Qardaş ölkə bir qorxulu gecə də yaşadı. İyulun 15-də bir qrup hərbçi çevriliş etmək üçün hərəkətə keçdi, Türkiyə ordusunun bəzi qrupları müasir silah-sursat və döyüş texnikasından istifadə etməklə dövlət orqanlarını ələ keçirməyə cəhd göstərdi. İlk baxışdan qrupun qarşısını almaq çox çətin görünürdü. Lakin Türkiyə cəmiyyəti növbəti dəfə öz sayıqlığını və siyasi yetkinliyini nümayiş etdirdi. İnsanlar küçələrə və meydanlara çıxaraq çevrilişin reallaşmasına imkan vermədilər. Qəhrəman türk xalqı bir daha tarix yazdı.
Baş verənlərin yalnız Türkiyə sərhədləri ilə məhdudlaşdığını düşünmək doğru olmazdı. Yaxın Şərqdə və bütövlükdə qlobal siyasətdə müşahidə edilən proseslərin fonunda hərbi çevriliş cəhdinin ciddi məqamlarla bağlı olması qənaəti yaranır. Burada həm konkret olaraq Türkiyənin, həm də İslam aləminin gələcəyi ilə əlaqəsi olan əhəmiyyətli faktorlardan bəhs etmək olar. Məlumdur ki, bir sıra dairələr islamofobiya mərəzinə düçar olublar. Onlar müsəlmanlara qeyri-obyektiv münasibət bəsləyir, onların hüquqlarını tapdalayır, ölkələrə qarşı ikili standartlar siyasəti yeridirlər. Nəticədə, meydana xeyli sayda süni yaradılmış problemlər çıxır. Türkiyədə cərəyan edən proseslərə bu amillər müstəvisində yanaşdıqda, maraqlı faktorlar üzə çıxır.
Demokratiya imtahanı: hərbi qiyamın yatırılması
Türkiyə dövlətçilik tarixində qorxulu bir fəlakətin qarşısını ala bildi. İyulun 15-də gecə saatlarında başlayan və ordunun rəhbərliyində olan bir neçə general tərəfindən idarə olunan qiyam ölkəni silkələdi. Bəzi hərbi hissələrin iştirakı ilə Türkiyənin dövlət orqanlarını ələ keçirməyə çalışan çevrilişçilər Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahını və parlamentin binasını bombalamaqdan belə çəkinmədilər. Onlar küçələrə çıxıb etiraz edən dinc vətəndaşları da tanklarla əzməyə çalışır, helikopterlərdən atəşə tuturdular. Aydın görünürdü ki, dövlət orqanlarını zəbt edərək, onların işini iflic etmək və ölkəni xaosa sürükləmək planı vardır. Ancaq şükür ki, bu niyyət baş tutmadı.
Türkiyə Misirin taleyini təkrarlamadı. Burada tarixi aspektdə çox vacib məqamlar vardır ki, onların üzərində dayanmağa ehtiyac duyuruq. Hər şeydən əvvəl, Türkiyə cəmiyyəti yetkinliyini sübut etdi. Məhz vətəndaşların dövlət başçısının çağırışı ilə küçələrə və meydanlara axışaraq, hərbi çevrilişə "yox" deməsi situasiyanı kökündən dəyişdi. Cəmiyyət demokratiyaya və türk dövlətçiliyinə olan həssaslığını dünyaya nümayiş etdirdi. Tanklar, zirehli maşınlar, helikopterlər və "F-16" döyüş təyyarələri Türkiyə vətəndaşlarının iradəsini qıra bilmədi. Telekanallarda göstərilən kadrlardan da göründüyü kimi, insanlar böyük bir cəsarətlə tankların və zirehli maşınların üstünə gedir, əsgərlərin qarşısını kəsməyə çalışırdılar. Onlar hərbçiləri dayandırdılar. Bir çoxları könüllü olaraq silahını təhvil verib, xalqa təslim oldu. Türkiyə vətəndaşları üsyanın qarşısını sivil yolla aldılar. Onlar, əslində, öz övladlarını fəlakətdən qurtarmağa çalışırdılar. Buna ona görə nail oldular ki, ölkədə ordu ilə xalq, hakimiyyətlə cəmiyyət birliyi mövcuddur. Türklər öz əsgərlərini sevdiklərini, hərbçilər də bütövlükdə xalqa qarşı çıxa bilməyəcəyini nümayiş etdirdilər.
Başqa məqam Türkiyə təhlükəsizlik orqanlarının çevikliyi ilə bağlıdır. Onlar kifayət qədər peşəkarlıq və cəsarətlə hərbi çevrilişin baş tutmasına imkan vermədi, sürətlə aparılan əməliyyatlarla təşkilatçıları zərərsizləşdirib, prosesləri nəzarətə aldılar. Bu da Türkiyənin dövlət olaraq yüksək inkişaf səviyyəsində olmasını təsdiqləyən faktlardan biridir.
Nəhayət, Türkiyə rəhbərliyi təmkin, səbir və dözümlülük nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğan çevriliş baş verən saatlarda İstanbula gələrək, KİV nümayəndələri üçün mətbuat konfransı keçirdi. Bununla o, iş başında olduğunu və çevrilişin qarşısının alınacağını nümayiş etdirdi. Doğrudan da, qısa bir zamanda hərbi çevrilişə cəhd edənlər zərərsizləşdirildilər. Ancaq vurulan ziyan ciddidir.
200-dən çox insan həyatını itirdi. Minlərlə əsgər həbs edildi. 2745 hakim və vəkil barədə cinayət işi başlandı. Bir neçə general tutuldu. Parlamentin binasına ciddi maddi ziyan vuruldu. Türkiyə tarixində ilk dəfə olaraq Böyük Millət Məclisinin binası bombalandı. Daha təhlükəlisi isə odur ki, cəmiyyətdə bir psixoloji gərginlik meydana gəldi. Şübhəsiz, hakimiyyət bunun aradan qaldırılması istiqamətində kompleks işlər görməyə başlayıb. İnkişafa istiqamətlənmiş və davamlı uğurlar əldə edən Türkiyə cəmiyyəti üçün normal həyatın bərpası çox önəmlidir.
Terrordan çevrilişə qədər: sifarişçilər və onların qurbanları
Baş verənlərin geosiyasi aspektləri də çox əhəmiyyətlidir. Neçə vaxtdır ki, Türkiyə terrorun hədəfinə çevrilib. Müxtəlif radikal separatçı və terrorçu təşkilatlar ölkədə qətllər törədir, dövlət və mülki obyektləri partladırlar. Bunlar Yaxın Şərqdə müşahidə edilən və demək olar ki, ərəb-müsəlman ölkələrinin hamısını əhatə edən silahlı toqquşmalar, məzhəb savaşları, üsyanlar, humanitar böhranlar fonunda baş verir. Türkiyə regionda getdikcə sayı artan qaçqınlara qucaq açır, müsəlmanlar arasında müharibənin olmaması üçün ciddi işlər görür. Belə bir vaxtda həm rəsmi Ankaraya qarşı böhtanlar atılır, həm də hərbçilərin qiyamı təşkil edilir. Avropada isə bir "erməni soyqırımı"nı tanıma dalğası başlayır.
Bunlar aydın göstərir ki, bütövlükdə İslam dünyasına və onun mühüm tərkib hissəsi olan Türkiyəyə qarşı müəyyən dairələr düşməncəsinə planlar həyata keçirməkdədirlər. Hərbi çevrilişə cəhd bu kontekstdə heç də təsadüfi hadisə kimi görünmür. Məqsəd, ümumiyyətlə, türk-müsəlman dövlətçiliyinə ciddi zərbə vurmaqdan ibarətdir. Türkiyəni xaosa sürükləmək mümkün olsaydı, ümumən İslam coğrafiyasında ciddi problemlər meydana gələrdi. O cümlədən Cənubi Qafqazda situasiya daha da mürəkkəbləşərdi.
İndi Türkiyədə baş vermiş uğursuz hərbi çevriliş cəhdi Yaxın Şərqin geosiyasi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər. İlk növbədə, bu üsulla müsəlman ölkələrində hakimiyyət dəyişikliyi prosesinin qırıldığına əminlik yarandı. Demokratiya yolu ilə siyasi fəaliyyətin üstünlükləri özünü daha qabarıq göstərməyə başlayacaq. Türkiyənin timsalında həm də Yaxın Şərq ölkələrini qarışdırmaq imkanlarının məhdud olduğu təsdiqləndi.
Yuxarıda vurğuladığımız məqamlar müstəvisində Qərbin siyasi və ekspert dairələrinin Türkiyədə baş verənlərə münasibəti maraq doğurur. Vaşinqton və Paris qanuni seçilmiş hakimiyyətin yanında olduqlarını bəyan ediblər. Hətta Ağ ev BMT-yə Ankaranı müdafiə edən bir sənəd hazırlayıb. Lakin Misir onun qəbul edilməsinə qarşı çıxıb. Səbəb kimi də o göstərilib ki, BMT hansı hakimiyyətin qanuni, hansının qanunsuz olduğunu müəyyənləşdirə bilməz. Aydın görünür ki, Sisi iqtidarı öz taleyindən narahatdır.
KİV isə məsələni NATO və Qərblə Türkiyənin əməkdaşlığı aspektində, xüsusilə İŞİD-ə qarşı mübarizə kontekstində analiz etməyə çalışır. "The Guardian" qəzeti hesab edir ki, Türkiyədəki hadisələr NATO və Yaxın Şərqə təsir edə, xaos ətraf regionlara yayıla bilər.
"The Washington Post" isə baş verənləri "pis xəbər" kimi təqdim edib. Bu nəşrin nəzərində problem terrorla mübarizədə ABŞ və müttəfiqlərinin Türkiyəni itirə bilməsindən ibarət imiş. Belə ki, Türkiyə Suriyada antiterror əməliyyatları üçün baza rolunu oynayır və Avropanı miqrasiya axınından qoruyur.
"NBC News" isə NATO-nun işə qarışmayacağından bəhs edir. Çünki Şimali Atlantika Alyansı yalnız kənardan müdaxilə olduğu halda öz üzvünü müdafiə edir. "USA Today" Türkiyəni Misirlə müqayisə etməyə çalışır. Bu nəşrin fikrincə, İslam xəttini seçməklə Ərdoğan "Müsəlman qardaşları"nın səhvini təkrarladı. Belə çıxır ki, Qərbi Türkiyə dövlətçiliyi deyil, özünün geosiyasi maraqlarına uyğun gələn məqamlar maraqlandırır.
Bunların fonunda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın çevrilişə cəhdlə bağlı geosiyasi kontekstli fikirlərində maraqlı məqamlar vardır. O deyib ki, "Türkiyənin sabitliyi Qərb üçün, xüsusilə ABŞ üçün əhəmiyyətlidir. Türkiyə Yaxın Şərqdəki iki demokratiyadan biridir. Türkiyənin demokratik dövlət kimi mövcudluğu İŞİD-in orta əsrlər fanatizminə qarşı əks arqumentdir".
Lakin düşündürücüdür ki, Türkiyənin bu tarixi funksiyanı yerinə yetirə bilməsi üçün Qərbin ona lazımi dəstəyi hiss edilmir. Belə ki, Vaşinqton və Brüsseldən Ankaranın PKK-ya qarşı hərbi əməliyyatları dayandırması ilə əlaqədar mesajlar gəlir. Yəni terrorçulara şans verilsin ki, özlərini toparlayıb, ölkədə növbəti terror dalğası yaratsınlar. Əslində, PKK-çıların bir çoxu hələ də Avropa ölkələrində sərbəst dolaşır və Türkiyəyə qarşı fəaliyyət göstərirlər.
Başqa bir misal Suriya hadisələri ilə bağlıdır. Ankaranın israrlarına baxmayaraq, ABŞ başda olmaqla, Qərb ölkələri Suriyadan qaçqınların axınının dayandırılması üçün ciddi addımlar atmırlar. Onlar Suriyanın şimalında Türkiyənin sabitliyi və təhlükəsizliyi üçün mühüm əhəmiyyəti olan xüsusi zolaq yaratmaq istəmirlər. Nəticədə, həm Suriyadan Türkiyəyə çoxlu sayda terrorçu sızır, həm Ankara milyonlarla suriyalı qaçqını öz ərazisində saxlayır və zaman-zaman terror aktlarına meydan olur.
Son zamanlar həmin terror hadisələrini PKK və İŞİD törədir. Bu üsullamı Qərb Türkiyəni İŞİD təbliğatına qarşı dura biləcək demokratiya məkanı etmək arzusundadır? Burada M.Brayzanın yuxarıdakı mövqeyi ilə sadalanan faktlar arasında ziddiyyət açıq görünür. Lakin o da aydın olur ki, bəzi müsəlman dövlətləri təhlükəsizliklərini təmin etməyə qadirdirlər. Bu həqiqətin dərk edilməsi Qərbin müəyyən dairələrinə islamofobiyanın perspektivsiz olduğunu anlada bilər. Onlar müstəqilliklərini əldə etmiş ölkələrdə "rəngli inqilablar"ın təşkilinə cəhdlərin nəticəsiz olduğuna nəhayət ki, inanmalıdırlar.
Sirr deyil ki, uzun illərdir Cənubi Qafqazda "rəngli inqilablar" həvəsinə düşənlər vardır. Onları kənardan həvəsləndirərək, demokratiya, azadlıq, insan haqları kimi gəlişigözəl terminləri əzbərlədərək öz dövlətlərinə qarşı üsyana qaldırmağa çalışırlar. Ukrayna, Gürcüstan, Qırğızıstan bu kimi əməllərin qurbanı olublar. Bu ölkələr hələ də düşdükləri bataqlıqlardan çıxa bilmirlər. Türkiyədə çevriliş uğurlu olsaydı, bəlkə də ortaya "rəngli inqilablar"ın yeni növü atılacaqdı. Bu aspektdə türklərin radikalizmə, qiyama, qanunsuz hakimiyyət dəyişikliyinə "dur" deməsi region dövlətləri üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın dəstəyi: demokratiya və dövlətçilik naminə
Türkiyədə baş verənlərə rəsmi Bakı əsl qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq mövqeyindən yanaşdı. Ölkə rəhbəri qardaş ölkədəki hadisələri gecə boyu narahatlıqla izləyib. İlham Əliyev Türkiyə rəhbərliyinə dəstəyini ifadə edən xüsusi mesaj göndərib. Mətndən Prezidentin səmimiyyət və ürək yanğısı ilə Türkiyədəki olaylara münasibət bildirdiyi aydın görünür. Ölkə başçısı vurğulayıb: "Ötən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələri böyük narahatlıqla və üzülərək izlədim. Bu, bir tərəfdən Türkiyənin dövlətçiliyinə, digər tərəfdən Türk xalqına, onun iradəsinə və seçiminə qarşı törədilən dəhşətli cinayətdir.
Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində qardaş ölkədə vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir".
Azərbaycan Prezidenti həm də xalqın seçiminə, demokratiyaya, Konstitusiyaya sədaqətlilik və hörmətin əsas şərt olduğunu önə çəkir. Dövlət başçısı Türkiyə cəmiyyətinin qanuni seçiminin və demokratik dövlət quruculuğu xəttinin əsas olduğunu qeyd edir. İlham Əliyev "Bir millət, iki dövlət" formulunda sivil dövlətçiliyə, demokratik idarəetməyə və milli suverenliyə rəsmi Bakının bir daha ciddi üstünlük verdiyini ifadə edib. Bu, prinsipial əhəmiyyətli məqamdır. Konkret desək, Azərbaycan Prezidenti qardaşlıqla yanaşı, Türkiyədə demokratiya, qanunçuluq və müstəqil dövlətçiliyin hökm sürməsini olduqca vacib faktor saydığını nümayiş etdirib.
Prezidentin məktubunda başqa vacib məqam Türkiyə hakimiyyəti ilə xalqın birliyinə böyük önəm verilməsidir. Müasir dövrdə bu, dövlətçilik baxımından hətta strateji əhəmiyyəti olan bir məsələdir. Müqayisə üçün deyək ki, sosioloqlar Qərb cəmiyyətində hakimiyyətlə xalq arasında bir sosial-psixoloji və ideoloji uçurumun yarandığı qənaətindədirlər.
Bunun təsdiqi kimi "Brexit"lə əlaqədar keçirilən referendumda ingilis cəmiyyətinin elitası ilə sadə vətəndaşların mövqeyindəki fərqlər göstərilir. Mütəxəssislər hesab edirlər ki, Qərb hakimiyyət orqanları uzun illərdir ki, cəmiyyətin sadə kəsimi ilə normal əlaqələr qura bilmir, onların hansı ideallarla yaşadığından xəbərləri yoxdur və buna görə də onların fikirləri siyasətçilərin fikirlərindən fərqlənir. Bu uçurumun dərinləşərək Qərb cəmiyyətini növbəti fəlakətlərə apara biləcəyindən ehtiyat edilir. Bunun fonunda Türkiyə və Azərbaycanda hakimiyyət-xalq birliyinin konkret situasiyalarda öz təsdiqini tapması böyük müsbət hadisədir.
Onu deyək ki, müəyyən mənada Prezident Rəcəb Tayyib Ərdoğan ulu öndər Heydər Əliyevin Azərbaycan üçün çox çətin olan zamanlarda istifadə etdiyi üsuldan - xalqı qiyamçılara qarşı birləşməyə çağıran metodundan yararlandı. Bu, müasir siyasi nəzəriyyədə radikal olmayan, güc tətbiq etmədən müqavimət, dirəniş göstərmək üsuludur və çox demokratik yoldur. Bütün bu səbəblərə görə rəsmi Bakının Türkiyədə çevriliş cəhdinə münasibətini bütün dünya üçün nümunə hesab etmək olar.
Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bu kontekstdə jurnalistlərə açıqlamasında maraqlı fikirlər ifadə edib. O bildirib: "Azərbaycan bu cür cəhdləri qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır".
Fikirlərini inkişaf etdirən Novruz Məmmədov onu da diqqətə çatdırıb ki, Türkiyə çox dəyişib və "artıq belə çevriliş cəhdləri reallaşa və qəbul edilə bilməz. Türkiyənin başında bu gün xalqının demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi Prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Düşünürəm ki, bu çevriliş cəhdi Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacaq".
Qlobal siyasət kontekstində daha əhəmiyyətli bir məqam da var. Məsələ burasındadır ki, Qərb yeritdiyi siyasətin mümkün fəsadlarını daha konkret təsəvvür etmək imkanı qazandı. Türkiyə təsdiq etdi ki, onunla güc dili ilə danışmaq, inkişafının qarşısını süni yollarla, müxtəlif maneələrlə kəsmək mümkün deyil. Ankara müstəqil xarici siyasət yeritməkdə davam edəcək. Artıq onu dünya siyasətində öz sözü olan dövlət kimi qəbul etməkdən başqa çarələri qalmayıb. O cümlədən Yaxın Şərqin bir sıra ölkələri bu həqiqəti qəbul etməlidirlər.
Nəhayət, Türkiyədə baş verənlərin fonunda Azərbaycan rəhbərliyinin müstəqil xarici siyasət yeritməkdə nə dərəcədə haqlı olduğu bir daha sübut olunur. Rəsmi Bakı öz milli maraqlarını əsas götürərək heç bir kənar qüvvənin diqtəsi ilə hərəkət etmir. Bununla hakimiyyət ölkənin bütün ərazisində dövlətin suverenliyini təmin etmiş olur. Ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün həmin üsulla müvafiq şərait yaradılmış olur. Dəfələrlə Azərbaycanın bu siyasi xəttinin qarşısını kəsməyə çalışıblar. Müxtəlif maneələr ortaya atılıb. İnsan haqları, söz azadlığı, milli azlıqların hüquqları, demokratiya və sair pərdəsi altında dövlətin dayanıqlığını sarsıtmağa cəhdlər edilib. Lakin bütün bunların hamısının qarşısını hakimiyyətin müstəqil siyasət yeritməsi kəsib. Düşmənə imkan verilməyib ki, müxtəlif yollarla cəmiyyətdə sabitliyi poza bilsin. Şübhə yoxdur ki, rəsmi Bakı bundan sonra da müstəqil xarici və daxili siyasət kursunu davam etdirəcək.
Beləliklə, Türkiyədə baş verən hadisələr bir çox mənada ibrət dərsi kimi qəbul edilə bilər. Qardaş dövlət güclü olduğunu dünyaya sübut etdi. Ankara demokratiyaya sadiqliyini göstərdi. Hər hansı radikal yolla burada uğur qazanmağın mümkünsüzlüyünü nümayiş etdirdi. Bununla da müsəlman dövlətlərin müasir inkişaf kursunu həyata keçirə biləcəyini bir sıra dairələrə başa saldı. Gözləmək olar ki, Türkiyə cəmiyyətinin və dövlətinin bu zəfəri bütün İslam aləmində demokratik inkişafa sadiqliyi daha da gücləndirəcək.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.