini istismar etməkdə günahlandırdılar. 1961-ci ildə Baş nazir Menderes tutularaq edam olundu, Prezident Cəlal Bayar başda olmaqla, bütün hökumət və siyasi rəhbərlik isə həbs olundu. Bundan sonra yeni Anayasa qəbul edildi və hərbi çevrilişin rəhbərlərindən olmuş Quru Qoşunları komandanı Camal Gürsəl Türkiyənin 4-cü prezidenti seçildi.

1971-ci ildə ordu Baş nazir Süleyman Dəmirəli istefaya getməyə məcbur etdi. Hərbçilər Atatürk islahatlarını davam etdirəcək yeni hökumətin formalaşmasını tələb etdilər. Türkiyənin beşinci və altıncı prezidentləri də hərbçilər oldu - general Cövdət Sunay və istefada olan admiral Fəxri Korutürk. Hakimiyyətə gələn texnokrat hökumət Konstitusiyaya dəyişiklik edərək, orduya xüsusi səlahiyyətlər verdi. 1980-ci ildə isə hərbçilər solçu və sağçı qüvvələrin silahlı münaqişəsindən sonra hakimiyyəti ələ keçirdilər. 1980-ci il sentyabrın 2-də hakimiyyət Baş Qərargah rəisi Kənan Evrenin rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasına keçdi. 1980-1983-cü illər ərzində hərbçilər ordunun səlahiyyətlərini artıran 800 qanunun qəbuluna nail oldular. Ölkə iki il hərbi rejim tərəfindən idarə olundu və yalnız yeni Anayasa qəbul edildikdən sonra generalitet dövlət idarəçiliyini mülki hökumətə verməyə razılaşdı.  Hərbi çevrilişdən sonra 230 min nəfər həbs edildi, 14 min nəfər vətəndaşlıqdan məhrum olundu. 1997-ci ilin iyununda Türkiyə Cümhuriyyətinin 54-cü Baş naziri, "Rifah" Partiyasının üzvü Nəcməddin Ərbakan 28 fevral hadisələrinə görə hərbçilərin təzyiqinə məruz qalmış və nəticədə istefa vermişdir.

2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəldiyi dövrdən etibarən vəziyyətin dəyişdiyi açıq şəkildə müşahidə olunur.  2007-ci ildə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı mətbuat üçün açıqlama yayaraq ordunun "Atatürkçülüyə, dünyəviliyə və respublikanın təməl prinsiplərinə sözdə deyil, əməldə sadiq olduğunu" bəyan etdi. Bu addım  heç də birmənalı qarşılanmamış, hərbçilərin hakimiyyətə açıq təzyiqi, Baş nazir Rəcəb Tayyib Ərdoğanı devirməyə hazırlıq  kimi dəyərləndirilmişdi.

"The Times" qəzetinin yazdığına görə, hələ 2002-2003-cü illərdə Ərdoğan hökumətinə qarşı hərbi çevriliş planları mövcud olub.  Ərdoğan hökumətə rəhbərlik etdiyi andan etibarən ordunun təzyiqləri qarşısında geri çəkilmədi və mövqeyini qorudu. 2007-ci ildən başlayaraq Türkiyə gündəmini "Ergenekon" dalğası bürüdü. Türkiyədə demokratikləşmə prosesləri çərçivəsində "dövlət çevrilişinə qəsd" ittihamı ilə yüzlərlə hərbçi, siyasətçi və jurnalist həbs olundu. Xüsusən, Türkiyə Baş Prokurorluğunun 1980-ci ildə hərbi çevrilişdən sonra ölkəyə rəhbərlik etmiş eks-prezident Əhməd Kənan Evrenə qarşı ömürlük azadlıqdan məhrumetmə cəzası tələb etməsinə paralel olaraq avqustun 5-də Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, ordu generalı İlker Başbuğun həbs edilməsi də həm ölkədə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurdu. 2014-cü il martın 7-də onun haqqında təxliyə qərarı alındı. Bütün bunlar demokratik, sivil bir cəmiyyət quruculuğu istiqamətində irəliləyən dövlətdə "hərbsizləşdirmə mərhələsi" olaraq adlandırılırdı. "Ay işığı", "Yakamoz", "Əlcək", 2010-cu ilin əvvəllərində "Balyoz" hərbi çevriliş planları barədə məlumatlar yayıldı. Hərbi Hava Qüvvələrinin sabiq komandanı, general İbrahim Fırtına başda olmaqla, onlarca hərbçi "çevriliş planı hazırlamaq və həyata keçirməyə çalışmaq" ittihamı ilə həbs edildi. Son hadisələr bu proseslərin heç də əsassız olmadığını sübut etdi.

 

Uğursuz cəhd...

 

XXI əsrdə Türkiyə tarixinə ilk hərbi çevriliş cəhdi 15 iyul 2016-cı ildə yazıldı. Ümid edək ki, bu son hərbi çevriliş cəhdi olaraq da qalacaqdır.

15 iyul gecəsi Türkiyə Böyük Millət Məclisi 50-dək millət vəkilinin ümumi iclas salonunda olduğu müddətdə F-16 döyüş təyyarələri ilə 4 dəfə bombalandı. Muğla Marmarisdə bir oteldə olan Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsdə cəhd edildi. Boğaziçi və Fatih Sultan Mehmet körpüləri polis tərəfindən bağlanıldı. Körpülərdəki əsgərləri fikirlərindən daşındırmaq üçün onların üzərinə gedən yüzlərlə vətəndaşa atəş açıldı. Ankarada Milli Kəşfiyyat Təşkilatının binası hərbi helikopterlərdən atəşə tutuldu... Bir sözlə, 15 iyul gecəsi Türkiyə, əsasən də İstanbul və Ankara şəhərləri döyüş meydanını xatırladırdı. Acınacaqlı məqam odur ki, mübarizlikləri ilə şərəfli bir tarix yazmış türk xalqı yadellilərə qarşı deyil, qardaşlarına qarşı vuruşurdu. Kənar qüvvələrin təsiri nəticəsində qardaş qırğını alovlandırıldı.

 15 iyul gecəsi türk xalqı üçün həm kədər, həm də qürur tarixi idi. Türkiyənin gücünü, regiondakı nüfuzunu həzm edə bilməyən qüvvələr bu alçaq planla istəklərinə çatacağını düşünürdülər. Lakin onlar unutdular ki, türk milləti digər millətlərə bənzəməz. Türkiyəni yıxmaq istəyənlər ilk növbədə vahid türk milləti ilə hesablaşmalıdırlar. Türkiyə nə Misir, nə İraq, nə Suriya və digər oyun alətinə çevrilmiş dövlətlərdən deyildir ki, istənilən vaxt dövlətə nüfuz edərək onu aldatmaq mümkün olsun. 

Baş nazir Binəli Yıldırımın 18 iyulda etdiyi açıqlamaya görə hərbi çevrilişə cəhd nəticəsində 145-i sivil, 60-ı polis, 3-ü əsgər olmaqla 208 şəxs həyatını itirmiş, 1491 şəxs yaralanmışdır. O, 24 çevrilişçinin də öldürüldüyünü, 50 nəfərin isə yaralı olaraq nəzarətə alındığını bildirdi.

Hərbi çevrilişə cəhddə iştirak etmiş əsgərlərdən biri istintaqa ifadəsində Türkiyə Böyük Millət Məclisini bombalayan pilotun bir neçə əsgərlə birlikdə PKK-nın Suriya qolu olan PYD-yə sığınmaq üçün ölkəni tərk etdiyini bildirmişdir. Bu isə dara düşən kimi PKK-ya sığınmağa çalışan çevriliş təşkilatçılarının hansı mənafeyə xidmət etdiyini açıq göstərir.

Ədliyyə naziri Bəkir Bozdağın 17 iyulda etdiyi açıqlamaya görə, hərbi çevriliş təşəbbüsündən sonra ordu, məhkəmə və təhlükəsizlik orqanları içərisindən nəzarətə alınanların sayı 6 mini keçdi. 103 general və admiral da nəzarətə alınan şəxslər siyahısındadır. Təbii ki, bu sayın artacağı təkzibolunmazdır. Daxili İşlər Nazirliyinə bağlı olan 8777 işçi vəzifəsindən uzaqlaşdırıldı. Hərbi çevriliş cəhdi bütün dünyaya sübut etdi ki, Türkiyə siyasi sistemi artıq əvvəlki deyildir. Çevrilişə başçılıq edənlər çox güman ki, sakit şəkildə, heç bir təzyiqlə qarşılanmadan hakimiyyəti ələ keçirəcəklərini, hətta millət tərəfindən də dəstəklənəcəklərini düşünürdülər. Lakin tamam fərqli bir mənzərə ilə qarşılaşdılar. Xalq hakimiyyətin tərəfdarı olduğunu isbat etdi. Yeni siyasi şərait bu amili zərərsizləşdirdi. Çünki hədə-qorxu ilə ələ keçirilən hakimiyyət heç bir vətəndaşa rifah gətirməz.

Bu çevriliş uğursuz nəticələnsə də, ölkə iqtisadiyyatına təsirsiz ötüşmədi. Çevriliş cəhdinin sabahısı 16 iyul tarixində türk lirəsi 2008-ci ildən bu yana ən sərt enişini yaşadı. Lakin Türkiyə bu dövrü də arxada qoyacaq. Hərbi çevriliş cəhdi uğursuzluqla nəticələndi. Türkiyə tarixində ilk dəfə olaraq hərbi çevriliş cəhdi millətin əzmi ilə hakim partiyanın xeyrinə nəticələndi. Bundan sonra heç bir daxili və xarici qüvvə Türkiyədə dövlət çevrilişinə cəhd edə bilməyəcək. Çünki onlar önlərində əliyalın, lakin qəlbi Vətən sevgisi ilə dolmuş xalqı görəcəklər. Türk milləti demokratiyanın tərəfdarıdır, millət bir bütöv olaraq öz gücünü və iradəsini dərk elədi, hakimiyyətin məhz xalqa məxsus olduğunu anlayaraq ona sahib çıxdı. Çevrilişlə hakimiyyət dəyişikliyinə cəhd edənlər, əksinə, siyasi hakimiyyəti daha da gücləndirdilər.

Hakimiyyət naminə öz millətini belə satmağa hazır olan "vətən xainləri" anlamalıdır ki, xalq seçim etdi: xüsusi şəkildə, seçkisiz yolla formalaşan ordumu, yoxsa xalq mənafeyinin ifadəçilərimi hakimiyyətdə olmalıdır? Seçkili yolla formalaşan hakimiyyət qolları xalqın iradəsinin təcəssümüdür.

AKP-nin 14 illik hakimiyyəti Türkiyə tarixinin dirçəliş və özünüdərk dövrü kimi xarakterizə olunur. Bu dövrdə Türkiyə dünyanın ən böyük iqtisadiyyatına malik 15-ci dövlət oldu. Adambaşına düşən gəlir 1300 dollardan 10000 dollara qalxdı. Türkiyə regionun güc mərkəzinə çevrildi. Yaxın və Orta Şərqə çıxışa qapı rolunu oynadı. Ölkənin milli gəliri 800 milyard dollara çatdı. Məhz R.T.Ərdoğan və komandası seçkili hakimiyyət tərəfdarı oldular. Hakimiyyətin seçilməsində və qurulmasında xalqın rolu ön plana çəkildi. 2007-ci ildə Türkiyə Anayasasına edilən dəyişikliklə Prezidentin xalq tərəfindən seçilməsi dəstəkləndi. Xalq siyasi hakimiyyətdə aparıcı qüvvə rolunu oynadı. Siyasi-iqtisadi sahədə reformalar Türkiyəni müasir beynəlxalq münasibətlər sisteminin aktorlarından birinə çevirdi. Belə bir şəraitdə hansı ədalətsizlikdən söhbət gedə bilər?

Çevrilişin Ərdoğanın özü tərəfindən hazırlanması ilə bağlı absurd fikirlərə gəlincə, bu, olduqca gülüncdür. Milləti üçün daim vuruşan biri haqqında bu sözlərin söylənilməsi, sadəcə olaraq, heç bir məntiqə sığmayan, onu gözdən salmağa çalışan şəxslər tərəfindən uydurulan qara piardır. AKP xalq tərəfindən kifayət qədər nüfuza və dəstəyə malikdir. Partiyanın qardaş qırğını yolu ilə, vəhşi üsullarla nüfuzunu qaldırmasına ehtiyacı yoxdur.

Keçmiş Baş nazir Əhməd Davudoğlu hadisə ilə bağlı belə bir müraciət ünvanlamışdı: "Bu gün hücuma uğrayan Məclis 1 noyabrda 85 faiz əhalinin iştirakı ilə seçilib. Xüsusilə bu çevriliş qarşısında müqavimət göstərən bütün təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm. Kimsə dünən gecə edilən bu alçaq hücumu Türkiyə Silahlı Qüvvələrinə aid etməsin. Silahlı Qüvvələrimiz bütün gücü ilə bu hücuma müqavimət göstərib. Millətimizə "keçmiş olsun" demirəm, "mübarək olsun" deyirəm. Millətimiz bir dastan yazdı, demokratiya zəfərimiz mübarək olsun. Bu millət bu gündən etibarən yeni bir demokratiyanın qapısını açdı. Bir millət olaraq meydanlardaydıq. Bütün demokratiya şəhidlərimizə rəhmət diləyirəm".

 

Millətin qələbəsi!

 

İnsan xislətinin ən ləyaqətsiz xüsusiyyəti, insanlığın ən alçaq sifəti Vətənə xəyanətdir. Türk dünyasının böyük liderlərindən Mustafa Kamal Atatürk bu barədə demişdir: "Vətənə xəyanətin səbəbi olmaz, tez, ya da gec bədəli olar"!

Sivil bir cəmiyyətdə hakimiyyətin zor vasitəsilə ələ keçirilməsi heç bir beynəlxalq hüquqa, bəşəri ədalətə sığmır. Hədə-qorxu ilə ələ keçirilən hakimiyyətin hansı humanizmindən söhbət gedə bilər? Hakimiyyət kreslosunda otura bilmək üçün qoynunda boy atdığı, çörəyini yediyi Vətənə, öz millətinin nümayəndələrinə – bacı, qardaşlarına güc tətbiq etməkdən çəkinməyən, hətta ölümlərini belə gözə alan bir qrup milli mənafeni necə müdafiə edə bilər?

Son zamanlar Türkiyədə baş verən ardıcıl, genişmiqyaslı terror aktları, ölkənin hər gün şəhid verdiyi bir zamanda belə bir hadisənin baş verməsi, şübhəsiz ki, hadisənin millətçilik və vətənpərvərlikdən kənar şəxslər tərəfindən planlaşdırılmasından xəbər verir.  Hətta son vaxtlar baş verən terror hadisələrində bu satqınların rolu inkar edilmir. Bu hadisələrdən sonra daxili düşmənlərin izinə düşmək daha da asanlaşacaq, xarici qüvvələrə, terrorçulara dövlətə müdaxilə etməyə imkan verənlər zərərsizləşdiriləcək.

Çevriliş cəhdində iştirak edən əsgərlərin üzündə çaşqınlıq, məyusluq, üzrxahlıq hiss olunurdu. Çünki onların əksəriyyəti nələrin baş verdiyini dərk etmirdi. Hansı oyunun qurbanı olduqlarını anlamırdılar. Saxlanılan mehmetciklərin çoxu küçə təlimi əmrinin verildiyini bildirirdilər. Çevrilişə cəhd edən satqınlar türk mehmetciyini – Çanaqqalada sona qədər vuruşan, Vətənin bir qarışını belə yadellilərə verməyən, hər gün terrorçularla ölüm-dirim mübarizəsinə girən məğrur və yenilməz əsgərləri aşağılamağa çalışdılar. Lakin bu hərbi terror baş tutmadı. Mübariz türk milləti Prezident Ərdoğanın çağırışlarına qoşularaq küçələrə axın etdi. Onların silahları əllərindəki bayraq, qəlblərindəki Vətən sevgisi idi. Dövlət yağılara, millət adına ləkə gətirənlərə verilməyəcəkdi. Türkiyə dövlət çevrilişinə xalqın birliyi nəticəsində qalib gəldi. Xalq Türkiyə dövlətçiliyi üçün şüurlu surətdə meydanlara çıxdı, demokratik hakimiyyətini qoruyub saxladı. Bu, türk xalqının Ərdoğana böyük etimadıdır. Çünki Ərdoğan hər zaman Türkiyənin, türk millətinin milli maraqlarından çıxış etmişdir.

Ölkədaxili çaxnaşmadan "peşəkarcasına" istifadə edib, ləkə yaxmağa çalışanlar, sosial şəbəkələrdə, saytlarda Suriyadakı mənzərəni, İŞİD terrorunun amansız qətllərini əks etdirən şəkillər paylaşaraq Türkiyəyə aid edirlər. Türkiyə hakimiyyətinin vəhşi, əzazil obrazını yaratmağa çalışırlar.  Əsgərlərə xüsusi işgəncələr verildiyini göstərən şəkillər, videolar Türkiyə adı ilə paylaşılır. Tank altında qalan günahsız və silahsız vətəndaşlar isə yada düşmür... Hətta hadisənin səhərisi "başı kəsildi" deyilən əsgər çıxış edərək vəziyyətinin yaxşı olduğunu, vətəndaşların yardımı ilə xilas olduğunu söylədi. Türk milləti dövlətinin varlığına, bugünkü güclü Türkiyəyə görə öz mehmetciyinə borcludur. İstəmədən bu oyuna daxil olan mehmetciklər millətin öz balasıdır. Türk əsgəri heç vaxt öz millətinə qarşı çıxmaz. Mehmetciyi gözdən salmağa çalışanlar ən ağır cəzaya məhkum olunmalıdırlar. Türkiyəni heç kəs, heç bir qüvvə vassala çevirə bilməz. Görkəmli ziyalımız, pantürkizmin ideoloqlarından Əli bəy Hüseynzadənin bu sözləri yerinə düşür: "türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar".

Heç şübhəsiz, türklər yeni bir tarix yazdı və bir millət olaraq öz bütövlüyünü yenə isbat etdi! Bu tarix düşmənlərinin türk milləti haqqında uydurduğu böhtançı mifi dağıtdı və  bir daha göstərdi ki, Türkiyənin daxili işlərinə qarışmaq istəyən kənar qüvvələr ilk öncə millətlə hesablaşmalıdır.  Başın hər zaman uca olsun, Türkiyə!

 

Azərbaycanın mövqeyi ...

 

Qardaş ölkədə baş verən hadisələr Azərbaycan gündəmini də zəbt etdi. İstər rəsmi, istərsə də qeyri-rəsmi səviyyədə münasibətlər bildirildi. İlk rəsmi mövqe iyulun 16-da Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan gəldi. O, mətbuata açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izlədiyini və yaşanan proseslərdən dərin narahatlıq keçirdiyini bildirdi. Əli Həsənov Prezidentin bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pislədiyini, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirdiyini vurğuladı.  Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etdi, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar verildi.

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutdu. Dövlətimizin başçısı Türkiyədə hərbi çevriliş cəhdini qətiyyətlə pisləyərək, Azərbaycan xalqı və dövlətinin həmişəki kimi, Türkiyə xalqı və dövlətinin yanında olduğunu vurğuladı. Prezident İlham Əliyev Türkiyəni bundan sonra da heç bir qüvvənin inkişaf və demokratiya yolundan döndərə bilməyəcəyinə əminliyini vurğuladı.

Təqdirəlayiq haldır ki, Azərbaycan mediası Türkiyədə iyulun 15-16-da gerçəkləşdirilməsinə cəhd edilən dövlət çevrilişi aktına Türkiyə xalqının mənafelərini nəzərə almaqla yanaşdı, çoxsaylı insan tələfatına səbəb olan terrorçuluq əməllərini qətiyyətlə pislədi. Hətta bu barədə iyulun 19-da Mətbuat Şurası Türkiyədə baş vermiş hadisələrlə əlaqədar Azərbaycan jurnalistlərinə müraciət ünvanlayaraq qədim tarixə malik xalqlarımız arasındakı çoxəsrlik münasibətlərin qorunması və inkişaf etdirilməsinin Azərbaycan və Türkiyə dövlətlərinin müasir dövrdə qarşıya qoyduğu ən mühüm vəzifə olduğunu bildirdi.

Azərbaycan bu hadisələrdə də qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi, təkcə  sözdə deyil, əməldə də türk xalqı və dövlətinin yanında olduğunu sübut etdi.

Nailə MƏMMƏDOVA,
"Azerbaijan Realities"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında