Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 18 il keçir

Konstitusiya müddəalarının aliliyinin və onların təkamülünün təmin edilməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi mühüm rol oynayır. Ali konstitusiya ədalət mühakiməsi orqanı qismində Konstitusiya Məhkəməsi ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır, konstitusiya nəzarəti funksiyalarını yerinə yetirməklə Konstitusiyanın birbaşa tətbiqini həyata keçirir.

 Azərbaycan Prezidenti İlham Əliyevin
Azərbaycan Respublikası Konstitusiyasının
20 illik yubileyinə həsr olunmuş beynəlxalq
konfransın iştirakçılarına ünvanlanmış təbrik məktubundan

 


 

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin siyasi rəhbər kimi Azərbaycan xalqı üçün verdiyi böyük töhfələrdən biri də ölkəmizdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi, dövlətçilik tariximiz üçün tam yeni olan konstitusiya nəzarəti institutunun yaradılması və inkişafı olub.

Azərbaycanın ilk müstəqil Konstitusiyası xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Bu tarixi hadisə xalqımızın həyatında yeni, əhəmiyyətli bir səhifəni yazdı, dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi.

Əsas Qanun əks etdirdiyi humanizm və demokratiya prinsipləri ilə ölkəmizin tərəqqisi, dövlətçiliyin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün hərtərəfli zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu tarixi və hüquqi əhəmiyyətli sənədin suveren Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasında, milli-mənəvi dəyərlərimizin qorunmasında, əhalinin rifahının təmin edilməsində böyük rolu oldu.

Ölkə Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir tendensiyaları nəzərə alınaraq, Azərbaycanın hüquq sistemi üçün tamamilə yeni təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyən edildi. Bu, olduqca əhəmiyyətli hadisə idi.

1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi, 1998-ci il iyul ayının 14-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Konstitusiya Məhkəməsinin 7 hakiminin təyin edilməsi ilə və həmin il iyulun 18-də ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədilə imzaladığı fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı.

Konstitusiya nəzarətinin səmərəli həyata keçirilməsi, habelə bu institutun özünün təkamülünü nəzərdə tutur. İctimai inkişafın daim yeniləşən meyilləri bütövlükdə hüquq sisteminin təkmilləşdirilməsini şərtləndirir, insan və vətəndaş hüquqları və azadlıqlarının tam təmin olunması və vətəndaşların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılmasına cavabdeh olan dövlət strukturlarına qarşı əlavə tələblər irəli sürür. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən demokratikləşmə proseslərinin dərinləşdirilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsinin hüquqi mexanizmlərinin daha da təkmilləşdirilməsi ölkəmizdə konstitusiya islahatlarının aparılmasını zəruri edib.

2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlar nəticəsində Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Konstitusiya islahatları digər sahələrlə yanaşı, Konstitusiya Məhkəməsinin fəaliyyətini də əhatə edib, 2002-ci il avqustun 24-də keçirilmiş referendumla Əsas Qanunun mətninə edilmiş dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi genişlənib, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və vətəndaşlar Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ əldə ediblər.

Konstitusiya islahatlarının keçirilməsindən sonra Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni qanunun 2004-cü il 8 yanvar tarixindən qüvvəyə minməsi ilə Konstitusiya Məhkəməsinin fəaliyyətində keyfiyyətcə yeni mərhələ başlayıb. “Konstitusiya Məhkəməsi haqqında” yeni qanunda digər müddəalarla yanaşı, yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə müraciət edilməsi və həmin müraciətlərə baxılması prosedurları da müəyyənləşdirilib.

Bu gün Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik müasir konstitusiya nəzarəti orqanıdır. Qeyd olunan nəzarətin yurisdiksiyasına normativ hüquqi aktların geniş dairəsi daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanun normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqamətləndirilməsi baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

Müasir dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri Konstitusiya normalarının mütəmadi olaraq inkişaf etdirilməsi, onlara dinamizm qazandırılmasıdır. Bu yanaşma ilk növbədə belə bir zərurətdən irəli gəlir ki, dövlətin əsas qanunu bir tərəfdən siyasi sabitliyin təminatçısı kimi qəbul edilir, digər tərəfdən isə o, cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu mənada Konstitusiyanın aliliyinin təmin olunması ictimai münasibətlərdə sabitliyin mühüm amili kimi çıxış edir. Bütövlükdə konstitusiya hüququnun inkişafına xidmət edən bu vəzifənin icra olunmasında Konstitusiya Məhkəməsinin üzərinə mühüm hüquqi vəzifələr düşür.

Konstitusiya Məhkəməsinin fəaliyyəti nəticəsində Konstitusiya normaların statik məcmusu olmaqdan çıxır, Konstitusiya dəyərləri və prinsipləri zamanın tələbləri çərçivəsində şərh edilir, eləcə də onların daimi inkişafı təmin olunur. Bununla da Konstitusiya ictimai inkişafın ortaya çıxan yeni tələbatlarının nizama salınmasında canlı vasitə rolunu oynayır. Bu isə öz növbəsində ona cəmiyyətdəki yeniliklərə adekvat təsir imkanı verən xüsusi dinamizm qazandırır.

Konstitusiya Məhkəməsi özünün əsas səlahiyyətlərindən biri olan normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti vasitəsilə ilk növbədə, Konstitusiyanın aliliyini təmin etmiş olur. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə onu qüvvədən düşmüş elan edir. Bununla həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Burada mühüm məqam ondan ibarətdir ki, qeyd etdiyimiz kimi, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın fəlsəfəsinə və prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir. Beləliklə, Konstitusiya Məhkəməsi yoxlanılan normativ hüquqi aktı bütövlükdə və ya onun ayrı-ayrı hissəsini qüvvədən salmaqla Konstitusiya ilə uyğunsuzluq təşkil edən həmin normaları qanunvericilik sistemindən kənarlaşdırmış olur.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərh edilməsidir. Burada əsas məqsəd bu və ya digər normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmaqdan ibarətdir. Bu zaman Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh hüquq normasının Konstitusiyaya uyğun olmayan hər hansı digər şəkildə tətbiqini mümkünsüz edir, onun tətbiqi qaydası dəqiqləşdirilir. Verilən rəsmi şərh vasitəsilə hüquq norması eyni zamanda müasir dəyərlər baxımından dolğunlaşdırılaraq təkmil formanı qəbul edir. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Konstitusiya Məhkəməsinin fəaliyyəti müddətində qəbul edilmiş qərarlar sırasında Konstitusiya və qanunların şərhinə dair çıxarılmış qərarlar xüsusi hüquqi çəkiyə malikdir. Belə ki, məhkəmə tərəfindən bu günədək Konstitusiyanın və qanunların müxtəlif müddəalarının şərh edilməsinə dair 143 qərar qəbul olunub.

Artıq qeyd edildiyi kimi, fəaliyyətə başladığı ilk illərdə Konstitusiya Məhkəməsinə birbaşa fərdi şikayətlərin verilməsi nəzərdə tutulmurdu. Lakin “Konstitusiya Məhkəməsi haqqında” yeni qanunun 2004-cü ilin yanvarından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsinə fərdi şikayətlər institutu fəaliyyətə başladı. Keçən dövrün təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları öz hüquqlarının müdafiəsinin səmərəli vasitəsi qismində fərdi şikayət hüququndan kifayət qədər fəal istifadə edirlər. Konstitusiya şikayəti institutu insan hüquqlarının və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biri kimi çıxış edir və Əsas Qanunun sadəcə deklarativ müddəalardan ibarət sənəd deyil, birbaşa qüvvədə olan normalar məcmusuna çevrilməsi baxımından olduqca əhəmiyyətlidir.

Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən hər hansı formada, o cümlədən məhkəmənin rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilən şikayət, müraciət, ərizə və məktublar diqqətlə baxılır və müvafiq qaydada cavablandırılır.

Vətəndaşlar, habelə onların hüquqi nümayəndələri bir çox hallarda Konstitusiya Məhkəməsinə dəvət edilərək ətraflı və əlavə məlumat əldə etmək üçün dinlənilir. Məhkəmənin Aparatının əməkdaşları vətəndaşlara həmçinin şikayətin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməsində praktiki və hüquqi yardım göstərirlər.

Qeyd edilməlidir ki, ölkəmizin sürətlə inkişafı hüquq sisteminin inteqrasiyasına da öz təsirini göstərir. Sivil dövlət kimi dünyaya bəlli olan respublikamız universal, beynəlxalq hüquq dəyərlərinə sadiq olduğunu daim nümayiş etdirir. Odur ki, son il ərzində Konstitusiya Məhkəməsinə müraciət edən vətəndaşlar öz mövqelərini Azərbaycan Respublikasının Konstitusiyası ilə yanaşı, həmçinin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş təminatlar ilə də əsaslandırmağa çalışıblar. Bu aspekt cəmiyyətdə hüquqi maariflənmə prosesinin inkişaf etməsinin göstəricisi kimi də qiymətləndirilə bilər.

Konstitusiya Məhkəməsi habelə qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələri həll edir və  Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətlərini həyata keçirir.

Ümumiyyətlə, konstitusiya nəzarəti konstitusiya müddəalarının aliliyini təmin edən vasitə olmaqla, demokratik, hüquqi dövlətin mühüm atributu kimi qiymətləndirilir. Geniş mənada konstitusiya nəzarətinin əsas təyinatı dövlət orqanlarının Konstitusiyanın tələblərinə zidd hüquqi aktlarının qanunvericilik sistemindən kənarlaşdırılmasından və ya onların real konstitusiya-hüquqi məzmununun aydınlaşdırılmasından ibarətdir.

Xüsusilə vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsi qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və hakimiyyətin digər qollarının normayaratma fəaliyyətinə müdaxilə etmir. Lakin məhz ali konstitusiya nəzarəti orqanına xas olan və bir çox halda hüquq tənzimlənməsi sahəsində mövcud boşluqları aradan qaldıran – Konstitusiyanın və qanunların rəsmi şərhi, Konstitusiyaya uyğun olmayan hüquq normalarının qüvvədən salınması yeni hüququn ortaya çıxmasına səbəb olmaya bilməz. Məhkəmənin belə fəaliyyəti həm demokratik mahiyyəti, həm də mövcud sistemə müvafiqliyi baxımından milli hüququn inkişafının ümumi qanunauyğunluğundan və inkişaf istiqamətlərindən kənara çıxmır və ölkəmizin hüquq sisteminin daha da zənginləşdirilməsinə xidmət edir.

Konstitusiya Məhkəməsinin qərarları və həmin qərarlarda əksini tapan hüquqi mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla formalaşdırılır.

Sözsüz ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, o cümlədən hüquqi mövqelərinə də şamil edilir, bəzən bu hüquqi mövqelər müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilir və bu mənada həmin qərarlar hüquq tətbiqedici orqanlar üçün əhəmiyyətli mənbə qismində çıxış edir.

Konstitusiyaya əsasən Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətinin ayrılmaz hissəsi olaraq öz fəaliyyətini digər məhkəmələrlə sıx əməkdaşlıqda həyata keçirir. Məhkəmələr tərəfindən keçən il ərzində Konstitusiya Məhkəməsinə daxil olmuş müraciətlərdə hüquq tətbiqedici orqanlar üçün mühüm məsələlərə toxunulub ki, onlara aydınlıq gətirilməsi, açıqlanması və yaxud rəsmi şərh edilməsi son nəticədə bir çox hallarda nəinki məhkəmələr üçün, eyni zamanda hüquq və mühafizə orqanlarının işi üçün praktiki fayda daşıyıb.

Məhkəməmiz konstitusiya ədalət mühakiməsinin müasir tendensiyalarını davamlı olaraq izləyir və fəaliyyətində tətbiq edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ və xarici konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsi öyrənilir və Konstitusiya Məhkəməsinin qərarlarında onlara istinadlar edilir. Bu, həm qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi kimi müvafiq beynəlxalq müqavilələrin tətbiq edilməsinin zəruriliyindən irəli gəlir, həm də məhkəmənin mövqeyinin daha da zənginləşdirilməsinə və düzgün əsaslandırılmasına xidmət edir.

Bu günədək Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 324 qərar, o cümlədən fərdi şikayətlər əsasında 113 qərar qəbul edilib. Həmin qərarlar Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquqlarının və azadlıqlarının qorunmasına xidmət edir. Konstitusiya Məhkəməsinin qərarlarında ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi, bərabərlik hüququ, mülkiyyət hüququ, əmək, mənzil, istirahət və sosial təminat hüquqları  və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb.

Konstitusiya Məhkəməsinin Plenumu son qərarlarından biri olan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul etdiyi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 2 iyun tarixli qərarında Konstitusiyanın 37-ci maddəsində, habelə Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan istirahət hüququ ilə əlaqədar formalaşdırdığı hüquqi mövqelərə istinadla bir daha qeyd edib ki, bu hüququ realizə etməklə fərd əmək münasibətlərindən irəli gələn vəzifələrin icrasından azad edilir və bu vaxtdan istədiyi kimi istifadə edərək, ilk növbədə, öz mənəvi və fiziki qüvvələrinin, əmək qabiliyyətinin bərpa edilməsinə və sağlamlığının möhkəmləndirilməsinə nail olur. Bununla yanaşı, istirahət hüququnun digər vacib təyinatı şəxsiyyətin qabiliyyət və istedadlarının inkişafından və təkmilləşdirilməsindən, şəxsi və ictimai həyatda iştirakının təmin edilməsindən ibarətdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında 2001-ci il 30 noyabr tarixinədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının müvafiq normalarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlib ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı qərarlarında nəzərdə tutulmuş “hərbi qulluqçu” müddəası hərbi tribunalların hakimlərini, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərini və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir. Bu baxımdan Nazirlər Kabinetinin qeyd edilən qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara 1994-cü il fevralın 1-dən “Hərbi tribunallar haqqında” Qanun qüvvədə olduğu dövrədək istifadə olunmamış növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmir.

Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərinə istinadla bir daha qeyd edib ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinə əsasən əldə olunan istifadə hüququ ilə əlaqədar qeyd edib ki, bu hüquq öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.

Bu maddənin məzmununa görə, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərtin - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasının tələb olunduğunu qeyd edən Konstitusiya Məhkəməsinin Plenumu bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün  istifadə etməsinin hüquqi cəhətdən əsassız olması qənaətinə gəlib.

Plenum, həmçinin müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd edib ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Bu mənada xüsusilə qeyd olunub ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüquqdan istifadə etməsini mümkünsüz etdiyi qanunazidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz.

“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 17 mart tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 73-cü maddəsində əksini tapan vergiləri ödəmək vəzifəsi ilə bağlı qeyd edib ki, dövlət büdcəsinə köçürülməli pul məbləği vergi ödəyicisinin öz şəxsi mülkiyyətində olsa da, o, həmin pula istədiyi kimi sərəncam vermək hüququna malik deyil və bu pulu mütəmadi olaraq dövlətə köçürməlidir. Əks halda, digər şəxslərin, habelə dövlətin hüquqları və qanunla qorunan maraqları pozulmuş olardı.

Vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirləri həyata keçirməlidir. Buna görə də vergi tutulması, vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi deyil, onun konstitusiya vəzifələrindən irəli gələn əmlakının müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayıb ki, vergilərin və başqa dövlət ödənişlərinin yalnız qanunla müəyyən edilməsi prinsipi vergilərin və başqa ödənişlərin qanunvericiliyə uyğun olaraq qəbul olunmuş və qüvvəyə minmiş qanunla müəyyən edilmiş olmasını nəzərdə tutur. Plenum Konstitusiyanın və vergi qanunvericiliyinin müvafiq normalarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlib ki, vergi orqanı tərəfindən milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verilməsini nəzərdə tutan Vergi Məcəlləsinin 65.2-ci maddəsi Konstitusiyanın 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin II hissəsinə uyğundur.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən bu günədək beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verib, xarici ölkələrin konstitusiya nəzarəti orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq qurub. Məhkəməmiz Konstitusiya Ədalət Mühakiməsi üzrə Ümumdünya Konfransının, Avropa Konstitusiya Məhkəmələri Konfransının və Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının tamhüquqlu üzvüdür.

Eyni zamanda, Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Bolqarıstan, Serbiya,  Slovakiya, Ukrayna, Gürcüstan, Moldova, Litva, Latviya, Belarus, İndoneziya və digər ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx ikitərəfli əlaqələr qurulub, qarşılıqlı səfərlər təşkil edilib. Türkiyə, Belarus, Moldova, Bolqarıstan və İndoneziyanın Konstitusiya məhkəmələri ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Məhkəməmiz ilə qeyd edilən dövlətlərin konstitusiya nəzarəti orqanları arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafı, Konstitusiya məhkəmələri arasında hüquqi sahədə əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Bütün bunlar isə öz növbəsində, Konstitusiya Məhkəməsinin təcrübəsini zənginləşdirməklə və onun qəbul etdiyi qərarlarda müasir hüquqi tendensiyaların tətbiqinə zəmin yaratmaqla, həm praktiki, həm də nəzəri sahələrdə təcrübə mübadiləsinə geniş imkanlar açır.

Həyata keçirilən beynəlxalq əməkdaşlıq Konstitusiya Məhkəməsi tərəfindən beynəlxalq konfransların uğurla təşkilində də özünü büruzə verir. Bu mənada 2015-ci il oktyabrın 2-də Konstitusiyanın 20 illiyinin geniş qeyd edilməsinə öz töhfəsini verərək Konstitusiya Məhkəməsi “Fərdi şikayətlər vasitəsilə Konstitusiya Məhkəməsi tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi” mövzusunda beynəlxalq konfrans keçirib. Konfransda Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbərləri və nümayəndələri, habelə xarici ölkələrin, o cümlədən Türkiyə, Rusiya, Monteneqro, Qazaxıstan, Gürcüstan, Belarus, Latviya, Serbiya, Slovakiya və digər ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, Avropa Şurası Venesiya Komissiyasının və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri, ölkəmizin hüquq ictimaiyyətinin nümayəndələri iştirak edib və Konstitusiya məhkəmələri tərəfindən insan hüquqlarının və azadlıqlarının müdafiəsi məsələləri ətrafında geniş elmi-praktik fikir mübadiləsi aparılıb.

Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi 18 ilin təcrübəsi göstərir ki, Konstitusiya Məhkəməsinə verilmiş səlahiyyətlər özünü doğrultmuş və məhz dövrün tələblərindən irəli gəlib. Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən bu günədək Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqları və azadlıqlarının səmərəli qorunması və pozulmuş hüquqların bərpası istiqamətində fəal çalışıb.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi, siyasi, hüquqi, mədəni və digər sahələrdə mühüm nailiyyətlərlə müşayiət olunur. Hüquqi dövlət ideya və prinsiplərinin bərqərar edilməsi, əhalinin sosial rifahının günbəgün daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının inkişafı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə tərəqqi – bütün bunlar düşünülmüş milli strategiyanın tərkib hissəsi olaraq davamlı xarakter daşıyır. Bu gün Azərbaycan regionun lider dövləti kimi beynəlxalq miqyaslı tədbirlərə və idman yarışlarına layiqincə ev sahibliyi edir. Bu tədbirlər Azərbaycanın zəngin tarixi və mədəni irsinin, multikultural dəyərlərinin təbliğinə şərait yaradır və ölkəmizin beynəlxalq aləmdə nüfuzu günbəgün daha da yüksəlir.

Əminik ki, ölkəmizin hərtərəfli inkişafı və nailiyyətləri kontekstində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz fəaliyyəti ilə Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının səmərəli müdafiəsi işinə bundan sonra da öz töhfələrini verməkdə davam edəcəkdir.

Fərhad ABDULLAYEV,
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında