Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılarkən onun dünyanın bütün siyasi, geosiyasi və təhlükəsizlik məsələlərini həll edə biləcəyinə inam çox idi. Çünki bu qurum dövlətlərarası münasibətlərin kollektiv formada tənzimlənməsinin yeni formatı kimi qəbul olunurdu. Bir müddət BMT səmərəli işləyə bildi. Lakin keçən əsrin
90-cı illərindən başlayaraq onun fəaliyyətində ciddi qüsurlar özünü göstərməyə başladı.
Onların sayı çoxdur. Lakin böyük dövlətlərin iradəsinə tabe olmaq ən ciddi nöqsan kimi qiymətləndirilə bilər. Xüsusilə ABŞ-ın təşkilatda əsas söz sahibi kimi öz iradəsinə uyğun qərarların qəbuluna nail olması getdikcə qurumu nüfuzdan saldı. Hazırda BMT-nin yeniləşməyə ehtiyacı olduğundan bəhs edirlər. Bunun fonunda müasir şərtlər daxilində onun rolunun nədən ibarət olduğu belə tam aydın deyil. Müxtəlif fikirlər mövcuddur. Bu paradoksal vəziyyətin prizmasından BMT kimi beynəlxalq təşkilatın indiki durumu və gələcəyi üzərində düşünməyə ehtiyac yaranıb. Çünki bəlkə də dünyanın dəyişməsi BMT-nin struktur və funksional baxımdan yeniləşməsindən asılıdır.
Ziddiyyətlər içində:
TŞ-nin beş daimi üzvü və "dördlər qrupu"
Keçən ilin payızında BMT-nin 70 illik yubileyi təşkilatla bağlı fərqli fikirlərin mövcudluğu şəraitində keçirildi. Adətən universal adlandırılan bu mühüm beynəlxalq qurumun gələcək taleyi haqqında müxtəlif proqnozlar vardır. Bir qisim ekspertlər BMT-nin struktur-funksional özəlliklərinin dəyişməsinin əleyhinədir. Onlar əsas olaraq böyük dövlətlərin ədalətli mövqe tutmasını, dünya miqyasında geosiyasi nizamın normal hala gəlməsini yetərli sayırlar. Lakin böyük əksəriyyət artıq BMT-nin səmərəli fəaliyyət göstərə bilməyəcəyi qənaətindədir. Bu da təsadüfi deyil, çünki bu cür mövqe bir neçə ildir ki, qlobal miqyasda cərəyan edən hadisələrə BMT-nin kifayət qədər təsir göstərə bilməməsindən qaynaqlanır. Bunu təsdiq edən çoxlu sayda faktlar vardır və onlar KİV-də geniş təqdim olunub.
Rusiyanın "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin (AİM-MTU) hazırladığı elmi monoqrafiyada müəlliflər yazırlar: "XX-XXI əsrin qovşağında BMT qlobal çağırışlarla toqquşaraq, onlara cavab axtarmalı və geosiyasi, siyasi və iqtisadi kontekstdə prinsipial yeni fəaliyyət göstərməlidir" [1, s.12]. Burada BMT-nin yeniləşməsinin bir neçə səbəbi göstərilib. Onlar, əsasən, müasir dövrün geosiyasi, iqtisadi və siyasi özəllikləri ilə bağlıdır. Lakin bununla yanaşı, qlobal miqyasda təhdidlər meydana gəlib ki, onlara mütləq təsirli cavablar tapmaq lazım gəlir. Dolayısı ilə bu, indiki mərhələdə böyük dövlətlərin fəaliyyətlərində yol verdikləri prinsipial qüsurların mövcudluğuna işarədir. BMT-nin də əsas vəzifələrindən biri bəşəriyyətin bu cür təhdidlərdən xilas edilməsi olmalıdır.
Bu kontekstdə Qərb mütəxəssisləri, ümumiyyətlə, BMT problematikasına və onun islahatlar tarixinə getdikcə daha çox əsərlər həsr edirlər. Onların sırasında David Hannayın "Yeni dünya nizamsızlığı" kitabını göstərmək olar. Bu kitab mövcud beynəlxalq təşkilatların strukturunu və funksiyasını, onlarda mövcud olan problemləri dərk etmək baxımından əhəmiyyətli mənbədir. Orada göstərilir ki, beynəlxalq təşkilatlarda bu aspektdə ciddi çatışmazlıqlar mövcuddur, o cümlədən BMT-nin mövcud tənzimləmə mexanizmləri həmin çətinlikləri aradan qaldırmağa kifayət etmir. Bunu təşkilatın rəsmi rəhbərliyi də dərk edir.
Məhz bu səbəblərdən BMT yaranmasının 70-ci ildönümünü, obrazlı desək, "tikan üstündə" qeyd etməli oldu. Problem isə aradan qalxmadı. Hələ də bu mötəbər təşkilatın gələcəyi ilə bağlı ziddiyyətli fikirlər ifadə edilir. BMT Təhlükəsizlik Şurasının (TŞ) tərkibinin genişlənməsini tələb edən ölkələr də fəaliyyətlərini aktivləşdiriblər. Söhbət, ilk növbədə, Braziliya, Hindistan, Almaniya və Yaponiyadan gedir. Bu ölkələr şərti olaraq "dördlər qrupu"nu yaradıblar. Onlar BMT TŞ-yə daimi üzv olmaq uğrunda mübarizə aparırlar. Həmin ölkələri Təhlükəsizlik Şurası üzvlərindən dəstəkləyənlər də var, onların niyyətinin əleyhinə olanlar da var.
Lakin müşahidələr göstərir ki, BMT-nin bu ali orqanının 5 daimi üzvü "mətbəxə əlavə subyektləri" buraxmaq fikrində deyillər. Bununla BMT tarixində ilk dəfə olaraq paradoksal bir situasiya yaranıb - islahata ən çox ehtiyacı olan TŞ-nin özü bu prosesin əsas maneəsinə çevrilib. Bu, nəyi ifadə edir? BMT ideyasının iflasınımı? Yaxud böyük dövlətlərin dünyanı idarə etmək iştahasından vaz keçə bilmədiklərinimi? Bəlkə problem supergüclərin dünya üçün çox əhəmiyyətli geosiyasi transformasiyaların getdiyi bir mərhələdə öz aparıcı mövqelərini kiminləsə bölüşmək istəməməsindədir?
Ola bilsin ki, bu məqamların hamısı öz təsirini göstərir. Hər bir halda, BMT-nin çox ciddi seçim qarşısında qaldığı şübhəsizdir. Bəlkə də daha sabitlik və müəyyənlik şəraitində TŞ-nin daimi üzvləri konstruktiv mövqe nümayiş etdirib, bəşəriyyətin təhlükəsiz yaşaması üçün məntiqli davranardılar. Ancaq reallıq belədir ki, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Çin BMT-də həlledici qərarlar qəbul etmək səlahiyyətlərini əlavə hansısa dövlətlə bölüşmək istəmirlər. Bu aspektdə Frensis Fukuyamanın ABŞ-ın BMT-yə olan münasibəti barədə fikirləri maraqlıdır. Məşhur alim yazır: "...İraq müharibəsi, eyni zamanda, ABŞ-ın xeyirli hegemonluğu ilə bərabər, beynəlxalq institutların təsir sərhədlərini aydınlaşdırdı".
Geosiyasi proseslərin mürəkkəbləməsi fonunda BMT-nin qurtuluşu
Bu həqiqət kontekstində dünyada yaranmış geosiyasi mənzərənin qısa xarakteristikasına nəzər salmaqla, təşkilatla bağlı bir sıra məqamlara yeni bucaq altında baxmaq imkanı əldə etmiş olarıq. Məsələ ondan ibarətdir ki, BMT TŞ-də dəyişiklik edilməsi üçün çalışanlar dünyanın Braziliya, Hindistan, Almaniya və Yaponiya kimi yüksək inkişaf etmiş ölkələridir. Bunlardan başqa, digər güclü dövlətlər, məsələn, Türkiyə də TŞ-də islahatların aparılmasına ciddi ehtiyac olduğunu bildirir. Belə çıxır ki, dünyanın böyük bir kəsimi BMT-də islahatların aparılmasında maraqlıdır.
Ancaq burada Qərb mütəxəssislərinin qeyd etdiyi bir məqam mövcuddur. Biz BMT-nin struktur-funksional xüsusiyyətlərinin obrazlı ifadəsini nəzərdə tuturuq. Məsələn, K.Smit BMT-ni mərkəzində əsas dövlətlərin dayandığı və bir neçə "dairədən" ibarət olan həndəsi fiqura bənzədir. Bu fiqurun "tamaşaçıları" - ekspertlər və jurnalistlərdir. Əsas qərarları mərkəzi dairə verir, lakin "tamaşaçılar" da onları izləyir və təsir etməyə çalışırlar. K.Smit bununla bağlı yazır: "Onlar ("tamaşaçılar") rəqqasların (böyük dövlətlərin) ifasındakı yenilikləri tutmaqla yanaşı, öz reaksiyaları ilə onların davranışlarına təsir etməyə çalışırlar".
Bu cür vəziyyət bir sıra mürəkkəb situasiyalar yaradır. Məsələn, ABŞ-ın Yaponiya və ya Almaniya kimi müttəfiqləri Vaşinqtonun deyil, özlərinin mötəbər beynəlxalq təşkilatda təmsilçiliyini istəyirlər. Bunun səbəbi qlobal siyasətdə yaranmış qeyri-müəyyən vəziyyətlə, təhlükəsizlik aspektində meydana çıxan çoxlu sayda risklərlə bağlıdır. İndi aydın görünür ki, TŞ-nin 5 daimi üzvü maksimum dərəcədə öz maraqlarına uyğun davranmağa çalışırlar.
Onlar problemlərin beynəlxalq normalar çərçivəsində ədalətli həllinə elə də çalışmırlar. Buna görədir ki, dünyada hazırda xeyli münaqişələr, həllini gözləyən iqtisadi, maliyyə, ekoloji, humanitar və sosial problemlər mövcuddur. Bu faktların fonunda BMT olduqca aciz görünür. Nümunə kimi bir neçə fakt gətirmək olar.
BMT dünyanın müxtəlif regionlarında meydana gələn münaqişələrin siyasi həllini tapa bilmir. Suriyada neçə illərdir qan tökülür. Bu müddətdə BMT-nin təsirli addım atdığını görən olmayıb. Son zamanlar BMT ABŞ və Rusiyanın fərdi fəallığı fonunda proseslərə müdaxilə etməyə çalışır. İndi onun təmsilçisi Suriya probleminin həlli istiqamətində danışıqlar aparır. Ancaq burada da əsas söz sahibinin BMT deyil, Vaşinqtonla Moskvanın olduğu sirr deyil.
Buna sübut kimi Hələbdə atəşkəsə BMT-nin yox, ABŞ və Rusiyanın nail olmalarını göstərmək olar. Sanki dünyanın bu iki dövlətdən kənarda qalan hissəsi ciddi təsir gücünə malik deyil. Ən acınacaqlısı isə odur ki, birbaşa BMT-nin missiyasına aid olan bu kimi məsələlərdə təşkilat dünyanın məhdud sayda ölkəsinin paytaxtından gələn informasiyalardan asılı vəziyyətdə qalıb.
Burada bir məqamı da mütləq vurğulamaq istərdik. Uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilməyib. Bu münaqişə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranıb. BMT bununla bağlı 4 qətnamə qəbul edib. Həmin sənədlərdə işğalçıların zəbt etdikləri torpaqlardan dərhal çıxarılması tələb olunur. Lakin artıq neçə ildir ki, BMT-nin bu sənədlərini Ermənistan lazımsız bir kağız parçası kimi kənara atıb. Buna rəğmən, BMT TŞ-nin daimi üzvləri təcavüzkardan tutduğu Azərbaycan ərazilərini tərk etməsini təsirli surətdə tələb etmirlər. Maraqlıdır ki, TŞ-nin 5 üzvündən 3-ü həm də birbaşa münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləridirlər. Deməli, onlar, riyazi dillə desək, başqalarından fərqli olaraq, münaqişənin həllində iki dəfə çox məsuliyyət daşıyırlar. Ancaq reallıq nədən ibarətdir?
Ondan ibarətdir ki, ABŞ, Rusiya və Fransa nə BMT TŞ-nin daimi üzvü, nə də həmsədr dövlətlər kimi təcavüzkarı yerində oturtmurlar. Acı və düşündürücü həqiqətdir, lakin hələlik vəziyyət bu cürdür. Onda sual olunur ki, İraq, Liviya və ya Suriya ilə bağlı BMT TŞ-nin qəbul etdiyi qərarlar dərhal yerinə yetirilirsə, Ermənistanla bağlı qəbul edilən sənədlər niyə təsirsiz qalır? Buradan belə nəticə çıxmırmı ki, BMT TŞ geosiyasi problemlərə tam ədalətli yanaşmır, dövlətlər arasında ayrı-seçkilik salır. Əslində isə, BMT-nin bu cür vəziyyətlərdə səmərəli təsir mexanizmləri mövcuddur.
Mütəxəssislər vurğulayırlar ki, "Əgər BMT Təhlükəsizlik Şurasının qərarı yerinə yetirilmirsə, onda Şura onların yerinə yetirilməsi üçün tədbirlər görə bilər. Əgər hansısa ölkə müharibə ilə hədələyirsə, sülhü pozursa və ya təcavüz aktı törədibsə, Şura iqtisadi-ticari sanksiyalar tətbiq edə bilər və ya başqa konkret ölçülər götürə bilər. Məsələn, silah verilməsinə, həmin ölkənin vətəndaşlarının hərəkətinə qadağa qoyar və diplomatik məhdudiyyətlər tətbiq edər. Bundan başqa, müəyyən şərtlər daxilində güc tətbiq edə bilər".
BMT bu vəzifələrini bir neçə məkanda yerinə yetirib. Məsələn, 1991-ci ildə Küveytin suverenliyinin bərpasında, 1992-ci ildə Somalidə vəziyyətin normallaşması üçün humanitar yardımın göstərilməsində, 1994-cü ildə Haitidə qanuni seçilmiş hakimiyyətin yerinə qaytarılmasında və 1999-cu ildə Şərqi Timorda sülh və təhlükəsizliyin təmin edilməsində təşkilat bütün vasitələrdən, o cümlədən güc tətbiqindən də istifadə edib.
İndi isə həmsədr dövlətlərin təcavüzkara çoxlu sayda səmərəli təsir imkanlarının olduğu bir şəraitdə Ermənistana qarşı nəinki güc tətbiq edilmir, hətta elementar sanksiyalar və hərəkət məhdudiyyəti belə yoxdur. Sual olunur: həm BMT-nin daimi üzvü, həm də həmsədr dövlətlər kimi ABŞ, Rusiya və Fransa niyə başqa təcavüzkar ölkələrə olduğu kimi təzyiqlər göstərmirlər? O halda BMT TŞ-nin özünün yeniləşməsi zəruri deyilmi? Təbii ki, bu sualın cavabı "bəli"dir və məhz belə səbəblərə görə, bir çox ölkələr BMT TŞ-də islahatların vacibliyini vurğulayırlar.
Bir sıra mütəxəssislər isə məsələni ümumən beynəlxalq təşkilatlarda lazım olan yenilikləri həyata keçirmək kontekstində nəzərdən keçirirlər. Məsələn, P.Volker hesab edir ki, "çoxsaylı regional və ikitərəfli sazişlərin rasionallaşdırılması, mübahisələrin həll edilməsi prosedurunun təkmilləşdirilməsi" bir zərurətə çevrilib.
BMT-nin real vəziyyətini xarakterizə edən başqa məqam dünyada humanitar vəziyyətin acınacaqlı olması ilə bağlıdır. Hətta bir sıra ekspertlər BMT üçün "humanitar böhran"ın yarandığını da vurğulayırlar. Bunun da əsl səbəbi müxtəlif problemlərə yenə də ikili standartlar mövqeyinə uyğun münasibət göstərilməsi ilə bağlıdır. Burada xüsusilə Vaşinqtonun iradəsindən çox məqamların asılı olduğu vurğulanır. Mütəxəssislər açıq vurğulayırlar ki, "ABŞ-ın birtərəfli fəaliyyəti yalnız digər böyük dövlətlərin maliyyə, maddi və hərbi aspektlərdə aktiv iştirakı ilə aradan qalxa bilər".
Müsəlman ölkələri:
BMT üçün yeni ciddi faktor
Humanitar böhranla bağlı acınacaqlı vəziyyət özünü daha çox Yaxın Şərq və Şimali Afrika ölkələrindən yurdlarını tərk etmiş insanlarla bağlı göstərdi. BMT bəyan edir ki, miqrasiya nəticəsində Avropada humanitar böhran yaranıb. BMT-nin qaçqınlar üzrə ali komissarı bu ilin mart ayında "Russia Today" telekanalına müsahibəsində deyib: "Bizim fikrimizcə, böhranlı situasiya yaranıb. Biz Avropada humanitar böhran nöqtəsinə yaxınlaşırıq".
BMT-nin rəsmi nümayəndəsi bunun səbəblərini də açıqlayır. O, Avropa dövlətlərinin miqrantlara qarşı ikili standartlarla davrandığını, onların adi ehtiyaclarını ödəmək istəmədiklərini, rəsmi şəxslərin bir sıra hallarda kobud davrandığını və s. vurğulayır. Ancaq BMT həmin ölkələrə qarşı heç bir tədbir görməyib yalnız çağırışlar edir. BMT TŞ-nin Qərb dövlətlərinə qarşı olduqca loyal olması göz qabağındadır. Bu, normal hal sayıla bilməz.
Məhz bu səbəblərdəndir ki, müsəlman ölkələri BMT TŞ-də öz təmsilçilərinin olmasını tələb edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu barədə danışıb. Şübhəsiz, başqa müsəlman dövlətləri də Türkiyə rəhbərinin bu təklifinə biganə deyillər. Bunlar BMT-nin qarşısında duran və həllini gözləyən ciddi məsələlər sırasında müsəlman ölkələrinin problemlərinin həlli üçün səmərəli üsulların tapılmasını göstərməyə əsas verir. Konkret desək, BMT qlobal geosiyasi problemlər və humanitar böhranla yanaşı, müsəlman ölkələrinin problemlərinin də həlli mexanizmlərini işləyib hazırlamalıdır. Bu isə onun strukturlarında müvafiq islahatların aparılmasını tələb edir.
Məsələnin bu tərəfinin ciddiliyini anlamaq lazımdır. Adətən mütəxəssislər BMT-də islahatlardan danışarkən, ümumi müddəaları vurğulayır, Təhlükəsizlik Şurasına daimi üzv olmaq istəyənlər sırasında müsəlman ölkəsinin olmamasını da adi hal kimi qəbul edirlər. Ancaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbul sammitinin göstərdiyi kimi, artıq vəziyyət dəyişib. Müsəlman dövlətləri onlara qarşı edilən haqsızlığa bir yerdə etiraz edirlər. Zbiqnev Bjezinski bu prosesin gözlənilən olduğunu yazır və səbəbi kimi İslam ölkələrinə qarşı zaman-zaman edilən zülmləri göstərir.
Məşhur politoloq vurğulayır ki, müsəlman dünyası ilə münasibətlər məsələsi artıq qlobal miqyasda əhəmiyyət kəsb edir. Bu problemi ümumi qüvvələr balansının yaradılmasında və geosiyasi mənzərənin formalaşmasında mütləq nəzərə almaq lazımdır. Təbii ki, BMT kimi beynəlxalq təşkilat bu prosesdən kənarda qala bilməz. Bəs BMT buna hazırdırmı? Yuxarıda gətirdiyimiz faktlar göstərir ki, hazır deyil. Deməli, bu təşkilatda aparılmalı olan islahatlar sırasında müsəlman ölkələri faktoru ciddiyyətlə nəzərə alınmalıdır. Bunun isə əlamətləri hələlik görünmür.
Yuxarıda ifadə olunan fikirlər təsdiq edir ki, BMT indiki vəziyyətində dünya miqyasında üzərinə düşən vəzifələri tam mənada yerinə yetirə bilmir. Deməli, onun müasir dünya siyasətindəki yeri və rolu məsələsi hələ də aktual olaraq qalır. Mütəxəssislər vurğulayırlar ki, BMT-də islahatlar aparmaq gərəkdir. Bu haqda yuxarıda da biz müəyyən fikirləri ifadə etməyə çalışdıq. Ancaq maraqlı və xeyli dərəcədə paradoksal bir məqam da mövcuddur.
Çevik və ədalətli qərarlar:
Təşkilat buna hazırdırmı?
Məsələ ondan ibarətdir ki, mütəxəssislər hələlik BMT-nin XXI əsrin reallıqları şəraitində müasir dünyadakı rolunu dəqiq müəyyənləşdirə bilməyiblər. Əslində, bu məsələ adi görünür. Çünki BMT-nin həll etməli olduğu o qədər problemlər mövcuddur ki, bu təşkilatın hədəflərini dəqiqləşdirmək çətin olmazdı. Reallıqda isə BMT-nin məhz hansı funksiyaları yerinə yetirməli olduğu haqqında məsələyə yanaşmalar fərqlidir. Həmin yanaşmaların təhlilinə keçməzdən öncə qeyd edək ki, bu, ümumiyyətlə, müasir dövrün mürəkkəb və ziddiyyətli geosiyasi dinamikası ilə bağlıdır. Digər tərəfdən isə bu, BMT TŞ-nin daimi üzvlərinin ikili standartlar siyasətindən qaynaqlana bilər. Bu iki məqam nüfuzlu beynəlxalq təşkilatın müasir şərtləri nəzərə alaraq hədəflərini dəqiqləşdirməsinə mane olur. Bu fikirlərin işığında BMT-nin rolu haqqında irəli sürülən fikirlərə nəzər salaq.
Öncə onu vurğulayaq ki, mütəxəssislər arasında beynəlxalq təşkilatlar haqqında vahid konsepsiya yoxdur. Onlar "beynəlxalq təşkilat" anlayışının dəqiqləşdirilməsinə ehtiyac olduğunu yazırlar. Burada müxtəlif təsnifat mövcuddur, məsələn, "klassik" hökumətlərarası təşkilatlar (BMT buraya daxil edilir), dövlətlərarası inteqrativ birliklər (məsələn, Avropa İttifaqı) və beynəlxalq xarakterli qeyri-hökumət təşkilatları (məsələn, UNESCO).
Bu cür qeyri-müəyyənlik şəraitində Joze Alvaresin beynəlxalq təşkilatlara verdiyi hüquqi tərifə daha çox istinad edilir. O, bunun üçün 9 meyar müəyyənləşdirir. Onları analiz etməyə bu yazıda imkan yoxdur. Onu vurğulayaq ki, həmin tərif də bütövlükdə beynəlxalq təşkilatlar haqqında vahid mövqe formalaşdırmayıb. Bizi maraqlandıran da məhz bu vəziyyətdir. Yəni mütəxəssislər arasında beynəlxalq təşkilatlar haqqında yekdil təsəvvür yoxdursa, BMT kimi qurumların dəqiq hansı funksiyaları yerinə yetirməli olması məsələsi də bir qədər qeyri-müəyyənliyə qapılmış olur.
Odur ki, rusiyalı alim Tatyana Neşatayevanın bütövlükdə beynəlxalq təşkilatların öyrənilmə səviyyəsini "intellektual xaos" kimi xarakterizə etməsinin əsasları vardır. Belə bir şəraitdə BMT-nin rolu haqqında iki mövqe özünü göstərir - birincisi, BMT dünya siyasətində əsas rol oynamaqda davam etməlidir, ikincisi, BMT əsas rol funksiyasını itirib və onun bərpa edilməsinin obyektiv əsasları yoxdur.
Problemlə bağlı təklif edilən layihələrdə maraqlı məqamlar vardır. Rusiyalı tarixçi F.M.Burlatski "BMT-nin qalıqları üzərində ümumdünya hökuməti yaratma" ideyasını irəli sürür. O, veto hüququnun ləğv edilməsini və ABŞ-ı "daimi sədr" seçməyi lazım bilir.
Rusiyalı geosiyasətçi Aleksandr Dugin isə BMT-nin özlüyündə artıq mövcud olmadığını yazır. O, dünya miqyasında qüvvələr balansının Qərbin xeyrinə dəyişdiyini vurğulayaraq, ümumiyyətlə, BMT ideyasının səmərəliliyinə şübhə ilə yanaşır.
Qeyd edək ki, BMT-nin gücləndirilməsi tərəfdarları daha çoxdur. Onlar bu təşkilatın "çoxqütblü dünyanın mərkəzi orqanı" ola biləcəyinə inanırlar. Mütəxəssislərin əksəriyyətinin müdafiə etdiyi mövqe isə BMT-nin müasir dünyanın qlobal problemlərini həll edə biləcək əsas təşkilat olması ilə bağlıdır. Beləliklə, bu vacib beynəlxalq təşkilatın rolu barədə yekdil fikir olmasa da, onun saxlanmasını lazım hesab edənlər əksəriyyət təşkil edirlər. O cümlədən Azərbaycan rəhbərliyi bu mötəbər təşkilatın rolunun gücləndirilməsini zəruri hesab edir.
Bütövlükdə Azərbaycan BMT-yə üzv olduğu andan onunla qarşılıqlı əlaqələri genişləndirib. Hazırda Azərbaycanla BMT arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. Rəsmi Bakı BMT çərçivəsindəki fəallığı ilə Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə müvafiq yer tutmasına nail olub. Eyni zamanda, Bakı bu təşkilatın fəaliyyətinin daha səmərəli olması üçün imkanı daxilində ciddi addımlar atıb. Bu kontekstdə Azərbaycan təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirib. 2003-cü ilin sentyabrında Prezident İlham Əliyev BMT Baş Məclisinin 58-ci sessiyasında "BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsinin vacibliyini qeyd edərək, mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulayıb və bununla bağlı təşkilat daxilində islahatların mühüm məsələyə çevrildiyini bildirib". O cümlədən Azərbaycan tərəfi Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif edib.
Azərbaycan Prezidenti 2004-cü ilin sentyabrında BMT Baş Məclisinin 59-cu sessiyasında təşkilatda islahatların aparılması məsələsini yenidən gündəmə gətirərək bildirmişdi: "Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".
Azərbaycanın BMT-dəki bu fəallığı tamamilə təbiidir. Çünki rəsmi Bakı müstəqil siyasət yeridir və suverenliyin təmini onun üçün çox vacibdir. Bunun fonunda Ermənistanın təşkilatda passiv qalması da başadüşüləndir. İrəvan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, BMT kimi təşkilatların konkret addımlar atmasını və dünyada real təsirini qoruyub saxlamasını arzu etməz. Bu səbəbdən də Ermənistan BMT TŞ-nin genişlənməsinə qarşıdır. Onu ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çinin tutduğu mövqe qane edir. Bu böyük ölkələr nəinki Ermənistana qarşı addımlar atırlar, hətta hər biri müxtəlif sahələr üzrə yardım edirlər. O cümlədən BMT Nizamnaməsinə zidd olaraq Ermənistana silah satırlar. Təcavüzkar bir ölkənin silahlandırılması dolayısı ilə onu müdafiə etmək və etdiyi əməllərə haqq qazandırmaq anlamına gəlir.
Güclü BMT: Arzular və
real şansın nisbəti
Dünyanın digər regionlarında yerləşən çoxlu sayda dövlətləri də göstərmək olar ki, BMT-nin müasir mərhələdə rolu ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bir tərəfdən belə görünür ki, BMT müasir şərtlər daxilində də konstruktiv işləyə bilər. Bunun üçün onun kifayət qədər fəal üzvü vardır (Azərbaycan da onların sırasındadır). Digər tərəfdən isə böyük dövlətlər bu qurumdan öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Onlar BMT Təhlükəsizlik Şurasından öz siyasi maraqlarına uyğun qərarlar keçirməkdədirlər. Yaxud TŞ-nin 5 daimi üzvü öz marağına uyğun hesab etmədiyi qərara veto qoyaraq, bir çox gərəkli addımların atılmasına əngəl törədir. Bu səbəbdən BMT-nin yeni şəraitdə səmərəli fəaliyyət göstərməsi üçün çıxış yolu kimi "ümumi baxış nöqtələrinin tapılması, yanaşmalara nail olunması və bir-birinin mövqeyinin nəzərə alınması" göstərilir.
Ancaq yuxarıda təsvir edilən problemlər fonunda bu humanist yanaşmanın reallığına ciddi şübhələr yaranır. BMT-nin qlobal siyasətdə rolu qeyri-müəyyən məqamlarla xarakterizə oluna bilər. Bu, təşkilatın məhv olması anlamına gəlmir. Söhbət BMT-də yeniləşmələrin nə dərəcədə çevik aparıla bilməsindən gedir. Məhz həmin aspektdə bir sıra ziddiyyətlər mövcuddur ki, onların tezliklə aradan qaldırılacağına inam çox azdır. Yuxarıda bununla bağlı konkret faktlar gətirilib. Məsələyə hazırda böyük dövlətlərin yeritdiyi siyasət prizmasından yanaşdıqda, daha düşündürücü amillərə rast gəlmək olar.
BMT-nin acizliyi supergücləri dərindən narahat etmir. Amerika yeni liderlik modeli üzərində baş sındırır və onun reallaşdırılması yolunda kimsə ilə hesablaşmaq fikrində deyil. Dünyanın müxtəlif yerlərinə milyonlarla müsəlman qaçqınlar səpələnib, ancaq onların problemlərinin həllində BMT-dən minimum istifadə edilir. Bu təşkilat əsas olaraq humanitar yardımlar paylayan qurum kimi fəaliyyət göstərir. Belə görünür ki, superdövlətlər BMT-nin münaqişələrin həllindən uzaq durmasında daha çox maraqlıdırlar. Bu səbəbdən son zamanlar təşkilatın hansısa münaqişənin həllində həlledici rol oynadığını xatırlamaq olmur.
BMT-nin fəaliyyəti hazırda nə dərəcədə səmərəli ola bilər? Bizcə, vəziyyətin müsbətə doğru dəyişmə ehtimalı azdır. Bunun əsas səbəbi ondan ibarətdir ki, başda Amerika olmaqla, böyük dövlətlər dünyanı nüfuz dairəsinə sona qədər yenidən bölə bilməyiblər. Onlar heç bir beynəlxalq təşkilatın tövsiyəsinə fikir vermədən amansızcasına nüfuz uğrunda savaşırlar. Ukrayna və Suriya bunun son təsdiqidir. İndi NATO və Rusiya bir-birini hədələyirlər. Onlar yeni silahlar yerləşdirmək işində yarışa başlayıblar. Amerika Şərqi Avropaya daha çox silah və əsgər yığır, Moskva da buna qarşılıq olaraq öz tədbirlərini görür. Nə Amerika, nə də Rusiya bu prosesdə BMT-nin rəyinə ehtiyac görmürlər. Eynilə digər məsələlərdə də onlar sərbəst qərarlar verirlər. Belə olan halda BMT-nin həmin dövlətlərə təsiri haqqında nə demək olar? Yaxud başqa bir dövlət, məsələn, Türkiyə və ya Braziliya eyni cür hərəkət edə bilərdimi? Mümkün deyil. Çünki Suriya hadisələri göstərdi ki, supergüclər beynəlxalq normaları öz maraqlarına uyğun pozur, onları istədikləri kimi tətbiq etməkdən çəkinmirlər. Amerika və digər ölkələr öz sərhədlərindən min kilometrlərlə uzaqda olan bir ölkəyə qırıcı təyyarə, yeni silahlar və əsgər göndərə bilirlər, lakin Suriyanın qonşularına bu ölkəyə daxil olmağa imkan vermirlər. Bu zaman onlar müxtəlif bəhanələr gətirsələr də, hərəkətlərinin arxasında məhz güc faktoru dayanır. Bəs BMT hansı addımları atır, özbaşına hərəkət edən böyük dövlətlərə qarşı sanksiyalar tətbiq edirmi? Etmir. Deməli, faktiki olaraq, bu qurum öz vəzifəsinin öhdəsindən gələ bilmir.
Beləliklə, BMT-nin həm yeniləşməsi, həm də öz rolunu tam yerinə yetirməsi yolunda ciddi əngəllərdən biri supergüclərin dünya nüfuzu uğrunda savaşı davam etdirmələridir. Bunun fonunda onlar dünyanı yenidən nüfuz dairəsinə bölmək və liderlik uğrunda çarpışırlar. Təbii ki, onlara bu işdə BMT yalnız əngəldir. Belə təxmin etmək olar ki, yaxın perspektivdə bu vəziyyət dəyişməyəcək və BMT-nin yeniləşməsi arxa plana atılacaq. Yalnız münasibətlər tam aydınlaşandan sonra hansısa dəyişikliyə ümid etmək olar. Onun da konkret məzmunu barədə fikir söyləmək çətindir. Çünki məsələ hansı ölkənin liderliyi ələ alacağına bağlı olacaq.
Bütün bunlardan belə aydın olur ki, BMT ilə əlaqəli yekun fikir elə də nikbin deyil. Bu təşkilatın qlobal siyasətdə qeyri-müəyyənlik qaldığı müddətdə hansısa real dəyişikliyə gedə bilməsi ehtimalı çox azdır. BMT TŞ-yə üzv olmaq istəyən Almaniya və ya Yaponiya kimi ölkələrin öz məqsədlərinə yaxın illərdə çatmasına da ümid çox deyil. Ancaq bunun daim belə davam etməsi də mümkün deyildir. Bəlkə də dünyanın dəyişməsi BMT-nin dəyişməsindən asılıdır. Bu bağlılıqda nəyə görə BMT TŞ-nin daimi üzvləri sırasında müsəlman ölkəsi olmasın? O cümlədən 300 milyonluq türk dövlətlərinin təmsilçisi niyə BMT TŞ-də yerini tutmasın? Zaman bu sualların cavabını verəcək!
Leyla Məmmədəliyeva,
politoloq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.