İyulun 14-də Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində səsləndirilən bəyanatlar və imzalanan sənədlər siyasi münasibətlərimizin, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və fəal əməkdaşlığımızın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi.
Azərbaycan ilə Ukrayna arasında diplomatik əlaqələrin yaradılması 31 yanvar 1992-ci ilə təsadüf edir. Hər iki gənc ölkə müstəqil dövlətlər kimi bir-birini mühüm tərəfdaşlar kimi tanımışdılar. Ənənəvi mehriban və səmimi dostluq münasibətlərə malik hər iki xalqın çətin məqamlarda bir-birinə dayaq olması da tarixi həqiqətdir. Ukrayna liderləri dəfələrlə minnətdarlıq hissi ilə qeyd etmişlər ki, dostluq münasibətlərinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoymuşdur. Ukrayna üçün çox ağır illərdə məhz Heydər Əliyev bu ölkəyə yardım əlini uzatmış, yanacaq-sürtkü materiallarının olmadığı bir vaxtda həmin məhsulların əldə olunmasında rəsmi Kiyevə kömək etmişdi. Buna görə də, ukraynalı liderlər iki ölkə arasında münasibətlər barədə danışan zaman Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin çətin vaxtlarda Ukraynaya təmənnasız yardım göstərməsini vurğulayırlar. Yaradılan müstəsna şəraitin və verilən neftin faktiki olaraq Ukrayna energetikasının və kənd təsərrüfatının xilas etməsini, belə dost köməyinin unudulmadığını bildirirlər. Müstəqil Dövlətlər Birliyi məkanında Azərbaycanın strateji müttəfiqlərindən biri olan Ukrayna ilə dəniz və quru sərhədlərinin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri bu gün də möhkəmlənir və genişlənir. Ötən 24 ildə hər iki tərəf siyasi-iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu təsdiqləyən əməli addımlar atmışdır.
Azərbaycan-Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra da davam etmişdir. Təsadüfi deyil ki, İlham Əliyev Prezident seçildikdən sonra rəsmi səfər etdiyi xarici ölkələrdən biri də məhz Ukrayna olmuşdu. 2004-cü il iyunun 3-də baş tutmuş həmin səfərdə Prezident İlham Əliyev Ukrayna rəhbərliyi ilə keçirdiyi görüşlərdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələlərini ətraflı müzakirə etmiş, beynəlxalq problemlər, GUAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparmışdı. 2009-cu il aprelin 4-də Ukraynanın o zamankı prezidenti Viktor Yuşşenkonun ölkəmizə səfəri zamanı Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası keçirilmiş və ikitərəfli sənədlərin imzalanma mərasimi olmuşdu. "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı"nı imzalayan prezidentlər sonrakı illərdə tərəflər arasında münasibətlərin yüksək səviyyədə saxlanılmasına imkan verən siyasi-iqtisadi, o cümlədən hüquqi platformanın formalaşmasına şərait yaratmışdılar.
Prezident İlham Əliyevin siyasi və iqtisadi strategiyası Azərbaycanın iqtisadi gücünü artırmaqla yanaşı, dünya miqyasında bir sıra xeyirxahlıq missiyasını da həyata keçirməyə şərait yaradır. Ukrayna hökuməti də Azərbaycanın iqtisadiyyatın stimullaşdırılması, müxtəlif texnogen qəzaların nəticələrinin aradan qaldırılmasındakı fəallığını yüksək qiymətləndirir. Ötən illərdə Çernobıl Atom Elektrik Stansiyasında "Örtük" layihəsinin həyata keçirilməsi üçün Çernobıl Fonduna Azərbaycanın bir milyon dollar vəsait köçürməsi rəsmi Bakının hər iki xalq arasında dostluq və əməkdaşlığa verdiyi yüksək qiyməti təsdiqləyir. Bu, eyni zamanda, Azərbaycan -- Ukrayna xalqları arasında dostluq münasibətlərinin daha sıx tellərlə bağlanmasından xəbər verir.
Ümummilli lider Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ-hüquqi bazanın yaradılması və əlaqələrin tənzimlənməsinə xüsusi diqqət yetirmişdi. Bu məqsədlə təkcə 1994-1997-ci illərdə 30-dək müqavilə, saziş və protokol imzalanmışdır. Həmin sənədlər müvafiq qaydada təsdiq olunmuş nazirlik, komitə, şirkət, konsern, birlik, mərkəzi idarə və təşkilatlara göndərilmiş, onların müddəalarından irəli gələn tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Görülmüş işlər nəticəsində Ukrayna ilə əlaqələrin miqyası xeyli genişlənmişdir.
Ukrayna Prezidenti Petro Poroşenkonun Bakıya ilk rəsmi səfəri də iki ölkənin münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi qeyd olunmuş, qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılmışdır. Azərbaycan və Ukrayna Prezidentləri Şurasının beşinci iclasındakı söhbət zamanı Azərbaycan-Ukrayna əməkdaşlığının genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilmiş, ölkələrimiz arasında münasibətlərin daha da genişləndiriləcəyinə əminlik ifadə olunmuşdur. Bu səfərin əlaqələrimizin inkişafında önəmini qeyd edən dövlətimizin başçısı Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının beşinci iclasının müzakirələrin aparılması və qərarların qəbul edilməsi üçün yaxşı imkan yaratdığını vurğulamışdır. Prezident İlham Əliyev qarşılıqlı maraqlar nəzərə alınmaqla müzakirə olunacaq məsələlərin həlli üçün yaxşı potensialın olduğunu da açıqlamışdır. Dövlətimizin başçısı ümidvar olduğunu bildirmişdir ki, Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfəri ölkələrimiz arasında müxtəlif sahələr üzrə qarşılıqlı fəaliyyəti müəyyənləşdirmək və Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaq.
Azərbaycanın sürətli inkişafı ölkəmizi, həm də güclü kreditor və sərmayə yatırıcısına da çevirmişdir. Son illərdə dünyanın bir çox ölkəsində müəssisə və biznes obyektləri, o cümlədən enerji təşkilatları Azərbaycan kapitalı sayəsində fəaliyyət göstərir. Sənədlərin imzalanması mərasimindən sonra Prezident İlham Əliyev mətbuata bəyanatında bildirmişdir ki, birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və hər iki ölkənin investisiya imkanlarının araşdırılması barədə müvafiq göstərişlər verilmişdir. Dövlət başçımız Azərbaycan Dövlət Neft Şirkətinin-- SOCAR-ın artıq Ukraynada fəal iştirak etdiyini, böyük həcmdə -- 200 milyon dollardan çox sərmayə qoyduğunu açıqlamış və əlavə etmişdir ki, dost ölkədə 60 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Prezident İlham Əliyev SOCAR-ın Ukraynada fəaliyyətinin çox uğurlu olduğunu bildirmiş və ölkələrimizin daha da yaxınlaşmasında mühüm rol oynadığını nəzərə çatdırmışdır. Bundan başqa, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynadığını xatırladan dövlət başçımız Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac edildiyini və Odessa-Brodı layihəsinin canlanması üçün də imkanların olduğunu demişdir.
Son illər qeyri-neft sahəsinin inkişafına xüsusi diqqət ayıran Azərbaycan xarici iqtisadi əlaqələrin inkişaf etdirilməsində nəqliyyat-tranzit potensialının artırılması istiqamətində də mühüm addımlar atır. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məsələyə xüsusilə toxunmuş və bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatının çox böyük potensialı özündə ehtiva etdiyini açıqlamışdır: "Burada şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin".
Yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismarının təmin olunacağını vurğulayan dövlət başçımız əlavə etmişdir ki, bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Prezident İlham Əliyev Azərbaycanın tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərdiyini nəzərə çatdırmış və gələcəkdə Ukrayna tərəfinin də bu yoldan istifadə edə biləcəyini demişdir. Dövlət başçımız nəqliyyat sahəsində çox geniş imkanların olduğunu və verilmiş tapşırıqların yaxşı nəticələr doğuracağına əminliyini də ifadə etmişdir.
Bir sözlə, bu gün Azərbaycan-Ukrayna əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. İki ölkə arasında bütün sahələrdə fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər layihələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə saxlanılmasına imkan verir.
Ukrayna dövlətinin başçısı Petro Poroşenko mətbuata açıqlamasında iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq qeyd etmişdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur və orada da Ukraynanı daim müdafiə etmişdir. Cənab Poroşenko azərbaycanlı həmkarını əmin etmişdir ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Ölkələrin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini də müzakirə etdiklərini vurğulayan P.Poroşenko əlavə etmişdir ki, Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan-Ukrayna münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsinə təkan verəcək amillər böyükdür və cənab Poroşenkonun ilk rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və dərinləşməsinə güclü stimul verəcək.
Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.