Yaxın Şərqin "qan çanağı" olan Suriyada silahlı toqquşmalar səngimir. Ölkənin müxtəlif əyalətlərində baş verən hərbi qarşıdurmalar minlərlə insanın həyatına son qoyur. Hələlik tərəflərdən heç biri qəti üstünlük əldə edə bilməyib. Real olaraq hadisələr süründürmə müstəvisinə keçib.
Bir neçə ay əvvəl Bəşər Əsədə bağlı ordunun qələbəyə yaxın olduğu təsəvvürü vardı. Ancaq son zamanlar bu mif göz önündə dağılır. Kənardan olan ciddi dəstəyə baxmayaraq, İŞİD ciddi əks-zərbələr endirir. Rusiya KİV-in yaydığı məlumata görə, bu terror qrupu cəmi 48 saat ərzində Suriya ordusunun 15 günə aldığı əraziləri geri qaytarıb. İŞİD Menbic istiqamətində də ABŞ-ın rəhbərlik etdiyi müxalif koalisiyaya hücumlar etməkdədir. Bundan başqa, ekspertlər böyük dövlətlərin regiondakı geosiyasi maraqlarından imtina etmədiyini vurğulayırlar. Bunlar iki səviyyədə Suriyada ziddiyyətlərin hələ də mövcud olduğunu göstərir. Bəlkə, vəziyyətin bu cür olmasında maraqlı olan qüvvələr vardır?
MKİ-nin xəbərdarlığı: Suriyada terror hələ çox güclüdür
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennanın "İŞİD hələ çox güclüdür" fikri bir qədər təəccüblü görünə bilər. Ancaq o, Senatdakı çıxışı zamanı konkret faktlara əsaslanaraq deyib: "Təəssüf ki, döyüş meydanındakı və İŞİD-i maliyyə mənbələrindən məhrum etmək işindəki bütün uğurlarımıza baxmayaraq, biz qruplaşmanın qlobal miqyasda zərbə endirmək imkanlarını məhv edə bilmədik, çünki bunun üçün kifayət qədər böyük ehtiyatlar tələb olunur".
Con Brennan xüsusi vurğulayıb ki, Yaxın Şərqdə yuva salmış ekstremistlər bütün dünyada terror törətmək qabiliyyətlərini saxlayıblar. Bu səbəbdən İŞİD hələ də çox ciddi təhlükədir. MKİ şefinin bu sözlərini hazırda Suriyada müşahidə edilən döyüşlər təsdiq edir. İŞİD bu ölkədə demək olar ki, bütün istiqamətlərdə fəaliyyətini gücləndirib. İndi onun 20 mindən çox silahlısı Suriyada aktiv döyüş əməliyyatları keçirirlər.
Bu terror təşkilatının Liviyada 8 min döyüşçüsü vardır. Sinay yarımadasında da təqribən 8 minlik başqa bir silahlı qruplaşması mövcuddur. Yayılan informasiyalara görə, dünyanın müxtəlif regionlarından İŞİD-in sıralarına hələ də qatılanlar tapılır. Ancaq Suriyadakı vəziyyətin mürəkkəbliyi yalnız İŞİD-in varlığı ilə məhdudlaşmır. Bütövlükdə ölkə boyunca hərbi əməliyyatların gedişatı çox ziddiyyətlidir. Hələlik heç bir qüvvənin tam üstünlük əldə etdiyini demək mümkün deyildir. ABŞ-ın dəstəklədiyi "Demokratik Suriya qüvvələri"ni də Menbic istiqamətində geri çəkilməyə məcbur ediblər. İŞİD burada kürdlərdən ibarət qruplara ciddi zərbələr endirib. Döyüş meydanında vəziyyət sürətlə dəyişir - gah bu, gah da digər tərəf üstünlük qazanır.
Suriya ətrafında cərəyan edən və böyük dövlətlərin siyasəti ilə bağlı yaranmış durum hələlik çox mürəkkəbir. Rusiya Aralıq dənizində hərbi-dəniz qüvvələrini artırır. KİV-in yazdığına görə, Moskva regiona "Marşal Ustinov" hərbi-raket kreyserini də göndərir. ABŞ və müttəfiqləri də Suriyada hərbi güclərini artırırlar. Fransanın döyüş bölgəsinə xüsusi təyinatlılar göndərdiyi haqqında informasiyalar yayılır. Türkiyə isə Suriya ilə sərhədə yeni hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Bunlar onu göstərir ki, Suriya məsələsinin həlli heç də sadə deyil. Əksinə, orada qəribə tərzdə böyük dövlətlərin hərbi gücü artır. Müxtəlif səbəblər göstərilsə də, konkret fakt ondan ibarətdir ki, bu ölkədə silahların sayı nəinki azalmır, hətta artır və daha geniş məkana yayılır. Belə çıxır ki, hazırda Suriyada münaqişənin həlli üçün deyil, bir sıra dövlətlərin burada öz təsirini artırması prosesi gedir. Bunun isə nəticələri bütün region üçün acınacaqlı ola bilər.
Yuxarıda vurğulanan məqamlardan belə çıxmırmı ki, Suriya Yaxın Şərqdə geosiyasi mənzərənin gərginləşməsində bir vasitə olaraq qalır? Bizcə, doğrudan da, həmin ölkə region üçün təhlükə mənbəyi rolunu oynamaqdadır. Burada iki səviyyədə mövcud olan təhdidləri vurğulamaq lazımdır. Birincisi, Suriyanın daxilində hərbi qruplaşmaların bir-birinə münasibəti faktiki olaraq dəyişməyib. Son məlumatlara görə, barışa üstünlük verən qrupların sayı artır və ölkənin 158 məntəqəsində sülhün bərpası prosesi gedir. Lakin bu, ölkənin daxilində barış əhval-ruhiyyəsinin yarandığı mənasına gəlmir. Bəşər Əsədin ordusu ilə müxaliflər arasındakı savaş getdikcə daha da amansızlaşır. Ən pisi odur ki, bu proses süründürücü xarakter alıb. Tərəflər arasında hərbi əməliyyatlarda qəti qələbə qazanmaq imkanına malik güc gözə dəymir.
İkincisi, böyük dövlətlərin Suriya ilə bağlı geosiyasi maraqlarında ciddi dəyişiklik müşahidə edilmir. Münaqişənin başlanğıcında mövcud olan ziddiyyətlər davam edir. O cümlədən Qərbin İranı vurmaq niyyəti hələ də qalmaqdadır. 2013-cü ildə London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun bir əməkdaşı demişdi ki, Suriya İranla olacaq münaqişənin yalnız proloqudur. Qərb dövlətləri İran məsələsinə Tehranın regiondakı müttəfiqi Suriya oyundan çıxandan sonra zəiflədiyi an yanaşmaq üçün əlindən gələn hər şeyi edir".
Bu məqsədə çatmaq üçün böyük dövlətlər Yaxın Şərqdə özünü göstərən məzhəb ixtilaflarından istifadə edir. Həmin üsulla bölgəyə hərbi müdaxilə üçün zəmin hazırlanır. Regiondakı enerji ehtiyatları uğrunda aparılan savaşın da arxasında bu məqsədin dayandığı ifadə edilir. Əgər bu deyilənlər doğrudursa, onda Suriyada münaqişənin bitməməsinin əsas səbəbi kimi hələlik regionda geosiyasi maraqların təmin olunmamasını göstərə bilərik.
Faktiki olaraq bu reallıq bütün İslam dünyasını ciddi təhdidlərlə üz-üzə qoymuş olur. Çünki bütövlükdə regionun qarışdırılması planının mövcudluğu hiss edilir. Nəzərə almaq lazımdır ki, İran kimi böyük dövlətə təzyiq göstərmək üçün çox ciddi səviyyədə qarışıqlıq yaratmaq lazım gəlir. Deməli, bundan sonra da sünni-şiə qarşıdurmasının yaradılması, radikal mövqeli kürd qruplarından istifadə məsələsi və regionun dövlətləri arasında ziddiyyətlərin alovlanması prosesi cərəyan edə bilər.
Bu kimi proseslərin fonunda təbii ki, İŞİD və ya başqa terror qrupunun yox edilməsindən söhbət gedə bilməz. Əksinə, qorxuludur ki, onları müsəlman ölkələrinin yerləşdiyi daha geniş coğrafiyaya yaysınlar. Bu səbəbdən Suriyada İŞİD-ə qarşı hansı Qərb dövlətinin necə mübarizə apardığı aydın deyil. Burada şübhələr üçün ciddi əsaslar vardır.
Bunlar Suriyanın hələ də beynəlxalq terrorun mənbəyi olduğunu təsdiqləyir . Oradan bu təhlükəli proses yaxın məkanlara, o cümlədən Cənubi Qafqaza da yayıla bilər. Onu deyək ki, Cənubi Qafqazda İŞİD kimi qrupları erməni terror təşkilatları sevinclə qarşılayarlar. Çünki onlar İŞİD-in adından istifadə edib, özləri fəallaşa bilərlər. Necə ki, PKK-nın adından yararlanaraq Türkiyəyə qarşı terror törədirlər, eyni ssenarini Cənubi Qafqaz və Mərkəzi Asiyanın müsəlman ölkələrinə qarşı reallaşdırmağa çalışırlar.
Başqa faktorlarla yanaşı, Suriya münaqişəsi bu aspektdə də bizi narahat etməkdədir. Müsəlman ölkələri orada sabitliyin bərqərar olmasında çox maraqlıdırlar. Təəssüf ki, hələlik buna nail olmaq mümkünsüz görünür. Eyni zamanda, burada başqa məqam da vardır. Məsələ ondan ibarətdir ki, BMT-nin iştirakı ilə Suriyada münaqişəni aradan qaldırmaq üçün xüsusi qrup fəaliyyət göstərir. Belə çıxır ki, onun da problemi həll etmək imkanı azdır. Böyük geosiyasi güclər həmin mexanizmdən daha çox formal surətdə istifadə etməyə çalışırlar. Yəni Suriyada faciənin qarşısını almaq üçün real iş görənlər çox azdır və ya yoxdur.
Bütün bunlardan bir nəticə çıxara bilərik ki, Suriyada hərbi toqquşmalar daha təhlükəli müstəviyə keçməkdədir. Obrazlı ifadə etsək, "Suriya ekspressi sürətlə uçuruma yaxınlaşır". Onu dayandıra biləcək real "əyləc mexanizmi" isə hazırlanmayıb. Proseslər süründürmə müstəvisindədir. Yeni humanitar və hərbi faciələrin nəfəsi duyulur.
Newtimes.az
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.