Azərbaycanın xarici siyasəti milli maraqlarımızın təmin olunmasına yönəlmişdir

Azərbaycanın kifayət qədər mürəkkəb, həm də  strateji əhəmiyyətli bölgədə yerləşməsi xarici siyasətin müəyyənləşdirilməsində, prioritet vəzifələrin qarşıya qoyulmasında mühüm əhəmiyyət kəsb edir. Bir tərəfdən  milli maraqları qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən  isə regionda inkişaf etmiş dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq qarşıya qoyulan əsas vəzifələrdən biridir. Ümumiyyətlə, son illər  uğurla davam etdirilən  xarici siyasətin əsas istiqamətləri  Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıraya qaldırmaqdır. Bunu dövlətimizin başçısının təkcə 2016-cı ildə xarici ölkələrə səfərləri və  bu ilin birinci yarısında Azərbaycana 10-dan çox dövlət və hökumət başçısının səfər etməsi də təsdiqləyir. Bu səfərlər çərçivəsində ikitərəfli əməkdaşlıq daha da inkişaf etdirilmiş, beynəlxalq aləmdəki əlaqələrimiz genişlənmiş və mövqelərimiz möhkəmlənmişdir.

Azərbaycanın dünya birliyindəki mövqelərinin getdikcə möhkəmlənməsini təsdiqləyən əsas faktlardan biri  respublikamızın son illərdə aktual beynəlxalq problemlərin müzakirəsinə həsr edilən qlobal  forumların keçirildiyi  məkana çevrilməsidir. Reallaşdırılan və uğurla həyata keçirilən  iri infrastruktur layihələri həm ölkəmizin, həm də region dövlətlərinin sosial və iqtisadi  baxımdan  güclənməsinə rəvac verir. Bütün bunlar Azərbaycanın “ən yüksək insan inkişafı” ilə səciyyələndirilən  ölkələr sırasına qoşulmasına əlverişli imkan yaradıb. Dövlət başçısının həyata keçirdiyi xarici siyasətin prioriteti inkişaf etmiş ölkələr səviyyəsinə çatmaqdır. Həyata keçirilən tədbirlər və xarici dövlətlərin  başçılarının, habelə rəsmi nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri də bundan xəbər verir.

Son illər dünyanın aparıcı beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirmələri heç də təsadüfi deyil. Türkiyənin Böyük Millət Məclisinin deputatı Sinan Oğanın dediyi kimi, dünyada gedən proseslərin  istiqamətlərini müəyyənləşdirən  starteqlərin son illər  məhz  Bakıda bir araya gəlməsi  Azərbaycanın dünyanın aparıcı ölkələri  səviyyəsinə yüksəldiyini göstərir: “Azərbaycan  son illər kifayət qədər  yüksəlişə nail  ola bilmiş, regionun  lider  dövlətinə çevrilməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməklə dünyada  sözükeçən  ölkələrdən olmuşdur.

Ölkəmizin siyasi və iqtisadi  inkişafını, beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsini  dünyanın tanınmış diplomatlarının fikirləri ilə də davam etdirə bilərik. Məsələn, Xorvatiya Prezidenti  İvo Yosipoviç demişdir: “Bu gün Azərbaycan  özü ilə fəxr etmək  üçün çox səbəbləri olan ölkədir. Faktlar da təsdiqləyir ki, ötən qısa müddətdə Azərbaycan  çox sürətli inkişaf yolu keçib.” Bu fikirlər ABŞ diplomatı Adam Sterlinqin dediklərində də öz əksini tapıb: “Azərbaycan güclü, suveren, müstəqil dövlət olmaq istiqamətində nəhəng  irəliləyiş, tərəqqi əldə edib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi  bir sıra  məsələlərdə liderlik rolunu  öz üzərinə  götürüb.”

Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, bu gün ölkəmiz öz inkişaf tempini davam etdirir, dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada olması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Prezidenitinin həyata keçirdiyi xarici siyasətin prioriteti də məhz bunun üzərində qurulmuşdur. Bu siyasi xətt artıq dünya birliyi və beynəlxalq aləmin aparıcı kütləvi informasiya vasitələri tərəfindən də etiraf olunur. İtaliyanın “Fidelity House” internet portalında dərc olunan bir məqalə bu baxımdan diqqətimizi cəlb etmişdir. Həmin məqalədə İtaliyanın  beynəlxalq əlaqələr üzrə eksperti Piter Teys yazır ki, ərazisinin 20 faizinin işğal edilməsinə baxmayaraq, Azərbaycanda demokratik islahatlar güclü iqtisadi inkişafla diqqəti cəlb edib. Ermənistandakı vəziyyətə gəlincə isə, diplomat qeyd edir ki, bu ölkə son 25 ildə rəzil vəziyyətə düşüb. Bu ölkədə insan haqlarına əsla hörmət edilmir, Azərbaycanda isə insan hüquq və azadlıqları yüksək səviyyədə qorunur. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artıdıqca, Ermənistan rəzil vəziyyətə düşür, beynəlxalq aləmdə nüfuzu heçə enir, ölkədə baş alıb gedən korrupsiya, işsizlik, özbaşınalıq və bürokratiya xalqı təngə gətirir.

Təbii ki, belə faktlar istənilən qədərdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artması artıq dünya birliyində də öz təsdiqini tapır. Azərbaycan Prezidentinin həm iqtisadi, həm də siyasi məsələlərin gündəmdə olduğu Davos Ümumdünya İqtisadi Forumunda, bu forumla eyni səviyyədə olan  beynəlxalq miqyaslı Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya yardım məqsədilə  keçirilən konfransda, həmçinin Vaşinqtonda Nüvə Sammitində iştirakı Azərbaycanın mövqeyini, milli maraqlarını, perspektivlərini  və imkanlarını bir daha ortaya qoydu. Onu da qeyd edək ki,  Vaşinqtonda  keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan fəal iştirak etmişdir.

Dünya ictimaiyyətinə də bəllidir ki, Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti maraqlı məqamlarla yadda qalmışdır. Bu tədbirdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak etmişdir. Toplantıda qlobal miqyasda təhdidlər törədən nüvə qaçaqmalçılığı ilə mübarizə məsələləri gündəmdə olmuşdur. Tədbirə dəvət edilən Azərbaycan Prezidenti söylədiyi maraqlı və dolğun nitqi, siyasi liderlərlə keçirdiyi görüşlərlə diqqəti çəkmiş, həmin məqamlar bu gün də gündəmdən düşməmişdir. ABŞ-ın dövlət rəsmiləri  Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələrə böyük önəm vermişlər. Onlar Azərbaycanın təhlükəsizliyin təmini və terrorla mübarizədə regional və qlobal miqyasda oynadığı rolun əhəmiyyətini xüsusi vurğulamış, enerji təhlükəsizliyi və iqtisadi-ticari əməkdaşlıq sahələrində rəsmi Bakının həyata keçirdiyi layihələrin səmərəliliyini etiraf etmişlər. Bütün bunlar, Azərbaycanın geosiyasi statusunun faktiki olaraq yeni səviyyəyə yüksəldiyini təsdiq edən faktlardır.

Sammitdə  Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi yüksək səviyyədə müdafiə olunmuşdur.  Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda dövlətimizin başçısının iştirakı Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoymuşdur. Bütün bunlar Azərbaycanın dünya birliyində getdikcə artan nüfuzundan xəbər verir. Bu faktlar bir daha təsdiqləyir ki, ölkəmiz inkişaf etmiş dövlətlərlə bir sıradadır.

Son illər ölkəmizin  beynəlxalq tədbirlərdə fəal iştirakı və belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi respublikamıza olan inamdan irəli gəlir. Eyni zamanda, respublikamız  üçün yeni imkanlar açır. Çünki bütün  beynəlxalq tədbirlərdə Azərbaycanın  milli maraqları  səslənir, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər eşidilir. Məhz uğurlu xarici siyasətimizin məntiqli yekunu olaraq, artıq beynəlxalq ictimaiyyət  Ermənistanın yalanlarına inanmır və  Azərbaycanın mövqeyni dəstəklədiklərini bəyan edirlər.  Bütün bunların nəticəsi olaraq son vaxtlar  ərzində danışıqlar prosesində bəlkə də tarixdə görünməyən fəallıq müşahidə olunur. Buna misal olaraq bu il aprel ayında baş verən dördgünlük müharibədən sonra may ayında Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə Vyanada keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü xatırlatmaq istərdik. İşğalçı dövlət  görüşün keçirilməsi üçün bir neçə şərt irəli sürmüşdü,  lakin  bu şərtlər onları gülünc vəziyyətinə qoymuşdu. Çünki yaxşı bilirdilər ki, Azərbaycan heç bir şərtlə razılaşmayacaq.  Həm də yaxşı dərk edirdilər ki, danışıqlar prosesi həm Azərbaycan tərəfi,  həm də onlar üçün zəruridir. Aprel hadisələrindən ibrət dərsi alan işğalçı dövlətin rəhbərliyi bir daha dərk etdi ki, əgər danışıqlar prosesi pozularsa və Ermənistan yenə də öz təxribatçı fəaliyyətini davam etdirərsə, vəziyyət onlar üçün daha acınacaqlı olacaq.

Bundan bir müddət sonra  Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistan Prezidenti Serj Sarkisyanın  Sankt-Peterburqda keçirilən görüşü bir daha təsdiqlədi ki, artıq dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş xarici siyasət strategiyası Ermənistanı küncə sıxışdırıb. Çünki bu  görüşün yekunlarına dair qəbul edilmiş birgə bəyanatda əldə olunan və vəziyyətin sabitləşməsinə yönələn, sülh prosesinin irəliləməsinə təkan verən razılaşmanı təsdiqləyiblər. Bu görüşün yekunu olaraq, qəbul edilmiş sənədlər Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

Xarici siyasətimizin əsas prioritetlərindən biri də hərbi potensialımızın gücləndirilməsidir. Bu il aprelin əvvəlində  Azərbaycan Milli Ordusunun qələbəsi ilə nəticələnən dördgünlük müharibə də onu göstərdi  ki, ölkəmiz  düzgün siyasət aparır.  Bu gün hər kəsə bəllidir  ki, Milli  Ordumuz həm texniki təchizat, həm də döyüş qabiliyyəti baxımından dünya miqyasında güclü ordulardan biridir. Bu gün Azərbaycan Ordusu istənilən hərbi vəzifənin öhdəsindən şərəflə gələ bilər. Azərbaycan tərəfi həmişə sülhməramlı mövqe nümayiş etdirdiyindən hələ də ümid edir ki, bu münaqişə danışıqlar yolu ilə, qan tökülmədən həll oluna bilər. Son hadisələr, xüsusilə danışıqlar prosesindəki irəliləyişlər də ümidlərimizi bir qədər artırıb.  Bütün bunların fonunda işğalçı tərəf təklif olunan məsələ ilə bağlı müsbət cavab vermək məcburiyyətindədir.

Son hadisələr də təsdiqləyir ki, artıq uzun illər ərzində apardığımız uğurlu xarici  siyasət öz səmərəsini verir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş  və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən inamla davam etdirilən bu siyasət milli maraqlarımızın təmin olunmasına yönəlmişdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında