Bu il iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Dövlətimizin başçısının nitqində səsləndirilən faktlar bir daha təsdiqlədi ki, müasir dövrdə dünyada baş verən hadisələr, siyasi qarşıdurmalar, neftin qiymətinin kəskin ucuzlaşması, maliyyə, siyasi və iqtisadi böhranlar Azərbaycandan da yan keçməyib. Ancaq dəfələrlə belə hadisələrin şahidi olsaq da, ölkəmiz hər dəfə yaranmış vəziyyətdən uğurla çıxıb. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş strategiya və ölkədə həyata keçirilən yeni sosial, iqtisadi islahatlar əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərmişdir.
Qlobal maliyyə böhranına baxmayaraq, əmək haqları, pensiyalar, sosial müavinətlər artırılmış, ordu quruculuğu sahəsində əsaslı dönüş yaradılmışdır. Bu sahədə aparılan islahatlar Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da gücləndirilməsində böyük rol oynamışdır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrilib.
Nazirlər Kabinetinin iclasında səsləndirilən fikirlər 2016-cı ilin birinci yarımilində də xarici siyasətimizin uğurlu olmasından xəbər verir. Son illərin hadisələri də təsdiqləyir ki, düşünülmüş xarici siyasət Azərbaycanın dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir, tərəfdaşlarının sayını getdikcə artırır. Artıq beynəlxalq birlik dövlətimizin haqq işini müdafiə edir, daha erməni yalanlarına inanmır və xalqımızın ağrılı yeri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında respublikamızın rəhbərinin mövqeyini birmənalı şəkildə dəstəkləyirlər. Bu yaxınlarda Varşavada keçirilən NATO-nun Sammitində də bunun şahidi olduq. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasındakı nitqində bu məqamı xüsusi vurğulamış və Azərbaycanın bütün beynəlxalq tədbirlərdə fəal iştirakını ölkəmizin reytinqinin artdığının nəticəsi olduğunu bildirmiş, eyni zamanda, respublikamız üçün yeni imkanlar açdığını söyləmişdir: "Hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı. Varşavada NATO-nun Zirvə görüşündə də çıxışımın, demək olar ki, yarısını mən bu mövzuya həsr etmişəm və orada iştirak edən dövlət və hökumət başçıları bir daha həqiqətləri eşidiblər. Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək, münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir".
Qeyd etmək istərdik ki, NATO hər zaman Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyib. Bunu alyansın tədbirlərində qəbul olunan sənədlər, həmçinin, NATO-Azərbaycan əməkdaşlığının yüksələn xətt üzrə inkişafı da təsdiqləyir. Siyasi ekspertlər və diplomatlar da etiraf edirlər ki, Azərbaycan NATO – nun etibarlı və sadiq tərəfdaşıdır. Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının yerinə yetirilməsi üçün göstərilən səylər də bunu təsdiqləyir. Mütəmadi olaraq alyansla bir çox məsələləri əhatə edən siyasi dialoqların aparılması, həmçinin NATO-nun Əfqanıstandakı əməliyyatlarına Azərbaycanın verdiyi dəstək yüksək dəyərləndirilir. Alyansın hər zaman Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləməsi zaman-zaman NATO-nun müvafiq sənədlərində də öz əksini tapıb. Xatırladaq ki, hələ iki il əvvəl sentyabrın əvvəlində gerçəkləşən NATO-nun Uels Sammiti ölkəmiz üçün müsbət sonluqla yekunlaşmışdır. NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçılarının qatıldığı, eləcə də ölkə başçısı İlham Əliyevin iştirak etdiyi həmin sammitdə əsasən Ukrayna hadisələri müzakirə olunmuşdu. Amma Uels Sammiti çərçivəsində Azərbaycanın işğal olunmuş torpaqları barədə də müzakirələr aparılmış və yekunda dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul olunmuşdu.
Varşava Sammiti də ölkəmiz üçün unudulmaz hadisəyə çevrildi. NATO-nun 28 ölkəsindən və 26 tərəfdaş ölkədən 65 nümayəndə heyətinin, eləcə də BMT, Avropa İttifaqı, Dünya Bankı və bu təşkilatın qərargahının nümayəndələrinin iştirak etdiyi sammitin yekununda qəbul olunmuş bəyyannəmədə işğalçı Ermənistan dövləti uzun illərdir yürütdüyü işğalçı siyasətdən əl çəkməməsi ilə bağlı faktiki olaraq son xəbərdarlığını alıb. Bu xəbərdarlıq NATO-nun Varşava Sammitində səsləndi. Bu fakt da təsdiqləyir ki, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın erməni işğalında olan ərazilərinin azad edilməsi ilə bağlı proseslərdə son zamanlar ciddi dəyişikliklər var. Dövlətimizin başçısı da nitqində buna önəm verərək, qeyd etmişdir ki, son bir-iki ay ərzində danışıqlar prosesində çox böyük fəallıq var.
Varşavada NATO Sammiti çərçivəsində keçirilən tədbirdə çıxış edən Prezident İlham Əliyev ərazilərimizin 20 faizinin uzun müddətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanıldığını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır: "Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır. Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır".
Dövlətimizin başçısı demişdir ki, iyirmi ildən artıqdır Ermənistan BMT Təhlükəsizlik Şurasının qoşunların Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir: “Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk”.
NATO-nun Varşavada keçirilmiş sammitində qəbul edilmiş yekun kommünikenin 24-cü paraqrafında vurğulanır ki, alyans ölkələri Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqdir: Bu isə o deməkdir ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür.
NATO-nun Sammitində qəbul edilmiş Ermənistanın gətirdiyi "arqument"lərin beynəlxalq hüquq normalarına zidd olduğunu, erməni separatizminin, terrorçuluğunun və işğalçılıq siyasətinin acı fəsadlarını açıq şəkildə bəyan etdi. Bütün bunlar Azərbaycanın düşünülmüş xarici siyasətinin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında də son illər həyata keçirilən fəal xarici siyasətin ölkəmizin nüfuzunu artırdığını, əməkdaşlarının sayının çoxaldığını bir daha diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ilin birinci yarısında Azərbaycan çox fəal xarici siyasət yeridib. Ondan çox dövlət və hökumət başçısı Azərbaycana səfər etmişdir. Dövlətimizin başçısının da çoxsaylı xarici səfərləri beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirmişdir. Bu məqama münasibət bildirən Prezident İlham Əliyev demişdir: "Mən ilin əvvəlindən bəri bir neçə beynəlxalq tədbirdə iştirak etmişəm. Davos Ümumdünya İqtisadi Forumu -bu, dünya miqyasında birinci beynəlxalq tədbirdir. Orada həm iqtisadi, həm siyasi məsələlər gündəlikdədir. Ondan sonra Münxen Təhlükəsizlik Konfransı – bu da dünya miqyasında Davos Forumu ilə eyni səviyyədə olan beynəlxalq tədbirdir. Orada da Azərbaycanın, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi səsləndi. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda mənim iştirakım Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoydu. Vaşinqtonda Nüvə Sammitində Azərbaycan fəal iştirak etmişdir. Bizim o sammitə dəvət olunmağımız ölkəmizin nüfuzunu göstərir. Çünki Azərbaycan nüvə dövləti deyil və Azərbaycanda nüvə tədqiqatları aparılmır".
Azərbaycanın belə nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı ölkəmizin nüfuzunun artmasında və Ermənistanın işğalçılıq siyasətinin hələ də davam etdirilməsinin dünya birliyinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir. Çünki hər bir beynəlxalq tədbirdə Azərbaycanın mövqeyi səslənir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə tədbir iştirakçılarına məlumat verilir.
Respublikamızın rəhbəri Nazirlər Kabinetinin iclasında bu ilin aprel ayında Milli Ordumuzun işğalçı Ermənistan silahlı qüvvələrinə layiqli cavab verdiyini diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycan Ordusu hər zaman işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir. Ermənistanın sərhədyanı ərazilərdə təxribatlar törətməkdə məqsəd danışıqları müxtəlif yollarla pozmaqdır. İşğalçı dövlətin rəsmiləri beynəlxalq vasitəçilər tərəfindən onlara təzyiqin artdığını hiss edən kimi, dərhal növbəti təxribatlara əl atırlar. Onlardan biri də aprelin əvvəlində baş vermişdir. Ancaq Azərbaycan Ordusu düşmənə layiqli cavab vermiş, əks-hücum əməliyyatı keçirərək, işğal altındakı torpaqların 2 min hektarını azad etmişdir.
Ölkə rəhbəri bir daha bəyan etmişdir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Əgər belə olmasa, heç kim təminat verə bilməz ki, bu təxribatlar təkrarlanmayacaq. Çünki Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Onlar fikirləşirdilər ki, bizə qarşı edilən təxribat onların qələbəsi ilə nəticələnəcək. Ancaq onlar acı məğlubiyyətə uğrayıblar. Azərbaycan dövləti böyük hərbi qələbə qazanmışdır.
Dövlətimizin başçısı qarşıda duran prioritet məsələlərdən də söhbət açmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bizim üçün prioritet məsələ olduğunu bildirmişdir: "Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa yolları yoxdur. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, status-kvo dəyişdirilməlidir, işğala son qoyulmalıdır".
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.