Varşava Sammiti Azərbaycanla NATO arasında etibarlı tərəfdaşlıq münasibətini daha da gücləndirəcək

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Qafqazda və ümumiyyətlə, dünyanın bir çox qaynar bölgələrində sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkə olduğunu çoxdan sübut etmişdir. Avropa və Asiyanın qovuşuğunda yerləşməsi, xüsusilə də zəngin karbohidrogen ehtiyatlarına malik olması Azərbaycanı Qərbin strateji vacib tərəfdaşına çevirmiş, enerji dialoqunda, həmçinin Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində mühüm tərəfdaşı statusunun qazanmasına şərait yaratmışdır. İyulun 8-də Varşavada başlanmış NATO Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunmasını ölkəmizin beynəlxalq aləmdə oynadığı mühüm rola Qərbin verdiyi yüksək dəyər kimi qiymətləndirmək olar.

ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sübhaninin də dediyi kimi, Prezident İlham Əliyevin Varşavada keçirilən NATO sammitinə dəvət olunması təsdiq edir ki, Azərbaycan qlobal məsələlərdə iqtisadi, hərbi və siyasi cəhətdən mühüm beynəlxalq oyunçuya çevrilmişdir.

Beynəlxalq aləmdə müstəqil siyasət yürütməsi ilə seçilən Azərbaycan 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmaqla Avratlantika zonasındakı ölkələr və təşkilatlarla dostluq əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu göstərmişdi. Həmin il may ayının 4-də ümummilli lider Heydər Əliyev NATO-nun mənzil-qərargahına səfəri zamanı ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə yol açan proqramı imzalamışdı. MDB dövlətləri arasında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına ­qoşulan ilk tərəfdaş dövlətlərdən biri olan Azərbaycanın hazırda Şimali Atlantika Alyansı ilə münasibətləri strateji xarakter daşıyır. Bu tendensiya təhlükəsizlik və sülhün bərqərar olunması kimi mühüm məsələlərdə maraqların üst-üstə düşməsi tərəflər arasında əlaqələrin yüksələn xətt üzrə inkişafına müsbət dinamika verir. Alyans rəsmiləri də təhlükəsizlik probleminin həm Azərbaycan, həm də NATO üçün çox mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulamaqla bərabər, “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində ölkəmizlə əməkdaşlığın beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını da bildirirlər. Hələ 1997-ci il fevralın 13-də Bakıda NATO-nun Baş katibi Havyer Solananı qəbul edən ümummilli lider Heydər Əliyev qeyd etmişdi ki, Azərbaycan proqram çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri əsasən yerinə yetirir. Rəsmi Bakının təşkilatla apardığı faydalı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirən Havyer Solana da bildirmişdi ki, Avropa təhlükəsizliyinin yeni arxitekturasının qurulmasında  Azərbaycanın yeri hiss edilir. Şərqlə Qərb arasında təbii körpü rolunu oynayan və bir sıra nəqliyyat və kommunikasiya dəhlizlərinin qovuşduğu Qafqaz Avropanın cənub sərhədlərində təhlükəsizliyin təmin  edilməsinin mühüm elementi kimi nəzərdən keçirilir və reginal müstəvidə təhdid doğuran addımların qarşısının alınması üçün preventiv qərarların qəbul olunmasını aktuallaşdırır.

Xarici siyasətində beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlığın aparıcı xətt təşkil etdiyi Azərbaycanın NATO ilə əlaqələri ölkəmizin Avratlantik strukturları ilə münasibətlərinin tərkib hissələrindən biridir. Qeyd etmək yerinə düşər ki, Azərbaycan-NATO əlaqələrinin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Bu əməkdaşlıq həm də strateji məzmun kəsb etməklə regionda Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən mühüm enerji layihələrinin təhlükəsizliyinin beynəlxalq səviyyədə həyata keçirilməsinə təminat yaradır. Şimali Atlantika Alyansı enerji təhlükəsizliyi ilə birbaşa məşğul olan təşkilat olmasa da, bu məsələ Azərbaycan-NATO məsləhətləşmələrinin tərkib hissəsidir. ABŞ-ın “Caspian Group Holdings” şirkətinin baş direktoru Rob Sübhani də düşünür ki, Azərbaycan Xəzərin enerjidaşıyıcılarının Qərbə nəqlinin əsas təşəbbüskarı qismində NATO-nun bu təşkilatın üzv ölkələrində enerji resurslarının şaxələndirilməsi üzrə səylərində həlledici rol oynayır: “NATO Azərbaycanı uzunmüddətli perspektivdə etibar edə biləcəyi enerji resurslarının məsuliyyətli ixracatçısı kimi nəzərdən keçirir”.

NATO ilə əməkdaşlığın inkişafı sahəsində atılan mühüm addımlardan biri də 1997-ci il noyabrın 14-də ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” sərəncam olmuşdu. Həmin sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə əməkdaşlıq üzrə dövlət komissiyası yaradılmışdı. Bununla yanaşı, 1997-ci ildə NATO-nun Brüsseldəki Mənzil-Gərargahında Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətə başlaması əməkdaşlıq əlaqələrinə yeni təkanın verilməsinə şərait yaratmışdı. Həmin ildə Azərbaycanın NATO-nun Planlaşdırma və Analiz Prosesinə qoşulması tərəflər arasında səmərəli əməkdaşlığın inkişafına müsbət təsir göstərmişdi.

Hazırda Azərbaycan-NATO əlaqələri hər iki tərəfin qarşılıqlı maraqlarına uyğun olaraq inkişaf edir. Bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri üzərində qurulan bu əlaqələr dinamik xarakter almışdır. 1999-2004-cü illərdə NATO-nun Baş katibi olmuş Corc Robertson 2003-cü il mayın 15-də Azərbaycana səfəri zamanı bildirmişdi ki, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” Azərbaycanın hansı islahatları aparmaq istədiyini müəyyən edəcək, o cümlədən, Azərbaycanın Şimali Atlantika Alyansına daha da yaxınlaşması üçün zəruri olan islahatların həyata keçirilməsini şərtləndirəcək. Bu yeni, daha dərin əməkdaşlığın çox böyük potensialı var”. Həmin potensialın dolğun qiymətləndirilməsi baxımından C.Robertsonun Ümumqafqaz təhlükəsizlik sistemində Azərbaycanın yerinə dair fikirləri xüsusi əhəmiyyət kəsb edir. NATO-nun Baş katibinə görə, “Qafqaz Avrasiyanın sabitliyi üçün böyük əhəmiyyətə malik olan region kimi qalmaqdadır. Azərbaycan isə burada Qərb və NATO ilə ən əsas tərəfdaş rolunu saxlayır”. 2004-cü il mayın 19-da Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Baş katibi Yaap de Hoop Sxefferlə görüşü zamanı Azərbaycanın hazırladığı “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı”nın (İPAP - İndividual Partnership Action Plan) təqdimat sənədini ona təqdim edərək bildirmişdi ki, bu plan Azərbaycanla NATO arasında əməkdaşlığın daha da yaxınlaşmasına kömək edəcək. 2004-cü il noyabrın 4-də cənab Yaap de Hoop Sxefferin Azərbaycana səfəri əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atılan növbəti mühüm addım olmuşdu. 2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası ilə NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” bu qurumla ölkəmiz arasında əlaqələrin daha da genişləndirilməsində böyük rol oynamışdır.

Rəsmi Bakı beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu yüksək qiymətləndirir və təşkilatla münasibətlərinin davamlı inkişafında maraqlıdır. Buna görə də, Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilir. Birincisi, Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və qarşılıqlı hörmətə əsaslanan bərabərhüquqlu siyasət yürüdür. Nəhayət, Azərbaycanın müharibə vəziyyətində olması bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olmasını və ərazi bötüvlüyünün bərpasına yönəlmiş fəaliyyətin daim diqqət mərkəzində saxlanılmasını, eyni zamanda, daha çox dövlət və təşkilatların həll prosesinə cəlb olunmalarını tələb edir. Məhz bu faktorlar Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır və bu gün NATO ilə əlaqələrin genişləndirilməsi Azərbaycanın milli maraqlarının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır, o cümlədən bu sahədə fəaliyyət rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərindən birinə çevrilmişdir.

NATO ilə əməkdaşlığımızın uğurlu sahələrindən biri də sülhməramlı əməliyyatlardır. Azərbaycan Alyansın rəhbərliyi altında keçirilən Kosovo əməliyyatına töhfə vermiş və Əfqanıstanda həyata keçirilən İSAF əməliyyatına dəstək olmuşdur. Hazırda Azərbaycan sülhməramlı quvvələri Əfqanıstanda qulluq edirlər. Qeyd etmək vacibdir ki, NATO qüvvələri Azərbaycan ərazisindən tranzit məqsədlər üçün də istifadə edirlər. Sülhməramlıların Əfqanıstana  çatdırılması və onların geri göndərilməsi, eyni zamanda, müxtəlif təchizatın yönəldilməsində Azərbaycan mühüm rol oynayır. Üçüncü ölkəyə qarşı yönəlməyən Azərbaycan-NATO əməkdaşlığının ilk növbədə dövlətimizin daha da möhkəmləndirilməsinə və Silahlı Qüvvələrimizin əməliyyat imkanlarının artmasına səbəb olur. Şimali Atlantika Alyansı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da birmənalı və qəti mövqe nümayiş etdirir. NATO-nun sammitlərində Ermənistanla Azərbaycan münaqişəsinə dair mövqe ifadə olunur və Alyansın 2010-cu ildə keçirilən Lissabon sammitində də bir daha bildirilmişdi ki, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü prinsipləri əsasında həllini dəstəkləyir. Böyük Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşava sammitinə dəvət olunmasını şərh edərkən demişdir ki, hazırda NATO Avropanın şərq cinahının təhlükəsizliyinin təmin edilməsinin və Azərbaycan kimi NATO-ya daxil olmayan ölkələr ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin zəruriliyini anlayır. Xanım Normanın sözlərinə görə, Azərbaycan Qafqaz və Avropada təhlükəsizliyin təmin edilməsində, eləcə də Qafqaz regionunda qaçaqmalçılıq və terrorçuluq fəaliyyətinin qarşısının alınmasında vacib rol oynayır. Ekspert düşünür ki, yaxın aylarda NATO və Azərbaycan arasında daha dərin əlaqələr yarana bilər.

Ümumiyyətlə, Azərbaycan “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulmasından ötən 20 il ərzində daim əməkdaşlığı genişləndirmək siyasəti yürütmüş, bu təşkilatın ümumi işinə mühüm töhfələr verməyə çalışmışdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarına hərbi dəstəkdən başqa logistik dəstək də verir. 2014-cü il yanvar ayında Brüsseldə NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen ilə keçirdiyi mətbuat konfransında Prezident İlham Əliyev xüsusilə vurğulamışdı ki, “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na 20 il üzvlük müddəti ərzində Azərbaycan və NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. NATO və Azərbaycan arasında strateji əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsindən çox şad olduğunu bildirən ölkə başçısı bildirmişdi ki, Azərbaycan regionda sülh və təhlükəsizliyi möhkəmləndirmək məqsədi ilə səylərini davam etdirəcək: “NATO-nun sülhməramlı əməliyyatlarında iştirak əməkdaşlığımızın mühüm tərkib hissəsidir”.

Varşava Sammitində də dünyanın aparıcı ölkə və təşkilat rəhbərlərilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev bir sıra görüşlər keçirmiş və mühüm müzakirələr aparmışdır. Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilmiş, Azərbaycan ilə Polşa arasında ötən dövrdə əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunmuşdur. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, təhlükəsizlik, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanın NATO və Avropa İttifaqı ilə əməkdaşlığı, Əfqanıstana müxtəlif sahələrdə Azərbaycanın dəstəyi və bir sıra digər məsələlər müzakirə edilmişdir. Prezident İlham Əliyev Varşavada Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer ilə də görüş keçirmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparmışdır.

Bir sözlə, NATO-nun Varşava Sammitində qəbul edilən qərarların Avratlantika məkanında təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etməsilə yanaşı, Azərbaycanın NATO ilə münasibətlərində aparılan strateji dialoqun davam etdirilməsində yeni imkanlar açacağı gözlənilir. Alyansın Baş katibi Yens Stoltenberqin NATO-nun yekun bəyannaməsində Dağlıq Qarabağ məsələsinin də qeyd ediləcəyini deməsi, bütün tərəfləri gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə, münaqişənin sülh yolu ilə həllinə nail olmağa çağıracaqlarını açıqlaması  göstərir ki, dünyanın ən güclü hərbi bloku Cənubi Qafqaz regionunu təhdid altında saxlayan münaqişəyə diqqətini daha da artıcaq və Azərbaycanın Qərblə münasibətlərinin inkişafına dəstəyini gücləndirəcək. Rəsmi Bakı da NATO ilə əməkdaşlığın gücləndirilməsində maraqlıdır. 2014-cü ildə Brüssel səfəri çərçivəsində NATO və Azərbaycan arasında əməkdaşlığın uğurla davam etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin gələcəkdə də NATO üçün yaxın və etibarlı tərəfdaş olmaq istəyini açıqlamışdı. Şübhə yoxdur ki, Varşava Sammiti Azərbaycan-NATO arasında etibarlı tərəfdaşlığın daha da güclənməsinə şərait yaradacaq.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında