İyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında respublikamızın uğurlu inkişafının təmin edilməsi, təhlükəsizliyin yüksək səviyyədə qorunması, ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Faktlar da təsdiqlədi ki, bu dövrdə də neftin qiymətinin hələ çox aşağı səviyyədə olmasına baxmayaraq, Azərbaycan inamla inkişaf edir. Təbii ki, bütün bunların təməlində dövlətimizin başçısının düşünülmüş siyasəti, aparılan uğurlu islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan dövlət proqramları dayanır.
Respublikamızın rəhbəri nitqində ilk növbədə xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlardan, beynəlxaql təşkilatların münasibətlərindən və bu sahədə son vaxtlar baş verən yeniliklərdən söhbət açmışdır. Qeyd etmişdir ki, bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Artıq Ermənistan rəhbərliyi də çox yaxşı bilir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, status-kvo dəyişdirilməli, işğala son qoyulmalıdır. Bu il aprelin əvvəlində Milli Ordumuzun Ermənistan silahlı qüvvələrinin təxribatlarına layiqli cavab verməsi və onları işğal etdikləri Azərbaycan ərazilərinin xeyli hissəsindən qovub çıxarması işğalçı ölkəyə ciddi xəbərdarlıq oldu.
Bu gün dünyanın inkişaf etmiş ölkələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar artıq birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirirlər. Dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasındakı nitqində də bunu diqqətə çatdırmışdır: “...Nəinki BMT, bütün digər təşkilatlar da bizim mövqeyimizi dəstəkləyir. Dünən NATO-nun Zirvə görüşündə qəbul edilmiş yekun sənəddə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı çox ciddi məqamlar öz əksini tapıbdır. Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
Yeri gəlmişkən, qeyd edim ki, bu yaxınlarda Varşavada NATO-nun son sammitində 18 ölkənin prezidenti, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak etmişdir. Sammitdə BMT, Avropa Birliyi, Dünya Bankı və NATO qərargahının nümayəndələri iştirak etmişlər. Dövlətimizin başçısının da iştirak etdiyi belə əhəmiyyətli bir tədbirin yekununda qəbul edilən sənəddə Azərbaycanın maraqlarını ifadə edən konkret bəndin öz əksini tapması ölkəmizin beynəlxalq aləmdə artan reytinqinin təzahürüdür. Dünya birliyinin Azərbaycana belə böyük maraq göstərməsi və münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının yekun sənəddə əksini tapması Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir. Bu uğurlu yekun bir daha göstərdi ki, hərbi baxımdan Ermənistan qarşısında yüksək üstünlüyə malik olan Azərbaycan diplomatiya sahəsində də onu küncə sıxışdırıb.
Bu nailiyyətlər və dünya birliyində respublikamızın reytinqinin getdikcə yüksəlməsi uğurlu xarici siyasətimizin məntiqi nəticəsidir. Ölkə rəhbərinin bu ilin birinci yarısında çoxsaylı xarici səfərləri, həmçinin Azərbaycana 10-dan çox dövlət və hökumət başçısının səfəri beynəlxalq əlaqələrimizi daha da möhkəmləndirmişdir. Azərbaycan Prezidenti bütün səfərlərində ilk növbədə Ermənistanın işğalçılıq siyasətini pisləmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini səsləndirmişdir. Londonda Suriyaya yardım məqsədilə keçirilmiş konfransda dövlətimizin başçısının iştirakı Azərbaycanın mövqeyini və imkanlarını bir daha ortaya qoymuşdur.
Bütün beynəlxalq tədbirlər və Azərbaycanın həmin tədbirlərdə fəal iştirakı ölkəmizin nüfuzunun getdikcə artdığını göstərir, eyni zamanda, bizim üçün yeni imkanlar açır. Çünki həmin tədbirlərin iştirakçıları--dövlət və hökumət başçıları əsl həqiqətləri öyrənir, erməni yalanları ifşa olunur. Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasında da bu məsələyə münasibət bildirmişdir: “Ermənistanın yalanları artıq heç kimə təsir göstərmir. Onlar diaspor imkanlarından və bizim beynəlxalq səviyyədə o qədər də çıxışımızın olmamasından istifadə edərək, münaqişə ilə bağlı yalan məlumatlar yayırdılar. İndi artıq o dövr arxada qalıb. Həqiqət ondan ibarətdir ki, Azərbaycan haqlıdır və beynəlxalq hüququn normaları bu münaqişə ilə bağlı tam şəkildə tətbiq edilməlidir”.
Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası
Nəsimi rayon təşkilatının sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.