Ermənistan düşdüyü ağır vəziyyətdən çıxmaq üçün mövcud olan bütün şansları əldən verir

Elə bu səbəbdən də ölkə günbəgün uçuruma yuvarlanır
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Xalq qəzeti"nin 4 noyabr tarixli sayında dərc olunmuş "Gorus-2010: absurd teatrı mövsümü" adlı dərin elmi-təhlili məqaləsini oxuyan istənilən azərbaycanlı kimi, mən də öz mülahizələrimi hörmətli oxucularla bölüşmək qənaətinə gəldim. Digər soydaşlarım vətəndaşlıq mövqeyi, ziyalı mövqeyi nümayiş etdirərək bu qəbildən olan sətirləri qələmə alırlarsa, mən, həm də Qarabağ müharibəsi veteranı kimi, bu yazıya ehtiyac hiss etdim. Mən o müharibənin veteranıyam ki, bu gün Ermənistana rəhbərlik edən, oktyabrın 16-da Gorusda teatr, həm də absurd teatrı təşkil edən Serj Sarkisyan məhz həmin müharibədə minlərlə Azərbaycan türkünün qətlə yetirilməsinin bilavasitə təşkilatçısı və icraçısı olmuşdur.
Akademikin adı çəkilən məqaləsinin "qəhrəmanı" olan Serj Sarkisyan öz siyasi opponentlərinə dönə-dönə, rəsmi şəkildə demişdir: "Mən qırğınlar törədərək, od yağdıraraq Qarabağı Azərbaycanın əlindən alanda siz harada idiniz? İndi xalqı çaşdırmağa çalışırsınız ki, Sarkisyan Qarabağı satacaq. Qarabağın taleyini küçədən gələnlər yox, onu Azərbaycandan alanlar təyin edəcəklər". Ermənistan prezidenti ABŞ, Fransa və digər ölkələrdəki erməni diasporu ilə görüşlərində Xocalı qırğınının məhz onun rəhbərliyi altında törətdildiyini açıq şəkildə etiraf edib. İndi tamaşa quraraq erməni əsilli xarici jurnalistlərin köməyi ilə dünya ictimaiyyətini növbəti dəfə çaşdırmağa çalışır.
Erməni siyasətçisinin sərsəmləmələrinə elmi surətdə, müasir siyasi təfəkkür prizmasından yanaşaraq, eyni zamanda, milli-etnik münaqişələrin həlli tarixində mövcud olan beynəlxalq təcrübəyə istinadən cavab verən akademik Ramiz Mehdiyev yazır: "Etiraf etmək lazımdır ki, Lısenko genetikanı təqib etməyə başladığı dövrdən bu yana dünya elmində genetikanın bu və ya digər dilin yaşını müəyyən etmək qabiliyyəti kimi sensasiyalı bir kəşf edilməmişdir". Ancaq erməni prezident Gorusda təşkil etdiyi teatrda utanmadan, çəkinmədən, dünya elm ictimaiyyətinin ümumi fikrini nəzərə almadan bəyan edir ki, erməni dilinin ən azı səkkiz min illik tarixi var. Halbuki, bu günə qədər dünyanın bütün alimləri yekdil razılığa gəliblər ki, planetin ən qədim sivilizasiyası şumerlərin tarixi 7 min il əvvəllərə təsadüf edir. Bu isə o deməkdir ki, Sarkisyanın simasında ermənilər dünyaya hələ çox yalanlar sırımaq istəyirlər.
Ramiz Mehdiyevin fikrincə, Serj Sarkisyanın ermənilərin hamıdan ali, hamıdan üstun olduğunu sübut etmək cəhdi faşizm əlamətləridir. Əslində, bu fikir həyatda öz əksini tapıb. Çünki Sarkisyan Xocalıda sözün həqiqi mənasında faşistlik etmişdi və yuxarıda qeyd etdiyimiz kimi, həmin əməlləri ilə hələ də fəxr edir. Ancaq S.Sarkisyan əbəs yerə bu cür cəfəng iddia ilə çıxış edir. Çünki bu cür iddialar onu heç də yaxşı nəticələr vəd edən səmtə aparmır. Akademik yazır: "...alman alimləri və üçüncü reyxin liderləri ari irqin müstəsnalığı barədə buna oxşar "qiymətli direktivlər" vermişdilər. Bir millətin başqalarından üstünlüyü, birinin qədim və təmizqanlı, digərlərinin isə gəlmə və qarışıq olması barədə söhbətlərin nə ilə nəticələnməsi hamıya yaxşı məlumdur. Təəssüf ki, öz xalqını təxminən eyni fəlakətli istiqamətə sürükləyən bugünkü Ermənistanın rəhbərləri yaxın tarixdən ibrət dərsi almamışlar".
Sanki Serj Sarkisyanda öz xalqına qarşı qəddarlıq, qaniçənlik etmək kimi qeyri-insani bir hiss, instinkt yaranıb. O, sanki öz əməllərini şüurla idarə etmir. Xocalı soyqırımını törədəndə anlamalı idi ki, nə ermənilər, nə də azərbaycanlılar bundan sonra heç yerə köçməyəcəklər, xalqların zorla köçürülməsi dövrü çoxdan geridə qalıb, heç kəsin köçməyəcəyi fikiri kimi, heç kəsin heç kəsə borclu qalmayacağı da bir həqiqətdir. Yəni, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən yoldan istifadə etmək hüququnu özündə saxlayır. Gündən-günə qüdrətlənən Azərbaycanın hətta, hər saat təkmilləşən və müasirləşən Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etmək üçün əmr alanda Sarkisyanın və digər qaniçən erməni səhra komandirlərinin kimdənsə aman gözləməsi tamamilə gec olacaq. Çünki Xocalıda törətdiyi vəhşiliklərə haqq qazandırmağa çalışan Sarkisyanın özünün "müharibənin öz qanunları ilə" cəzalandırılması vaxtı çatacaq.
Yeri gəlmişkən, bu yazıda bir neçə dəfə adını çəkdiyimiz Xocalı soyqırımı zamanı Sarkisyan başda olmaqla, erməni vandallarının törətdiyi əməllərin bir neçəsini yada salmaq yerinə düşərdi. Bəşər tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı faciəsi zamanı görünməmiş vəhşilik törədilmiş, 613 nəfər soydaşımız qətlə yetirilmiş, 1000 nəfərdən artıq mülki əhali müxtəlif dərəcədə şikəst olmuş, 8 ailə bütünlüklə məhv edilmiş, 150 nəfət itkin düşmüş, 1275 nəfər isə əsir götürülmüşdür. Öldürülənlərin 63-ü uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Özünü beynəlxalq aləmə "mədəni xalq", "məzlum insanlar" kimi təqdim edən ermənilər, Serj Sarkisyanın rəhbərliyi ilə bütöv bir şəhəri yer üzündən silmək məqsədi güdmüşlər. Sarkisyan normal təfəkkürə malik olsaydı, bütün qafqazlılara yaxşı məlum olan Azərbaycan el məsəlini yaddan çıxarmazdı: "Nə tökərsən aşına, o çıxar qaşığına".
Əslində, ermənilərin əməlləri öz "qaşıqlarına" çoxdan çıxıb. Regiondakı bütün iqtisadi layihələrdən kənarda qalıblar, ölkə əhalisi "Miatsum" hayqırtıları səslənməyə başlayandan bəri yarıbayarı azalıb, sənaye müəssisələrinin çox böyük hissəsi ya ehtiyac üzündən satılıb, ya da hansısa borcun əvəzində xaricilərə verilib. Koçaryan - Sarkisyan cütlüyünün səviyyəsiz rəhbərliyi nəticəsində "qarabağlı-irəvanlı" qarşıdurmaları ölkənin siyasi elitasını və silahlı qüvvələrin əsgər-zabit heyətini didib parçalayır və sairə. Digər tərəfdən isə Azərbaycan dövlətinin yeritdiyi siyasi-diplomatik kurs rəsmi İrəvanın beynəlxalq aləmdə təklənməsinə səbəb olub. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya bu qondarma qurumun müstəqillik əldə edə bilməsi istiqamətində nəticə əldə olunası bir addım atılmadığına görə isə xarici ölkələrdəki erməni diasporu İrəvana ayrılan yardımları demək olar ki, dayandırıb. Üstəlik, dünyanın müxtəlif qütblərindəki kriminal erməni qruplaşmalarının birbaşa Serj Sarkisyanla və ya onun yaxın ətrafı ilə əlaqəli fəaliyyət göstərməsi barədə təkzibedilməz faktlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bütün bunlar isə Sarkisyanın iyrənc əməlləri nəticəsində bütövlükdə Ermənistanı gözdən salır, İrəvanın olan-qalan nüfuzunu da heçə endirir.
Məhz bu məqamları nəzərə alan akademik Ramiz Mehdiyev yazır: "Bütün bu illər ərzində Ermənistanda hələ də başa düşməyiblər ki, Ermənistan qonşu dövlətə qarşı təcavüz törətməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla, əslində qalib gəlməmiş, məğlub olmuşdur. O, yaranmış bu qədər fürsəti əldən verməklə sülhü uduzmuşdur. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, illər keçdikcə daha da çoxalacaq fərqi qiymətləndirmək kifayətdir. Ermənistan diplomatiya sahəsində tam məğlubiyyətə doğru gedir, bunun ardınca başqa xarakterli məğlubiyyət də ola bilər. Elə isə indi uçuruma yuvarlanan bu ölkənin rəhbərlərinin öz simalarını saxlaması və nə qədər gec deyil, vəziyyətdən ləyaqətlə çıxaraq labüd nəticədən yaxa qurtarmaq vaxtı çatmamışdırmı?" Əslində, bu sual təkcə erməni siyasətçilərinə və ideoloqlarına ünvanlanmış çox ciddi mesajdır. Azərbaycan xalqının tarixini, tarixi abidələrini, mədəniyyətini, adət-ənənələrini özününküləşdirmiş ermənilər yəqin ki, qədim Azərbaycan məsəlindən də xəbərsiz deyillər: "ziyanın yarısından qayıtmaq da qazancdır".
Sülhə, dostluğa, mehriban qonşuluq münasibətlərinə daim xüsusi önəm vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də, ulu öndərin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev də Ermənistan rəhbərliyinə dəfələrlə mesaj ünvanlamışlar ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra biz Ermənistanla siyasi-iqtisadi əlaqələri bərpa edərək regionun ümumi inkişafına öz töhfəmizi verə bilərik. Bu məntiqi Heydər Əliyev "Biz bütün qonşularımızla, hətta, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyünün bərpası şərtiylə həll edilməsindən sonra Ermənistanla da mehriban qonşuluq siyasətini davam etdirəcəyik" - şəkilində ifadə etmişdi. Prezident İlham Əliyev isə məsələni bir qədər də konkret qoymuşdur: "Bu gün regionda Azərbaycanın iştirakı və hətta, razılığı olmadan heç bir iqtisadi layihə icra edilmir. Ancaq bu layihələr regionun bütün dövlətləri üçün açıqdır. Hətta, biz dəfələrlə bəyan etmişik ki, Ermənistan beynəlxalq ictimaiyyətin iradəsinə hörmətlə yanaşarsa, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında həllinə əməl edərsə, deməli Azərbaycanın ərazi bütövlüyü bərpa edilər və Ermənistan ondan sonra regiondakı iqtisadi layihələrin iştirakçısına çevrilə bilər". Yəni "ziyanın yarısından qayıtmağın da qazanc olduğu" Ermənistan rəhbərliyinə dəfələrlə xatırladılıb. Ancaq görünür, Ermənistan rəhbərləri Azərbaycanın "başqa xarakterli qələbələr də" qazanması barədə arqumentlərinin mahiyyətini hələ dərk edə bilmirlər.
Akademik Ramiz Mehdiyev yazır ki, ermənilər öz məzmunsuz və mənasız "mübarizələrinə" bir ad tapa bilmir, qonşu dövlətin ərazisinin işğalına haqq qazandırmaq üçün "xalqların öz müqəddəratını təyin etmək hüququ" olduğunu bayraq edirlər: "Sarkisyan diaspordan olan qonaqlara məsləhət görür ki, onlar öz səylərini ikinci erməni dövlətinin, Dağlıq Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, inkişafına və beynəlxalq aləmdə tanınmasına yönəltsinlər... "İkinci (sonra isə üçüncü, dördüncü...) erməni dövləti"nin hansı beynəlxalq miqyasda tanınmasından necə söhbət gedə bilər və Ermənistanın rəhbərləri öz həmvətənlərini necə saxta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsaylı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu, heç vaxt olmayacaqdır".
Ermənistan rəhbərliyinin bu inadının tamamilə əsassız olduğunu sübut edən yüzlərlə arqument olsa da, biz onların ikisini yada salmaqla kifayətlənmək istəyirik. Əvvəla, bu il noyabrın 1-də və 3-də BMT Baş məclisinin sosial, humanitar və mədəni məsələlər üzrə komitəsində "xalqların öz müqəddəratını təyinetmə hüququ" üzrə müzakirələr keçirilmiş, orada Azərbaycan da daxil olmaqla, 37 ölkənin təmsilçisi çıxış etmişdir. Çıxışların əksəriyyətində qeyd edilmişdir ki, xalqların öz müqəddəratını təyinetmə hüququ yalnız müstəmləkə ərazilərinə, xarici hərbi işğala məruz qalmış xalqlar da daxil olmaqla, əsarət və istibdad altındakı xalqlara şamil edilir. Xalqların öz müqəddəratını təyinetmə hüququna münasibətdə beynəlxalq və dövlətdaxili hüquqda müəyyən hədlərin mövcudluğu, müstəqil dövlətlərdən birtərəfli qaydada ayrılmanın beynəlxalq hüquqa uyğun olmadığı bildirilmişdir. Bu hüququn gücdən qeyri-qanuni istifadə etməklə və beynəlxalq hüququn əsas normalarını pozmaqla həyata keçirilməsinin qəbuledilməz olduğu bildirilmişdir. Eyni zamanda, Ermənistanın iddia etdiyi "öz müqəddəratını təyinetmə hüququ"nun BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, eləcə də digər mötəbər təşkilatlar tərəfindən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiq etmək kimi qiymətləndirildiyi xüsusi vurğulanmışdır.
Yəni, dünya ictimaiyyəti Ermənistanı başa salır ki, siz ölkədaxili davranışda və qonşularla münasibətdə orta əsrlərə xas qanun-qaydaları üstün tutsanız da, indi artıq XXI əsrdir və qonşu ölkənin ərazisinin işğalına "xalqların öz müqəddəratını təyinetmə hüququ" altında bəraət qazandırılması qətiyyən mümkün olmayacaqdır.
İkincisi, fərz edək ki, ermənilər həmin "hüquqdan" istifadə edərək Azərbaycan ərazisində ikinci erməni dövlətini yaratsalar (birinci belə dövləti bizim ərazimizdə hələ 1918-ci ildə yaratmışdılar), üstəlik, bir erməni dövlətini Gürcüstan ərazisində, ikisini Rusiyada (orada da müxtəlif regionlarda kompakt halda çoxlu erməni yaşayır) formalaşdırsalar belə, yenə də bu dörd-beş uydurma erməni dövləti ilə böyük Türk dünyasına bərabər güc ortaya qoya bilməzlər. Bu xülya, illüziya erməniləri daha dərin böhranlara, daha ağır bədbəxtliklərə doğru aparır. Bu yerdə bir məqamı da yada salaq. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan gah "futbol diplomatiyası" adıyla Türkiyə rəhbərliyinə yarınmağa çalışır, gah "MDB-nin ən fəal üzvü" kimi, Özbəkistan rəhbərliyi ilə görüşür, gah da bu günlərdə olduğu kimi Türkmənistanla "enerji sahəsində əməkdaşlıq qurmağa" cəhd edir. Türkiyə ona qarşı ərazi iddialarından əl çəkməyən ölkə ilə əməkdaşlığın nə demək olduğunu yaxşı bilir və öz addımlarını bu müstəviyə uyğun atır. Özbəkistan və Türkmənistanla "əməkdaşlıq" isə Ermənistana heç bir real nəticə vəd etmir. Çünki onları birləşdirəcək ümumi tellər, xüsusən, sərhəd və kommunikasiya xətləri mövcud deyil. Odur ki, Sarkisyanın həmin çapalamaları saman çöpündən yapışmağın xeyiri qədər əhəmiyyətli ola bilər. Akademik Ramiz Mehdiyev yazır: "Ermənistan liderləri "obyektiv gerçəkliyi" özləri istədiyi kimi başa düşürlər. Onlar Göbbels kimi bu gerçəklikdə erməni olmayanlara yer olmadığını güman edirlər. Onlar mənasız müharibədən, minlərlə taleyin qırılmasından, milyonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərclərin artırılmasından başqa heç nəyə nail olmurlar - Dağlıq Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə bu gün, nə də 100 ildən sonra".
Bu, bir erməni bədbəxtliyidir ki, istənilən qonşu və ya region ölkəsi ilə münasibətdə səmimiyyəti və açıq münasibətləri qoruya bilmirlər. Azərbaycanla münasibətləri hamıya məlumdur. Gürcüstan daxilində də milli-münaqişə ocağı formalaşdırıblar. Türkiyəyə qarşı saxta soyqırım və ərazi iddialarından uzun illərdir ki, əl çəkmirlər. Öz missionerləri vasitəsiylə dünyanın onlarla ölkəsində terror və təxribatlar törədiblər. Son aylar ABŞ-da baş verən maliyyə fırıldaqları dünya mətbuatının gündəliyindən düşmür və nəhayət... tarixin bütün dönəmlərində Ermənistanın yanında olan Rusiya ... sən demə "satqın imiş". Erməni siyasətçiləri nankorcasına və dönükcəsinə iddia edirlər ki, Rusiya rəhbərliyi Azərbaycanın mövqelərini müdafiə etməklə rəsmi İrəvana qarşı xəyanət edir. Absurddur. Hətta Sarkisyanın Gorusda təşkil etdiyi teatrdan da absurd. Rusiya rəhbərliyi ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi üçün öz səylərini əsirgəmir. Rusiyalı politoloqlar açıq şəkildə bəyan edirlər ki, bu münaqişənin tezliklə və beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsi region ölkələrinin hamısından çox Ermənistan üçün səmərəli olacaq. Elə cənab Dmitri Medvedevin həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə dövri olaraq görüşməsi və bu məsələni müzakirə etməsi Moskvanın rəsmi Bakı ilə olan dostluq münasibətlərini genişləndirmək istəyi ilə bərabər, Ermənistanı hərtərəfli böhrandan xilas etmək məqsədini daşıyır. Ermənilər isə Moskvanı satqınlıqda və xəyanətdə ittiham edirlər. Əsl erməni xislətidir.
Sonda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" məqaləsindən daha bir sitat gətirmək istəyirik. Həm hərbi, həm də siyasi sahədə öz xalqı üçün çoxsaylı problemlər yaratmış Serj Sarkisyanın Gorus sərsəmləmələri barədə fikirlərini yekunlaşdıran akademik yazır: "Serj Sarkisyan reallığı dərk etmək əvəzinə Gorusdakı nitqi ilə özünü pis vəziyyətə salmış və qonaqlara yanlış məsləhətlər vermişdir. Başa düşmək çətin deyil ki, Ermənistanın gələcək nəsilləri bu səhvlərin ağır nəticələrini öz üzərlərində hiss edəcəklər".
Bəli, dünyaya açıq gözlə baxmağı bacaran insanlar üçün bu həqiqəti başa düşmək çətin deyil. Amma görünür, hakimiyyətə silah gücünə yiyələnən bugünkü Ermənistan rəhbərliyi bu məsələni dərk etməkdə ciddi çətinlik çəkir.

{nl}

Bəhman NƏBİYEV, Qarabağ müharibəsi veteranı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında