Yeni Referendum Aktı layihəsində əsas təkliflər insan hüquq və azadlıqlarının təminatına yönəlib

Prezident İlham Əliyevin  "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamı respublikamızın beynəlxalq aləmə inteqrasiyası istiqamətində atdığı dəyərli addım kimi qiymətləndirirəm. Azərbaycanın sürətlə inkişaf etməsi, dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlər sırasına daha biri, deyərdim ki, ən zərurisi də əlavə olundu.

Bu layihə Azərbaycanın qanunvericilik aktlarını daha da zənginləşdirəcək, insan hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin daha da inkişaf etdirilməsi  istiqamətində dövlətimizin qətiyyətli mövqeyini bir daha  nümayiş etdirəcək. Bir hüquq müdafiəçisi kimi hesab edirəm ki, dövlət başçısının bu sərəncamı ölkəmizin demokratiya yolunda inamla irəliləməsinin məntiqi nəticəsidir.

Layihənin 9-cu maddəsinin I hissəsində qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Bu məntiq "Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir" şəklində ifadə olunub.

İndiyə qədər qüvvədə olan Konstitusiyamızın 9-cu maddəsində Silahlı Qüvvələrin yaradılması qeyd edilirdi. Burada qeyd olunurdu ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Amma, indi yeni layihənin 9-cu maddəsinin birinci hissəsində bu sözbirləşməsi ayrılır. Yəni burada artıq iki cümlə yaranır. Qeyd olunur ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Onun arxasınca isə Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olması qeyd edilir. Yəni Azərbaycanın Silahlı Qüvvələri dedikdə biz, həm də başqa silahlı birləşmələri də nəzərdə tuturuq. Əvvəl isə başqa silahlı birləşmələrin hansı tərkibdə olması məsələsi mücərrəd idi.

Azərbaycan Konstitusiyası dünyada ən mütərəqqi, insan hüquq və azadlıqlarına hörmət edən və onu təmin edən konstitusiyalardan biridir. Dünyanın heç bir konstitusiyasında insan hüquq və vətəndaş azadlıqlarının təminatına həsr olunmuş 48 maddə yoxdur. Maddə 24-dən başlayaraq, yeni layihədə Konstitusiyanın insan hüquq və azadlıqlarına həsr edilmiş 15 maddəsində əlavə və dəyişikliklər nəzərdə tutulur ki, burada bərabərlik, mülkiyyət, şəxsi toxunulmazlıq, tətil, fikir və söz azadlıqlarının, müraciət etmək, birləşmək hüquqları və s. kimi hüquqların dairəsi genişləndirilir. 68-ci maddədə "Zərərin ödənilməsini tələb etmək hüququna" yeni bir bənd əlavə edilir. Bu da "Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ"dur. Bu, vətəndaşlarımızın müəyyən hüquq və azadlıqlarının təminatına yönəlmiş bir bənddir.

Layihədə Konstitusiyanın 85-ci maddəsində Azərbaycan Respublikasının Milli Məclisinə namizədlərə aid olan tələblərdə maddənin 1-ci hissəsində "yaşı 25-dən aşağı olmayan" sözünün çıxarılması və "seçkilərdə iştirak etmək hüququna malik olan" sözləri ilə əvəz edilməsidir (Seçib-seçilmək hüququna olan münasibət 100-cü maddədə edilmiş dəyişiklikdə öz əksini tapmışdır.)

Bizim üçün yeni hallardan biri 98-ci maddədə əks olunduğu kimi,  "Azərbaycan Respublikası Milli Məclisinin buraxılması" məsələsidir. Bu dəyişiklikdə  Prezidentə hansı hallarda bu səlahiyyətin verilməsi nəzərdə tutulmuşdur. Layihədə qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinə etimadsızlıq il ərzində iki dəfə olarsa, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Bildiyimiz kimi, Nazirlər Kabineti, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Mərkəzi Bank mühüm dövlət və hakimiyyət orqanlarıdır. Əgər onların kollegial işi Milli Məclisə təqdim edilən namizədlərin təyin edilməməsi ilə pozulacaqsa, artıq bu, həmin dövlət orqanlarının işinin iflici deməkdir. Belə olan halda Milli Məclis tərəfindən bu kimi orqanların işini iflic edə biləcək qərarların qəbul edilməməsində parlament təkidli olarsa, o zaman Prezident tərəfindən Milli Məclisin buraxılması yeni layihədə öz əksini tapır. Eyni zamanda, Konstitusiyanın 94-cü və 95-ci və 96-cı maddələrinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələri aradan qaldıra bilmədikdə də Milli Məclis buraxıla bilər. Bunlar ümumi qaydaların, həlledici məsələlərin Milli Məclis tərəfindən həll edilməməsi, qanunvericilik təşəbbüsünün həyata keçirilə bilməməsi, qəbul olunmuş qanunların imzalanması üçün lazım olan müddətdə Azərbaycan Prezidentinə  təqdim edilməməsidir. Bu, onu göstərir ki, Milli Məclis öz üzərinə düşən vəzifələri icra etmədikdə və ya bilərəkdən dövlət orqanlarının və hakimiyyətin işini pozmağa yönələn qərarlar qəbul edərsə, onda Prezident tərəfindən Milli Məclisin buraxılması labüd olur və hesab edirəm ki, bu da normaldır.

Yeni maddələrdən biri də 100-cü--Azərbaycan Respublikasinin Prezidentliyinə namizədlərə aid olan tələblərdə namizədin "Yaşı 35--dən aşağı olmayan" sözlərinin çıxarılmasıdır. Məlumdur ki, prezidentliyə namizəd olmaq istəyən şəxsin yaşı 35-dən aşağı olduqda, o namizədliyini verə bilmirdi. İndi isə yaş məhdudiyyəti götürülür. Bizdə seçmək hüququ 18 yaşdan başlayır. Əgər bu yaşda vətəndaş seçkili orqanlara namizəd seçə bilərsə, özü də niyə bu hüquqdan istifadə edib seçilməsin? Bu, əslində, insan hüquq və azadlıqlarının təminatına yönəlmiş bir bənddir.

Diqqət çəkən məqamlardan biri də Konstitusiyanın 101-ci maddəsinə edilmiş dəyişiklikdir. Burada prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə  ­qaldırılması nəzərdə tutulur. Dünyanın bir sıra ölkələrində prezidentlik institutu 7 il müddətinədir. Əvvəla, 5 ildən bir seçkilərin keçirilməsi böyük iqtisadi xərc tələb edir. Dünyada belə bir praktika mövcuddursa, yəni 7 illik təcrübədən istifadə edilirsə, Azərbaycanda da prezidentlik səlahiyyətlərinin icrası müddətinin 7 il olması olduqca normal bir haldır. Hesab edirəm ki Azərbaycan cəmiyyəti də bunu çox normal qarşılayacaq.

Bu layihədə bir çox maddələrə əlavə və dəyişikliklər olmaqla bərabər, Azərbaycanda yeni vitse-prezidentlər institutunun yaradılması ilə bağlı Konstitusiyaya yeni 98, 103, 106, 108, 110 və 146-cı maddələr də əlavə olunub. 103-cü maddənin birinci bəndində birinci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması əks olunub. İndiyə qədər Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edə bilmədikdə onun səlahiyyətlərinin icrası Baş nazirə keçirdi. Baş nazir 3 ay müddətinə yeni seçkiləri təyin edirdi. Baş nazir bu səlahiyyətləri icra edə bilmədikdə, Milli Məclisin sədri bu vəzifəni yerinə yetirirdi. Milli Məclis sədri də bu səlahiyyətləri icra edə bilmədikdə, bu zaman parlament tərəfindən müəyyən edilmiş şəxs prezident səlahiyyətlərini icra edirdi.

Ancaq indi yeni layihəyə əsasən, Prezident səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini birinci vitse-­prezident həyata keçirir. Artıq birinci vitse-prezident əvvəl olduğu kimi, 3 ay müddətində deyil, 60 gün ərzində yeni seçkilərin keçirilməsini təyin edir. Dünyanın bütün demokratik dövlətlərində vitse-prezidentlik institutu var. Belə ki, seçkilərdə iştirak edən Prezident kiminlə işləmək istədiyini özü müəyyən edir, təyin edir və onunla bərabər prezidentlik dövründə çalışırlar. Hesab edirəm ki, dünya təcrübəsində olan bu demokratik ənənənin bizim Konstitusiyamızda da öz əksini tapması müsbət haldır. Prezident vitse-prezidentlərə dövlətlərarası və hökumətlərarası  müqavilələrin bağlanması kimi səlahiyyətlər həvalə edə bilər.

Ümumilikdə, yeni Referendum Aktı layihəsində əsas təkliflər insan hüquq və azadlıqlarının təminatına yönəlib. Dövlət institutunun və aparatının çevik və operativ işləməsi, eyni zamanda, insanların hüquq və azadlıqlarının çevik və operativ qorunması üçün Konstitusiyaya ediləcək bu dəyişikliklər bir hüquqşünas kimi məni də sevindirir. Ümid edirəm ki, Referendum Aktı layihəsi republika  ictimaiyyəti, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanacaq. Əgər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qanunla müəyyən edilmiş 7 gün müddətində bu layihəni müzakirə edərək, Referenduma çıxarılması barədə qərar qəbul edəcəksə, müəyyən müddətdən sonra Referendum Aktı ümumxalq səsverməsinə çıxarılacaq. Bu cür aktlar 6 ay keçdikdən sonra qəbul olunur. Hələlik, bu, ilk addımdır. Azərbaycan ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu layihə insan hüquq və azadlıqlarının, həmçinin demokratik proseslərin daha da inkişafı istiqamətində irəliyə doğru ­atılmış  qətiyyətli addımdır.

Çingiz Qənizadə,
Milli Məclisin hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin üzvü, 
Demokratiya və İnsan Hüquqları 
Komitəsinin sədri, hüquq elmləri 
üzrə  fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında