Qardaş Türkiyədə xalqın iradəsi qalib gəldi

İyulun 15-dən 16-na keçən gecə qardaş Türkiyədə baş  verən dövlət çevrilişinə cəhd Azərbaycan xalqını da eyni dərəcədə    həyəcanlandırdı, hər birimizin sinirlərini tarıma çəkdi. Bütün gecə xalqımız da oyaq qalıb Türkiyənin informasiya vasitələrində gedən dartışmanı, Ankarada və İstanbulda baş verən siyasi dramatizmi, məcrasından çıxmış durumu nəfəs dərmədən izlədi. Bütün dilək və dualarımız səhərəcən qəsdçilərin ram edilməsinə yönəldi. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar həmin saatların həyəcan və düşüncələrini oxucularımızla bölüşərək bildirdi:

– Şükürlər olsun ki, bizim əlimiz yetməsə də, sanki, diləklərimiz qardaşlarımızın harayına yetişdi. Eyni dəyərləri, ortaq arzu- diləkləri paylaşdığımız Türkiyə cəmiyyətinin qeyrəti gecənin qaranlığında qəfil peyda olan hərbi qiyamın başı üstündə şimşək kimi çaxdı. Milyonlarla insan  ayağa qalxıb qəsdçilərin boğazından yapışdı. Türkiyə dövlətçiliyi gecənin şərindən sovuşub açılan səhərə yenə xoş məramla qovuşdu. Bu gecənin üzüntülü saatları böyük öndər Atatürkün demiş olduğu “Azərbaycanın ələmi Türkiyənin ələmi, sevinci isə sevincidir” həqiqətinin növbəti ekvivalenti kimi yaşandı. Ümummilli lider Heydər Əliyevin “bir millətin iki dövləti” kimi formulə etdiyi Azərbaycan -- Türkiyə etnik- siyasi tandemi qardaş ölkədə baş verən hərbi- siyasi qəsdin ağrısını, dəhşətini xalqımıza da eyni dərəcədə yaşatdı.

Çox çəkmədi ki, Türkiyənin çağdaş hakim siyasətinə müxalif olan bir qrup yüksək çinli hərbçinin öz niyyətlərini ölkəyə zorla qəbul etdirmək cəhdinin qarşısını türk xalqının ayıq-sayıqlığı, demokratiya yoluna sadiqliyi qətiyyətlə aldı. Xalq öz varlığına arxadan sancılan xəncərin dərinə işləməsinə aman vermədi. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qanuni hakimiyyəti, konstitusiya təsisatlarını qorumaq çağırışı ölkə efirində səslənər- səslənməz xalq meydanlara axışdı. Cəsur insanlar tankların qarşısını sinəsi ilə kəsib strateji obyektləri qəsdçilərdən qorudular.

 Bu hadisə Türkiyə xalqının nə qədər ağıllı, yenilməz olduğunu bir daha göstərdi. Bu qələbə Türkiyənin məsuliyyətsiz siyasətçilərinə, hakimiyyətə iddialı dairələrə bir daha göstərdi ki, ölkədə xalqın iradəsini basıb- keçməyə qadir ikinci bir qüvvə yoxdur. Hakimiyyətə mandatı yalnız qanunu seçki yolu ilə xalq verir. Türkiyə xalqının sınaq məqamında öz dövlətini, onu təmsil edən qurumları qorumaq əzmi və qüdrəti bu ölkənin həqiqi demokratiya yolunda olduğunu qəti olaraq təsdiqlədi. Dövlətçiliyin keşiyində olan türk silahlı qüvvələrinin böyük əksəriyyət təşkil edən sağlam kütləsinin hərbi-siyasi avantüraya qoşulmaması da bu ölkənin tarixi yönünü zor və qəsdlərin deyil, artıq çoxdan demokratik mexanizmlərin müəyyən etdiyini ortaya qoydu.

Azərbaycan – Türkiyə dostluğunun, ümumtürk həmrəyliyinin möhkəmlənməsi üçün qələmi, sözü, çoxcəhətli fəaliyyəti ilə həmişə öndə olan Anar daha sonra dedi:

– Türkiyənin dostları kimi, düşmənləri də çoxdur. Dünya düzənində keçərli sözü olan, türkdilli ölkələrin formalaşmaqda olan birliyinin ən güclü həlqəsi sayılan Türkiyə Cümhuriyyətini də bəlalar girdabına salmaq, digər müsəlman dövlətlərinin gününə qoymaq istəyən imperialist dairələrin açıq- gizli planları son vaxtlar hər an marıqdadır. Türkiyədə xalqın formalaşdırdığı hakimiyyətin devrilməsi yalnız belə düşmən dairələrin marağına uyğun ola bilərdi. Türkiyə dövlətinin yaxın tarixində hərbi çevrilişlər yolu ilə bu ölkənin daxili nizamını pozmaq, bu xalqın iradəsinə təsir etmək halları, təəssüf ki, bir neçə dəfə baş tutmuşdu. Şükürlər olsun ki, növbəti belə məkrli niyyət bu dəfə gerçəkləşdirilə bilmədi.

Xalq yazıçısı  açıqlamasının sonunda bildirdi:

– 15-16 iyul gecəsi ulu türk məmləkəti kimi sevdiyimiz, dar məqamda güvəndiyimiz Türkiyədə baş verənlər 22 il əvvəlin bir payız gecəsində Azərbaycanda olmuş siyasi xəyanətkarlığı da bir daha bizə xatırlatdı. Həmin gecə adını hərbi-siyasi müxalifət qoyan tör- töküntü ölkəmizdə qanuni seçilmiş hakimiyyətin üstünə yerimişdi. O anlarda ulu öndər Heydər Əliyevin bir çağırışı ilə xalqımz dövlətçiliyin müdafiəsinə qalxmışdı. Qəsdçilər xalqın iradəsi və dövlətin gücü ilə zərərsizləşdirilib cəzalarına çatdırılmışdılar. Beləliklə, böyük bir həqiqət siyasi gerçəkliyə hakim kəsilmişdi: xalqla hakimiyyətin birliyini heç bir qüvvə sarsıda bilməz, zor qanunçuluğa üstün gələ bilməz.

Qardaş ölkədə çevriliş cəhdinin qarşısı xalqın kəskin və çevik müdaxiləsi ilə alınsa da, onun gizlilərini qazıb üzə çıxarmaq, xəyanətkarları layiq olduqları cəzaya çatdırmaq Türkiyədən bundan sonra da əsl milli həmrəylik, dəyanət, dönməzlik tələb edir. Bu mübarizədə müstəqil Azərbaycanın regionun lideri olan dövləti və türk qardaşlığına, islam həmrəyliyinə sadiq xalqı qarşıdakı günlərdə və aylarda da qardaş Türkiyə ilə bir yerdə, eyni mövqedə olacaq. Bununla Türkiyənin güc- qüdrətini , gündən-günə möhkəmlənən ümumtürk həmrəyliyini gözü götürməyənlərin istəkləri ürəklərində qalacaq.

Yadlara nökərçilik edən xainlərə, müqəddəs borcu Vətəni qorumaq olan ordunu xalqın, dövlətin üstünə yeridənlərə ar olsun! Qardaş Türkiyənin xalqına və dövlətinə möhkəm birlik,  güc-qüvvət, hər bir qəsddən uzaq olmağı arzulayıram.

Çapa hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında