Türkiyədə demokratiya qalib gəldi

Türkiyə müasir tarixində ən dramatik günlərindən birini yaşadı. Bir qrup hərbçi legitim hakimiyyətə qarşı iyulun 15-də gecə dövlət çevrilişinə cəhd göstərdi. Silahlı qarşıdurma nəticəsində onlarca insan həlak oldu, yüzlərlə xəsarət alanların olduğu bildirilir. Lakin qardaş xalqın dirənişi və beynəlxalq aləmin legitim hökuməti dəstəkləməsi qiyamçı hərbçilərin Türkiyəni zəiflətmək və hərbi xunta yaratmaq istəyini heçə endirdi.

Dünya iyulun 14-də  Fransanın Nitsa şəhərində baş vermiş qanlı terror hücumunun şokundan ayılmamış Türkiyədən gələn xəbərlərlə yenidən sarsıldı. Belə ki, iyulun 15-də gecə saatlarında bir qrup hərbçi ağır texnika ilə Ankara və İstanbulda yerləşən bir sıra strateji obyektləri nəzarət altına alaraq ölkədə mülki hakimiyyətin ələ keçirildiyini elan etdi. Qiyamçılar klassik çevriliş üsullarından istifadə etdilər. Hava limanını mühasirəyə aldılar, dövlət televiziya kanalına gələrək zorla hökumətin devrildiyini  və ölkədə fövqəladə vəziyyətin tətbiq olunduğunu elan etdilər. Türkiyə Böyük Millət Məclisinin binasını havadan bombalayan qiyamçılar Prezident Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin İstanbula enməsini əngəlləməyə, Baş nazir Binəli Yıldırımın mənzil-qərargahını ələ keçirməyə çalışdılar. Türk xalqını əmrə tabe olmağa səsləyən qiyamçılar dövlətin sütunlarına--polis və ədliyyə orqanlarına da hücumlarını şiddətləndirməyə, xaos və qorxu yaratmaqla Türkiyə demokratiyasını zədələməyə çalışdılar. Türk Silahlı Qüvvələrinin komandanı Hulusi Akarı əsir alan qiyamçı hərbçilər vəziyyəti öz xeyirlərinə dəyişdirməyə can atdılar.

Lakin Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım baş verənlərin bir qrup qiyamçı tərəfindən təşkil olunduğunu bildirərək xalqı demokratiyanı qorumağa səslədilər. Ankaranın havadan və yerdən atəşə tutulmasına baxmayaraq, legitim hakimiyyətin nümayəndələri xalqın seçiminə qarşı olanların mütləq cəzalandırılacağını və Türkiyənin zəiflədilməsinə çalışanların istəklərinə çatmayacaqlarını dəfələrlə elan etdilər. Baş nazir Binəli Yıldırım Türkiyə Silahlı Qüvvələrinin xalqın yanında olduğunu və bir qrup hərbçinin qiyama cəhd etdiyini nəzərə çatdırmaqla xalqın iradəsinə qarşı kimsənin çıxa bilməyəcəyini açıqladı. Türkiyənin əsas şəhərlərində vəziyyətin gərginləşdiyini narahatlıqla izləyən aparıcı ölkə və təşkilat rəhbərləri də legitim hakimiyyətə dəstəklərini nümayiş etdirdilər. ABŞ Prezidenti Barak Obama Türkiyənin siyasi partiyalarına müraciət edərək legitim hakimiyyəti dəstəkləməyə çağırdı. Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV televiziya kanalında çıxışında ABŞ-ın dövlət katibi Con Kerrinin və Britaniyanın yeni xarici işlər naziri Boris Consonun onunla telefon söhbətində rəsmi Ankaraya dəstək verdiklərini açıqladı. Cənab Çavuşoğlu digər həmkarlarının da Türkiyə hökumətini dəstəklədiklərini bildirdi.

Bəs, kimdir Türkiyəni qarışdırmağa cəhd göstərənlər? Türkiyə və xarici mətbuatda bununla bağlı fəal müzakirələr gedir. Qardaş ölkənin mətbuatı qiyamı təşkil edən yüksək rütbəli hərbçilərin adlarını sadalayır. Mətbuat qiyama cəhdin Baş Qərargahda ədliyyə müşaviri olmuş polkovnik Məhərrəm Köşənin rəhbərliyi altında göstərildiyini yazır. Polkovnik Məhərrəm Köşənin Baş Qərargah rəisi Hulusi Akarın imzası ilə vəzifəsindən çıxarıldığı öyrənildi. Artıq bir neçə yüksək rütbəli hərbçinin də həbs olunduğu bildirilir. Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman 1374 nəfərin nəzarətə alındığını bildirir. İ. Qəhrəman saxlanılanlar arasında jandarm məktəblər komandiri, general-mayor Sadiq Koroğlunun, 3-cü ordu hərəkat qərargahının rəisi, general-mayor Əkrəm Çağların, Hataydakı piyada briqadasının komandiri və qarnizon komandiri, general-mayor Həsən Poladın və 58-ci topçu briqada komandiri, general-mayor Murad Aygünün də olduğunu deyir. Qeyd edilir ki, Safranbolu 125-ci jandarma istehkam qərargahı polkovniki Sədad Arıcan və kontr-admiral Nejat Atilla Dəmirxan da saxlanılaraq Mersin Polis İdarəsinə aparılmışdır. Keçmiş Hərbi Hava Qüvvələri komandiri, Ali Hərbi Şuranın üzvü, general Akın Öztürk də Vətənə xəyanətdə günahlandırılır. Ankara Respublika Prokurorluğunun bununla bağlı istintaq işinə başladığı bildirilir. EDOK xəbərləşmə və dəstək üzrə təlim komandiri, general-leytenant Metin İyidilin də xəyanətkarlara dəstək verdiyi vurğulanır.

Bəli, Türkiyə ciddi sınaqdan üzüağ çıxdı. Qardaş ölkəni xaosa və hərbi xuntaya çevirmək istəyənlərin qarşısı alındı. Baş qərargah rəisinin nümayəndəsi, general Ümit Dündar ictimaiyyətə açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın, nazirlərin və TBMM-nin, Türkiyə Silahlı Qüvvələrinin tam həmrəylik içində demokratiyanın və hüququn yanında yer alaraq çevrilişə cəhdin qarşısının alındığını bildirdi. General Dündarın sözlərinə görə, İstanbul və Ankara başda olmaqla Türkiyənin Silahlı Qüvvələri içərisində yuva salmış, müxtəlif rütbəli bir qrup hərbçi tərəfindən başlanan bir çevriliş cəhdi olduğu aydınlaşdırılmışdır. Hüquq-mühafizə orqanları tərəfindən çevrilişin qarşısının alındığını vurğulayan general Dündar əlavə etmişdir ki, dövlət və xalq birləşərək çevrilişə cəhd göstərənlərin planlarını pozdu. Ordu generalı xüsusilə bildirmişdir ki, Türkiyə silahlarını xalqa çevirənlərin alcaqlığını heç zaman unutmayacaq və bu ölkə xuntalar və çevrilişlər dövrünü bağlamışdır. O, ordunun yad ünsürlərdən təmizlənməsində qərarlı olduqlarını da açıqlamışdır. Ankarada general-mayor Sadiq Koroğlu başda olmaqla 1563 əsgərin həbs edildiyini açıqlayan general hadisələrdə təqribən 150 nəfərin həlak olduğunu da bildirmişdir. Ancaq Türkiyə mətbuatı həlak olanların sayının artacağını da istisna etmir.

Türkiyədə baş verən son hadisələr Azərbaycanda da narahatlıqla izlənilir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya açıqlamasında bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləmiş və yaşanan proseslərdən dərin narahatlıq keçirmişdir. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləmiş, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirmişdir. Ə.Həsənovun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etmiş, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar vermişdir. Azərbaycan dövlət başçısının Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasını, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışladığını, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirdiyini deyən Ə.Həsənov əlavə etmişdir ki, cənab İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləmiş, onların yaxınlarına başsağlığı vermiş, bütün yaralılara şəfa arzulamışdır.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Trend.az-a açıqlamasında prosesləri narahatlıqla izlədiklərini bildirmişdir: "Biz bu prosesləri narahatlıqla izlədik. Dövlət başçımız da bütün gecəni çox narahat olub. Bütün Azərbaycan narahat olub və bu da təbiidir. Bu, dövlət çevrilişinə cəhddir, Türkiyə xalqının iradəsinə, seçiminə qarşı yönəlmiş çevriliş cəhdidir, Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş çevriliş cəhdidir".

 N.Məmmədov Azərbaycanın bu cür cəhdləri qətiyyətlə pislədiyini bildirmiş və bunun qəbuledilməz olduğunu vurğulamışdır: "Hamı Azərbaycanla Türkiyə arasında, qardaş xalqlarımız və dövlət başçılarımız arasında dostluq və tərəfdaşlıq münasibətlərini gözəl bilir. Bu isə o deməkdir ki, Azərbaycan həmişə Türkiyənin yanındadır. Amma Türkiyə artıq əvvəlki Türkiyə deyil. Artıq belə çevriliş cəhdləri baş tuta, qəbul edilə bilməz. Bu gün Türkiyədə xalqın demokratik yolla iradəsini nümayiş etdirərək seçdiyi prezidenti, hökuməti var. Xalq da onlarla birdir, onların arxasındadır. Bu çevriliş cəhdinin Türkiyə tarixində son çevriliş cəhdi kimi yadda qalacağını düşünürəm".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacızadə də rəsmi Bakının qardaş Türkiyədə cərəyan edən hadisələrdən narahatlıq keçirdiyini vurğuladı və bir qrup şəxsin demokratik yolla  seçilmiş hökuməti devirməyə cəhd göstərdiyini, lakin Türkiyə xalqının həmrəylik göstərdiyini və qiyamçılara qarşı çıxış etdiklərini bildirdi.

Beləliklə, Türkiyə xalqı müasir tarixində gərgin anlarını arxada qoydu və legitim hakimiyyətin devrilməsinə yönəlmiş cəhdin qarşısını aldı. Dövlət və xalq həmrəylik nümayiş etdirərək bir qrup xəyanətkara Türkiyəni qaranlıq dövrə sürükləmələrinə imkan vermədi. Buna görə də 15 iyulun Türkiyə demokratiyasının qələbə günü, Türkiyə əleyhdarlarının isə biabırçı məğlubiyyəti kimi tarixə düşəcəyi heç kimdə şübhə doğurmur.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında