1969-cu ilin 14 iyulu – böyük inkişafın başlandığı gün

Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam.

Heydər ƏLİYEV,
Ümummilli lider

 


 

14 iyul 1969-cu il... Həmin tarix ulu öndər  Heydər Əliyevin  Azərbaycanda siyasi hakimiyyətə gəlişi nəticəsində respublikamızın hərtərəfli inkişaf mərhələsinin başlandığı gündür. Həm keçmiş SSRİ, həm də müstəqil Azərbaycan Respublikası dövründə xalqına sədaqətlə xidməti həyat idealına çevirmiş Heydər Əliyev əmək və ictimai fəaliyyətinin ilk dövrlərindən özünün şəxsi keyfiyyətləri ilə fərqlənmiş, ən ali rəhbərlik səviyyəsinə yüksəlmişdir. Bu gün Azərbaycan məhz ulu öndərin titanik əməyi sayəsində regionun qabaqcıl ölkəsi statusu qazanmış və beynəlxalq münasibətlər sisteminin mühüm aktoruna çevrilmişdir.

1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş ili kimi düşmüşdür. Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdi. Həmin plenumda ulu öndər  qarşıda duran mürəkkəb və çətin məsələlərin həlli, bir sıra ciddi problemlərin aradan qaldırılması üçün səylə işləyəcəyini, yüksək etimadı doğrultmağa çalışacağını vurğulamış,  qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdi.

 Bu, bir həqiqətdir ki, ümummilli liderin fəaliyyəti sayəsində 1970-1982-ci illər baş vermiş müsbət dəyişikliklərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifələrdir. Məhz həmin illərdə böyük ictimai-siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə keçmiş SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının hərtərəfli tərəqqisini və dinamik inkişafını nəzərdə tutan xüsusi qərarlar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti var idi. Bu gün əminliklə demək olar ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə – 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır.

Ulu öndərin hakimiyyətə gəlməsi ilə bütövlükdə İttifaq miqyasında Azərbaycanın nüfuzu yüksəldi. Qısa bir müddətdə Azərbaycan xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Ən əsası, milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişməyə başladı.

Deyirlər ki, hadisələrin həqiqi dəyər və əhəmiyyəti müqayisədə aşkarlanır. Bu gün birmənalı şəkildə qeyd etmək olar ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə görə pik nöqtədədir. 47 il öncə başlanan yol Heydər Əliyevin xalqın eyni ideya və amal ətrafında--vahid və çiçəklənən Azərbaycan uğrunda bütövləşməsi yolu olmuşdur. Ən əsası odur ki, xalqımız bu illər ərzində özünü böyük və müdrik rəhbərinin yanında görmüşdür. Məhz buna görədir ki, Azərbaycan xalqı bu illərdə özünü arxalı və güvənli hiss etmiş, müasir tariximizin ən çətin anlarında öz liderinə – Heydər Əliyev müdrikliyinə üz tutmuşdur. O dövrün statistik məlumatları da təsdiqləyir ki, dahi siyasi xadim qısa zaman kəsiyində Azərbaycanın sosial-iqtisadi həyatında böyük dəyişikliklərə imza atmışdır. Heydər Əliyevin Azərbaycanın problemlərini dərindən bilməsi, yüksək vətənpərvərlik və yüksək təşkilatçılıq qabiliyyəti cəmiyyətin resurslarını problemlərin həllinə yönəltməyə imkan vermişdi. Müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açmışdı. 1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisənin yaradılması ulu öndərin titanik fəaliyyətinin miqyasını göstərir. Bu qədər müəssisənin fəaliyyətə başlaması da milyonlarla yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdı. Təhsil sahəsində intibah, mənzil fondunda sıçrayış qeydə alınmışdı. 1970-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması, minlərlə azərbaycanlı gəncin SSRİ-nin aparıcı təhsil müəssisələrinə göndərilməsi müstəqil Azərbaycanın ordusu üçün zabit kadr heyətinin formalaşmasına təkan vermişdi.

Bu gün tarixçilər və siyasi analitiklər bildirirlər ki, ötən əsrin 70-ci illərindən etibarən quruculuq missiyasını öz üzərinə götürən ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində güclü kadr potensialının yaradılması ilə milli təhsil quruculuğu istiqamətində sonrakı uğurların bünövrəsi qoyulmuşdur. Ümummilli lider həyatı boyu şəxsi nümunəsi ilə sübut etmişdir ki, maarif və mədəniyyətimizin, elm və təhsilimizin təəssübkeş himayəçisidir. Digər sahələrdə olduğu kimi, Azərbaycanın təhsil sisteminin son 35 illik inkişafı tarixində əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar müxtəlif mərhələlərdə, xüsusən 70-80-ci illərdə və müstəqillik dövründə aparılan təhsil islahatlarının hazırlanması və həyata keçirilməsi Heydər Əliyevin böyük və əvəzsiz xidmətlərinin bəhrəsidir. O illərdə Heydər  Əliyevin qayğısı ilə regional mədəni-iqtisadi mərkəz xarakterli şəhərlərin üstün inkişafı əmək ehtiyatlarından istifadənin regional problemlərinin həllində, kəndin əmək qabiliyyətli əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdı. Maraqlıdır ki, 1985-ci ildə Naxçıvan MR-də sənayedə işləyənlərin 47,1 faizi, tikintidə işləyənlərin 71 faizi, Ağdam şəhərində müvafiq olaraq 80 və 87 faiz, indiki Şirvan şəhəri sənayesində işləyənlərin 30,6 faizi kənddə yaşayanlar idi. Bu proses kənd əhalisinin işlə təminatında və Bakı şəhərinə işçi qüvvəsi axınının azaldılması və qarşısının alınmasında müstəsna rol oynamışdı.

Heydər Əliyevin fəaliyyəti yüksək qiymətləndirilərək, 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosüna üzv seçilmiş, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə təyin edilmişdi. O zaman SSRİ Nazirlər Soveti Sədrinin 12 müavinindən yalnız bir nəfər birinci müavin idi. Tarixdə ilk dəfə idi ki, SSRİ kimi dövlətin rəhbərliyində türk oğlu təmsil olunurdu. Heydər Əliyev sonralar bu illəri belə xatırlayırdı: "Bəzən gecələr işim qurtaranda da evə getmir, səhərə qədər öz-özümə düşünür, respublikanın vəziyyətini yaxşılaşdırmaq üçün planlar qururdum. Mən bir azərbaycanlı və bir türk idim. Kommunist rejimi daxilində onlarla münasibətlər tarazlığını saxlamaqla yanaşı, vəzifənin verdiyi imkanlardan istifadə edərək, doğma xalqım üçün faydalı işlər görmək haqqında düşünürdüm. Buna görə də, iki şey lazım idi. Azərbaycan Kommunist Partiyasına rəhbərliyi müvəffəqiyyətlə həyata keçirmək və nüfuzunu get-gedə artırmaq".

Heydər Əliyev həmin dövrdə xalqının sabahını düşünərək,  müstəqil dövlət quruculuğu üçün lazım olan daxili və beynəlxalq şərtləri ümumi sovet sistemində tədricən hazırlamağa və tarixən qarşısında duran ümummilli problemləri həll etməyə başlamışdı. Müstəqilliyin təməllərini təşkil edən həmin şərtlər Heydər Əliyevin mahiyyətcə milli maraqlara söykənən baxışları və dövrün reallığını nəzərə alaraq yürütdüyü rasional siyasəti nəticəsində formalaşmışdı. Xüsusilə qeyd etmək vacibdir ki, ümummilli lider kommunist rejimi reallıqlarında Azərbaycan xalqının rifahına nail olaraq müstəqil dövlətçilik üçün zəruri olan şərtləri hazırlamış və hər bir azərbaycanlını narahat edən problemlərin həll  edilməsi istiqamətində tarixi addımlar atmışdı.

Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, o, aqrar ölkə kimi tanınan Azərbaycanı sənayecə inkişaf etmiş ölkəyə çevirməyi bacarmışdı. O, SSRİ dövründə bir çox sahələrdə "inqilabçı" kimi nüfuz qazanmışdı. Yuxarılardan göstəriş gözləmədən Azərbaycanda siyasi-iqtisadi islahatlar aparmışdı. Kommunist rejimində belə sərbəstlik heyrət doğurmaya bilməzdi. Bu gün siyasi təhlilçilər ulu öndərin Azərbaycan rəhbərliyinə gəldikdən sonra korrupsiyaya müharibə elan etməsini tarixi hadisə kimi qiymətləndirirlər. Ona görə ki, Heydər Əliyevədək hər hansı bir siyasi rəhbər nəinki bu sosial bəlaya qarşı mübarizə aparacağını bildirmişdi, heç korrupsiya barədə açıq danışmağa belə cəsarət etməmişdi. Kommunistlər alçaq səslə bildirirdilər ki, SSRİ-də korrupsiya nadir hadisədir və geniş yayılmamışdır. Buna görə də, Heydər Əliyevin yüksək kürsüdən korrupsiyaya müharibə elan etməsi və bu istiqamətdə praktiki addımlar atmağa başlaması kommunistlər arasında belə bir fikir formalaşdırmışdı ki, Azərbaycan lideri bu gedişlə tezliklə vəzifəsindən uzaqlaşmalı olacaq. Axı o, siyasi sistemə qarşı çıxmışdı! Ancaq bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev ağır və böyük məsuliyyət tələb edən islahatları həyata keçirməyi bacarmış və Azərbaycanın müttəfiq respublikalar arasındakı mövqelərini möhkəmləndirmişdi. Onun respublika həyatına gətirdiyi islahatçılıq ruhu genişmiqyaslı dəyişikliklərin reallaşmasına, xalqla rəhbərliyin vəhdətinin daha da güclənməsinə və qarşılıqlı sevginin dərinləşməsinə səbəb olmuşdu.

Ötən əsrin 80-ci illərinin sonlarında sovet rəhbərliyinin apardığı yarıtmaz siyasət bir çox sahələrdə xaosa gətirib çıxarmışdı. Məhz bu səbəblərə görə 1987-ci ildə Heydər Əliyev sovet rəhbərliyinin yürütdüyü siyasətə etiraz edərək tutduğu vəzifələrdən istefa vermişdi. Ancaq hakimiyyətdən uzaqlaşmasına baxmayaraq, ulu öndər Azərbaycan xalqına olan bağlılığını, dərin məhəbbətini və ehtiramını hər zaman nümayiş etdirmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklərə etiraz əlaməti olaraq Moskvadakı Azərbaycan nümayəndəliyində bəyanatla çıxış edən Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdi. 1991-ci ilin iyulunda ulu öndər Dağlıq Qarabağda yaranmış kəskin vəziyyətlə əlaqədar SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etmişdi.

 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, həmçinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilmişdi. Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasına gətirib çıxarmışdı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. Belə bir mürəkkəb dövrdə – 1993-cü ilin iyununda xalqın təkidi ilə o vaxtkı hakimiyyət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etmişdi. 1993-cü ilin oktyabrında Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı çətinliklərin buxovundan azad etmiş və respublikanın hərtərəfli inkişafı üçün tələb olunan addımları atmışdı.

Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan bütün sahələrdə çox böyük inkişafa nail olmuşdur. Ümumbəşəri dəyərlərə böyük hörmətlə yanaşan Prezident İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi inkişaf kursu ilə davamlı sosial-iqtisadi inkişaf, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirmək məqsədinə doğru böyük inam və uğurla aparır. Buna görə də, əminliklə demək olar ki, başlanğıcını 14 iyul 1969-cu ildən götürən bu uğur yolu Azərbaycanı bundan sonra da ümumi tərəqqiyə və rifaha aparacaq.

Səbuhi MƏMMƏDOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında